Bəhram Mansurov sənəti
Xalqımızın ruhunu, düşüncələrini, irsini, idealını, keçmişini bu günün təsirli ifadə vasitələri ilə canlandıran Azərbaycan musiqisi məhz mənsub olduğu millətin özünəməxsus musiqi ənənələri əsasında təzahür və inkişaf edərək dünyanın ən mütərəqqi xalqlarının mədəniyyəti səviyyəsində dayanır. Misilsiz zənginliyə malik musiqimizin səciyyəvi, bənzərsiz və milli cəhətlərini ortalığa çıxartmaq baxımından onun yaradıcılarına müraciət etmək xüsusilə əhəmiyyətlidir. Adı dillərdə gəzən dinləyicilər tərəfindən məhəbbətlə qarşılanan, əsl xalq musiqiçilərinin həyat və fəaliyyətini hərtərəfli şəkildə öyrənmək qiymətlidir, faydalıdır. Ellərimizin, obalarımızın hörmətini qazanan görkəmli ifaçılar nəinki qabaqcıl, işıqlı ənənələrdən bəhrələnmiş, habelə onu davam və inkişaf etdirərək bilavasitə musiqimizin yeni yaradıcılarına çevrilmişlər. Belə sənətkarlardan biri xalq artisti, görkəmli tarzən Bəhram Mansurov idi.
Onun keçdiyi şərəfli həyat yolu musiqi kollektivlərində, opera və balet teatrında xidmətləri, respublikanın mədəni tədbirlərində fəal iştirakı, böyük Vətən müharibəsinin odlu-alovlu illərində öz tarı ilə hərbi xəstəxanalarda, arxa cəbhədə mübariz çıxışları, konsert fəaliyyəti, pedaqoji işi, qastrol səfərləri, solo və müşayiətçilikdə göstərdiyi ustalıq, zəngin folklor biliyi, nəhayət şəxsiyyətində olan nümunəvi keyfiyyətlər doğrudan da öyrənilməyə layiqdir. Bəhran Mansurov haqda az yazılmamışdır. Tarzənin yaradıcılığı musiqişünasların, qələm əhlinin, sənət adamlarının diqqətində durmuşdur. Bu baxımdan bir sıra məqalələr, foto albom, professor Elmira Abasovanın Moskvada buraxılmış kitabı təqdirəlayiqdir, dəyərlidir. Bununla belə ustadın həyat və fəaliyyəti, xalq musiqisindəki, birinci növbədə muğam sənətindəki rolu tam şəkildə işlənmişdir demək mümkün deyildir. Çapa verilən məqalədə Bəhram Mansurovun muğam sənətini irəli qoymağımız təsadüfi sayılmamalıdır.
Bir də istəyirik aydınlaşdıraq ki, muğam ifaçılığı notlu əsərlərin çalınıb oxunması ilə müqayisə olunmamalıdır. Muğamların səsləndirilməsində məsuliyyətsizlik, aşağı sənətkarlıq yalnız ifaçını deyil, muğamın özünün gələcək taleyini təhlükə qarşısına qoya bilər. Haqqında danışıdığımız nümunələr şifahi halda yayılır, nəsildən-nəslə keçərək yaşayır, musiqiçinin istedadı, məharəti sayəsində həyati hüququnu saxlayır. Bəhram Mansurovun yaradıcılıq fəaliyyətindən rast gəldiyimiz hər hansı başlıca keyfiyyət heç vaxt Azərbaycan muğam məktəbindən ayrılmamış, hər yerdə assosiasiya kimi özünü göstərmişdir. Məhz tarzənin sənətinin təyinedici xüsusiyyətləri birinci növbədə muğamların təhlili ilə bağlanmalı, konkret faktlarla üzə çıxarılmalıdır. Fikrimizcə, bu məsələdə Bakı-Abşeron ifaçılıq məktəbinin xüsusiyyətləri tədqiqatın əsas mərkəzlərindən olmalıdır. Adı çəkilən məktəbin mənzərəsini, daxili aləmini və onun ana xəttini doğma Azərbaycan musiqi folklorunun hədsiz-hüdudsuz zənginliyi təşkil edir. Bu baxımdan XIX əsrin axırlarında xalqımızın bədii həyatında mühüm yer tutan, Bakıda meydana çıxmış Mansurovların musiqi cəmiyyətinin fəaliyyəti dərindən öyrənilməlidir. Mirzə Sadıq, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu kimi məşhur Qarabağ musiqiçilərinin buraya dəvət edilməsi və beləliklə həmin dostluq və yaradıcılıq əlaqələrinin mahiyyəti açılmalıdır. Bütün bunlar gənc tarzənin gələcək musiqi həyatına həlledici təsir göstərmişdir.
Məlumdur ki, muğamlar melodik tərzli musiqidir. Onun əsasını reqlamentli improvizasiyalılıq
təşkil edir.
Çox
təəssüf ki, deyilənlər bəzilərinə
sadə görünür.
Əslində muğamlar əsrlər
boyu qərarlaşmış
çətin və məntiqi bir prosesdir. Bəhram Mansurov bu prossesin nə demək olduğunu və özü də nə deməli olduğunu yaxşı bilirdi. Onun bu sahədə geniş biliyi, təsəvvürü və
öz mənliyi var idi. Bəhram Mansurovun muğamlara verdiyi çox mütəşəkkil
forma dediklərimizə parlaq
nümunə ola bilər. Məsələn: «Şur»
(bərdaşt nəva
ilə), Mayeyi-şur,
səlmək, cüdai,
gövhəri, gərayili,
hacı-dərvişi, Şəhr-aşub,
Şahnaz-xara, bayatı-türk,
şikəsteyi-fars, əşiran,
simai-şəms, hicaz,
hacı-yuni, mavərənnəhr,
şah-xətai, saqinamə,
sarənc, abu-əta, qəməngiz, dügah, zəminxara, nişibi-fəraz.
«Humayun» (hümayun,
Bəyatı-feli, feli,
məsnəvi, tərkib,
bidad, saqinamə, üzzal, üzzal-zərbi,
şikəsteyi-fars, dilruba,
bəxtiyari). «Bayatı
Kürd» (hacı-yuni,
mehti-zərrabi, naleyi,
dəşti, məsnəvi,
pəhləvi, bayatı-kürd,
katar, bayatı əcəm, Kəbri, baba-tahir, Azərbaycan).
Tarzənin ifasçından lentə
köçürülmüş başqa muğamların da tərkib quruluşunu araşdırdıqca
bunu aydın hiss etmək mümkündür.
Məşhur musiqiçinin muğam
sənəti yalnız
forma qurmaq və yaratmaqla bağlı olmamışdır. O, hər
şeydən əvvəl
muğamların məzmununa
nüfuz etməsi ona yaradıcı gözlə baxması ilə seçilmişdir.
Bəhram Mansurov eşidib
gördüyü muğam
musiqisini yeniləşdirməyi
bacarırdı.
Muğamları öyrənmək, bilmək
azdır. Onu duymaq, ruhən
hiss etmək lazımdır.
Çünki bunsuz muğamların
təbii və təkrarolunmaz gözəlliyini,
insanların ən incə və mürəkkəb psixoloji
anlarını musiqinin
obrazlı dili ilə, təsirli səslənmələrin emosional
qüvvəsi ilə əks etdirən məzmununu açmaq, aydınlaşdırmaq çətin
olardı. Görkəmli bəstəkarımız Fikrət
Əmirov yazırdı
ki, «O, (B. Mansurov – O.
H.) elə böyük ilhamla çalır ki, az qala özündən
bixəbər görünür».
Bəli,
Bəhram Mansurov çalarkən beləcə
muğam dünyasına
daxil olur və bu aləmdə
yaşayırdı. Onun çalğı
manerasında diqqət
oyadan mizrab gedişləri vardır.
«Əlif», «Çahar»,
«Gülriz», «Dəstkari»,
«Sazkəri» Bəhram Mansurova məxsus üsullardır. Tarzənin çalğı
priyomlarının zənginləşdirilməyə
göstərdiyi münasibəti
həmişə muğamlarla
üzvi vəhdətdə
görürdü. «Çəkavək», «zirəfkan»
kimi mizrab priyomları hətta müəyyən muğam
kuşəsini, ibarəsini
şərtləndirir, onun
adını daşıyır.
Bəhram Mansurov haqlı olaraq Mirzə Sadıq məktəbinin layiqli varislərindən sayılır. Bu varislik
isə hər şeydən əvvəl Mirzə Sadığın
ənənələrinin canlı
sübutu olan Qurban Primovun mühüm təsiri ilə izah olunmalıdır.
«Segah», «Çoban bayatı», «Mahur-hindi» muğamlarının musiqi
materiallarında «lal barmaq», «sürüşdürmə
barmaq», «əngüşkari»,
«ostinato tərzli səslənmə» yaratmaq
kimi çalğı
üsullarında bunlar
özünü açıq-aşkar
büruzə verir.
Tarzənin ifasından nota köçürülmüş
muğamlar dəyərli
folklor əhəmiyyəti
daşıyır. Həm də
tarzənin ifaçılıq
sənəti haqda çox şey deyir. Vaxtı ilə qələmə
alınmış «RAST» və
sonralar bəstəkar
Nəriman Məmmədovun
nota yazdığı «Çahargah»
muğamları bu baxımdan faydalıdır,
lazımlıdır. Bəhram Mansurovun
həyatı, şəxsiyyəti,
yaradıcı mühiti
və buradakı hadisələr sanki səsləndirdiyi muğamlarda
əks olunmuşdur.
Bunları şərh
edən, aydınlaşdıran,
sənədlər məhz
bizə yadigar qalan lent yazıları və qrammofon vallarındakı muğam
materiallarıdır. Əlbəttə, bütün dediklərimiz
Bəhram Mansurovun muğam sənətindəki
rolu ilə müqayisədə çox
azdır. İnanırıq ki, Azərbaycan tarını və muğamları zirvələrə
qaldıran Bəhram Mansurovun adı və sənəti musiqi mədəniyyəti
tariximizdə əbədi
qalacaqdır.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 3 may.- S.13.