«Səhnə danışığı»

 

Sözün canını sərgiləyən əsər

 

Min illər boyunca insanın təbiətdə başqa canlılardan ayrılaraq şüurlu sosial varlığa çevrilmək yolunda gerçəkləşdirdiyi intellektual fəaliyyətinin ən böyük uğurlarından olan və insanın insan kimi yetişməsində müstəsna rol oynayan söz və onun fiziki gerçəkləşdirmə vasitəsi kimi meydana çıxan danışıq, insan nitqi bəşər tarixi boyu böyük şəxsiyyətləri, düşüncə sahiblərini heyrətləndirmiş, onun daşıdığı tükənməz enerji qarşısında az qala tanrı qarşısında olduğu kimi səcdə edilmişdir. Xüsusən canlı danışığın rəngarəng intonasiya imkanları, qarşı tərəfə təsirin məqsədindən asılı olaraq bu intonasiyalardan bir ling kimi istifadə edilməsi insanların hər gün müşahidə etdikləri ağlasığmaz möcüzə təsiri bağışlamışdır.

Şifahi sözün insanlara təsir mexanizmlərindən biri də bəşər ədəbi-mədəni hərəkatının yetirdiyi dahi sənətkarların yüksək humanist fikirlərinin istedadlı aktyorlar tərəfindən dinləyicilərə və tamaşaçılara çatdırılmasıdır ki, bunun da elmi əsasları və praktik fəndləri «Səhnə danışığı» fənninin araşdırma obyektini təşkil edir. Dosent Əzizağa Quliyevin yenicə işıq üzü görmüş «Səhnə danışığı» dərsliyi də (Bakı: «Ziya», 2011) məhz humanitar elmimizdə və təhsil prosesimizdə mövcud olan konkret boşluğun aradan qaldırılmasına yönəldilmiş uğurlu fundamental əsərlərdən biribu sahədə Azərbaycan dilində qələmə alınmış ilk dərslik kimi qiymətləndirilə bilər. Audio-vizual texnikanın görünməmiş dərəcədə inkişaf etdiyi hazırkı informasiyabilik əsrimizdə bəlkə də bəzilərinə səhnə danışığı texnikası probleminin araşdırılmasına bu qədər zəhmət sərf etmək müəyyən dərəcədə anaxronizm kimi görünə bilər. Axı indi mikroelektronikanın son uğurları əsasında ərsəyə gətirilmiş sintezatorlarda praktik olaraq istənilən səsi, istənilən aktyorun səs tembrini və diksiyasını rəqəmsal şəkildə əldə etmək və səsləndirmək mümkündür. Hətta nə qədər gülməli (bəlkə də kədərli) olsa da, bəzən yerli-dibli səsi olmayanlar bu texnikanın «köməyi»lə «ulduza» da çevrilə bilirlər. Ancaq təbii ki, heç bir səsgücləndirici və sintezedici texnika olmadan sənətçi ilə dinləyici və ya tamaşaçı arasında baş tutan canlı ünsiyyət insanlara daha çox təsir edir, onlarda yüksək insani ideya-estetik özəlliklərin formalaşmasında müstəsna rol oynayır. Bu baxımdan, əlbəttə ki, dünyada canlı insan qaldıqca aktyor-tamaşaçı canlı ünsiyyətinə də ehtiyac özünü göstərəcək və bu sahənin öyrənilməsi də aktual olaraq qalacaqdır.

Səhnə danışığı fənninin tədrisi sahəsində yarım əsrlik təcrübəyə malik olan dosent Əzizağa Quliyev uzun müddət ərzində əldə etdiyi nəzəri-təcrübi bilikləri və zəngin elmi-pedaqoji təcrübəsini sistemə salıb ümumiləşdirməklə çox lazımlı bir dərslik — «Səhnə danışığı»nı ərsəyə gətirməyə nail olmuşdur.

Müəllifin qarşıya qoyduğu əsas məqsəd — sözün, ifadənin, cümlənin, mətnin canını təşkil edən ünsürləri onların anatomiyası vasitəsilə ortaya qoymaqbu detallara yiyələnməyin mexanizmini tələbələr qarşısında açmaqdır ki, bu məqsədinə də dərslikdə kifayət dərəcədə nail olduğunu əlimizi ürəyimizin başına qoyaraq söyləyə bilərik.

Üç əsas hissədən ibarət olan dərsliyin qapıları üzümüzə «Ön söz» və «Giriş»lə açılır. Elə kitabın kandarındaca müəllifin belə bir maraqlı fikri ilə üz-üzə gəlirik ki: «…Aktyor ifasının ifadəliliyi rolun yalnız daxili məzmununa nüfuz etməyin dərinliyindən deyil, həm də bu məzmunu təcəssüm etdirmək üçün fiziki aparatının hazırlıq səviyyəsindən asılıdır». Doğrudan da, istedadla yazılmış sözün ürəklərə yol tapması üçün onun istedadla çatdırılmasının da böyük əhəmiyyətə malik olduğunu bir türlü danmaq çətindir.

Səhnə danışığı elmi üzrə özünəqədərki müəlliflərin əsərlərini yüksək qiymətləndirən Ə.Quliyev, eyni zamanda bu araşdırmalarda fənnin sistemli tədris məqsədinin qarşıya qoyulmadığını və «Səhnə danışığı» dərsliyinin də məhz bu cəhəti ilə seçildiyini vurğulayaraq, xüsusi halda qeyd edir ki, «…təlimin elmi əsaslar üzərində qurulmasına diqqətin daha da artırıldığı bir zamanda milli teatr mədəniyyətimizin sürətlə inkişaf etdirilməsi üçün professional aktyorrejissor kadrlarının yetişdirilməsi «Səhnə danışığı» dərsliyinin yazılmasını bir vəzifə kimi qarşıya qoydu».

Rza Təhmasib, Adil İskəndərov, Mehdi Məmmədov kimi «Aktyor sənəti» fənnini tədris etmiş klassiklərlə uzun müddət çiyin-çiyinə işləməsini böyük iftixar duyğusu ilə xatırlayan müəllifin əsərinin səviyyəsini təyin edən faktorlardan birini də məhz bu cür yüksək elmi-pedaqoji məktəb keçməsi faktı təşkil edir.

Məlumdur ki, bədii yaradıcılıq emalatxanasının başlıca «əmək alətlərindən» birini də sətiraltı, yaxud sözaltı məna, Ezop dili təşkil edir ki, əsərin ideyasının çatdırılmasında bu mənanın təlqininin böyük əhəmiyyəti danılmazdır. Məhz buna görədir ki, dərslikdə sözaltı mənanın səhnə danışığı vasitəsilə ifadə olunma istiqamətləri nəzərdən keçirilirkonkret vəzifələrin həlli üçün yollar göstərilir. Burada sözaltı məna hər bir aktyorun istedad və qabiliyyətindən, savadintellekt dərəcəsindən, həyat təcrübəsindən asılı olaraq sözaltı mənanın müxtəlif variantlarda qavranıla biləcəyi, yaradıclıq fərdiliyinin əsas şərtlərindən biri kimi qiymətləndirlilir. Yeri gəlmişkən, müəllif səhnə danışığı zamanı təqlid probleminə də toxunurbunun yolverilməzliyini bir daha vurğulayır.

Bir neçə kəlmə də dərslikdə səhnə danışığının inkişaf etdirilməsi üçün seçilən poetik material haqqında demək istərdim. Bu sahədə də müəllif öz bilik, bacarıq və erudisiyasını kifayət qədər yüksək səviyyədə göstərməyə nail olmuş, demək olar ki, Azərbaycan folkloru və ədəbiyyatının, eləcə də dünya klassikasının sayseçmə örnəklərinə müraciət edərək öz tələbələrində yüksək bədii zövq tərbiyə etməyin əsasını qoymuşdur.

Bütövlükdə dosent Əzizağa Quliyevin «Səhnə danışığı» kitabı bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik olmasına baxmayaraq, yüksək səviyyəsi ilə seçilən və müstəqil dövlətimizdə teatr mədəniyyətinin daha da inkişaf etdirilməsi üçün professional aktyor kadrlarının yetişdirilməsində böyük önəm daşıyan uğurlu bir əsər kimi qiymətləndirilə bilər.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 1 noyabr.- S.13.