Təsadüfən varlanmış xanəndənin dilənçi gününə düşən taleyi

 

Seyid Mirbabayev 1953-cü ildə 86 yaşında Tehran şəhərində kasıb xanəndə kimi dünyasını dəyişib

 

Bakının ən məşhur istirahət mərkəzi sayılan Qubernator bağında çiynindən qəzet bağlaması asmış balaca oğlanın görünməsi canlanma yaratdı. Axşamlar burada dincələn yüksək rütbəli məmurlar və neft milyonçularından kimisi hovuz və köşklərin ətrafında gəzişir, kimisi də qəzetsatanların verdiyi anonslara maraq göstərib qəzet alır, şəhərdə baş verən son yeniliklərdən xəbər tuturdular.

Bu dəfəki xəbər fərqli idi. Necə deyərlər, kiminsə fələkdən bağlanmış qapısını Tanrı özü açmışdı. Hər kəs bir abbası verib qəzet alır və kənara çəkilib məlumatı ətraflı öyrənməyə çalışırdı. Balaca oğlan isə işi rəvan getdiyindən elə hey qışqırırdı:

- Qəzetlər yazır ki, xanəndə Seyid Mirbabayevin başına şahlıq quşu qonub. O, bir anın içərisində neftxuda olub! Alın, qalmadı…

O gün Bakının Bazar, Vrangel, Staraya Politseyskaya küçələrində və Dənizkənarı bulvarda hamı bu xəbər haqqında danışırdı.

- Kişinin cəddi köməyi olub, yox yerdən səltənət qazanıb. Düz sözdür, Allah-Taala sevdiyi bəndələri hər zaman mükafatlandırır…

Xanəndə Seyid Mirbabayevin birdən-birə milyonçu olması haqda müxtəlif şayilər dolaşmağa başladı. O gün Bakının ən tanınmış milyonçusu Hacı Zeynalabdin Tağıyev bu xəbəri milyonçu Murtuza Muxtarovun bağında dincələrkən eşitdi. Yayın cırhacırında istidən canını qurtarmaq üçün hərə bir tərəfə qaçmışdı. Bakı milyonçuları içərisində bağının gözəlliyinə və özünəməxsus xüsusiyyətlərinə görə fərqlənən «Muxtarov malikanəsi» yay aylarında həmişə adamla dolu olardı. Yay aylarının cəhənnəm istisində, boğanaqdan yaxa qurtarıb asudə dincəlmək istəyən qonaqlar qırx metr dərinlikdə yerləşən meydançaya pilləkənlərlə enər, bəzəkli kürsüdivanlarda əyləşib dondurma, meyvə yeyər, şərbət, qəhvə və şərab içər, vaxtlarını xoş keçirərdilər.

Hacı və Murtuza Muxtarov da yeraltı meydançada əyləşib yenicə eşitdikləri xəbəri müzakirə edirdilər. Qarşısındakı sərin dondurmanı aramla yeyən Muxtarov soruşdu:

- Hacı, xəbərdən xəbərin var? Deyirlər sıralarımız genişlənir, gözün aydın. Xanəndə Seyid Mirbabayevmilyonçu oldu

- Murtuza Ağa, Seyidin bünövrədən imkanı varıydı. Allah o səsi ki ona verib, buruğu fantan vurmasaydı da, əvvəl-axır milyonçu olacaqdı. İndi şahlıq quşu da başına qondu, əyər-əskiyi tamamlandı. Alınyazısı beləymiş. Amma ağıllı və tədbirli olsa, varının üstünə var gələcək. Yox, əgər qınından çıxıb qınını bəyənməsə, o milyonların ömrü uzun olmayacaq. Heç şübhəsiz, təzə-təzə sarılar başını gicəlləndirəcək. Ancaq gərək bizona düz yol göstərək. Dur gedək, gözaydınlığı verək…

Hacı fikirlərində haqlıydı. Çünki bəxt ulduzu parlayan neftxudaların çoxu birdən-birə süd gölünə düşdüklərindən israfçılıq edər və tezliklə müflis olub həyatlarıyla acınacaqlı halda vidalaşardılar.

Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə «Qrammofon» şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı. Deyilənə görə, Seyidin səsi yazılan vallar əl-əl gəzərdi…

Seyidin çox ürəyəyatımlı səsi vardı. Varlılar bir-birinin bəhsinə onu övladlarının toyuna aparar, qızılları başından ovuc-ovuc tökər, toyu qapadanda isə qiymətli hədiyyələrlə yola salardılar.

Tağıyev də Seyid Mirbabayevin səsinin vurğunu idi. Tez-tez onu evinə dəvət edər, səsinə qulaq asar, birə-üç haqqını verib, sonra da tapşırardı:

- Seyid, səsindən muğayat ol, korlanmasın. Bu səs Allahın sənə verdiyi elə nemətdir ki, qədrini bilməsən, bir də ələ düşməz. Sənin səsin pulla alınası mümkün olmayan nemətdir.

Seyideşitdiyi xoş sözlərdən, tərifdən və aldığı yüksək puldan razı qalıb əlini gözünün üstünə aparardı:

- Sağ ol, Hacı, Allah səni üstümüzdən əskik etməsin.

- Seyid, iki gün sonra yenə gəl, səni və çalğıçılarını gözləyəcəyəm.

- Hacı, məni məzur tut, gələ bilməyəcəyəm. Həmin vədəni başqasına söz vermişəm. Məhərrəmlik ayı başlayacaq deyə, toylar ara vermir. Milyonçu Şıx Balayevin varı-yoxu, gözünün ağı-qarası oğlunun toy məclisini aparmağa dəvət almışam. Əgər əvvəlcədən bilsəydim, təklifi qəbul etməzdim.

- Neynək, Seyid, başqa vaxta qalsın…

 

***

 

Milyonçu Şıx Balayevin evində toy idi. Seyid Mirbabayev coşdu, coşdu:

 

Gözəl olur mayislərin mayisi,

Bizə xələt versin bəyin dayısı.

Görüm, a bəy, toyun mübarək olsun,

Qohum-qardaşına görüm borc olsun.

 

Amma nədənsə bəyin dayısından xəbər çıxmadı. Demə, bəyin dayısı havasını dəyişmək üçün bayıra çıxıbmış, ikinci çağırışda özünü tələsik içəriyə saldı. Belində qızıl kəmərüstündə qızıl xəncər, tapança, boynundakı qızıl zəncirdən sallanan brilyant zümrüd medalyonlar işıq altında bərq vurur, dayının imkanının əmininkindən daha artıq olduğunu göstərirdi. Ağayana toy mağarının ortasında dayanan təzəbəyin dayısı da tərifdən özünü göyün yeddinci qatında hiss edirdi:

- Seyid, ana babamdan mənə miras qalmış «Bala şoranlıq»da qazdırdığım yeni quyunu sənə xələt olaraq verirəm. çıxsa, sənin bəxtinə. Quyu hasilə gələnədək lazım olacaq xərclər mənim boynuma. Amma səndən bir xahişim var: cəddinə qurban olum, oxu yetərincə, «Segah» üstündə təriflə məni….

Belə hədiyyədən sonra Seyid Mirbabayev daha da həvəslə oxumağa başladı. Qavalı atıb-tutduqca etdiyi tərif göylərə ucaldı. Xanəndəni müşayiət edən çalğıçılar havanı dəyişib «Vağzalı»ya keçdilər. Təzəbəyin dostları onu toy mağarının ortasına çəkib başından şabaş tökdülər.

Bu hadisədən sonra təzəbəyin əmisi yaman dilxor oldu. Qardaşının qaynının belə əliaçıqlığı sanki onu namdan saldı. Qaşqabağı yer süpürür, aradabir yan-yörəsindəkilərə eşitdirirmiş kimi deyirdi:

- Əşşi, üç aydır «Bala şoranlıq»da qazmadıqları yer yoxdur, bir qətrə neft çıxmayıb. İndi özünü belə göstərməyinə baxmayın, sözdür deyir. Xəsisin biridir, yüz manat çıxarıb verməyin dərdindən camaatın içərisində belə deyib namını qaldırmaq istəyir.

Bəytərifi bitər-bitməz təzəbəyin dayısına «Bala şoranlıq»dan xəbər gəldi:

- Ağa, muştuluğumu ver, quyu fantan vurdu!..

Hamı ağzını açıb heyrətlə xəbər gətirənə baxırdı. İçini çəkib həsəd aparan kim, bunu Yaradanın möcüzəsi sayan kimTəzəbəyin dayısı üzünü xanəndə Seyid Mirbabayevə tutub sakitcə dedi:

- Seyid, sənin cəddinə qurban olum, buyur min mənim faytonuma, get işinin üstünə!

Neft fontan vurdu, kasıb xanəndə varlandı. Keçmişinə arxa çevirən xanəndə Seyid Mirbabayev digər milyonçular kimi cah-cəlal yığmağa başladı. «Xozeyin» Mirbabayev yaşadığı evi özünə yaraşdırmayıb, milyonçulara layiq imarət almaq istədi. Bunun üçün Hacı Zeynalabdin Tağıyevin yanına gedib məsləhət istədi:

- Hacı, Siz şəhərdə olan bütün mülkləri imarətləri tanıyırsınız. Mənə yeni ev almaq üçün kömək edin.

Tağıyev onu sakitcə dinləyib dedi:

- Seyid, bilirsən ki, indi sənin bəyənmədiyin səsinin vurğunuyam. Şəhərdə çoxlu mülküm imarətlərim var. Doğulduğum yaşadığım evlərdən savayı hansını istəyirsən seç, qurbandır sənə!

 

 

(Ardı gələn sayımızda)

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.-S.13.