Nakam istedad — Ərtoğrol
Cavid
O, zaman etibarilə çox
qısa, 24 illik bir ömür yaşayıb
Dahi şairimiz Hüseyn Cavidin oğlu, həyatdan vaxtsız getmiş Ərtoğrol Cavidin irsinin araşdırılması göstərir ki, onun özünəməxsus yaradıcılıq yönü olub. Ə.Cavidin xalq irsinin öyrənilməsilə bağlı toplama işlərini və yazılarını araşdıran professor Mahmud Allahmanlı bu qənaətə gəlir ki, xalqın zəngin milli-mənəvi mədəniyyətinin öyrənilməsində böyük işlər görmüş şəxslərdən biri Ərtoğrol Caviddir. Onun dastanlarımızın, aşıq yaradıcılığının toplanması və şərhi, məişətimizin, musiqimizin öyrənilməsilə bağlı gördüyü işlər heyrətamizdir: «O, zaman etibarilə çox qısa, 24 illik bir ömür yaşayıb. Bu yaşda böyük əksəriyyət hələ özünü, fəaliyyətini müəyyənləşdirə bilmir, tanıma mərhələsi keçirir. Ancaq Ərtoğrol Cavidin işləri ilə tanış olduqda bu böyük istedadın yaşasaydı, nə qədər töhfələr verəcəyi, nələr edəcəyi haqqında düşünməyə bilmirsən».
Ə.Cavidin əsərlərinin I cildinə M.Kərimov və G.Babaxanlının yazdığı «Ərtoğrol Cavidin folklorşünaslıq fəaliyyəti» adlı yazıda deyilir: «Azərbaycan mədəniyyəti tarixində bir ulduz kimi parlayıb tez də sönən Ərtoğrol Cavid çoxyönlü istedadı ilə diqqəti çəkməkdədir. O, həm atası dahi Hüseyn Cavid kimi şair, həm müəllimləri dahi Bülbül və Üzeyir bəy Hacıbəyli kimi istedadlı musiqişünas və bəstəkar, həm də öz dövrünün böyük ümidlər verən musiqi və folklor tədqiqatçısı olub. Etnoqrafiya sahəsində Ərtoğrolun xüsusi bilik və qabiliyyətinin olduğunu söyləmək üçün hazırda Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində saxlanan, həm özünün, həm də başqa yoldaşlarının topladığı çoxsaylı folklor materialları haqda tədqiqat işləri əsas verir».
M.Allahmanlı bildirir ki, mətbuat səhifələrində Ə.Cavid haqqında müəyyən yazıları oxumuş, onun musiqişünas, rəssam olması ilə bağlı bilgiləri vardı: «Ancaq etiraf edim ki, bütünlükdə bu qədər əhatəli fəaliyyətə malikliyi haqqında elə də təsəvvürlərim yox idi. Təəssüfləndim ki, bu qədər böyük zəka sahiblərimiz olub, ancaq onu lazımınca qiymətləndirə, xalqımıza çatdıra bilməmişik. Həm də təəssüflənirəm ki, nədənsə biz kiminsə haqqını verməkdə, qiymətləndirmədə gecikirik. Ərtoğrol Cavid də məhz bu sırada olanlarımızdandır. Ancaq ümidverici odur ki, gec-tez bu işləri edirik. Ərtoğrol Cavidin bu zəngin fəaliyyəti yadıma XIX əsrin sonu və XX yüzilliyin 40-cı illərinə qədər olan bir dövrü saldı. Bu dövr elmimizin, ədəbiyyatımızın, bütünlükdə mədəniyyətimizin inkişafında xüsusi bir mərhələdir. Sanki mühit qaynayırdı. Hər kəs bacarığı daxilində mühitə özünün töhfələrini verməyə köklənmişdi. Xalq yaradıcılığının toplanması, nəşri və tədqiqi sahəsində aparılan işlər bunun göstəricisidir. M.Mahmudbəyovun, T.Bayraməlibəyovun, E.Sultanovun, H.Zərdabinin, Y.V.Çəmənzəminlinin, A.Şaiqin, S.Mümtazın, V.Xuluflunun, B.Çobanzadənin, H.Əlizadənin və başqalarının fəaliyyəti bizim üçün örnəkdir. Eyni zamanda elə də uzaq tarix deyil. Bunlar folklorşünaslıq sahəsində olanlar idi. Ancaq etnoqrafiya və arxeologiya sahəsində də uğurlu işlər görülmədə idi. Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyətinin gördüyü işlər bunu aydınlıqla göstərir. Məsələn, M.Vəliyevin (Baharlının) «Azərbaycan. Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerklər» əsəri (1921), Q.Qaraqaşlının, Ə.Ələkbərovun, M.Quliyevanın, D.Şərifovun və başqalarının maddi, mənəvi mədəniyyətin müxtəlif problemləri ilə bağlı yazıları dərc olunmada idi. Bu işlər keçən əsrin 30-40-cı illərində də artan istiqamətdə gedirdi. «Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid» seriyasından 12 cildlik kitab buna nümunədir. Ə.Cavid 1939-1940-cı illərə aid olan bu toplama materiallarına özünün son dərəcədə dəqiqliklə nəzərə çarpan münasibətini bildirib yazılı rəyini verir. Bu rəylər onun ziyalı səviyyəsini, hansı istedada malikliyini, nə qədər gənc olmasına baxmayaraq böyük erudisiyasını ortaya qoyur. XIX əsr Azərbaycan folklorşünaslığında, etnoqrafiyasının öyrənilməsində mühüm mərhələdir. Etiraf edək ki, bu dövrdə rusdilli mətbuat Qafqazı, onun bir hissəsi olan Azərbaycanı öyrənmədə gərəkli işlər görmüşdü. Bu, bir istiqamətdə Qafqaz xalqlarının məişətinin, psixologiyasının, hansı xüsusiyyətlərlə səciyyələnməsinin müəyyənləşməsinə xidmət edirdi. Özlüyündə burada siyasi maraqlar vardı. Ancaq bütün maraqlara baxmayaraq, hansı məqsədi daşımasından asılı olmayaraq xalq yaradıcılığı nümunələrinin, etnoqrafik materialların öyrənilməsi və nəşri sahəsində dəyərli işlər görüblər. «Tiflisskie vedomosti», «Kavkaz», «Kavkazskiy vestnik», «Novoe obozrenie», SMOMPK və başqa qəzetlərdə, məcmuəldərdə gedən materiallar bu gün də özünün dəyərini saxlayır, bir mənbə kimi əhəmiyyət daşıyır. Bundan əvvəl isə Azərbaycan folklorunun ilk toplama nümunələri hesab etdiyimiz təbrizli tacirin və Əndəlib Qaracadağinin işləri vardı. Bütün bunlar ənənənin daşınışı, artan istiqamətdə gedişi idi. Ərtoğrol Cavidin gördüyü böyük işlər həmin ənənənin yaşanışı idi. Bir istiqamətdə S.Mümtazın, H.Zeynallının, A.Baqrinin, C.Əfəndizadənin, Ə.Abidin, F.Köçərlinin, Ə.Nazimin, H.Əlizadənin, V.Xuluflunun və başqalarının xalqın milli-mənəvi mədəniyyətinə verdikləri önəmdən irəli gəlirdi. Məlum represiya, keçən əsrin 37-ci ilinin siyasi represiyası bu nəslin üzərindən acı ruzigar kimi əsdi. Bütövlükdə mühitdə, ailələrdə bir ölüm kabusunun dolaşmasına rəvac verdi. Ərtoğrol Cavidin də ailəsi bu dəhşətləri yaşadı. Ancaq onlara qayıdış, gördüyü böyük işlərin qiymətləndirilməsi zamanı da vardı. Bu zaman bütün ağırlıqlara, dəhşətlərə baxmayaraq gəldi. Hər kəs özünün dəyərini aldı. Bu gün elmimiz bütün tərəfləri ilə həmin dövrün uğurları üzərində pərvəriş tapır. Onların yazdıqları, gördüyü müqəddəs və savab işlər araşdırılır, təhlil olunur, layiqli qiymətini alır. Həmin nəsil indi özünün ikinci, daha uzun, xalqın sevgisi ilə süslənmiş ömrünü yaşayır. «H.Cavidin 1956-cı ildə — ölümündən, daha doğrusu, şəhidliyindən 15 il keçərkən bəraət almasından sonra bütün Cavidlər də bəraət aldılar. Hüseyn Cavid haqqında qədirşünaslıq əsərləri meydana çıxdıqca onun istedadlı oğlu da bu qədirşünaslıq prosesindən kənarda qalmadı».
«Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid» adı ilə çıxan I cildə layihənin müəllifi və tərtibçi Gülbəniz Babaxanlı «Azərbaycan etnoqrafiyasının və musiqi folklorunun gözəl bilicisi» başlıqlı yazıda qeyd edir ki, Ərtoğrol Cavidin çoxyönlü istedadı Azərbaycan etnoqrafiyası və musiqi sənətini dərindən bilməsində, eləcə də onların estetik-tərbiyəvi dəyərlərinə tənqidi yanaşmaq bacarığında da özünü bariz şəkildə göstərir. Onun bu cilddəki toy və yas mərasimlərini əks etdərən etnoqrafik materiala, eləcə də musiqi folkloru örnəklərinə yazdığı rəylər bunun əyani sübutu kimi səslənməklə, bu istedadlı gəncin dərin erudisiyasından və incə zövqündən, eləcə də pedaqoji qabiliyyətindən xəbər verir. Belə ki, «Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid» seriyasının bu cildinə daxil olan Qarabağ, Quba, Gəncə, Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd bölgələrinin toy adətləri, Masallının isə həm toy, həm yas adətləri, eyni zamanda el mahnılarını içinə alan materialların əksəriyyəti Ə.Cavidin peşəkar mütəxəssis ekspertizasından keçmiş və həqiqi dəyərini, praktik tərbiyəvi əhəmiyyətinin elmi qiymətini alıb».
M.Allahmanlı Ə.Cavidin hər bir toplama materialına verilən rəydə nə
qədər diqqətli, dəqiqliklə nümunələri
izləməsini, işinə həddindən çox
tələbkarlığını, xalqımızın
etnoqrafiyasına, məişətinə bələdliyinin, musiqi istedadının aydınlıqla göründüyünü
bildirir: «Bu qiymətləndirmə
bizə mühitin zənginliyini, o dövrdə xalq
yaradıcılığına olan
qayğının aparıcı xətdə
dayandığını, olduqca ləyaqətli
işlər görüldüyünü
deməyə əsas verir. Ə.Cavidin dedikləri, mülahizələri bir istiqamətdə sözün
həqiqi mənasında xalqın zəngin mədəniyyətinə
sonsuz sevginin ifadəsidir.
Məlum olur ki, Ə.Cavid bu materialları 1940-cı
ildə oxuyub fikrini bildirib. Həmin vaxt
isə Ə.Cavidin 21 yaşı olub. 21 yaşda isə bu qədər materialı izləyib ona belə dəqiqliklə
söz yazmaq özü böyük iş idi, həm
də xüsusi istedad tələb edirdi. Bu, eyni
zamanda onu da bildirirdi ki,
Ə.Cavid həmin vaxtlar öz zəkası, istedadı ilə mühitdə kifayət qədər söz sahibi idi. «XIX əsrin sonu Dərbənd şəhərinin toy adətləri
haqda» yazıda deyilir: «Tavat Abbas Mirzə qızının sözlərindən
yazılmış bir
material öz sistemliyi
və müfəssəlliyi
ilə çox yaxşıdır. Materialın
hissələrlə verilməsi
daha yaxşıdır:
Nişan, Başlıq,
Yengələr çıxan,
Məsləhət, Şilə
plov». Materialın şərhi və
təhlili, müfəssəllik
dərəcəsi çox
dəqiqliklə verilir.
Burada müəllifin təklifləri
də maraqlıdır.
Və yaxud da Əlisahib Hüseynovun toplayıb yazıya aldığı
«Bakı toy adətləri
və muğamat, təsniflər» adlı materiala Ə.Cavid «Bakı toy adətləri və muğamat, təsniflər haqqında
məlumat» başlıqlı
yazı yazıb. Burada şəhər və kənd toylarının spesifikası, oxşar və fərqlilikləri, eyni zamanda topludakı
materialların çatışmazlıqları
qeyd edilir. Sonra digər maraqlı bir məqam oxuyan və çalanlarla bağlıdır.
Burada digər bir maraqlı, həm də Ə.Cavidin istedadını göstərən
musiqi ilə bağlı cəhətlərin
yazıya alınmasında
göstərilən qeydlərdir.
Bu, müəllifin zənginliyinin, istedadının
digər tərəfini,
musiqi sənətinə
bələdliyini də
aydınlıqla göstərir.
Ərtoğrulun qeydi:
«Yenə oxuyanlardan bəhs olunan hissədə muğamatın
strukturası, sxeması
verilir. Bu hissədə
də başlıca bir kəsir vardır. Məsəsələn, göstərilir ki, «Nəvahı», «Nişaburi» və «Şüştər» dəsgah
deyiəldir, çünki
sonradan yaranmışdır.
Yuxarıda sayılan muğamlar
(avtorun saydığı)
hamısı bir vaxtdamı yaranmış?
Bu, mümkün deyil. Şübhəsiz, hərəsi bir
vaxtda, biri digərindən sonra yaranmış. Bu halda «Nəvahi»nin, «Nişaburi»nin və «Şüştər»in də
dəsgah olmaması səbəbini sonra yaranmalarında görmək
olmaz. Bu maraqlı məsələni
doğru həll etmək olmur (nə üçün onlar dəsgah sayılmır). Burada mütləq
avtorun geniş kommentarisi lazımdı.
Başqa
yerdə söylənir
ki, sazəndə toya gedəndə əvvəl Ərak — pəncah çalardı.
Nə üçün? Bəlkə bunun
metodik, texniki əhəmiyyəti var. Bu kimi
momentlərə mütləq
kommentari verilməlidir».
Eləcə də Masallıdakı
toy adətləri olan
hissə həm toplama materiallarının
zənginlik və rəngarəngliyi, həm
də Ə.Cavidin ona verdiyi qiymətləndirmə
mühitin qaynarlığından
xəbər verir.
XIX yüzilliyin sonlarından başlayan bu yol göründüyü
kimi keçən əsrin 40-cı illərində
də eyni ruhun aparıcılığı
ilə müşahidə
olunur. Burada rayonlarımızın məişəti,
mərasimləri, mahnıları
və s. haqqında dolğun məlumat verilir».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 6 noyabr.- S.14.