«Azərbaycan teatr tarixi»

 

 Kitabın ikinci cildi 1920-ci ildən 1960-cı ilədək olan dövrü əhatə edir

 

AMEA-nın müxbir üzvü, professor, mərhum teatrşünas İnqilab Kərimovun «Azərbaycan teatr tarixi» kitabının II cildi işıq üzü görüb. Onun «Azərbaycan teatr tarixi» kitabını Azərbaycan teatrının güzgüsü saymaq olar. İnqilab Kərimov araşdırmalarında onun zəhmətkeşliyi aydınca görünür. Artıq yaşı 140-a çatan Azərbaycan teatr tarixini araşdırmaq

hünərli işdir. Sabahımızda bu və başqa yönlərdə yeni araşdırmaçılarımız yaranmalıdır – ardıcıl olaraq Azərbaycanın milli dəyərlərinə əsaslanan, bunları ölçü sayan. Milli yöndə teatr sənətimiz daha da inkişaf etməli, yeni ciddi əsərlər, aktyorlar, eləcə də teatr araşdırıcıları olmalıdır. Bu, xəlqi inkişafın tələbidir.

Kitab 4 fəsildən ibarətdir. «Teatrın ideya-yaradıcılıq cəhətdən yeniləşməsi. Mürəkkəb mübarizə şəraitində teatrın yaradıcılıq axtarışları. Rus rejissorlarının axtarışları. Rus rejissorlarının fəaliyyəti. Milli rejissor kadrlarının yetişməsi» adlanan I fəsildə 1920-ci illərdəki Azərbaycan teatrının qayğıları haqqında danışılır. «Azərbaycan teatrının inkişaf dövrü. Azərbaycan teatrı inkişaf yollarında» adlı II fəsildə 30-cu illərdəki teatr həyatının gedişatı təhlil olunur.

III fəsildə 1920-1960-cı illərdə Haxçıvan, Gəncə, Ağdam, Gənc Tamaşaçılar, Göyçay və digər teatrların fəaliyyəti araşdırılır. «Respublikamızdan kənarda fəaliyyət göstərən Azərbaycan teatrları» adlı fəsildə isə Tiflis Azərbaycan teatrı, İrəvan Azərbaycan teatrı, Aşqabad Dövlət Azərbaycan Teatrı, İranda Azərbaycan Teatrı kimi mövzular araşdırılır.

İ.Kərimov deyirdi ki, həmişə qəlbən, ruhən nurlu adamlar teatr sənətinə aydın, vicdanlı münasibət bəsləyiblər: «Ona görə ki, onlar teatrın əhəmiyyətini gözəl dərk ediblər. H.Zərdabi, N.Nərimanov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Vəzirov teatrı həmişə müqəddəs yer sayıblar. Teatr dövrün görən gözüdür. Bəşəriyyətin, insanlığın tərəqqisində teatrın rolu əvəzsizdir. Teatr öyrədən, tərbiyə edən bir əyləncədir. Onun bu əhəmiyyəti məktəblərdən, kitablardan, qəzetlərdən də üstündür. Digər tərəfdən, teatrın ideoloji prinsiplərə uyğun olaraq dəyişmək məqamları da var. Teatr həmişə müəyyən mənada dövrünün ideologiyasına xidmət edib. Sovet dövründə ideya müəyyən məzmun daxilində insanları sıxırdı. «Vaqif» əsərində S.Vurğun İbrahim xanı Vaqifin arvadına tamah salan, onun düşməni kimi təsvir edib. Halbuki tarixdən məlumdur ki, İbrahim xanla Vaqifin münasibətləri necə olub. 1956-cı ildə S.Vurğun ölüm yatağında ikən bir məktub yazır, o məktub «Ədəbiyyat» qəzetində çap olunur. O, etiraf edir ki, «mənim ən böyük günahlarımdan biri İbrahim xanı elə təsvir etməyim olub». Ümumiyyətlə, teatr xalqın ruhuna, mənəviyyatına uyarlıq cəhətdən həmişə öz işini görüb. Əlbəttə, əsas komponent aktyordur. Əgər aktyor yoxdursa, teatr da yoxdur. Bir vaxtlar bizdə Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mərziyyə Davudova, Mirzağa Əliyev, Ağasadıq Gəraybəyli və başqa görkəmli aktyorlar vardı. Rəhmətlik Ədil İsgəndərov deyirdi ki, bunlarla işləməyə nə var ki? Ağzını açan kimi nə istədiyini bilirlər. Adətən bizdə 3 rejissorun adı həmişə xüsusi çəkilir. Ə.İsgəndərov monumental tamaşalar yaradıcısı, Mehdi Məmmədov fəlsəfi dərinliyə varan rejissor idi. T.Kazımov isə psixoloji cəhətlərə üstünlük verirdi. Hazırda bizdə elə rejissorlar yetişib ki, hər bir tamaşanın quruluşuna aydın estetik prinsiplərlə yanaşırlar. Bu, çox gözəl haldır. Bir var aktyora deyəsən ki, ordan gəl, burdan çıx, bu sözü burda de; bu, köhnəlmiş bir üsuldur. Bir də var ki, obrazın xarakterik xüsusiyyətini, daxili hərəkəti ilə xarici hərəkətinin vəhdətini yaradırsan, mahiyyətini açırsan. Bu cür tamaşalarda insan birtərəfli görünmür. İnsan insandır, onun mənfi və müsbət xüsusiyyətləri var. Bizdə beləydi ki, bir adamı ideallaşdırırdıq; bunun heç bir günahı yoxdur. Ya da birini saldıq çirkabın içinə ki, bunun da heç bir yaxşı cəhəti yoxdur. Tamaşada rejissor ideal surətin əksər yaxşı cəhətlərilə yanaşı onun mənfi xüsusiyyətlərini də göstərməyi bacarırsa, bu, yaxşı haldır».

Professor İnqilab Kərimov Azərbaycan teatrı tarixini araşdırarkən bu prosesdə zəhməti olan hər kəsi sayğıyla dəyərləndirirdi. O, ilk növbədə yaradıcıya sayğıyla dəyər verməyi bacarırdı. Azərbaycan teatr tarixinin 140 ilə yaxın bir dövrü milli tariximizin də ən gərgin, inkişaflı, qarışıq dönəmidir. Əslində teatr tariximiz – müxtəlif xarakterli insanların tarixidir. Bunları araşdırıb ipə-sapa düzmək yaradıcıdan ürək açıqlığı, hünər istəyir. Başqaları haqqında yazmağı hər kəs bacarmır. İnqilab Kərimov bunu sevə-sevə bacaranlardandır – Azərbaycan teatr tarixinin yazılması bunun sübutudur. Onun işi teatr fanatlığıdır.

İ.Kərimov Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almış, 1957-ci ildən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlamışdı. İnstitutda «Teatr, kino və televiziya» şöbəsinin müdiri vəzifəsində işləyirdi. Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edirdi. «Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri) adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi almışdı.

«Abdulla Şaiq və teatr», «Ağadadaş Qurbanov», «Xalq istedadları», «Azərbaycan Dövlət Dram Teatrı», «Əbdürrəhim bəy Haqverdiyev və teatr», «Əbdürrəhim bəy Haqverdiyev və teatr», «Gənclik və gözəllik teatrı», «Sənət yolu, dostluq yolu», «Azərbaycan teatrının təşəkkülü və inkişafı», «Türkiyə və Azərbaycan teatr əlaqələri», «Şuşa Ağdam teatrı», «Azərbaycan teatrı-125″ və başqa kitabları var. Habelə o, Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı çoxlu elmi əsərlərin müəllifidir.

Araşdırmaçı Elvin Vəliyev İ.Kərimovun Azərbaycan teatrşünaslığındakı xidmətləri haqqında bu qənaətdədir: «Onun onlarla teatr hekayələri və kitabları, özbək, latış, rus, türkmən, gürcü, tacik, türk dramaturgiyasından etdiyi tərcümə bir alimin Azərbaycan incəsənətinə misilsiz töhfəsidir. Bu yaradıcılıq nümunələri yerli mətbu orqanları ilə yanaşı keçmiş SSRİ-nin bir neçə respublikalarında işıq üzü görüb, elmi dairələr, geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Onun əsərləri bu gün də aktualdır, elm ocaqlarının tədris proqramlarına salınır və Azərbaycanın, eləcə də bir çox ölkələrin incəsənət universitetlərinin tələbələri üçün dəyərli əyani vəsait rolunu oynayır. Onun elmi araşdırmaları, təhlilləri və eləcə də tənqidləri teatr mədəniyyətinin bütün istiqamətlərinə yönəlib ki, bu da nəticə etibarilə bu sahənin daha da inkişaf etməsinə və tanınmasına təkan verib. Azərbaycan teatrı mürəkkəb və çətin bir inkişaf yolu keçib ki, bu prosesdə də ömrünü teatr sənətinə həsr etmiş İnqilab Kərimovun rolu danılmazdır».

«Azərbaycan teatr tarixi»nin I cildi 1920-ci ilədək, II cild 1920-ci ildən 1960-cı ilədək, III cild isə 1960-cı ildən 2000-ci ilədək olan dövrü əhatə edir.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 31 may.- S.14.