«Hüquq məsləhətxanalarının fəaliyyətini qənaətbəxş saymıram»

 

Əlövsət Allahverdiyev: «Hüquq məsləhətxanalarının fəaliyyəti vətəndaşların maraq və mənafelərinə zidd olmamalıdır»

 

Demokratiyanın əsas göstəricilərindən biri də ölkədə vətəndaş cəmiyyətinin formalaşmasıdır. Müstəqillik yolunu seçən Azərbaycanın da əsas hədəfi belə bir topluma nail olmaqdır. Bütün demokratik prinsiplərin ödənildiyi vətəndaş cəmiyyətinin formalaşması isə yalnız bu sahənin inkişafında maraqlı olan və çalışan vətəndaşlardan deyil, başqa bir neçə amildən də asılıdır. O cümlədən də hüquq və qanunvericilik sivil toplumu şərtləndirən mühüm sahələrdən biri sayılır. Ölkədə qanunverilik və hüquq sisteminin səviyyəsi vətəndaş cəmiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır. Qanunlar belə bir toplumu qurmaq istəyən vətəndaşlara imkanlar və fürsətlər verir. Çünki vətəndaşın istənilən fəaliyyəti və hədəfi dövlət qanunvericiliyindən kənara çıxmamalıdır. Bu səbəbdən də qanunlar vətəndaş cəmiyyətinin inkişafına nə qədər imkan verirsə, vətəndaş da o qədər hədəfə nail ola bilər. Maraqlıdır, bəs görəsən Azərbaycan qanunvericiliyi ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün kifayət qədər müasir və təkmildirmi? Qanunlar toplumda demokratik prinsiplərin təmin olunması üçün yetərlidirmi? Bu yolda irəliyə can atan ölkəmizdə demokratik və quruculuq mənzərəsi necədir? Əhəmiyyətini nəzərə alıb vətəndaş cəmiyyəti və hüquq mövzusunu araşdırmaq istədik. Suallarımızı hüquqşünas Əlövsət Allahverdiyevə ünvanladıq.

- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını necə dəyərləndirərdiniz?

- Vətəndaş cəmiyyəti qeyri-dövlət münasibətlərinin məcmusu olduğundan onun formalaşması prosesi bir qədər mürəkkəbdir. Odur ki, bu proses zamanla tənzimlənir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun başlama tarixi o qədər də böyük deyil. Bu səbəbdən ölkəmizdə vətəndaş cəmiyyətinin arzuedilən səviyyədə olması üçün məyyən zaman lazımdır. Vətəndaş cəmiyyəti nədir? Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosiasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır. Təbii ki, bu prosesi ilk növbədə dövlət qəbul etməli və şərait yaratmalıdır, ikinci növbədə vətəndaşlar bu prosesi düzgün dərk edib onu tətbiq etməlidirlər. Bu halda onun cəmiyyət üçün əhəmiyyəti olacaq. Ölkəmizdə də vətəndaş cəmiyyəti formalaşıb, sadəcə onu inkişaf etdirmək hər bir vətəndaşın məsuliyyəti və vəzifəsidir.

- Vətəndaş cəmiyyətinin inkişafında qanunvericiliyin hansı rolu var?

- Vətəndaş cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunur. Vətəndaş cəmiyyəti o insanların demokratik cəmiyyətidir ki, orada insanlar nəyəsə malik olsunlar. Vətəndaş cəmiyyətinin inkişaf etməsində təbii ki, qanunvericiliyin mühüm rolu var. Qanunvericilik nə qədər təkmil, ümumbəşəri dəyərlərə əsaslanarsa, ölkədə bir o qədər vətəndaş cəmiyyətinin inkişafı sürətlənər. Daha dəqiq desək, hər bir ölkədə qanunvericilik vətəndaş cəmiyyətinin formalaşmasını əngəlləməyə deyil, inkişafına şərait yaratmalıdır.

- Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün qanunvericiliyin kifayət qədər təkmil və müasir qəbul etmək olar?

- İstənilən bir ölkənin qanunvericiliyini tənqid edib orada çatışmayan cəhətləri göstərmək olar. Bununla belə, ölkəmizin qanunvericiliyini kifayət qədər təkmil və müasir sayıram. Azərbaycan qanunvericiliyi hazırlanan zaman milli adət-ənənələrlə yanaşı, beynəlxalq hüquq normaları gözlənilib və onun müddəaları əsas götürülüb.

- Qanunlarımız vətəndaşların bütün hüquqlarını təmin edə bilir?

- İnsan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasında əks olunub. Konstitusiyanın III fəsli bütövlüklə əsas insan hüquq və azadlıqlarına həsr edilib. Demək olar ki, İnsan Hüquqları haqda Bəyannamə və insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar bu Konstitusiyada təsbit olunub.

- Qanunlarımızda vaxtaşırı dəyişikliklər və əlavələr olur. Bunu necə dəyərləndirərdiniz?

- Qanunlarda dəyişikliklərin olması normal haldır. Bu qanunların təkmilləşməsi, qanunlarda olan boşluqların aradan qaldırılması məqsədilə aparılır.

- Qanunlarımızda parlament və referendum yolu ilə əlavə və dəyişikliklər edilir. Hansı hallarda qanun ümümxalq səsverməsi ilə dəyişdirilməlidir?

- Azərbaycan Respublikasında yalnız iki məsələ referendumla qəbul olunur. Birinci Konstitusiyanın qəbulu və ona dəyişikliklərin edilməsi, ikinci isə sərhədlərin dəyişdirilməsi. Bundan başqa, hər hansı bir məsələ referenduma çıxarılmır. Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunlar yalnız Milli Məclis tərəfindən qəbul olunur.

- Vətəndaş bütün qanunlardan xəbərdar olmalıdır?

- İlk növbədə vətəndaşlar öz hüquqlarını bilməlidir. Əgər sivil cəmiyyətdə yaşayırıqsa, o zaman hər kəs hüquqlarını bilməldir. Hüququnun pozulduğunu iddia edən vətəndaş, ilk növbədə, bu hüququn nədən ibarət olduğunu bilməlidir. Vətəndaşlar öz hüquqları bilməli, eyni zamanda onun həyata keçirilməsini qanun çərçivəsində tələb etməlidirlər. Bununla yanaşı, təbii ki, vətəndaşlar qanunları da bilsə yaxşıdır. Qanunları bilən vətəndaşlar süründürməçilik və problemlərlə üzləşmirlər, hətta belə bilgili insanlardan vəzifəli şəxslər də ehtiyat edir, onun hüquqlarını pozmaqğa cəhd etmir. Bir halda var ki, qanunu bilməmək insanı məsuliyyətdən azad etmir. Vətəndaş qanunu bilmədiyi halda onun qadağan etdiyi əməlləri çox sərbəst formada həyata keçirirlər ki, bu da cəmiyyəti müəyyən problemlərlə üzləşdirir.

- Məsələn, Mülki və ya Cinayət məcəllələri ilə tanış olmaq istəyən vətəndaş hara müraciət edə bilər?

- Bunun üçün harasa müraciət etməyə ehtiyac yoxdur. Hər iki məcəllə həm kitab şəklində satılır, həm də internetdə istifadə üçün yerləşdirilib. Məncə, bu iki vasitədən istifadə etməklə adıçəkilən məcəllələrlə tanış olmaq olar. Düşünürəm ki, bununla bağlı hər hansı bir problem olmamalıdır.

- Vətəndaş cəmiyyətinin inkişafında hüquq məsləhətxanalarının fəaliyyətini necə dəyərləndirərdiniz?

-İnsanların maariflənməsində, onların hüquqlarının qorunmasında hüquqşünasların üzərinə böyük iş düşür. Ölkəmizdə insanların hüquqlarını müdafiə etmək üçün kifayət qədər hüquqşünas var və bunların da bir çoxu hüquq məsləhətxanalarında fəaliyyət göstərir. Hüquq məsləhətxanaları da təbii ki, qanun çərçivəsində fəaliyyət göstərməlidir, eyni zamanda onların fəaliyyəti vətəndaşların maraq və mənafelərinə zidd olmamalıdır. Müasir dövrdə hüquq məsləhətxanalarının fəaliyyətini qənaətbəxş saymıram. Bizdə vəkillik institutunun formalaşması üçün müəyyən zaman lazımdır. Öncə hər kəs vəkil nədir və vəkillik fəaliyyəti nədən ibarət olmalıdır. Vəkillər də başa düşməlidir ki, hüquqi yardıma ehtiyacı olan insan taleyini, həyati məsələlərini ona etibar edir, ona inanır. Bu da çox ciddi və vicdanlılıq tələb edən məsələdir.

- Hüquq məsləhətxanalarında xidmət ödənişlidir?

- Mən onun üçün deyirəm ki, bizdə hələ vəkillik institutu formalaşmayıb. Bilirsiniz, müdafiəyə ehtiyacı olan şəxs hüquqi yardım göstərilməsi üçün hüquq məsləhətxanasına müraciət edir və müxtəlif qiymətlərlə üzləşirlər. Düşünürəm ki, burada bir qayda olmalıdır. Yəni vətəndaş vahid qayda üzrə ödəmələr etməlidir.

- Hüquq məsləhətxanalarına istənilən şəxs müraciət edə bilər?

- Əlbəttə ki, hər kəs hüquq məsləhətxanasına müraciət edə bilər. Burada hər hansı məhdudiyyət yoxdur.

- Nə üçün bəzən vətəndaşlar qanunlara etimad göstərmirlər?

- Bu çox ciddi məsələdir. Bunun bir səbəbi var. Vətəndaşlar qanunun tələblərindən daha çox asan yollara üz tutmağı üstün hesab edirlər. Məsələn, hər hansı bir proses qanunla bir aya həyata keçirilirsə, vətəndaş onu bir günə başqa yollarla həll etməyə çalışır. Təbii ki, bu doğru yol deyil. Hər kəs qanunun tələblərinə riayət etməli, ən əsası qanunlara hörmət etməlidir.

- Qanunvericiliyimizə yeni qanunlar qəbul edəndə, xüsusən də Avropa Birliyinin (AB) tələbidirsə, milli-mənəvi dəyərlərimiz nəzərə alınır?

- Yeni qanunlar qəbul edilən zaman bütün hallarda milli-mənəvi dəyərlər nəzərə alınmalıdır. İstər Avopa Birliyinin, istərsə də digər beynəlxalq qurumların tələbi olsun bu dəyərlər birmənalı olaraq gözlənilməlidir. Gördüyünüz kimi, bizim qanunlar da qəbul ediləndə bizə məxsus dəyərlər gözlənilib və beynəlxalq hüquq normaları ilə uyğunlaşan qanunlarımız qəbul olunub.

- Bir neçə dəfə cinsi azlıqların nikahı ilə bağlı da müzakirələr oldu. Necə hesab edirsiniz, belə bir hal Azərbaycanda nə vaxtsa qanun şəklinə salına bilərmi?

- Bu barədə nəsə demək tezdir. Bunu zaman göstərər. Hər şey mümkündür. Sadəcə bu barədə nəsə demək istəməzdim.

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2012.- 15 may.- S.10.