Əliağa Vahidin «kaşanəsi»

 

O, 37-ci ildən təsadüf nəticəsində sağ çıxa bilib

 

XX yüzil Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyi olan Əliağa Vahidlə bağlı indiyə kimi az yazılmayıb. Yaradıcılığı haqqında müxtəlif qənaətlər var. Onun qəzəllərinə indi də xanəndələr daha çox müraciət edirlər. Səbəbi Vahidin qəzəllərinin dilinin aydın, yaddaqalan olmasıdır. Ancaq nədənsə Azərbaycan xanəndələri Həsimiyə elə də çox müraciət etmirlər. Hər xanəndə də Füzulidən oxumur. Bütün bunlarla yanaşı Azərbaycanda qədimdən gələn şeiriyyət ənənəsi varVahid ötən yüzildə bu ənənənin istedadlı davamçısı kimi özünü təsdiq edə bildi. Əliağa Vahidin hələ sağlığında insanların yaddaşında şair olaraq kök salmasının səbəbləri vardı: əvvəla, Əliağa Vahid az qala hamının qəzəldən, klassik Azərbaycan şeirinin o dövrədək populyar janrlarından əl çəkdiyi, xüsusən də qəzəlin sovet ideologiyasına demək olar, tamamilə tabe etdirildiyi bir vaxtda bu janrdan möhkəm yapışdı, onun qədim ənənələr əsasında yaşaması üçün əlindən gələni etdi. Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin halını özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir. Vahidi Füzuli ilə müqayisə edirlər. Bu, doğma istəklə bağlı olsa belə, Füzuli ilə müayisə məsələsi düzgün sayılmamalıdır. Mübaliğəsiz demək olar, Füzuli bəşər tarixində bənzərsiz eşq şairidir. İnsana sevginin Füzuliyanə ölçüsü varbu, danılmazdır. Füzulinin sevgisi heç bir dövran tanımır, mahiyyətcə dövrandan üstündür. Vahidin Füzulidən bəhrələnməsi, üstəlik də yuxarıda deyildiyi kimi, qəzəlin ideolojiləşdirildiyi, camaatın qulağının dövran havalarından yağır olduğu bir zamanda sadə dillə yazması, son dərəcə sadə həyat tərzi sürməsi, meyxanada orijinal dəst-xətti onu sevdirdi. Vahid əksər çağdaşları kimi dəbdəbə, tarixdə qalmaq həşirində deyildi. Çox zaman könlünün səsini eşidənlər, bunu vəsf edənlər sabahda yaşayırlar.

Vahidin meyxanaçılığından — hazırcavablığından da çox danışırlar. Ancaq meyxananın imkanlarından Sabir qədər ustalıqla istifadə edən olmayıb. Bu gün ümumən sənətin bu dərəcədə özündən ayrıldığı çağda sənətdən istənilən nə olmalıdır? İlk növbədə sənətin insaniliyə çatması gərəkdir. Sənət daim insanı ucalığa səsləməli, onun inam, idrak, mənəviyyat, iradə imkanının aşkarlanması sarıdan borcunu yerinə yetirməlidir. Yoxsa ki, «Sənət sənət üçündür» prinsipi sənətin insanilikdən ayrılmasına, insanın üzərində ağalığına yol açır. Təəssüf ki, acı gerçəklik qənaətimizi təsdiq edir. Sənət Həqiqət üçündür və insanı yalnız bu qənaət ucalda, insaniliyinə çatdıra bilər. Yoxsa ki, bər-bəzəkli, insana çatmayan, adamlıq səviyyəsini qoruyan zövqlər bundan sonra nəinki hər bir kəsin fərdi mənəvi yetkinliyini yaratmasını əngəlləyəcək, insanlığa, milliliyə ziyanlı amillərin qaynağı olacaq, habelə bütövlükdə inkişafı ləngidəcək. Bədahətənlik gözəl cəhətdir, ancaq görəsən, bu gün daha da dəbləşən meyxanalar niyə bu qədər adamları cəlb edir? Bu, ilk növbədə meyxananın mahiyyətindəki əyləncəvilik xarakteri ilə bağlıdır. Bir çox janrlardan bəhrələnən, sənət sahələri ilə bağlı olan meyxana sözün gerçək mənasında zamanı aşa bilmir, zaman əhvalını ifadə edir. Hər bir meyxana deyənin şairliyinin olması təbiidir. Şübhəsiz ki, meyxanaçıların halı ilə Füzuli, xüsusən də Xəyyam meyxanaçılığı, ilahi şairliyi arasında böyük birlik görə bilmirik. Onların meylə dostluğu əslində zamanı aşan həqiqətlə dostluqdur. Füzulinin, Xəyyamın meypərəstliyi mey sərməstliyi, meyxana əhvalı insanlığın həqiqət ünvanının bulunduğu müqəddəs məkan anlamındadır. Anadangəlmə şair olan Vahiddə isə gerçəkliyə uyğun məqamlar daha çoxdur.

Hər halda Vahidin çağındakından indi meyxana sahəsində daha ciddi problemlər gözə çarpmaqdadır. Bu gün meyin mənəvi, irfani xüsusiyyətindən daha çox maddi, nəşəsevərlik xüsusiyyətləri alışdırılır cəmiyyətdə. Meyxana bu gedişlə, bu əhvalla sönə bilər. İndi adamlar hadisənin məğzinə daha tez çatmaq istəyirlər. Bunun xeyirli və ziyanlı tərəfləri var. Meyxanaçılıq uzunçuluqdan, fikirsizlikdən, hədyanlardan, nümayişçilikdən, mənasız əhvallardan qurtulmalıdır. Meyxananın universallıq keyfiyyəti daha çox ciddilik üstə olarsa, o zaman onun sabahı var.

Asanlıqda mənəvi xilas yoxdur.

Danışırlar ki, Vahid bir gün Üzeyir Hacıbəylini özü demişkən, «kaşanəsinə» dəvət edir. Üzeyir bəy onun yarıqaranlıq bir otaqda yaşadığını görüncə burada necə yazıb-yaratdığına təəccüblənir. Əliağa Vahid ona deyir ki, doğrudan da bura mənim üçün kaşanədir. Bundan sonra Üzeyir bəyin və Məmməd Səid Ordubadinin səyilə Mircəfər Bağırov Vahidə iki otaqlı ev verir.

Vahidin həyatının idealizə edilməsi də düzgün deyil. Onun içkiyə aludəliyi barədə bu gün də danışılır. Hər halda bu, Vahidin dövrana etirazı kimi qələmə verilərsə belə, səmimi səslənməz. Onun faciəvi həyatı olub. Şəxsi həyatı ilə yaradıcılığının daim təzad təşkil etməsi, şəxsi ailə həyatındakı uğursuzluq həyatında faciəvi notlar yaradıb. Deyilənə görə, 37-ci ildən təsadüf nəticəsində sağ çıxa bilib. Onun talantının hüdudsuzluğu, fitri şairliyi, meyxana janrının qaydalarından məharətli baş çıxara bilməsi XX yüzilin əvvəllərindən başlayaraq onillər ərzində «Vahid» imzasının Azərbaycan ictimaiyyəti arasında daim yaşamasına səbəb olub. Xalq arasında şəxsiyyətiylə bağlı müxtəlif söhbətlər olsa da, populyarlığını saxlaya bildi. Əliağa Vahiddən bəhs edən «Qəzəlxan» filmində onun meyxanaçılığı xüsusi şəkildə qabardılır. Əslində Vahid meyxanaçı deyildi, daha çox qəzəl şairi idi.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 2 noyabr.- S.14.