Mirzə
İsmayıl Qasir
O, XIX əsr Lənkəran
ziyalıları mühitinin sayğılı nümayəndələrindən
biri kimi qəbul olunur
Mirzə İsmayıl Hacı Molla Səlim oğlu Qasir 1802-1805-ci illər arasında Şirvan xanlığının Ləki kəndində ruhani-ziyalı ailəsində anadan olub. Qasirin ulu babası Molla Mülküm xan öz ailəsi və oğlu Dövlət xanla birlikdə 1750-60-cı illər arasında Cənubi Azərbaycandan (ola bilsin ki, İsfahan və ya Əhrəm şəhərindən) Araz çayı kənarındakı Ləki kəndinə köçmüş və həmişəlik burada sakin kimi yerləşib. İranda onların qohum-əqrabaları qalıb və sonralar Qasir onlarla əlaqə saxlayıb. Qasirin bacılarından birinin Əhrəmdə, ikisinin isə Təbrizdə ərdə olmaları haqqında məlumat vardır. Dövlətxanın oğlu, Qasirin atası Molla Səlim mükəmməl təhsil görüb, Kərbəlada oxumuş ziyalılarından biri olub. Onun «Qasir» təxəllüsü ilə türk, ərəb və fars dillərində şeirlər yazdığı məlumdur. Kərbəlada təhsilini başa vurandan sonra Hacı Molla Səlim vətəni Şirvana dönmüş, sonra ailəsi ilə bir müddət İrana köçüb. Əhrəm xanlığında qarşıdurma səngiyəndən sonra Hacı Molla Səlim yenidən şimala qayıdaraq, Cavadxan mahalında mədrəsə açaraq şagirdlərə dərs deyib. İsmayıl hələ balaca ikən atası 1812-ci ildə vəfat edib. Atasının ölümündən sonra 12-13 yaşlarında Cənubi Azərbaycanın Əhər qəsəbəsində yaşayan bacısıgilə getmiş və təhsilini davam etdirmişdir. 4 il burada oxuduqdan sonra Təbrizə getmiş, ərəb və fars dillərini, Şərq ədəbiyyatını və fəlsəfəsini mənimsəmişdir. Qasirin ilk təhsilini Əhərdə alması fikri dəqiq deyildir, ən azı ona görə ki, ruhani-ziyalı ailəsində böyümüş Mirzə İsmayıl 12-13 yaşlarında İrana gedənə qədər yazıb-oxumağı bacarmaya bilməzdi.
Qasirin şeir yazmağa nə zaman başladığı dürüst məlum deyildir. Lakin hələ cavan yaşlarında Təbrizdə təhsil alarkən Balaxanım adlı bir qızı sevməsi və nakam məhəbbətini şeirlə ifadə etməsi çox gənc yaşlarından yaradıcılığa başlamasına sübüt ola bilər. Təbrizdə təhsil alarkən Hafizi, Füzuliyi, Cığatay şairlərini oxuyan Qasir bir tərəfdən şeirlər də yazmağa başlayır. Beləliklə, Qasirin təhsil illərini səmərəli keçirməsi, təhsillə yanaşı, «Məcnun» təxəllüsü ilə bədii yaradıcılığa başlaması məlum olur. Qasir Təbrizdə təhsil alarkən bəzi vaxtlarda Ordubada (dayısı Hüseyn Sultangilə), bəzən də Lənkəranın Sütəmürdov kəndində yaşayan ikinci dayısı Molla Əliməmmədgilə gedir və tətil vaxtını buralarda keçirirdi. Qasirin haqqında samballı məlumat toplamış tədqiqatçılardan biri qeyd edir ki, Təbrizdə yaşadığı illərdə Qasir yaxın dostu Əsgərxan bəylə birgə rus dilini öyrənməyə səy göstərir. Bu fikri dəqiqləşdirmək lazımdır. Halbuki Təbrizdə belə bir imkanın ola biləcəyi şübhəlidir. Belə demək daha doğru sayıla bilər ki, Qasir Təbrizdə təhsil illərində tətil zamanı qohumlarının yanına qayıdarkən Ordubadda yaşayan dayısı Hüseyn Sultanın təkidi ilə rus dilini öyrənmiş, rus ədəbiyyatı ilə tanış olur və ola bilsin ki, Ordubada öz dostu Əsgərxan bəylə birgə gedir. Rus dilini öyrənməyə girişməsi Qasirin sonrakı həyat yolunda öz izini buraxır, o, tərcümanlıq edir, hətta rus ədəbiyyatından tərcümələr də etdiyi. Beləliklə, Mirzə İsmayıl Qasirin 1815-1818-ci illərdə təhsil almaq üçün Əhərə, dörd il sonra Təbrizə köçməsi, burada təhsilini kamilləşdirməsi məlum olur. Təxmin etmək olar ki, Qasir cənubda 8-10 il müddətində təhsil alıb. Təhsili başa vuran Mirzə İsmayılın xəttatlıq sənətinə dərindən yiyələndiyi və geniş məlumatı şəxs olduğu üçün onu İsfahanlı Seyid Hüseyn İsfahana dəvət etmiş, ömrünün müəyyən hissəsini onun oğlanlarının təlim-tərbiyəsinə, təhsilinə həsr etmişdir. Beləliklə, Mirzə İsmayıl Qasirin pedaqoji fəaliyyətinin başlanğıcı qoyulmuşdur. «Nazimi-tüccar» Seyid Hüseynin evində müəllimliyə başlaması Qasirin sonrakı pedaqoji müvəffəqiyyətlərində, şagirdlərə fərdi yanaşma metoduna yiyələnməsində müsbət rol oynamışdır. Mirzə İsmayıl Qasir öz ana vətəninə şair və müəllim kimi qayıtmışdır. Qasirşünasların hamısı bundan sonra onun həyatının 40-cı illərinə diqqət yetirmişlər. Mərhum alimimiz Əzizağa Məmmədov Qasirin 1840-cı ildə (artıq 35-38 yaşlrında) rus təbəəsi sayıldığı üçün Qaradonlu sərhəd idarəsinə tərcüməçi təyin olunması faktının sabiq Azərbaycan Neft və Kimya İnstitutunun müəllimi Əli Muxtar Qasımovun «Cüngi-mən»indən götürüldüyünü qeyd edir.
Halbuki Mirzə
İsmayıl, İsfahanda da
müəyyən müddət yaşadığını nəzərə
alsaq, 1830-cu illərin ortalarında
artıq Şirvana qayıdır. Məlum
faktdır ki, təhsildən sonra o, bir
müddət Şamaxıda, anasının yanında
yaşamış, sözsüz ki, Şamaxının yenilikçi
ziyalıları ilə ünsiyyət saxlayıb, ədəbi
yaradıcılığını davam etdirib. Naməlum müəllifin onun həyatının bu
illəri haqqında verdiyi məlumat da maraq doğurur.
Bu dövrdə Qasirin
əmioğluları və Şirvanın bir
sıra xanzadələri Araz kənarında
sakin olmuşdular və
artıq möhkəmləndirilməyə başlamış Rus-İran sərhədindəki gömrükxanalarda morğuluq
edirdilər. Müəyyən vaxt
anasının yanında qaldıqdan sonra Qasir də, görünür,
əmioğlularının dəvəti ilə sərhəd
rayonlarına gəlir. Burada
axırıncı Şirvan xanı Mustafa xanın oğlu Allahqulu Qasiri öz oğlu İbrahimə
dərs deməyə, onun təlim-tərbiyəsi
ilə məşğul olmağa dəvət
edir. Maddi ehtiyac şairi bu dəvəti qəbul etməyə məcbur
edir. Beləliklə, Qasirin
pedaqoji təcrübəsi artmaqda
davam edir. Bu illərdə Azərbaycanın ictimai-siyasi həyatında bir
sıra yeniliklər baş verir. 1840-cı
il aprelin 10-da Zaqafqaziyada inzibati islahat haqqında qanun verilir. Şamaxı Xəzər vilayətinin mərkəzi
elan olunur. Vilayətin divanxanası Şamaxıda
yerləşdiyi üçün
dövlət qulluğunda
olan məmurların çoxu oraya axışır. Gömrükxanadakı
morğular da Şamaxıya köçdüklərindən
sərhəd idarəsində
boş vəzifələr
ortaya çıxır
və gömrükxananın
rəisi «əhli-hal və sahibi mərifət» Abbas bəy Qarabağlı Mirzə İsmayılı
özünə katib və dilmanc götürür. Zəmanəsinin
yaxşı təhsil
görmüş ziyalılarından
biri olan «para uşaqları»ndan Abbas bəylə «əmmaməni papaqla dəyişmiş» Qasir arasında səmimi dostluq münasibətləri
yaranır və təxminən on ilə yaxın müddətdə
şair burada rəsmi dövlət qulluğunda məmurluq edir.
Beləliklə, Mirzə İsmayıl Qasir Lənkəranda fəaliyyətini mirzəliklə
başlamış, bir
neçə ildən
sonra Lənkərandakı
köhnə üsullu
məktəblərdən birində
dərs deməyə üstünlük vermişdir. Lakin mütərəqqi
fikirli pedaqoqu buradakı tədris üsulu təmin etmədiyindən özü
yeni bir «üsuli-cədid» məktəbi
açmaq fikrinə düşür. Eyni zamanda
o, vaxtının böyük
bir hissəsini özünün təsis etdiyi ədəbi məclisin fəaliyyətinə
həsr edir. Beləliklə, Qasirin həyatının
bu sahələri haqqında ayrıca danışmaq lazım gəlir. «İrandan
təhsildən qayıtdıqdan
sonra bütün həyatı boyu Lənkəranda yaşamışdır»
fikri yerli-dibli səhvdir. Əvvəla, ona görə
ki, Qasir İrandan öz ana vətəni Şamaxıya qayıtmışdı.
İkincisi, ona görə
ki, Lənkəranda yaşadığı illərdə
də Azərbaycanın
müxtəlif şəhər
və kəndlərini
gəzmiş, Şamaxıda,
Şuşada uzun müddət qalmış,
hətta qocalıq illərində Bakıya da köçmüşdü.
Mirzə
İsmayıl Qasir XIX
əsr Lənkəran
ziyalıları mühitinin
sayğılı nümayəndələrindən
biri olaraq qəbul olunur, mərifət dünyasında
xətri əziz tutulurdu.
Mirzə İsmayıl Qasir
1900-cü ildə mayın
10-da Lənkəranda vəfat
edir. Şair Lənkəranın
cənub-şərqindəki Sütəmürdov qabiristanlığında
dəfn olunub… Ədəbiyyatımızın müqtədir klassiki
olduğundan 1983-cü ildə
məzarı səliqəyə
salınır və üzərində şairin
heykəli ucaldılır.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 4 oktyabr.- S.13.