Rəqs dünyası

 

Rəqsin insan toplumunda meydana gəlməsi, onun hər bir fərdin ictimai və şəxsi həyatında rolu ilə bağlı müxtəlif elmi-nəzəri və tarixi versiyalar mövcuddur. Lakin bu günə kimi heç bir mütəxəssis rəqsin nə zaman, hansı dövrdə, haradakim tərəfindən yaradıldığını dəqiq söyləyə bilməyib, bilməyəcək də. Hətta buna cəhd etməyin özü belə mənasız və cəfəng bir işdir.

Belə ki, rəqs dünyanın və insanın yaranışı ilə əlaqədar bir təzahürdür. Gəlin unutmayaq ki, dünya, daha doğrusu, yer kürəsi öz oxu ətrafında əbədi rəqs edir. Yer kürəsi əbədi «rəqs edə-edə» varlığın, həyatın ritmini müəyyənləşdirir. Hər şey həyatda bu ritmdən asılıdır. Nədən ki, bu rəqsin sonu bəşər sivilizasiyasının sonu demək olacaq. Ritm dayandımı, rəqs də dayanacaqyer üzündəki məxluqların həyat tarixinə bir nöqtə qoyulacaq. Deməli, faktiki surətdə bütün bəşər mədəniyyətinin əsas elementi məhz bu rəqsdir. Müxtəlif qədim xalqların mifologiyasını araşdırarkən belə bir qənaətə gəlirsən ki, əski insan toplumlarının bu «rəqs»dən ya xəbəri olub, ya da onlar bunu mistik bir şəkildə duyublar. Qədim insan dünyanın belə rəqsanəliyini haradanya nədən bilə bilərdi?

Məsələnin çox sadə və anlaşıqlı bir izahı mövcuddur. Uşaq ana bətninə düşdüyü gündən bir ritm və rəqs dünyasına düşür. Ürək ritmik şəkildə döyünür: uşaq da ananın bu ürək ritmini duyuronunla yaşayır. Bizim qan dövranımız isə iradəmizdən asılı olmayaraq içimizə hakim bir rəqsi xatırladır. Qanımız dünyamızda rəqsanədir. Ritmlə rəqsin münasibəti səslə sözün münasibəti kimidir. Səslərdən söz yarandığı kimi ritmlərdən də rəqs yaranır. Yer kürəsinin Günəş və öz oxu ətrafında rəqsanə hərəkəti ritmikdir. Beləliklə, insan dünya ilə daimi ritmik əlaqədədir. Fəsillərin bir-birini əvəzləməsində bir ritm var. Deməli, fəsillər rəqsanədir. Bizim içimizdə və çölümüzdə nə varsa, hamısı sonsuz bir rəqsdədir. Bu rəqs qurtardığı zaman, varlıq qaranlığa gömüləcək. Onda belə çıxır ki, rəqsin konkret heç bir yaranma tarixi ola bilməz. Rəqs varlıq içrə planlaşdırılmış olaydır. Yəni uşaq ritm duyğusunu ana bətnindən gətirir və bütün ömrü boyu bu ritmlə harmoniyada yaşamağa can atır. Rəqs elə həmin bu ritmin dışarı dünyaya rəqs formasında proyeksiyasıdır. Ritmi eşitdirəcək, səsləndirəcək vasitə musiqidir, ritmi görükdürən, onu vizuallaşdıran amil isə rəqsdir. Rəqs, rəqs etmək bacarığı insana təbiətən verilmiş bir xassə, bir bacarıqdır. Sivilizasiyalar, ictimai-siyasi quruluşlar, mədəniyyətlər dəyişdikcə, bir-birini əvəz etdikcə rəqslərin forması da, mənası da, daşıdığı funksiya da dəyişib. Lakin bir həqiqət mütləqdir ki, insan məişətində rəqs həmişə müşayiətçi element olub. Rəqs təkcə insanın ritm duyğusu ilə yox, eyni zamanda onun məişətilə sıx əlaqədə olub.

Hələ qədim yunanlar miladdan öncə elə hesab edirdilər ki, insanın mənəvi və fiziki tərbiyəsindən ötrü ən gözəl təlimlərdən biri rəqsdir. Onların fikrincə, rəqs insan bədənini, atlet bədənini düzgünproporsional inkişaf etdirən vasitədir. Odur ki, yeniyetmələrin tərbiyəsində onun tədrisinə əməllicə yer ayrılmışdı. Hətta qədim yunanlar mərtəbəsini son dərəcə uca bildikləri Olimpiya oyunlarından da rəqsi yüksəkdə tuturdular. Deməli, antik cəmiyyət rəqsi toplumun həyatının mühüm əlaməti sanırdı, onu insanın mənəvi və fiziki sağlamlığının rəhni bilirdi. Ancaq bununla birlikdə rəqs həm də yunanların mifologiyası, dini və mistikası da rəqs ilə sıx surətdə ilişikli idi. Bəşər tarixində ən çox sevilən yunan filosoflarından biri Platona görə Misirdəki kimi hər bir rəqs dini olmalıdır və dinə müqəddəs amal daşımalıdır. Bizim kifayət qədər məlumatımız var ki, qədim Misirdə kahinlərin ibadətinin bir hissəsi olan rəqslər həmişə mistik xislətli olub. Onlar öz məbədlərində minbər tipli tikilinin ətrafına fırlanıb kosmik mənası olan rəqslər göstərirdilər. Qədim yunanlar üçün də rəqslər həmişə mistik xislətli olub. Qədim yunanların məişət rəqsləri, heç şübhəsiz ki, tanrı Dionisin şərəfinə keçirilən şənliklərin mərasim rəqslərindən törəmişdi. Bu rəqslər özündə bir tərəfdən dini, digər tərəfdən isə erotik xarakter daşıyırdı. Dionis, panlar, silenlər və satirlər qədim yunan mifologiyasının əhvalatlarına görə müxtəiif siqlətli rəqslərlə dolu orgiyaların təşkilatçıları idilər. Məhz bu orgiyaçılığın pis bir nümunə kimi cəmiyyətdə yayılmasının qarşısını almaq məqsədilə Platon hər bir rəqsin dinə müəyyən bir amal daşımalı olduğunu bir ideya kimi ortalığa atırdı və sanki rəqsi axtalamağa çalışıb onu yalnız bir mənanın ifadəçisi kimi görmək istəyirdi. Əski Elladada vətəndaşları rəqsə həm əyləncə kimi baxırdılar, onu həm öz inanclarının mühüm ifadə vasitəsi bilirdilər, həm də erotika dünyasının açarı sanırdılar. Rəqsə qarşı bu münasibəti qədim ellinlərdə, əlbəttə ki, yunan mifologiyası, yunanların tanrılar panteonu və onların məişətinin xarakteri formalaşdırmışdı. Arxeoloji qazıntılar zamanı qədim Yunanıstanın ərazisindən tapılmış saxsı və gil qablar, heykəllər sübut edir ki, rəqs Ellada övladlarının sənət əsərləri üçünmühüm bir mövzu olmuşdur. Biz bir çox qabların üzərində insanları rəqqas pozalarında görürük. Menadalar, yəni məbədlərdə tanrı üçün rəqs edən qadınlar qədim yunan heykəltəraşlığının populyar mövzularından biri idi. Bu isə rəqsin yunan cəmiyyəti tərəfindən dəstəkləndiyinə bir işarədir. Əgər belə olmasaydı, yəqin ki, rəqs yunanların məbədgah və teatrına yol tapa bilməzdi. Rəqs qədim yunan teatrının kontekstinə, ilk növbədə, xorun rəqsi kimi daxil olur. Xor stasimlər zamanı strofa və antistrofanı ifa edərkən səhnədə iki yerə bölünürdü: onlardan biri sağa doğru, digərisə sola doğru hərəkət edirdi. Görünür ki, bu əksistiqamətli hərəkət məqamında onlar müəyyən rəqs elementlərindən də istifadə edirlərmiş. Yunanların məbədgahında onların teatrına nisbətən rəqsin payı daha artıqdır. Biz bu suala birbaşayüzfaizli cavab tapa bilməsək də, dolayısı yolla onu izah etməyə çalışdıq. Şübhəsiz ki, belə hal bir daha ondan xəbər verir ki, rəqs öz təbiətinə görə ritual, mərasim başlanğıclıdır.

Ancaq bizim bütün bu dediklərimiz bir tək qədim yunan mədəniyyəti üçün xarakterik hal deyil. Romalılar da bu məsələdə qədim Elladanın övladlarından geri qalmırdılar. Antik mədəniyyətlərinin xarabalıqları üzərində Avropa mədəniyyətinin təməlini qoymuş barbar tayfalar üçün də rəqs önəmli faktorlardan biri idi. Orta çağlar Avropasında geniş yayılmış karnaval haradasa yunan orgiyaçılığının yenibaşqa formada təzahürü kimi qəbul edilə bilər. Avropa mədəniyyəti qədim yunan rəqslərinin məişət, onların orgiyaçı xislətini götürüb özündə yaşatdı. Amma xristianlıq məbəd rəqslərini qəbul etmədi, bunu küfr saydı, onların ovqatını İsa Məsihin çəkdiyi iztirablarla bir araya sığışdıra bilmədi. Odur ki, xristianlıq rəqsi yasaqladı, onu şeytan əməli kimi öz dəyərlər sistemindən uzaqlaşdırdı. Bənzər mənzərəni biz islamda da görə bilərik. Rəqs islam dininin də dəstəklədiyi bir nəsnə deyil. Çünki müsəlman mədəniyyəti bunu bütpərəstliklə bağlayırdı və bilirdi ki, rəqs oyunların təzahürüdür. Ancaq məlum bir faktdır ki, islama qədərki dünyada, xüsusilə də ərəb ölkələrində rəqs geniş yayılmışdı. Bu fikri islamı qəbul eləmiş digər Şərq məmləkətlərinə də şamil etmək mümkündür.

 

 

 Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 21 noyabr.- S.13.