«Qələmin yaşı olmur»

 

Fərqanə Mehdiyeva: «İstedadlılar sakitcə yazılarını qoyub gedirlər, zəif yazarlar isə iddia edirlər ki, şeirləri tez çap olunsun»

 

Şairə Fərqanə Mehdiyeva Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Pedaqoji İnstitutun (indiki ADPU-nun) filologiya fakültəsini bitirib. 4 kitab müəllifidir. Hazırda «Ulduz» jurnalında poeziya şöbəsinin redaktorudur.

- İctimai-bədii mühitdə onillərdir tanınan «Ulduz» jurnalında çalışmaq şübhəsiz, yaradıcı mühiti dərindən tanımağınıza kömək edir. Maraqlıdır, çağdaş Azərbaycan ədəbiyyatının durumu sizdə hansı qənaətlər yaradır?

- Konkret fikrim odur ki yaxşı, oxucunu titrədən şeir janrından asılı olmayaraq həmişə oxucular tərəfindən maraqla qarşılanır. Düzdür, indi modern şeirlər daha çox dəbdədir, ancaq şeirin dəbi olmur. Əsas odur ki, şeir ürəklə yazılsın.

Şeirin konkretliyi müəllifin onu istedadıyla, ürəyilə yaratmasındadır. Əslində şeir konkret olaraq istedadla ürəyin məhsuludur.

«Ulduz» jurnalının redaksiyasına yaşından asılı olmayaraq müəlliflər müraciət edir. İstedadlılar sakitcə yazılarını qoyub gedirlər, zəif yazarlar isə iddia edirlər ki, şeirləri tez çap olunsun. Hətta 30-40 şeirinin birdəfəyə çap olunmasını arzu edənlər də olur. Biz çalışırıq ki, müəlliflər narazı getməsin. Bilirsiniz, hər kəsin bir taleyi var. Birinin pulu, var-dövləti başından aşır, elələri də var ki, sadəcə, yazdıqları şeirlə nəfəs alırlar. Onsuz da onlardan nə qədər yaxşı şeir tələb etsən də, ondan yaxşısını yazmayacaqlar. Ancaq yaxşı şeir həmişə oxucular tərəfindən sevilib, seviləcək də.

- Azərbaycan poeziyasında heca və əruz janrının hər birinin özünəməxsusluğu ortadadır: hecada daha çox zəriflik, əruzda isə daha çox sanbal, əzəmət var. Gələcəkdə bu birlikdə yeni şeirlərin yaranmasına ciddi gərək var.

- Şəxsən mənim üçün bu janrların fərqi yoxdur. Hansı janr olur-olsun, şeir gözəl yaransın, hamısı aktualdır. Onu da deyim ki, indi gənclər sərbəst vəznə daha çox üstünlük verirlər.

- Son zamanlar «Ulduz» jurnalının sayları gənclərə etibar edilir. Bu eksperiment nə dərəcədə özünü doğruldur?

- Bu, AYB rəhbərliyinin, həm də «Ulduz»un baş redaktoru Elçin Hüseynbəlinin ürəyinin cavabıdır. Gənclər orada necə deyərlər, «öz məharətlərini» göstərirlər.

Adətim üzrə şeir yazıram, mütaliə edirəm. Son zamanlar nəsr əsərləri oxumağa daha çox üstünlük verirəm. Elçin Huseynbəylinin, Meyxoş Abdullahın, Mahirə Abdullanın, Aqil Abbasın kitablarını oxumuşam. Düşüncələrim çalxananda Kürün sahilində keçən uşaqlıq illərimi xatırlayıram…

Bir mahnıdan bir beyt yadıma düşdü: «Kür hər an xəyaldadır ilin yaz-yay ayında». Düşünürəm ki, onda uşaq idim, atalı- analı idim, torpaqlarımız bütöv idi, ürəyimiz bu qədər parçalanmamışdı.

 

Gündəlik qayğılarımla, zamanla çarpışıram:

Nə oyanlıq ollam, nə də bu yanlıq,

Nəyə yarayaram bu təbim ilə?

Zəmanə havamı elə çaldırır,

Qalxıb oynayıram əsəbim ilə.

Misra göyərdirəm ətim-qanımla

Payız buludu tək boşallam-dollam.

Şeirin ucbatından ölən canımla

Özüm öz evimdə kirayə qallam.

 

- Ədəbiyyatda orta nəslin nümayəndəsi sayılırsınız. «Aralıqda qalmaq» sizi narahat etmir ki?

- Düşününürəm ki, hər dövrün öz gözəlliyi var. Ümumiyyətlə, qələm adamları həmişə çırpına-çırpına yaşayırlar. İstedadlı gənclərimiz çoxdur. Ancaq gərək gənclər böyüklərə hörmətlə yanaşsınlar. İstər bizim nəsil, istərsə bizdən əvvəlki nəsil həmişə çalışmışıq ki, böyüklərdən isə öyrənək. Ümumiyyətlə, insan həmişə öyrənməyə can atmalıdır. Hətta yeri gəlsə, özündən kiçiklərdən . Mənə elə gəlir ki, qələmin yaşı olmur.

- Ailə yaradıcılıq: şübhəsiz, qadın üçün yaradıcılıqla məşğul olmaq daha çətindir.

- Elədir, çox çətindir qadın üçün. Kişi yazar hardasa sərbəstdir. Gərək ailəni , sənəti elə saxlayasan ki, tərəzinin gözü əyilməyə. Bunun üçün ömrünü sənətinə qurban verməlisən: yemək yana bilər, paltar ütüsüz qala bilər s. Şükür, mən çox danlanmıram. Ailə qayğısını da şeir kimi çəkirəm.

- Üzü qışa gedirik. Yaradıcı üçün hesab edirəm, bütün fəsillər ilahi təb yaratmağa qadirdir. Təbin qaynağı isə insanın özüdür

- Əslində mən payızı çox sevirəm. Payız düşüncələrimin, duyğularımın, baxışlarımın fəslidir. Qışın soyuğundan çox adamların soyuq baxışlarından qorxuram. Bir şeirim var:

 

Bir az yağış, bir az qaram,

Əriyirəm qram-qram.

Soyuqdan elə qorxmuram,

Adam adamı üşüdür.

 

- Mən inanıram ki, insan imkan etibarilə zamandan üstündür. Yaradıcı insanlarda bu imkan daha geniş olur.

- Şairlər heç vaxt zamana sığışmayıblar:

 

Yesin ürəyini, ölsün acından,

Tək sözə söykənsin ehtiyacından.

Edam kötüyündən, dar ağacından,

Gərək ayrılmasın şairin başı

 

Yazlıq ruhu şairlik deyil. Şair yaza vurğun ola bilər, ancaq yaz ruhunda ola bilməz.

 

Bahara gendən baxır,

Payızı, qışı olur.

Dünyada şirin var,

Dadmağa naşı olur,

Şairin yaşı olmur.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 29 noyabr.- S.14.