«Azərbaycan Türkiyənin ürəyinin bir parçasıdır»

 

 Necdet Ünüvar: »Mən də istədim ki, millətimin Cənubi Qafqazdakı parçası ilə münasibətləri koordinasiya edən dostluq qrubunun rəhbəri olum»

 

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən «Qadın jurnalistlər klubu»nun suallarını bu dəfə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar cavablandırır.

- Necdet bəy, sizin haqqınızda internet saytlarda oxumuşuq, ancaq sizin dilinizdən eşitmək istərdik. Necdet Ünüvar kimdir?

- Mən 6 iyun 1960-cı ildə Adana-Ceyhanda anadan olmuşam. Mersində məktəbi, Ərzurumda da Universiteti bitirmişəm. İki ixtisasım var-biri daxili xəstələliklər, o biri endokronoloji. 2001-ci ildə Ərzurumda professor adını qazandım, 2002-ci ildə Səhiyyə nazirinin müşaviri vəzifəsində işləməyə başladım. Beş il bu vəzifədə çalışdığım müddətdə səhiyyə sahəsində çox önəmli işlər gördük. 2007 və 2011-ci illərdə Adana millət vəkili seçildim və hazırda da bu işi davam etdirirəm. Bundan başqa qadın-uşaq siyasəti ilə çox yaxından maraqlanıram. Məclisdə siqarət, içki, narkotik asılılığı ilə bağlı yaradılan komissiyaların rəhbəri olmuşam. Bu barədə 700 səhifəlik hesabat da hazırlamışıq. Eyni zamanda beş aydır ki, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edirəm. Bu mənim arzum idi. Çünki Azərbaycan Türkiyənin ürəyinin bir parçasıdır. Mən də istədim ki, millətimin Cənubi Qafqazdakı parçası ilə münasibətləri koordinasiya edən dostluq qrubunun rəhbəri olum. Beş ay müddətində həm Türkiyə, həm də Azərbaycan tərəfindən çox ciddi işlər gördük. Və hər atdığımız addımdan nəticə aldıq. Belə qənaətə gəldim ki, Türkiyə ilə Azərbaycan arasında daha yaxın dialoqlara ehtiyac var. Türkiyə və Azərbaycan arasında da belə bir dialoq var. Amma mən iki hadisəni xüsusilə qeyd etməliyəm. Fransa Senatında «erməni soyqırımı»nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbul edilməsi ərəfəsində Azərbaycan həqiqətən Türkiyəyə çox önəmli dəstək verdi. Amma Azərbaycan bu dəstəyi verərkən bunun tək Türkiyənin deyil, özünün də problemi olduğunu bildirdi. Bir neçə həftələr öncə Xocalı soyqırımını anma mərasimi ilə bağlı Türkiyə də çox böyük aktivlik nümayiş etdirdi. Bu zaman biz Xocalıdakı hadisəni sadəcə Azərbaycanın problemi kimi görmədik. Türkiyədə hər kəs Xocalını öz problemi bildi. Xocalıda öldürülən, qətlə yetirilən insanlar tək Azərbaycanın deyil, Türkiyənin də şəhidləridir. Dolayısı ilə biz birlikdə hərəkət etdiyimiz zaman həqiqətən çox vacib nəticələrimizi əldə edə biləcəyimizi gördüm. Beş aylıq təcrübəm bunu deyir ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər, gediş-gəlişlər, danışıqlar tez-tez olmalıdır. Baxın, bir ay içində iki hadisə oldu. Birisi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyənat son dərəcə önəmli idi. Hər bir ifadəsi dostluğumuzu, qardaşlığımızı möhkəmlətməyə xidmət edirdi. Azərbaycan prezidenti İlham Əliyevin TRT-yə verdiyi müsahibə də eyni dərəcədə önəmli idi. Hər ikisində də ortaya çıxan nəticə budur ki, Türkiyə və Azərbaycan bir-birindən ayrılmaz iki parçadır.

- Sizcə, türklər arasında «hamımız xocalılıyıq» deyənlər çoxdur, yoxsa «hamımız erməniyik» deyənlər?

- Məncə, bunu qarışdırmaq lazım deyil. Taksim meydanındakı yürüşdə 50 mindən çox insan iştirak edirdi. Onlar türkə yaraşan şəkildə, alicənablıqla əllərində Türkiyə və Azərbaycan bayraqları ilə, şüarlarla Xocalıda şəhid olan şəhidlərimizi andılar. Bu əslində bütün dünyaya verilən önəmli bir mesaj idi. Bundan başqa qeyd edim ki, Türkiyədə 70 mindən çox məscid var. 24 fevral tarixində bütün məscidlərdə xütbələrdə Xocalı anıldı-»Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı qəsəbəsində 26 fevral 1992-ci il tarixində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik» deyildi. Mənə bir çox insanlar Xocalı hadisələrinin yeni olduğu barədə suallar verdilər. Bilirsiniz, əsl acını yaşayan insanlar bunu heç unutmazlar, amma acını uzaqda hiss edənlər, eşidənlər unudar və bir qisminin də heç xəbəri olmaya bilər. Əgər Türkiyədə sorğu aparılsa 90 faizi əhali «Azərbaycan Türkiyənin qədim dostudur, qardaşıdır» fikrini dəstəkləyər. «Amma Xocalı nədir sualına verilən cavab o qədər faiz göstəricisi toplamaya bilər. Bir daha təkrar edirəm, məscidlərdəki xütbələrdən sonra hamı soruşurdu-» Xocalı yenimi oldu, «Bəs biz niyə bu vaxta qədər bilməmişik?» Ona görə bilməyiblər ki, biz insanların aldığı məlumat qaynaqlarına bu vaxta qədər müraciət etməmişik. Bəzi insanlar televizordan, bəziləri yazılı mətbuatdan, bəziləri internetdən, bəziləri radiodan, bəziləri də cümə namazına gedən insanlar kimi xütbədən məlumat alırlar. Dolayısı ilə biz bu il bəlkə də o çatışmamazlığı düzəldə bildik. Nəzərə alsaq ki, Türkiyədə cümə namazı qılan insanların faiz göstəricisi 70-80 faiz təşkil edir, demək bu ciddi rəqəmdir. Bundan başqa bəzi insanlar Xocalı haqda məlumatı toplantı, simpoziumlarla öyrəndi. Bəzi bələdiyyələrdə parklar açdılar. Türkiyə Böyük Millət Məclisində, Xarici İşlər Nazirliyində Xocalı ilə bağlı sərgi təşkil olundu. Taksimdən başqa bir çox yerlərdə yürüşlər həyata keçirildi. Ankara metrosunda sərgi açıldı. O şəhərdə olan əksər insanlar bu vasitə ilə məlumatlandı. Bütün gördüyümüz işlər cəmiyyətə Xocalı faciəsi haqda məlumat verməyə xidmət edirdi. Ona görə hesab edirəm ki, bu müqayisəni aparmaq doğru deyil.

- Necdet bəy, zaman-zaman Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələrini pozmağa çalışan qüvvələr peyda olur. Bu zaman daha incə mətləblərdən istifadə etməyə başlayırlar. «Türkiyə Xocalı soyqırımını niyə tanımadı, «Azərbaycan PPK-nı niyə terrorçu təşkilat kimi tanımadı?» və s. bu səpkili nüasnlar qabardılır. Biz necə etməliyik ki, bu bölgədə qardaşlıq münasibətlərini pozmağa cəhd edənlərin planları boşa çıxsın?

- Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi ilk dəfə yanvarın 18-də Bakıya gəldim. Burda prezident İlham Əliyev, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədovla, Diaspora Komitəsinin rəhbəri Nazim İbrahimovla, Allahşükür Paşazadə və media nümayəndələri ilə görüşdük. Türkiyə səfiri Hulisi Kılıc elə gözəl proqram qurmuşdu ki, hər kəslə danışmaq imkanımız oldu və Fransa Senatındakı məlum qanunu müzakirə etmək adına vacib addımlar atdıq. Bu addımları aramızdakı dostluğu, qardaşlığı daha da sıx bağlarla bir- birinə bağlamaq üçün atırıq. Amma ölkələrimizin arasını vurmağa çalışan fitnəkarlar da az deyil. Baxın, hətta Taksim meydanında təşkil olunmuş gözəl yürüşdə bir insanın əlində tutduğu plakat səhəri gün bəzi qəzetlərin baş səhifələrində yer aldı. O plakatdakı şüarı dəstəkləmirəm və məncə, bu türkün alicənablığına yaraşan şüar deyil. Türk heç bir milləti təhqir etməz. Amma bəzi media qurumları onu baş yazıya çevirib, yalnış fikir yaydılar. Mən səmimi olaraq deyirəm ki, Azərbaycanı çox sevinirəm. Əgər bir azərbaycanlı dünya çempionatında mübarizə aparırsa, sanki mənim idmançım kimi onu dəstəkləyirəm. Bir sözlə, Türkiyə ilə Azərbaycanın qarşılaşmadığı hər oyunda mən ürəkdən Azərbaycanı dəstəkləyirəm. Azərbaycanın da ürəkdən Türkiyəni dəstəklədiyini bilirəm. «Avroviziya 2011″ musiqi yarışmasında Azərbaycanın qalibiyyəti elan olunan zaman iştirakçıların əlindəki türk bayrağı ilə Azərbaycan bir daha hamımızın ürəyini fəth etdi. Ona görə aradakı kiçik anlaşılmazlıqları da qardaşlıq çərçivəsində həll etməliyik.

- Belə bir deyim var – «Türk yatıb, düşmənləri isə oyaqdı. Vay o gündən ki, türk oyana». 20 ildir ki, Xocalı ilə bağlı biz müxtəlif tədbirlər keçirdik. Amma bu il çox möhtəşəm şəkildə tədbirlər təşkil olundu. Həm İstanbulda, həm də Bakıda baş tutan yürüşlər dünyaya, ermənilərə ciddi mesaj idi. Artıq demək olarmı ki, türk oyanıb və bundan sonra öz sözünü deyəcək? Bundan sonra daha nələri etməliyik ki, erməniləri tamamilə susduraq və hədəfimizə çataq?

- Ermənilər bütün dünyaya çatdırmaq istəyirlər ki, 1915-ci ildə onlar soyqırıma məruz qalıblar. Amma tarixi sənədləri araşdırdıqda, tarixçilərə müraciət etdikdə belə bir soyqırım faktının olmadığını görürük. 1915-ci ildə Anadolu torpaqlarında qarşılıqlı mübarizə olub, hər iki tərəfdən ölənlər var, amma bu soyqırım deyil. Onlar bir milyon erməninin qətlə yetirildiyini iddia edirlər. Rəqəmlər isə 150 min insanın itkin düşdüyünü deyir. Onların bir qismi başqa ölkələrə gedib, bəziləri yerlərini dəyişib. Baş nazirimiz dedi ki, bütün dünyanın qarşısında sənədlərin araşdırılmasını istəyirik. Amma ermənilər bunu istəmir, əvəzində fərqli ölkələrin parlamentlərində qərarlar çıxarmağa çalışırlar. Tarixçilərin deməli olduğu nəticəni siyasətçilərlə çıxarırlar. Bu anlamda bizim beynəlxalq aləmdə çox ciddi iş görməmiz vacibdir. Biz öz tariximizi danışacaq sənədli, bədii filmlər çəkməli, kitablar yazmalıyıq. Ermənilər yalançı soyqırım faktını dünyaya çatdırmaq üçün 1970-ci ildə kitab nəşr etdilər. Kitabdakı bir rəsmi həmin iddia etdikləri soyqırım şəkli kimi qələmə verməyə çalışdılar. Amma 1980-90 -ci illərdə Rusiyada araşdırma aparan türkiyəli mütəxəssis belə qənaətə gəlir ki, həmin şəkil 1878-ci ildə Rus-Osmanlı döyüşünə aid bir rusun çəkdiyi tablo imiş. Biz dünyada erməni tarixçilərinin təsiri altına düşən insanlar üçün sənədli filmlər çəkməyə çalışmalıyıq. Bu mövzuya marağı olanların iki dili (ingilis və rus) bilməsi çox vacibdir. Eyni zamanda bu məsələlərdə sosial mediada da aktiv olmaq və ondan yararlı məqsədlər üçün istifadə etməliyik. Məsələn, mənim də çox aktiv istifadə etdiyim «tvitter» hesabım var. Orda tez-tez öz fikirlərimi, qənaətlərimi bəzən ciddi, bəzən də ironik şəkildə bölüşürəm. Media dediyiniz qələm və kameradan ibarət deyil, o həm də fərqli sosial şəbəkələr, saytlar, bloqlardır. Bizim fərqli peşələrdən, fərqli işləri görən adamlardan ibarət bir komanda qurmağımız lazımdır.

- İndi isə gəlin, siyasi mövzulardan uzaq suallara keçək. Necdet bəy, ailə üzvlərinizi tanımaq istərdik.

- 27 ildir ki, evliyəm. Üç övladım var. Həyat yoldaşım ev xanımıdır.

- Azərbaycanda olduğunuz müddətdə yəqin ki, bizim mətbəximizlə tanış oldunuz. Bəyəndinizmi?

- Azərbaycan mətbəxində göyərtiləri çox sevdim. Yeyəndə onların təbii dadını hiss etmək olur. Burda bir çox meyvənin, tərəvəzin təbii-ekoloji təmiz olduğu diqqətimdən qaçmadı. Ondan başqa turşularınız, ət yeməkləriniz çox ləzzətlidir. Həkim kimi məsləhətim budur ki, çörəyi, duzu, şəkəri azaldın. Lazım olduğu qədər yeyin və beləcə sağlam olacaqsınız. Mənim bir dostum var. Həmişə formadadır. Ondan soruşurlar ki, necə buna nail olubsan? Deyir ki, çox xoşuma gələnin yarısını alıram. O yarısının da yarısını yeyirəm.

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2012.- 16 mart.- S.10.