İlk azərbaycanlı balerina

 

Tale Qəmərə rahatlıq, bəxtəvərlik dolu uşaqlıq illəri nəsib etdi. Evdə dolanışıq sarıdan sıxıntıları yox idi. Atasının qazancı gen-bol yaşamalarına yetirdi. Hacıağa evcanlı adam idi. Həddindən artıq gözəl olan həyat yoldaşı Məryəmi çox sevirdi. Qəmər ağlı kəsəndən evlərində mehribanlıq gördü. Onun ayağı da düşərli oldu. Qəmərdən sonra bir-birinin ardınca Adilə adlı bacısı, Ənvər və Əkbər adlı qardaşları dünyaya gəldi.

Ən gözəl əyləncələri məhəllədəki uşaqlarla oynamaq olardı. Qəmər kiçik yaşlarından ən çox Şura Stepanova adlı qonşu qızla rəfiqəlik eləyərdi. Onunla həmyaşıd idilər. Qızlar təkcə oyun oynamazdılar, həm də saatlarla söhbət edərdilər. Şura tez-tez ona teatrda orkestr musiqiçisi olan atasının işlərindən danışardı. Qəmər onun söhbətlərini dinləməkdən doymazdı. Bir günŞura başqa xəbərlə gəldi: «Gürcü teatrı»nda rəqs studiyası var. Ora elə biz yaşda qızları qəbul eləyirlər». Onda qızların on yaşı olardı. Birlikdə indiki Dənizkənarı parkın yaxınlığındakı «Gürcü teatrı»na yollandılar. Rəqs müəllimi Sergey Gevorkov studiyaya yazılan uşaqların hərəsindən altı manat pul alırdı. Qəmərin isə cəmi beş manatı vardı. Növbə ona çatanda çəkinə-çəkinə dilləndi:

- Mənim ancaq beş manatım var.

Gevorkov diqqətlə qıza baxdı:

- Sənin soyadın nədir?

- Almaszadə.

- Eybi yoxdur, sən pulu ver.

Qəmər sonralar bildi ki, ona «güzəşt»ə getmələrinə soyadı səbəb olub. Qız balet öyrənməyə gələn ilk azərbaycanlı olduğundan, pulu çatmasa da, Gevorkov onu studiyaya qəbul edib.

Teatrdan qayıdırdılar. Şura sevinc içindəydi. Qəmər isə qayğılı görünürdü. Uşaq olsa da, yaxşı başa düşürdü ki, körpə, zərif çiyinlərini çox ağır bir yükün altına verib.

Onun həkim anası savadlı, dünyagörüşlü qadın idi. Qəmərin rəqs studiyasına yazılması onun ürəyincə oldu. Amma Məryəm bilirdi ki, heç kimistər qonum-qonşular, istərsə yadlar buna görə onlara «bərəkallah» deməyəcəklər. Hələ heç bir azərbaycanlı qızın keçmədiyi yola qədəm qoyurdu Qəmər. Bütün birincilər kimi, onu da mümkünsüz görünənin mümkünlüyünü sübut etmək, cığır salmaq, yol açmaq kimi çətin sınaq gözləyirdi. Məryəm bunları yaxşı başa düşürdü. Ancaq qorxduğu, çəkindiyi bu deyildi.

Hacıağa bütün fikri, düşüncələriylə adət-ənənələrə bağlı adamıydı. Məsələni ona açmağın ilə nəticələnə biləcəyini balaca Qəmərdən daha yaxşı anlayırdı Məryəm. Qızının səhnəyə çıxmaq, üstəlik, balerinalıq etmək arzusunu eşitsəydi, Hacıağa dünyanı onlara dar edərdi. Məryəm həyat yoldaşından ehtiyat edirdi. Amma qızını da yolundan döndərməyə ürəyi gəlmirdi. O, gözüaçıq qadın idi. Görürdü ki, «təzə hökumət» adını hələ üstündə saxlayan Şura hökuməti oğlanlarla bərabər, qızların da təhsil almalarına xüsusi diqqət yetirir. Dövran sürətlə dəyişirdi. Beş ildən, on ildən sonra onları nələrin gözlədiyini demək çətiniydi. Həmişə ən düzgün qərarı zaman verir. Məryəm buna inanırdı. Odur ki, son hökmü zamana buraxdı. İndilik isə o, Qəmərin balet dərslərinə getdiyini Hacıağadan gizlətməkdən başqa yol görmürdü. Amma bu, gözlədiyindən çətin oldu. Atası Qəməri evdə görməyəndə onun harada olduğunu soruşurdı. Məryəm hər dəfə bir bəhanəylə qızının balet dərslərinə getdiyini həyat yoldaşından gizlədirdi. Anasının həyəcandan ürəyi əsirdi: «İlahi, birdən Hacıağa Qəmərin baletə getdiyindən xəbər tutdu. Onda bizim halımız necə olacaq Qəmər isə öz aləmindəydi. Hər gün rəqs studiyasında yeni dərslər keçir, öyrəndiyi təzə oyunları quş kimi pərvazlana-pərvazlana təkrar etməkdən yorulmurdu.

1929-cu ildə Qəmər Almaszadə Azərbaycan Dövlət OperaBalet Teatrına balerina kimi işə qəbul olundu. 1931-ci ildə – on altı yaşında o, bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baletində Gülyanaq rolunda böyük səhnədə də göründü. Tamaşaçılar o gecə azərbaycanlı bəstəkarın ilk balet tamaşasında birinci azərbaycanlı balerinanın ifasının şahidi olurdular. Qəmər Almaszadə isə səhnə həyatının ən gözəl anlarını, deyəsən, elə onda yaşadı. «Qız qalası» ona təkcə ilk dillərə düşəcək rolunun sevincini gətirmədi. Qəmər əsərin bəstəkarının ona dikilən məhəbbətdolu baxışlarından odlanan qəlbinin döyüntüsünü dinlədikcə, özünü bambaşqa bir aləmdə hiss edirdi. Xoşbəxt idi. Sənət yolunun başlanğıcında ilk məhəbbəti də rastına çıxmışdı.

Həyatı Qəmərin arzularından, xəyallarından belə gözəl keçib-gedirdi. Artıq atası da onun balerina olduğundan xəbərdar idi. Düzdür, Hacıağa əvvəlcə çox hay-küy salmışdı. «Səni də öldürəcəyəm, qızını da», – deyə Məryəmi hədələmişdi. Ancaq bir gün gözləmədiyi halda Qəmərə xəbər gətirdilər: «Atan buradadır, tamaşaya baxmağa gəlib». Səhnəyə çıxmağa hazırlaşan balerinanın həyəcandan dizləri titrədi. Ona elə gəldi ki, ən böyük sənət imtahanını elə o gün, atasının qarşısında verəcək. Özünü birtəhər ələ alıb səhnəyə çıxdı. Musiqi sədaları altında ifasına başladı. Həyəcanı yavaş-yavaş keçdi. Hər şeyi unutdu. Bir də tamaşanın sonunda atasının salonda olduğunu xatırladı. Ona tərəf baxdı. Atasının gözlərində şəfqət, məhəbbət görəndə ürəyinə toxdaqlıq, dizlərinə qüvvət gəldi. Qrim otağına keçib atasının yolunu gözlədi. Hacıağa qızını təbrik eləməyə gəlmədi. Evdə də bu barədə kəlmə kəsmədi. Elə bil, bir neçə saat qabaq teatra gedən, Qəmərin oyununa tamaşa edən o deyildi. Evdəkilər də cürət edib Hacıağadan heç nə soruşmadılar. Amma Qəmərin ürəyi rahat idi.

Qəmər uşaqlıqdan cəsarətliydi. Ağlına bir şey düşdümü, nəyin bahasına olur-olsun, ona nail olmalıydı. Onda da xeyli düşünüb, Leninqrada təhsil almağa getmələrinin yolunu tapdı. Qərar verdi: başına nə gəlir-gəlsin bunu etməlidir…

Azərbaycanın birinci katibi Mircəfər Bağırov hər gün işdən evə piyada qayıdırdı. Qəmər bir gün onun yolunun üstündə dayanıb, böyük həyəcanla buradan keçəcəyi dəqiqələri gözlədi. Bağırov mühafizəçilərinin əhatəsində küçənin başında görünəndə, yüyürüb bir göz qırpımında özünü ona yetirdi:

Yoldaş Bağırov, mən…

Mühafizəçiləri bu zərif gəlini katibin yanından uzaqlaşdırmaq istəyəndə, o, əlini yuxarı qaldırdı. Bu o demək idi ki, «Dəyməyin, qoyun sözünü desin». Qəmər tez danışmağa başladı:

Yoldaş katib, mən də, həyat yoldaşım bəstəkar Əfrasiyab Bədəlbəyli də Leninqradda oxumaq istəyirik. Ancaq buna imkanımız yoxdur.

…Hər şey elə Qəmərin ümid etdiyi kimi oldu. Cavan gəlinin cürətindən həm heyrətlənən, həm də xoşlanan Bağırov onun həyat yoldaşıyla birlikdə Leninqradda təhsil almalarına köməklik göstərilməsi barədə göstəriş verdi. Gənclər həmin il Leninqrada yollandılar. Qəmər orada Xoreoqrafiya Məktəbinə, Əfrasiyab isə konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil oldu.

Hər ikisi seçdikləri sənətin sirlərini daha mükəmməl öyrənməyə başladılar. Qəmər Leninqradda tanınmış baletmeyster Romanovadan dərs alırdı. Orada həm də özlərinə yaxşı dostlar qazandılar. Təhsil illəri ömürlərinə unudulmaz xatirələr yaza-yaza ötüb-keçdi. 1936-cı ildə geri qayıdandan sonra həvəslə işə başladılar. O zaman Qəmərin iyirmi bir yaşı vardı.

O buradaAzərbaycanda sənətinin birincisiydi. İlk azərbaycanlı balerinanın tanınması, adının dillərə düşməsi çətin ola bilməzdi. Qəmər Almaszadə elə balet tamaşalarında iştirak etməyə başladığı gündən məşhurlaşdı. Azərbaycan Dövlət Opera Balet Teatrında səhnələşdirilən balet əsərlərinin əksəriyyətində əsas surətlərin ifaçısı olmasıyla işi bitmədi. Bu sənətin yolgöstərəni kimi onu təbliğ etməli, yeni balerinalar yetişdirməliydi. 1936-cı ildən Qəmər Almaszadə həm Bakı Xoreoqrafiya Məktəbində müəllim işlədi. Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının yaradıcılarından biri oldu, 1937-38-ci illərdə ona bədii rəhbərlik etdi. 1937-ci ildə istedadlı gəncləri toplamaq üçün o, Arbatovla birlikdə respublikanın rayonlarını dolaşdı.

Otaq qaranlıq idi. Birdən ona elə gəldi ki, portret işıqlanmağa başladı. Qəmər oradan baxan gənc, gözəl, vüqarlı balerinanı aydınca görürdü… Adətən, balerinalığı kəpənək ömrünə bənzədirlər. Nə qədər əziyyət çəksən də, şöhrət qazansan da, fərqi yoxdur, gənc yaşlarında səhnədən ayrılmalısan. 1951-ci ildə, 36 yaşında Qəmər də balerinalığa «əlvida» dedi. Bu şöhrətli balerinaya heç kəs «get» demirdi. Ancaq özü fikirləşdi ki, daha bəsdir, sənətdən də vaxtında getmək lazımdır. Təsəllisi o idi ki, baletdən uzaq düşməyəcək, bundan sonra baletmeyster kimi həyatını gənc balerinalar yetişdirməyə sərf edəcək. 1953-cü ildən OperaBalet Teatrında baş baletmeyster işlədi. Onun Azərbaycan balet sənətində açdığı cığırla tələbələri Leyla Vəkilova, Çimnaz Babayeva, Rəfiqə Axundova, Tamella Şirəliyeva və başqaları keçdilər. Qəmər Almaszadənin quruluş verdiyi milli baletlərdə – Əfrasiyab Bədəlbəylinin «Qız qalası», Soltan Hacıbəyovun «Gülşən», Qara Qarayevin «İldırımlı yollarla», «Yeddi gözəl», Fikrət Əmirovun «Min bir gecə» baletlərində onun əvəzinə yetirmələri oynadılar.

…Deyəsən, mürgüləmişdi. Aradan nə qədər vaxt keçdiyini deyə bilməzdi. Ancaq yavaş-yavaş dan yeri sökülürdü. Səhər açılır, yeni bir gün başlayırdı. Ev yavaş-yavaş işıqlanırdı. Qəmərə elə gəldi ki, çarpayısıyla üzbəüz divara vurulan portret indi hər zamankından daha aydın görünür. Qəmər orada bambaşqa bir aləmdə – «Baxçasaray fontanı»ndaydı.

 

 

 Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 31 may.- S.13.