Müstəqillik uğrunda yorulmaz mücahid

 

Fuad Əmircan: «Yalnız və yalnız azadlığınız, müstəqilliyiniz uğrunda mübarizə apardığınızı… həm dost, həm də düşmən bilməlidir»

 

Azərbaycanın sovet dönəmində xaricdə tanıdılmasında, sovet ideologiyasından tamamilə fərqli, milli-mənəvi, xəlqi yöndə müxtəlif insanların ağlında, ürəyində təəssüratların yaradılmasında mühüm işlər görən soydaşlarımızdan biri Fuad Əmircandır. O, 1911-ci ildə Şəkidə anadan olub. Qalatasaray Litseyində oxuyub. Prof.Dr Belma Emircanla ailə həyatı qurub. 1995-ci ildə Bonda vəfat edib. Cənazəsi İstanbula gətirilirək ailə qəbirstanlığında basdırılıb. O, ziyalı bir ailədə tərbiyə alıb, böyüyüb. Anası Fatma Səltənət xanım balalarının, eləcə də Fuad Əmircanın milli ruhda böyüməsi üçün əlindən gələni edib. Fuad Əmircanın atası isə Azərbaycan Demokratik Cümhuriyyəti dövründə milli hökumətin ilk maliyyə naziri vəzifəsində işləmiş Əbdüləli bəy Əmircandır. 1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən amansızcasına devrilən zaman Fuad Əmircan iki qardaşı və atası ilə birlikdə Türkiyəyə getməyə imkan tapır. Bu zaman onun cəmi 10 yaşı varmış. Bir ailənin faciəsi burada yəqin oxucunun gözləri qarşısında canlanar: bolşeviklərin gəlişilə əlaqədar Bakıdan köç etmək istəyən Milli Hökumətin üzvləri gəmi vasitəsilə ölkəni tərk etmək qərarına gəlirlər. Təbiidir ki, müsavatçıların burada qalması onların bolşeviklər tərəfindən məhv edilməsi demək olacaqdı. Qəfil basabas düşür, gəmi sahildən aralanır. Əbdüləli bəy iki oğluyla gəmidə, qadını Fatma Səltənət xanım isə iki uşaqla sahildə qalır. Burada Fatma xanımın başına çox müsibətlər gəlir. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra Əbdüləli bəy Əmircanın nəslindən sağ qalanlar biri-birlərilə soraqlaşır, uzun illərin ayrılığından sonra nəhayət, görüşürlər. Bu vaxt artıq Fuad Əmircan 80 yaşlarında qoca bir kişi idi

1920-ci ilin aprelindən sonra Türkiyəyə getməyə məcbur olan Əbdüləli bəy Əmircan oğlu Fuadın yaxşı təhsil alması üçün az sonra onu Qalatasaray məktəbinə göndərir. O, Qalatasaray litseyini bitirdikdən sonra Parisdə siyasi elmlər üzrə mükəmməl təhsil alır, ardınca Berlində hüquq üzrə mütəxəssis kimi formalaşır. Bu dövrdən başlayaraq onun ömründə qəzetçilik xüsusi bir peşə olaraq önə çıxır. Onun qəzetçilik fəaliyyəti 1934-cü ildə «Zaman» qəzetindən başlayır. Daha sonra «Son posta», «Gecə postası», «Xəbər», «Cümhuriyyət» və başqa qəzetlərdə siyasisosial mövzulu yazılarını «Səlim Sabit» imzası ilə çap etdirir.

1941-ci ildə Almaniya ilə SSRİ arasında müharibə başlayan zaman Fuad Əmircan Vətəninin müstəqillik qazanması üçün çalışmaq qərarına gəlir, mübarizəsini almanların tərəfində durmaqla davam etdirir. Bu məqsədlə o, Türkiyədən Almaniyaya gedir. Bəzi təşəbbüslərdə öncüllük edir, eyni zamanda 1939-cu ildən çalışmağa başladığı «Taviri etkar» adlı qəzetin hərbi müxbiri vəzifəsində çalışır. Maraqlıdır ki, o, bu zaman Avropanın hərb meydanlarında qəzetçilik edən yeganə türk müxbiri idi. Müharibə bitdikdən sonra Fuad Əmircan yenidən Avropada qəzetçilik fəaliyyətini davam etdirir. 1955-61-ci illərdə «Cordirlomat» statusunda Türkiyənin Bonn səfirliyində mətbuat ateşesi, 1961-ci ildə Türkiyə Mətbuat Yayın Genəl Müdirliyində vəkil, 1961-74-cü illərdə «Almaniyanın səsi» radiosunun Türkiyə bölməsinin rəhbəri vəzifələrində çalışır. 1975-ci ildən sonra o, səhhəti ilə əlaqədar olaraq təqaüdə çıxır. Almaniyanın Badqodesberq şəhəri yaxınlığında həyat yoldaşı professor Belma Əmircanla ömrünün sonuna qədər ömür sürür. Bu müddətdə o, ürəyindən cərrahiyyə əməliyyatı olunur.

Onun həyatını və fəaliyyətini araşdıran doktor M.Gəngərli yazır ki, Fuad Əmircan bütün şüurlu həyatını Azərbaycan soraqlarının tanınmasına, müstəqilliyinin əldə edilməsinə sərf edib. O, yazır: «Onunla ilk qarşılaşdığımız zaman (yəqin bu, II Cahan savaşı dövrüdür-red.) azərbaycanlı əsirlərə qarşı necə sayğı göstərdiyini, əsirlərin həyat şəraitinin yaxşılaşması üçün əlindən bir şey gəlmədiyi təqdirdə hansı üzüntülər yaşadığını gözəl xatırlayıram. O, mümkün düşdükcə əsirlərlə söhbətdə onların əhvallarının yüksəlməsinə çalışır, tezliklə bütün əsir düşərgələrindəki Azərbaycan türklərinin əsirlikdən qurtulacaqlarını, milli bir təşkilat ətrafında birləşəcəklərinə inandırmağa çalışırdı. Onun kübarlığı, səmimiyyəti, davranışı məni məftun etmişdi».

Doktor M.Gəngərli Fuad Əmircanın ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyi uğrunda çalışdığını yazır: «O, heç bir zaman Azərbaycan məsələsinin Rusiyanın daxili məsələsi kimi müzakirə edilməsini qəbul belə etmirdi». Bir müddət müəyyən məsələlərdə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadəylə münasibətlərində gərginlik olur. Doktor Gəngərlinin yazdığına görə, 1951-ci ilin qışından artıq onların münasibətləri durulaşmağa başlayır. Bu dövrdən sonra onların arasında möhkəm əməkdaşlıq yaranır. M.Ə.Rəsulzadənin Fuad Əmircana 19.7.1951-ci il tarixdə Ankaradan yazdığı məktubda deyilir: «Möhtərəm Fuad bəy, 6.7.1951-ci il tarixli dolğun məktubunuzu aldım. Şəxsimə qarşı göstərdiyiniz münasibətə görə təşəkkür edirəm. Bundan sonrakı milli mücadilənizdə sədaqət və fədakarlıq göstərəcəyinizi ərz etdiyinizi öyrənməklə həqiqətən məmnun oldum. Bu qərarınızda göstərəcəyiniz əzm Azərbaycan İstiqlal Mücahidlərinin səmimi mənsublarını şübhəsiz, sevindirəcək. Son ikiillik fəaliyyətinizdə əldə etdiyiniz nəticə təqdirəlayiqdir»…

İkinci bir məktub: «Möhtərəm Fuad bəy, sizin 27.7.1951, 2.8.1951-ci il tarixli məktublarınızı və daha əvvəl göndərmiş olduğunuz məktubu da aldım. Verdiyiniz məlumatlar üçün təşəkkür edirəm. Sonuncu məktubunuzda bəhs etdiyiniz «Yerli Komitə» məsələsi ilə məşğul olaram. Bu məsələ ilə ilgili 28.7.1951-ci il tarixində doktor Kəngərliyə yazdığım qısa məktubun məzmununu burada qeyd edirəm: Komitə təşkili xüsusunda əsas fikriniz doğrudur. Fəqət bu məsələdə çox diqqətli olmaq lazımdır».

10.11.1951-ci il tarixli məktubunda isə Rəsulzadə yazır: «Möhtərəm Fuad bəy, məktublarınızı aldım. Sabah sizə təfsilatı ilə yazacağam. İndilik vaxt itməsin deyə, sizə sıradakı saylarda çap olunması üçün «Müsavat» firqəsinin bir deklorasiyasını göndərirəm. Deklorasiyanın məzmunu ilə oradakıları agah etmənizi xahiş edirəm. Doktor Gəngərliyə bu xüsusda yazmışam, görüşün, dəqiq, ətraflı bilgiləri oradan alın. Ürəkdən salamlayıram, M.Emin».

Doktor M.Gəngərli yazır ki, Məhəmməd Əmin Rəsulzadənin Fuad Əmircana əski və latın hərfləri ilə yazılmış tarixi yazıları, əlyazması, məktubları mövcuddur. Məlum olur ki, Fuad Əmircan vəfatından 5 il əvvəl bu yazışmalara aid dosyeni Ankaranı ziyarət edərkən doktor M.Kəngərliyə verironda qalmasını xahiş edir. O, daha sonra qeyd edir ki, bu məktubları ötən illər ərzində arxivində böyük bir sayğı ilə qoruyub saxlayıb: «Məktubların müəyyən qisminin məzmunundan görünür ki, Fuad Əmircanın milli mücadiləyə qatılması M.Rəsulzadəni son dərəcə məmnun edir, o, Azərbaycanın azadlığı məsələsilə bağlı Fuad bəylə müxtəlif mövzularda söhbətlər aparır».

Doktor M.Kəngərli daha sonra yazır: «İkinci Dünya Savaşından sonra rus mühacirəti tərəfindən qurulmuş olan «Xalqın azadlığı üçün mücadilə cəmiyyəti», «Rusiya xalqlarının azadlığı uğrunda mübarizə birliyi», «Rusiyanın azadlığı üçün mübarizə birliyi» və bunlara bənzər bir çox təşkilatlar A.Kerinskinin kordinatorluğunda Qərbdə ortaya çıxmışdı. Hər halda bu təşkilatlar «bölünməz Rusiya» tezisini ortaya atmaqla hami rolunu oynamaq istəyirdilər. Hə yazıqlar ki, «Milli birlik» məclisi adında bir qrup Azərbaycanı təmsil etmək adı ilə ruslarla işbirliyi yapdılar. Bunların bir qismi Berlin təşkilatından, bir neçəsi də Fransadakı əski siyasi mühacirlərdəndir. Bu şəxləri Fuad Əmircan tənqid edib. O zaman Fuad Əmircanın yazdığı yazılar «Kafkasya» dərgisində çap olunmaqla türkcə, rusca və ingiliscə çıxırdı».

Fuad Əmircanın yazır ki, M.Rəsulzadə ilə ciddi, doğma münasibətlərinin yaranması bəzilərini rahatsız edirmiş. Doktor Gəngərli belə şəxslərin Rəsulzadəni qınadıqlarını yazır ki, nədən o, Fuad bəylə münasibətlər qurub. Fuad bəy «Kafkasya» dərgisindəki cavab məktubunda yazır: «Mənim vaxtilə M.Rəsulazadəyə qarşı münasibətim heç kimsəyə sirr deyilbunu heç zaman inkar etmədim. Amma yer üzərində bir kəs yoxdur ki, mənim vətənpərvərlik və milliyyətçilik məsələsində şübhə doğuracaq tək bir kəlmənin belə ağzımdan çıxdığına dair misal göstərsin. Mən vaxtilə Məmmədəmin bəyin müharibədəki taktikalarını doğru hesab etmədiyim üçün onlara uyuşa bilmirdim. Bu şəxslərlə ardıcıl və ciddi söhbətlərə girişdim. Hətta taktiki gedişləri əleyhinə söz söylədiyim zamanda belə vətənpərvərliyimizi, milli davada möhkəm durduğumuzu duydular. Əgər bu gün onlara əsil bir dost olaraq əl uzatdımsa, bundan əsla sifəti qızaracaq bir insan deyiləm. Zira Avropa kitabxanalarını dolaşıb Azərbaycana aid hər əsərin mühacirətdə yalnız onlara məxsus olduğunu gözlərimlə gördükdən, başqalarının fürsət düşdükcə və ya müəyyən mənfəət naminə milli fəaliyyətlə məşğul olduqları halda «Müsavatçı»ların intizamlı, mütəşəkkil, fəal şəkildə özlərini bu işə qurban verdiklərini müşahidə etdim. Mən gördüm ki, onlar milli yolda sağlam durublar. Mən «Müsavat» partiyasına üzv olmadım. Amma bunu da inkar edə bilmərəm ki, bu partiya bolşevik işğalçılığına qarşı milli müqavimətin simvolu halına gəlib».

1992-ci ildə 72 il sonra o, Azərbaycanı ziyarət edir. Və gördüklərini qayıtdıqdan sonra Almaniyadan telefonla doktor Gəngərliyə böyük bir sevinc içərisində anladır. O, Azərbaycanın müstəqilliyə çıxdığını, Bakı ilə bağlı xatirələrini yazacağını bildirir. Amma təəssüf ki, səhhətinin pisləşməsi səbəbindən xatiratını yazıb başa çatdırmaq imkanında olmur: «Fuad Əmircan gerçək bir milliyyətçi, müstəqillik uğrunda yorulmaz mücahid, inancinam dolu mübarizə əzminə malik olan istiqlalçı bir döyüşçü idi. Azərbaycana hədsiz bağlı idi. Azərbaycan türkünün hər hansı bir millətdən qətiyyən aşağı olmadığını iftixarla söyləyirdi. Onun 1943-cü ilin noyabrında Berlinin «Kaiserhof» otelində keçirilən Azərbaycan qurultayında söylədiyi bu sözlər milli ruhla bağlılığına gözəl bir misaldır: «Damarlarınızdakı əsil türk qanı heç bir irqin qanından aşağı deyil. Yalnız və yalnız azadlığınız, müstəqilliyiniz uğrunda mübarizə apardığınızı… həm dost, həm də düşmən bilməlidir»". 16 il qabaq Almaniyada vəfat edən Fuad Əmircan İstanbuldakı ailə qəbristanlığında dəfn edilib.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 24 may.- S.14.