Şəki evləri
Şəkidə memarlıq tarixi baxımından aparılmış araşdırmalar göstərir ki, şəhərdə gedən yeni quruculuq işləri ilə bağlı, qədim memarlıq ənənələrini özündə yaşadan binaların sayı get-gedə azalmaqdadır. Hətta onların bəziləri tamamilə dağılıb, bəziləri isə sıradan çıxmaq üzrədir. Bu da, söz yox ki, nəticədə müasir gəncliyin keçmiş mədəni ənənələrimizi öyrənmək imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Məhz, buna görə də Şəkidəki qədim binaların memarlıq üslubunu öyrənmək məsələsi vacib araşdırma obyekti kimi gündəmə çıxarılmışdır.
Azərbaycan şəhərləri arasında elələri vardır ki, onların memarlığı özünəməxsus cəhətlərilə başqalarından xeyli fərqlənir. Şəki belə şəhərlərdən biridir. Onun memarlığının müxtəlif məsələlərinə həsr edilmiş araşdırmalardan bəllidir ki, bu şəhərin xüsusi memarlıq görkəmi qazanmasında onun inşaat materialları başlıca rol oynamışdır. Həmin materiallar içərisində qırmızı kərpiclə yanaşı, boz çaylaq daşı xüsusi yer tutur. Çaylaq daşları ilə kərpic bir-birinə ən müxtəlif variantlarda birləşir.
Şəkinin 1920-ci illərə qədərki tikintilərində ağ əhəng daşı qətiyyən tətbiq olunmamışdır. XVIII əsrin axırlarından başlamış XX əsrin əvvələrinə qədərki ağ daşdan hazırlanan qəbirüstü abidələrin materialı başqa yerlərdən gətirilib və sonra naxışlanıb, yazı ilə örtülüb. Onu da qeyd etmək yerinə düşər ki, yeni fərdi yaşayış binalarında ağ daşdan qapı və ya darvazayanı səthlərdə daha çox istifadə olunub. Bu halda ağ daş batıq, çaylaq daşı və kərpic nisbətən qabarıq qoyulub. Özü də axırıncılar elə düzülüb ki, onların daxili xətti müəyyən naxış əmələ gətirir və həmin naxışın bədii təsir qüvvəsi də burada yaranan işıq-kölgə effekti hesabına daha da qüvvətlənir. Ümumiyyətlə, kərpic təkcə qarı tağları və yanlarında deyil, binaların xüsusi tərtibat vasitəsilə bəzədilmiş hissələrinin əksəriyyətində, demək olar, qabarıq nəzərə çatdırılıb. Bunda da məqsəd yenə də kölgə-işıq effekti yaratmaq və kərpic vasitəsilə düzələn bəzək ünsürlərini daha baxımlı etməkdir. Müstəsnalığı o kərpic naxışları təşkil edir ki, onlar kərpicin növbə ilə gah üfüqi, gah da şaquli vəziyyətdə qoyuluşu nəticəsində alınır.
Ağ silikat kərpic də Şəki tikintilərində yaxın vaxtlarda işlədilən materiallardan biridir. Ondan ağ daş kimi əksəriyyətlə bəzəkli hissələrdə və əsasən dişli haşiyə əmələ gətirən yerlərdə istifadə edilmişdir. Bunun üçün silikat kərpic yonulur və üçbucaqlı şəklində divara hörülür.
İnsanlar həmişə yaxında olan və ucuz başa gələn tikinti materiallarından istifadə etməyə meyllidir. Dağlıq yerdə və çay kənarında yaşayan əhali öz tikililərində çay-qaya daşlarından, saf torpaqlı yerlərdə palçıqdan, çiy və bişmiş kərpicdən, meşə materialları, qarğı-qamış bol olan yerlərdə isə ağac və qarğı-qamışdan istifadə edib. Yuxarıda qeyd olunan bütün tikinti üslubları təbii ki, Şəkinin kəndlərində tikilən evlərə aiddir.
Bu yazıda biz Şəkinin şimal-qərb dağlıq ərazisində yerləşən Aşağı Şabalıd kəndində rast gəldiyimiz bir ev haqqında söhbət açmaq istəyirik. Kəndin mərkəzində yerləşən evdə tənha ağbirçək qadın Fatma xala yaşayır. Çox acınacaqlı taleyi olan bu qadının üzündə kədər, qəm öz dərin izini salsa da, o bizi gülərüzlə qarşıladı. Evin təmir işlərinə ehtiyacı olmasına baxmayaraq, memarlıq baxımından çox maraqlı ev olduğu üçün bu evdə birgə Şəkiyə gəldiyimiz yoldaşlar tədqiqat işləri aparmağa başladılar. Fotolar çəkildı, ölçü işləri aparıldı. Fatma xalanın həyat yoldaşı Rəsul Mahmudov çoxdan vəfat edib, üstəlik də Nuşirəvan adlı yeganə oğlu şəhid olub. Yaşadığı bu evə Fatma xala gəlin gəlib. Qədim memarlıq ənənələrini özündə yaşadan bu binanı onun qayınatası Əhməd Əhmədov tikdirib.
Şəki-Zaqatala bölgəsinin xalq tikinti işlərində çay daşı geniş yayılmışdır. Bu evin tikintisində də çay daşından üç şəkildə: təbii halda, sındırılmış formada və nəhayət, həndəsi şəklə salınmış kubik formasında istifadə edilib. Keçmişdə olduğu kimi, indi də kəndin əhalisi çay hövzələrindən daş yığır, xüsusi alətlər vasitəsilə onları lazımi şəklə salır və bir yerə toplayaraq araba və yaxud yük maşınları ilə istənilən yerə aparır. Haqqında söhbət açdığımız evin tikintisində geniş istifadə olunan inşaat materiallarından biri də çiy kərpicdir. Kvadrat çiy kərpiclər qədim binalarda daha çox yer tutur. Bu onu göstərir ki, keçmişdə əhali bu formadan daha çox istifadə etmişdir. Hazırda isə bu tip kərpic az kəsilir və inşaatda müxtəlif ölçülərdə olan paraleloqram formalı çiy kərpic növü daha geniş yayılmışdır.
Qeyd etmək lazımdır ki, sözü gedən iki mərtəbəli evin maraqlı plan quruluşu, evdə olan mebel avadanlığı, otaqların interyeri, buxarıları ev sahibinin varlı, nüfuzlu adam olduğunu göstərir. Fatma xalanın dediyinə görə, ikinci mərtəbədə yerləşən buxarıya axırıncı dəfə 1928-ci ildə usta əli dəyib. Bu inandırıcıdır. Çünki buxarının üzərində olan taxta oyma fiqurları, medalyonları, rəngli boya ilə işlənmiş rəsmlərı, məhz o dövrə aid etmək olar. Şəki şəhərinin evlərində gəcdən qurulan buxarıları sonralar bərpa edəndə ustalar buxarının uçan qoran hissələrini çalışıblar ki, gəclə bərpa etsinlər. Lakin Fatma xalanın evindəki buxarı taxtanın köməyilə bu vəziyyətdə qorunub saxlanılıb. Buna baxmayaraq buxarının gözəllıyi xoş təsir bağışlayır.
Evin iri divar səthlərində iki, ya üç cərgə çaylaq daşından sonra bir və ya iki cərgə kərpic düzülüb. Burada kərpic müəyyən vəzifə daşıyır. Kərpic çox da düz olmayan çaylaq daşından hörülmüş cərgələri düzəldir, eyni zamanda boz rəngli divarda bədii məzmunlu qırmızı zolaqlar yaradır. Bunun üçün kərpiclər uzununa, üfüqi şəkildə qoyulub, ancaq bu, kərpicin tətbiqi üsulunun yeganə variantı deyildir. Şəki abidələrini, köhnə və müasir fərdi yaşayış binalarını ötəri də olsa görən hər bir mütəxəssis asanlıqla ayırd edə bilər ki, bu şəhərin və bu bölgə kəndlərinin tikintisində kərpicdən bütün mümkün variantlarda istifadə olunmuşdur. Maraqlısı odur ki, variantların bir qismi tam ənənəvi şəkil daşıyaraq bizə təkcə kərpicdən tikilən binaları, həmin binaların ucaldığı rayonları xatırladırsa, o biri qismi tam yeni üsullarla tətbiq edilmişdir. Misal üçün, çaylaq daşı, kərpic və ağ daşın, yaxud ağ silikat kərpicinin bir yerdə tətbiqi variantlarını göstərmək olar.
Şəki rayonunun cənub
hissəsindən başqa rayon
ərazisinin çox hissəsi meşələrlə
örtüldüyündən yaşayış yerlərinin çoxu meşə içərisində və
kənarlarında yerləşir. Belə vəziyyət əhalinin
məişətdə sərf edəcəyi meşə-ağac
materiallarına ehtiyacının tam təmin
olunmasına və inşaat işində
meşə materialının geniş tətbiq
edilməsinə şərait yaradır. Bundan
başqa, bu bölgədə
az da olsa,
bir neçə yaşayış yeri meşə zonasının
qurtaracağında, dağ-yaylaq
zonasının başlanğıcında və dağ-yaylaq zonasında
salınmışdı.
Xalq cəbhəsi.-2012.- 3 oktyabr.-
S.13.