Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk dünyəvi dövlətçilik modeli

 

Məhəmməd Əmin Rəsulzadə: «Dumanlı yolar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıqlar etməli, səbat, mətanət göstərməliyik»

 

Vaqif Abışov: «Cümhuriyyət qurucuları az vaxtda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görmüşdülər»

 

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü tamam olur. Bu tarix Azərbaycan dövlətçiliyində özünəməxsus bir səhifədir. 1918-1920-ci illərdə milli dövlətimizin bərqərar olduğu 23 ay ərzində onun milli siyasət, iqtisadiyyat, mədəniyyət yönündə atdığı addımlar hələ bundan sonra daha ciddi elmi-tədqiqat obyektinə çevriləcək. Tarixçi-alim Vaqif Abışov bildirir ki, Cümhuriyyətin fəaliyyəti ilə bağlı faktlar çoxdur: istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi tədbirlər baxımından. Şərqdə ilk demokratik dövlət kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti Qərbdəki tədqiqatlarda da ciddi hadisə kimi dəyərləndirilməkdədir: «Cümhuriyyət qurucuları az vaxtda hüquqi dövlət quruculuğu istiqamətində xeyli görə bilmişdilər. Hər bir kəsin seçkili orqanlara seçib-seçilmək hüququ vardı. Parlamentdə müxtəlif millətlərin nümayəndələrinin olması bunu təsdiq edirdi. İngilislər hökumətin addımlarından az qala heyrətlərini ifadə etmişdilər. Şərqdə ilk dəfə qadınların seçki hüququnun tanınması son dərəcə ciddi məsələ idi».

Ümumiyyətlə, o dövrdə dünyada dünyəvilik yönündə ciddi, diqqətçəkən nə vardısa, Azərbaycan Xalq Cümhuriyyəti nəinki onu əxz etmişdi, habelə onu yeni-yeni ideyalarla zənginləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də xalqa müraciəti Azərbaycan Xalq Cümhuriyyətinin dünyəvi dövlətçilik modelinə uyğun, milli qüvvələrin hakimiyyəti olduğunu sübut edirdi: «Yüz il sürən çar əsarətindən sonra… Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdiİstiqlal elanından keçən az bir vaxtda Milli Azərbaycan hökuməti məmləkətdə çox işlər gördü. Yüz ildən bəri hərbi xidmətdən məhrum edilən Azərbaycanda bir ordu, çarlıq zamanında dövlət idarələrinə yaxın buraxılmayan azərbaycanlılardan zabitictimai asayiş qüvvələri yaratdı. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin hüquqlarını qorumaq üçün tədbirlər gördü. Xalq az zamanda oxumağa başladı. Türk dili dövlətin rəsmi dili elan edildi. Ortaali məktəblər açıldı».

M.Ə.Rəsulzadə soydaşlarımıza müraciətində daha sonra bir məqamı xatırladır ki, Stalin dönəmindən fərqli olaraq Cümhuriyyət dövründə Azərbaycanda tam bir azadlıq var idi: «O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yox idi. Hər yerdə əmin-amanlıq vardı. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi. Az vaxtda bir çox böyük dövlətlər istiqlalımızı tanıdılar. 1920-ci ilin 12 yanvarı cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Çünki bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdu. Yüz ildən bəri üstümüzə çökən istibdadistila xəyalı artıq bizdən uzaqlaşdı. Heyhat, tale imtahanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə daha qanlı bolşevik istibdadı tutdu. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə sovet təbliğatçıları bu qanlı istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər».

O, sovet quruluşunu «qəddar», «ən yalançı bir istibdad rejim» adlandırır. Bu təhlil sovet bolşevizminin qanlı, zorçu hakimiyyəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin dünyəviliyi arasındakı köklü fərqi aydınca göstərir: «Müqayisə etmək imkanında olsaydınız, bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz. Qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar yarasa kimidirlər, günəşdən qaçarlar». M.Rəsulzadə qeyd edir ki, SSRİ-dəki kommunist rejimində yaşayan millətlərin hər cür hüquqdan məhrum şəkildə yaşamasını dünyaya anlatmaq çox çətin olmayıb: «Azadlıq cahanşümul bir fikirdir. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi olan stalinizm hələ ayaqdadır. Şübhəsiz ki, bir gün həqiqət parlayacaq. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz Vətənimizdə yenidən doğacaq. Buna qətiyyən şübhə etməyin».

Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğu istiqamətində addımlar atdı, az vaxtda bu cəhdlər boğulsa da, milli istəklər ölmədi. M.Ə.Rəsulzadə deyirdi: «Azərbaycan Milli Şurası «İstiqlal Bəyannaməsi»ni elan etməklə sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir». Məhəmməd Əmin gənc yaşlarından tükənməz bir sevgi ilə «Azərbaycan davası»na qalxmış və son nəfəsinədək andına sadiq qalmışdı. O, deyirdi: «Rusiya idarəsindəki müsəlmanlara «türk» dedirtmək qazanılmış bir davadır. Yalnız türk kəlməsi yox, Azərbaycan adı da qazanılmışdır». Araşdırmaçı Yadigar Türkelin fikrincə, Azərbaycan Xalq Cümhuriyyətində «Türkçülük, Vətənçilik, Milli Dövlətçilik, Xalqçılıq, Cümhuriyyətçilik» siyasi millətçilik – Azərbaycançılıq səviyyəsinə qaldırılmışdı.

Cümhuriyyət qurucuları – millət sevgisiylə yaşayırdılar, əslində dövlətin hüquqi yönü milli tələbin, milli marağın ölçüsündə var olurdu.

Professor Qüdrət Əbdülsəlimzadə Azərbaycan Xalq Cümhuriyyətinin bütün Şərq aləmində ilk çoxpartiyalı, müxtəlif millətlərin təmsil olunduğu demokratik parlamentli, cəmiyyət həyatının ictimai-siyasi və mədəni-mənəvi sahələrilə yanaşı istiqlal yoluna qədəm qoymuş dövlət olduğunu, iqtisadi-sosial probleminin həllinə də ciddi diqqət yetirdiyini bildirir: «Azərbaycan Xalq Cümhuriyyətinin mülkiyyət münasibətlərinin dəyişdirilməsi prosesindəki təmkinli mövqeyi, aqrar proqramı, sənaye istehsalının inkişaf yoluna dair xətti, maliyyə-valyuta siyasəti, inflyasiyaya qarşı tədbirləri, ölkənin xarici, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi səyləri, iqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki addımları, əhalinin güzəranını yaxşılaşdırmaq, təhsil, səhiyyə, habelə digər sahələrdəki fəaliyyəti əsl milli hökumət qayğılarının ifadəsidir». Milli hökumətin dünya təsərrüfat həyatı təcrübəsinə əsaslanan, eyni zamanda yaranmış konkret şəraitin ziddiyyətli daxili-xarici səpkili çətinliklərini nəzərə almağa çalışan iqtisadi tədbirlərinin tədricən həyata keçirilməsi şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin uğurları kimi səciyyələndirilməlidir: «Öz fəaliyyətinə əsl ziyalılar kimi tənqidi yanaşan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri cəsarətlə etiraf edirdilər ki, onlar hələ çox şey edə bilməmişdilər. Ancaq bunu cürətlə deyə bilərlər, yol göstərən bu şüar olmuşdu: «Millətin hüququ, istiqlalı, hürriyyəti!» Parlament, hökumət, ordu, bayraq, gerb, himn, milli pul vahidi kimi rəsmi dövlətçilik atributlarına malik olmuş bu hakimiyyətin fəaliyyəti dövründə neft sənayesi düşdüyü böhran vəziyyətindən çıxarılmışdı».

Məhəmməd Əmin Rəsulzadə sonralar qələmə aldığı «Əsrimizin Səyavuşu» əsərində aqrar islahatlar haqqında parlamentdə müzakirə olunan qanun layihələrinə toxunaraq yazmışdı: «Hər əkinçi özü əkib-becərdiyi müəyyən miqdar torpağa sahibliyini qəbul etməklə yanaşı… geniş torpaqları ölü (istifadəsiz) saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi». Maraqlıdır ki, «Müsavat» fraksiyasının qanun layihəsində torpaqların kəndlilərə əvəzi ödənilmədən (təmənnasız) verilməsi irəli sürüldüyü halda, Torpaq Nazirliyinin layihəsində torpağın kəndlilərə müəyyən məbləğ müqabilində, yəni rəmzi olsa da əvəzi ödənilməklə verilməsi nəzərdə tutulmuşdu. Həm də birinci qanun layihəsində torpaq sahiblərinin mülkiyyətində 75 desyatin, ikinci qanun layihəsində isə konkret yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahələrinin xüsusi mülkiyyətdə saxlanması ideyası öz əksini tapmışdı.

Məhəmməd Əmin Rəsulzadə deyirdi: «Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və əngəllidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıq etməli, səbat göstərilməlidir». Məhəmməd Əmin Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərində hər bir yeni hakimiyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi: «Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı… Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və qarışıqlıqlardan başqa ayrı bir nəticə alına bilməzdi».

Cümhuriyyət dövründə yaradılmış Əmək Nazirliyi, Fəhlə məsələləri üzrə Xüsusi Məsləhət Şurası, Baş Əmək Müfəttişliyi, arbitraj orqanları mədən və fabriklərdə işçilərin istehsal-əmək mühafizəsi, əməyin düzgün təşkili, kollektiv müqavilələrin bağlanması, sahibkarlarla işçilər arasında münaqişələrin qarşılıqlı razılaşmalar əsasında aradan qaldırılması, gününün müəyyənləşdirilməsi, əmək haqqının artırılması, sosial təminatın formalaşması, əhalininin sağlamlığı kimi məsələlərlə məşğul olub. Bu haqda danışan professor Q.Əbdülsəlimzadə bildirir ki, Şərqin astanasında müstəqillik, demokratik dəyişikliklər, Azərbaycançılıq, müasirləşmə ideyalarının carçısı və onun əməli nümunəsi kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti öz gərgin, səmərəli fəaliyyəti ilə əsil Milli Hökumət olduğunu sübut etdi».

 

 

Xalq Cəbhəsi.- 2012.- 26 may.- S.11.