Bütöv Azərbaycan eşqiylə yaşayan Baba Əhmədli

 

Azərbaycanı istəyən hər kəs hər gün ana dilində qəzet, jurnal və ya kitab oxumalıdır»

 

Onun 84 yaşı var. Gerçəkdən Bütöv Azərbaycan eşqiylə yaşayır. İllərdir ki, publisistika ilə məşğuldur. Yaşının bu vaxtında indi böyük bir həyat eşqiylə yazır-yaradır.

Baba Əhmədli 1929-cu ildə Ordubad rayonunun Əylis kəndində anadan olub. İndiki Azərbaycan Dövlət Neft Akademiyasının neft-mexanika fakültəsini bitirib. 1962-ci ildə neft-qaz mədən avadanlığı üzrə namizədlik dissertasiyası müdafiə edib. «Azərizm haqqında düşüncələrim», «Azərizmin əsasları», «Millətim, Azəristim», «Azərizmə doğru», «Azərizm yolundaTürkizmə doğru» kitabları nəşr olunub. 180-dən artıq elmi məqalənin, 10-dan artıq kitab kitabçanın, 4 patentin, 120-dən artıq publisistik məqalənin müəllifidir.

Bu il işıq üzü görmüş «Azərizm yolunda-Türkizmə doğru» kitabının annostasiyasında vurğulanır: «Dünyada qədər məfkurə varsa, o qədər cəmiyyət var. Azərizm cəmiyyəti Azərbaycanı istəyənlərinazərist məfkurəsi daşıyanların cəmiyyətidir. Bundan əvvəlki kitablarda olduğu kimi, burada da Bütöv Azərbaycan məkanında ictimai-siyasi, hüquqi durumun mənəvi dəyərlərin bir sıra cəhətləri işıqlandırılır. Ayrı-ayrı məqalələrdən ibarət olan bu kitab bütövlükdə azərizm cəmiyyətinin saflığı, rifahı, əxlaqi, mənsubi, eləcə fəlsəfi durumu haqqında obyektiv informasiya verir. Kitab elmi-kütləvi xarakter daşıyır».

Kitabda müəllif gərəkli qənaətlərə gəlir. Qeyd edək ki, Baba Əhmədlinin həyatı başdan-başa yaradıcılığa həsr olunub. Öz ölçüsündə, düşüncəsində həmişə israrlıdır. İnsan harayı çəkib. Baba Əhmədli sözün gerçək mənasında insançıdır, insan aşiqidir. Azərbaycanı müqəddəs yurd səviyyəsində sevir, onunla nəfəs alır. Yurda sevgisində israrlıdır, inadlıdır. Onillərdir ki, Azərbaycana sevgi üstə yazılar yazır. Azərist düşüncə ilə yaşayır. Baba Əhmədlinin sözüylə desək, azərist- «Azərbaycanı istəyənlər» deməkdir. O, bu gözəl düşüncəsinin gerçəkləşməsi yolunda addım-addım yol gəlib. Görünən odur ki, bir an da təntiməyib, ruhdan düşməyib.

Texnika elmləri namizədi olan Baba Əhmədli texnikanın etibarlığında da insan amilinin rolunu görür, insanın məsuliyyətini qaçılmaz sayır. Sağlamlıq haqqında danışarkən mənəvi sağlamlığı nəticə olaraq görür. Yalnız bədən üçün yaşayan, Vətən, insan, bəşəriyyətin faciəvi durumu haqqında düşünməyənləri sadəcə, bioloji varlıq sayır: «Öz təmizkarlığından səliqəsindən ləzzət alan süpürgəçi tənbəl rüşvətxor məmura nisbətən daha sağlamdır». Aşağıdakı məqam ilk baxışda oxucuya adi gələ bilər, ancaq dərinə varanda Baba Əhmədlinin yurddaş qayğısı doğma, yanğılı təəssübkeşdir: «Xüsusilə Azərbaycanı istəyən, azərist olan adam gündə heç olmasa, 2 saat doğma Azərbaycan (Türk) dilində qəzet, jurnal ya kitab oxumalıdır». «Biz Azərbaycanı istəməliyik ki, Azərbaycan da bizi istəsin yaşatsın».

«Milli söz öz-özünə yaranmır. Onu həmişə yaradanlar olur».

Baba Əhmədli gurultulu sözləri sevmir. O, Azərbaycanı sevməyi sadə görünən işlərdən başlamağı gərəkli sayır: ağac əkməkdən, ev tikməkdən, övlad tərbiyə etməkdən

Baba Əhmədli üçün «doğma millət» anlayışı var: millətsiz bəşəriyyətin sabahını görmür, belə bir sabaha inanmır. Ona görə Azərbaycanı istəmək, azərist olmaqelə bəşəri olmaqdır.

Onun nikbinliyi xalq adlı özüldən gəlir: «Soy-köküm sonsuzdur, əbədidir». Demək olar, hər yazısının sonunda ayrıca diqqət çəkən nəticəyə gəlir: Məsələn, «İnsanları dünyanı bilik xilas edəcək»; «Ədalətlik insanları dünyanı xilas edəcək, «Dəqiqliik insanları dünyanı xilas edəcək» s.

Baba Əhmədli fitrətən insanı dərindən tanıyır, onun bioloji-mənəvi tələbatına bələdliyi yazılarından aydınca görünür. Onu hər şey düşündürür: müxtəlif peşələrdə çalışanların qayğılarını insanilik ölçüsündə çözməyə çalışır. Hansı peşə daşıyıcısından danışırsa-danışsın, hamısında ilk növbədə insan görür. O, insanın, insaniliyin vurğunudur. Baba Əhmədli dünyagörmüş aydındır. Sonuncu kitabında «Millətimizin polislər zümrəsi» adlı yazısında yazır: «Şübhə yoxdur ki, insanlaşmış, yəni yüksək mənəviyyata sahib olmuş şəxslərin sayı artarsa, o, ətrafındakıları da asanlıqla insanlaşdıra bilər». Ancaq buradaca qeyd edək ki, bütün zamanlarda insanlaşmaq, insanlaşdırmaq çətin olacaq.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 15 noyabr.- S.14.