82 il qabaq baş vermiş Şəki üsyanı

 

Ramil Əliyev: «Şəki qiyamı ilə əlaqədar hər dəfə 50 nəfəri güllələyiblər»

 

1920-ci ilin aprelindən başlayaraq illər ərzində xalqımıza qarşı terrorun ən müxtəlif növləri sınaqdan çıxarıldı. 1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu, siyasi partiyalar qadağan olundu. Bir il ərzində Azərbaycanda faktiki kommunist diktaturası yaradıldı. Xalqımızın sərvəti davamlı şəkildə Moskva tərəfindən talan olunmağa başlanıldı. Bütün təbii sərvətlərimiz «milliləşmə» adı altında dövlət mülkiyyəti hesab olundu. Hələ 1920-ci il martın 17-də «Bakını almaq bizə olduqca və olduqca zəruridir» deyən Lenin istəyinin mənası tam aydın oldu. Rusiya itirdiyi Bakı neftinə yenidən sahib oldu.

1920-ci ildən sonra təxminən bir il ərzində xalqın 50 min nəfərə yaxın sayseçmə övladının güllələndiyi faktlarla sübut edilib. Bu barədə materiallarda qeyd edilir ki, güllələnənlərin əmlakı müsadirə edilir, bütün əhali, o cümlədən yoxsullar qarət edilir, camaatın hətta nəsillərdən yadigar qalmış zinət şeyləri və qiymətli əşyaları zorla əlindən alınırdı. Soydaşlarımızın boşaldılmış mənzillərinə ermənilər, ruslar və qeyri millətlərin nümayəndələri köçürülürdü. Yerlərdə yoxsul komitələri yaradılırdı: bu komitələr bolşeviklərin dayağına çevrilməli, kənddə qarşıdurmanı dərinləşdirməli, Azərbaycan kəndinin «əksinqilabçılardan» təmizlənməsində hakim rejimə yaxından köməklik göstərməli idi. Az sonra inqilab komitələri və yoxsul komitələri sovetlərlə əvəz olundu. Bu zaman ölkənin müxtəlif yerlərində bolşevizm əleyhinə üsyanlar qalxdı. 1920-ci il mayın 25-26-da Gəncədə silahlı üsyan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş Milli Ordu bölmələrinin iştirakıyla Gəncə üsyançıları Qırmızı Ordu hissələrini ağır məğlubiyyətə uğratdılar. Gəncə və ətrafda yaşayan ermənilər işğalçılara qoşuldular. Mayın 31-də Gəncə yenidən Sovetlərin nəzarətinə keçdi. Şəhərdə dəhşətli soyqırım və qarətlər oldu. İyunun əvvəlində Qarabağda bolşevik qüvvələrinə ciddi müqavimət oldu. Ermənilər burada da işğalçılara kömək göstərdilər. İyunun 6-da Zaqatala əhalisi də işğalçılara qarşı savaşa başladı, üsyançılar Zaqatala qalasını ələ keçirdilər. Qax ələ keçirildi. Bölgə ayağa qalxdı, bölgəyə yeridilən Qırmızı Ordu hissələri məğlubiyyətə uğradıldı. Ancaq bolşevik qüvvələri iyunun 18-də Zaqatalanı nəzarət altına almağa müvəffəq oldular.

Bu hadisələrdən sonra Şəmkir, Quba, Dəvəçi, Qusar, Lənkəran, Astara, Kürdüstan, Cavanşir, Qutqaşın (indiki Qəbələ), Xaçmaz, Naxçıvan, Ordubad, Şərur və başqa yerlərdə işğalçılara güclü müqavimət göstərildi. 1920-ci il avqustun 10-da Azərbaycanın iştirakı və razılığı olmadan əzəli Azərbaycan ərazisi Şərur-Dərələyəz Ermənistana verildi. Bundan sonra Qırmızı Ordunun köməyilə ermənilər Zəngəzuru işğal etdilər. Cənub-qərbi Zəngəzur (Mehri) Ermənistana qatıldı, nəticədə Haxçıvanla əlaqə kəsildi.

1930-cu ildə baş vermiş Şəki üsyanı Azərbaycanda sovet hakimiyyətinə qarşı ən yaddaqalan üsyan hesab olunur. Hətta üsyan Moskvanı da ciddi narahat etmişdi. 1930-cu il aprelin əvvəllərində Qax-Muğal kəndinin sakini Xəlil Musa oğlu Eminovun evində, Qax üsyançılarının başçısı Sadiq bəy Balacayev həbs olunduqdan sonra 1930-cu il aprelin 27-də verdiyi ifadədə dediklərindən: «Üsyan başlanmazdan əvvəl (aprelin ilk günlərində) səhər tezdən mənim evimə Qax-Muğal kəndinin sakini Xəlil Musa oğlu Eminov gəldi və bildirdi ki, məni onun evində olan Molla Mustafa Şeyxzadə çağırır. O, mənə dedi ki, heç kimin görməməsi üçün bağların içi ilə gedim və bu barədə heç kimə, heç nə deməyim. Bu tapşırıqları verdikdən sonra o saat getdi. Mən Xəlilin tapşırdığı kimi etdim və tezliklə onun evində oldum. Məni Xəlil özü qarşıladı. Mustafa və başqaları oturan otağa deyil, heç kim olmayan otağa apardı. Molla Mustafa ilə otaqda kimin olduğunu bilmirdim. Lakin səsindən öz həmkəndlim Şabanı (Mahal İH-nin başçısı Ağamirovun kürəkəni) tanıdım. Bundan başqa Şabanın orada olmasını Xəlil özü də təsdiq etdi, lakin orada olan başqa adamlar haqqında heç nə demədi. Xəlil Molla Mustafanı mən olan otağa gətirdi. Bizi tək qoyub çıxıb getdi. Molla Mustafa ilə mən çoxdan tanışam. O, hələ ticarətlə məşğul olarkən onun Baş Şabalıddakı evində olmuşam. Onu deyə bilərəm ki, Molla Mustafa mənə yaxşı tanışdır. Molla Mustafaya sual verəndə ki, bu cür məxfilik nəyə lazımdır, o bildirdi ki, qeyri-leqal vəziyyətdədir, həbs olunmağından qorxduğu üçün gizlənir. Molla Mustafa maraqlandı ki, məni incidən və ya sıxışdıran varmı, hazırkı qayda-qanunla razıyammı? Cavab verdim ki, məni heç kim nə incidir, nə də sıxışdırır və hökumətə qarşı heç bir narazılığım yoxdur. Bu zaman Molla Mustafa başladı danışmağa, Sovet hakimiyyətinin devrilməsinin zəruri olduğunu bildirdi. Mən onun təklifindən boyun qaçırdım, lakin o, mənim bu işə qoşulmağıma təkid etdi və təklif etdi ki, silahlı dəstə yığım. Mən buna razı olmadım, lakin Molla Mustafa məni hədələdi ki, razı olmasam, son anda mənim üçün pis ola bilər. Axırda Molla Mustafa mənə aşağıdakıları dedi: «Bu haqda heç kim qətiyyən bilməməlidir, özün hazır olmalısan və silah tədarükü də görməlisən, mən isə kimə paylamaq lazım olduğunu sənə deyəcəyəm. Əgər mənə qulaq asmasan, sonra çox heyfsilənəcəksən. Mən bunlara baxmayaraq, razılıq vermədim…»

Araşdırmaçı, filologiya elmləri doktoru Ramil Manafoğlu bildirir ki, 1990-cı ildə respublika qəzetlərinin birində xalq şairi Bəxtiyar Vahabzadənin Şəki qiyamı ilə bağlı gördüyü gülləbaran haqqında bir yazısı getmişdi. Müəllif həmin hadisələrin şahidi olduğunu qeyd edirdi. O, qalanın içərisində güllələnən azərbaycanlıları gördüyünü, qətli yerinə yetirənlərin sir-sifətindəki vəhşiliyi, xüsusən onların arasında olan gənc erməninin daha çox canfəşanlıq etdiyini unuda bilmədiyini yazırdı. Əbdürrəhman Abdullayev də partiya işçisi kimi 1934-cü ildə Şəkinin Bideyiz kəndində partkom olan Əbdülcabbarın evində olarkən divardan Qavril Hambarsumoviç Şabanyan adlı bir erməninin şəklinin asıldığını görür: «Bəxtiyar Vahabzadə yazırdı ki, illər keçdi. Yolum 1972-ci ildə Baş Göynük kəndindəki Nizami muzeyinə düşdü. Orada təsərrüfat müdiri işləyən bir nəfər qoca diqqətimi yaman cəlb etdi. Mən onu harada gördüyümü xatırlamağa çalışdım. Evə gəldim, bütün gecəni fikirləşdim ki, onu haradan tanıyıram. O erməninin qəzəb dolu baxışları gözlərimin qarşısına gəldi. Mən səhər kənd muzeyinə getdim. Onu tapdım. Soruşdum ki, sən həmin adam deyilsənmi? O, kəkələyə-kəkələyə danmağa çalışdı. Dedi mən deyiləm. Mən ona sübut etməyə çalışdım. Səhər yenə muzeyə gələndə onu görmədim. Soruşdum, dedilər ki, ürəyi partlayıb ölüb».

Yenə B.Vahabzadənin xatirələrindən: «…Qaçaq Abbasın meyitini dağdan düşürdükləri indi də gözümün qabağındadır. Meyiti şəlin üstünə qoyub dağ aşağı sürüyürdülər. Eybəcər şəklə salınmış meyiti milis idarəsinin qarşısında şəlin üstündə uzatmışdılar. Bütün şəhər meyitin yanından keçməli idi. Bununla rəsmi dairələr adamları qorxudub demək istəyirdi ki, hökumətdən narazı adamların aqibəti belə olacaq». «Şənbə gecəsinə gedən yol» kitabından: «Üsyan yatırıldı, üsyançıların bir hissəsi həbs edilib dərhal güllələndi, bir hissəsi isə dağlara çəkilib qaçaq oldular. Bizim evimiz şəhərin «Yuxarı baş» məhəlləsində, dağın döşündə, meşənin içində yerləşdiyindən qaçaqlar gecələr qapımızı döyür, bizə və yaxud qonşularımıza pənah gətirirdilər. Səhər açılana qədər xurcunlarını ərzaqla doldurub yenidən dağlara, meşələrə çəkilirdilər. Qaçaqlara yardım edən düşmən elan edilib dərhal cəzalandırılırdı. O zaman Şəkidə milis rəisi Zahidov adında bir qaniçən idi. Onun hər şeyə səlahiyyəti çatırdı. Qaçağa çörək verdiyinə görə Zahidov neçə-neçə kəndlini məhkəməsiz, sübutsuz güllələmişdi. Onlardan ikisi atamın yaxın dostları idi. Qaçağa yardım göstərmək üstündə güllələnənlərdən biri də şəhərin ən hörmətli ağsaqqallarından Hacı Yusif Əfəndi idi. Atam onun haqqında danışırdı ki, üzünə güllələnmə oxuyanda o, üzünü Zahidova tutmuşdu: – bir xahişim var, məni sinəmdən vurun. Dediyi kimi eləyirlər…».

Ramil Əliyev o zaman üsyanda iştirak edən babasının aqibəti haqqında eşitdiklərini qələmə alıb: «Burada mənim üçün kədərli olan bir faktın üstündə dayanmaq istəyirəm. Babam Mustafa ağanı və kamera yoldaşlarını o zaman gecə saat 3-də güllələyiblər, qəzet müəllifi isə bu hadisəni gündüz görüb.

Əgər hər dəfə 50 nəfər güllələyiblərsə, Şəki qiyamı ilə əlaqədar o günlərdə nə qədər insanı məhv ediblər. Deyildiyi kimi, Mustafa ağanı gecə saat 3-də güllələyir, paltarlarını görüşə gələn həyat yoldaşı Sənubərə verirlər. Bu anda Sənubərin keçirdiyi hissləri yaşamaq çətindir. Dünənəcən sağ gördüyün adamın yoxluğuna necə dözəsən? Mustafa ağanın ölümündən bir həftə sonra 4 at qoşulmuş 4 araba kəndə gəldi. Gələnlər evi yandırmaq üçün əllərində əmr olduğunu dedilər. Kəndin bütün camaatı yığılmışdı. Mustafa ağanın dostları evi yandırmasınlar deyə, diz çöküb gələn əsgərlərə yalvarırdılar ki, 9 uşağı yurdsuz-yuvasız qoymasınlar. Əsgərlər rus və ermənilər idi. Onlar özləri ilə gətirdikləri neftlə dolu çəlləyi və kibriti yana qoyub evdə olan müxəlləfatı və yorğan-döşəyi 4 arabaya yüklədilər və apardılar. Evdə su içməyə bir stəkan belə qalmadı. Əsgərlərin gətirdikləri neft çəlləyi və kibrit qara günlərin yadigarı kimi çardaqda hələ də qalır. Hacı Nəbi oğlu Mustafa ağanın külfətinə dostları həyan olur, kimi döşək, yorğan, kimisi pal-paltar və s. verir. Mustafa ağanın güllələnməsindən sonra ailəsinin qara günləri başladı. Ailə üzvləri Məmmədin sağ qalması ilə təskinlik tapırdılar. On nəfərlik ailə çətin vəziyyətlə üz-üzə idi. Heç kim işləmirdi. Nənəm Sənubər və 4 qızı məcbur olub kolxozda tütündə işləməyə başladılar. Mustafa ağa vaxtilə həyat yoldaşına Fazıl kəndində yaşayan birindən «Zinger» tikiş maşını almışdı. Bu maşın bütün ailənin çörək ağacı olmuşdu. Sənubər bu maşınla 4 kəndin pal-paltarını, pərdəsini, yorğan-döşək üzlərini tikirdi. Gündüzlər kolxozda işləyər, gecələr paltar tikərdi. Gecəni çıraq yanar, qaçaq-quldurun diqqətini cəlb edərdi. Qaçaqlar gündüz meşədə yatar, gecələr azuqə yığmaq üçün kəndə girərdilər. Təkcə Hacı Nəbi oğlunun çırağına yaxın gəlməzdilər. Səhərə qədər yanan lampa işığı onları maraqlandırmışdı: bu evin işığı niyə sönmür? Gecə gəlib qapını döymüş və demişdilər ki, qorxmayın, biz sadəcə soruşmaq istəyirik, bu işıq niyə sönmür? Nənəm dinməmişdi, «Zinger» maşınını göstərmişdi. Qaçaqlar bir söz demədən çölə çıxıb bir də qayıdırlar, «Zinger»in üstünə bir dərzi qayçısı qoyub deyirlər ki, halal olsun Mustafa kişinin çörəyi. Bu dövrün hadisələri atamın – Əliyev Manafın da xatirində yaxşı qalmışdı. Atam söyləyirdi ki, faytonla şəhərdən kəndə qayıdırdım. Bideyiz yolunun girəcəyində qaçaqlar faytonun qabağını kəsdilər. Qaçaqlardan biri məni tanımışdı. Demişdi ki, Mustafa ağanın evində qalır, müəllimdir. Atama mane olmayıb hörmətlə yola salmışdılar. Bu, Mustafa ağaya olan hörmət idi».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 1 may.- S.14.