Mühacir şair ömrü

 

«21 Azər» medalı ilə təltif edilmiş Əli Tudə Cənubda sevilə-sevilə oxunan ədəbiyyat fədaisi idi

 

Mühacir vətənpərvər şairlərimizdən biri də bütün ömrü boyu Vətən həsrəti ilə yaşamış Təbriz nisgilli şair Əli Tudədir. Əli Tudə yarım əsrdən çox mühacirlik həyatı keçirib. Şair bununla bağlı «Zindanda ağarmış saçlar» xatirə-hekayəsində yazırdı: «… Həyatın saysız-hesabsız imtahanları vardır. Bu imtahanlar içərisində mühacirət-ayrılıq imtahanıdır. Belə ciddi imtahanda mühacirin Vətənə də, xalqa da, əqidəyə də münasibəti dönə-dönə yoxlanılır. Daha doğrusu, mühacirin ürəyində yaxşı-yaman nə varsa, hamısı onun davranışında, baxışında, söhbətində açıq-aydın duyulur. Mühacirət həm mərd, həm də namərd sifətləri doğru-düzgün əks etdirən böyük həqiqət güzgüsüdür!» Bəli, bu həqiqət güzgüsündə Əli Tudə mərd sifətilə necə də möhtəşəm göründü! Tədqiqatçı-alimlər onun haqqında yazırlar: «Əli Tudənin Vətən birliyi, azadlıq ideyaları, tarixi haqsızlığa qarşı kəskin etirazı, yüksək ideyalı yaradıcılığı, sözün həqiqi mənasında, öz sözlərilə desək, «böyük həqiqət güzgüsü»dür. Şairin poeziyası daha çox öz taleyinin bədii əksinə çevrildiyindən, bu sənətdə ayrılıq, həsrət, nisgil motivləri öz aydın təzahürünü tapır. Əli Tudənin çoxsahəli yaradıcılığında Vətənin tarixi keçmişi, bugünkü problemləri, onun gələcək həyatı ən yüksək fəlsəfi deyim tərzində ifadə olunur. Buna görə də sanki o, bir sənətkar, əsl vətəndaş kimi öz idealları yolunda əriyən şama bənzəyir. Lakin bu vəziyyətdə şair öz ideallarına işıq bəxş etdiyindən şamdan çox günəşi xatırladır».

1938-ci ildə Bakıdan «iranlı» adı ilə Cənuba sürgün olunmuş şair yeniyetməlik dövründən inqilabi hərəkata qoşulmuşdur. Cənubi Azərbaycanda ideoloqları Əbdülrəhim Talıbov Təbrizi və Hacı Zeynalabidin Marağalı Məşrutə inqilabının davamı — həmvətənlərimizin yenidən dirçəlməyə başlamış milli-azadlıq hərəkatında fəal mübariz kimi vuruşmuşdur. İranda demokratik partiyalarının fəal üzvlərindən biri olan Əli Tudə təkcə şair kimi yox, həm də milli hökumətin dövlət xadimi kimi ad-san qazanmışdı; o, bir sıra dövlət qulluqlarında fədakarlıqla çalışmış, hökumətin «21 Azər» medalı ilə təltif edilmişdi. Məhz elə bu zaman 20 yaşlı Əlinin alovlu misraları ilə dolu kitabı Təbrizin milli mətbəəsində doğma Azərbaycan dilində çapa hazırlanmışdı.

Cənub ədəbi prosesinin fəal iştirakçısı olmuş Əli Tudə istər Şimalda, istərsə də Cənubda sevilə-sevilə oxunan ədəbiyyat fədaisi idi. Mübariz ruhlu poeziya şairin əsərlərinin canı, qanı, şah damarıdır. O, odlu-alovlu dövrün əlamətdar yaradıcılıq hadisəsi sayılan inqilabi ruhlu şeirləri ilə xalqı hər an azadlıq uğrunda mübarizəyə ruhlandırmışdır. O tayda da, bu tayda da yaşadığı illərdə şair Vətənin azadlığı və bütövlüyü uğrunda aparılan ideyalara sadiq qalmış, qəlbi həmişə belə müqəddəs amallarla döyünmüş və ömrü boyu öz yaradıcılığında nə isə axtarmışdır. Mühacir şair Almas İldırımla bağlı deyilən aşağıdakı fikri hardasa Əli Tudəyə də şamil etmək olar: O, «…Azərbaycanın yaralarına sanki məlhəm axtarır. Şair (Almas İldırım nəzərdə tutulur — O.) bu məlhəmi şeirlərində tapır və Vətənin, müstəqil, azad, hürr yaşamasına bütün varlığı ilə inanır». Əli Tudə də istədiyini məhz elə şeirlərində tapmışdı.

İllər uzunu doğmalarına, əzizlərinə həsrət qalan siyasi mühacir bütün varlığı ilə xalqına bağlı idi. Bütün ömrünü gah silah, gah da söz mübarizəsinə həsr etmişdi. Çoxlarının qorxu-ürküdən, tuthatutdan öz canını qorumaqdan ötrü ağzını açıb bir kəlmə belə danışa bilmədiyi dövrdə gənc Əli şah rejiminə qarşı çıxmış, ağzından od-alov püskürə-püskürə gah səngərdə, gah da kütlə içərisində vuruşmuşdu: əlində silah, dilində «Vətən» kəlməsi.

Əli Tudə milli oyanış və milli özünüdərk prosesində qətiyyətli və mübariz bir gənc idi. O, inqilabi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olurdu. Azadlığa çağırış, müqəddəs Vətən, doğma torpaq həsrəti onu rahat buraxmır, saf duyğularını kağıza köçürürdü. Onun hər bir şeiri haray, çağırış, mübarizə notları üzərində qurulmuşdu. Bu illərdə o, Cənubda nəşr olunan «Ziddi-faşist», «Vətən yolunda», «Azərbaycan» qəzetlərində, «Şairlər məclisi»nin almanaxlarında və digər mətbu nəşrlərdə müntəzəm olaraq bədii yazıları ilə çıxış edirdi. O, Cənubi Azərbaycanda milli hökumətin qələbəsindən fərəhlənirdi. Cənubda başlamış yeni həyata dair silsilə şeirlər yazır, qurub-yaradan insanları tərənnüm edir, onların sevinc dolu duyğularını qələmə alırdı. O, «Şairlər məclisi» adlanan ədəbi dərnəyin fəal üzvlərindən idi. 1945-ci ildə Təbrizdə «Vətən yolu» qəzeti yanında təsis edilən «Şairlər məclisi» təkcə Təbrizdə deyil, Tehran, Ərdəbil, Mərənd, Sərab və Urmiyada, Cənubi Azərbaycanın və İranın digər şəhərlərində Azərbaycan dilində yazıb-yaradan 40-dan artıq yazıçını birləşdirdi.» Məclis Cənub ədəbi prosesinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Cənubda milli-azadlıq hərəkatı qələbə çaldıqdan sonra maarif nazirliyində şöbə müdiri vəzifəsində işləyən gənc Əli Tudə cənublu soydaşlarımız üçün azəri türkcəsində «Ana dili» dərsliyinin hazırlanmasında fəal iştirak etmişdir. O, Təbrizdə Milli Filarmoniya yaratmış və bu filarmoniyanın həm ilk, həm də son müdiri də olmuşdur.

Lakin çox keçmədi ki, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı düşmən qüvvələr tərəfindən boğuldu. Seyid Cəfər Pişəvərinin yaratdığı Milli hökumət cəmi bircə il yaşaya bildi. Cənublu soydaşlarımızın canı və qanı bahasına qurulmuş hökumət vəhşicəsinə dağıdıldı, illərlə aparılan azadlıq mübarizəsinə son qoyuldu. Əli Tudənin mətbəədə çapa hazırlanan kitabı elə buradaca yandırıldı. Tutulduğu zaman heç bir sorğu-sual olunmadan öldürülməsi barədə xüsusi şah fərmanı verildi. Lakin bütün bu məhrumiyyət və təqiblərə baxmayaraq, Əli Tudə də, digər ədiblərimiz də qələmi yerə qoymadılar, Vətənin sonrakı taleyini düşündülər. «B.Azəroğlunun «Şeirlər» (1948), «Savalan» (1949), M.Gülgünün «Təbrizin baharı» (1950), Ə.Tudənin «Cənub nəğmələri» (1950), İ.Zakirin «Mənim andım» (1950), H.Billurinin «Mənim arzum» (1949) kitablarında və sonralar yazılmış bir sıra əsərlərində cənublu soydaşlarımızın həyatında cəmi bir neçə il ərzində baş vermiş bütün bu hadisələr, müvəqqəti məğlubiyyətin adamlarda doğurduğu acı kədər hissləri, «gələcək gün»ə inam öz bədii inikasını tapmışdır.»

Beləliklə, hələ yeddinci sinifdə oxuduğu zaman Bakıdan «iranlı» adı ilə Cənuba sürgün olunmuş Əli Tudə Təbrizdə də rahat yaşaya bilmədi. Taleyin acı qisməti burada da onu yaxaladı. Gah səngərdə, gah kütlə arasında, gah da kürsülərdə eşidilən səsini boğmaq istədilər. İllərlə apardığı azadlıq mübarizəsinə son qoymağa çalışdılar. Təbrizdə, Ərdəbildə, Tehranda qazandığı məsləkdaşlarından, eloğlularından, təzəcə isinişib doğmalaşdığı insanlardan, bu yurdun gözəlliklərindən ayrılmaq onun üçün çox ağır idi.

Əli Tudə bədii yaradıcılığında dil məsələlərinə böyük önəm vermişdir. «Hər xalqın mədəniyyət xəzinəsindəki ən qiymətli inci ana dilidir. Bu parlaq inci öz əlvan şəfəqlərilə xalqın coğrafi, iqtisadi, siyasi həyatının bütün yollarını işıqlandırır. Dil xalqın ən böyük, ən müqəddəs, ən nadir sərvətidir.» Şair xüsusi vurğulayırdı ki, ana dilimizin saflığını qoruyub saxlamalıyıq. O, əsərlərində dilimizi yabançı söz və ifadələrdən qorumağı qarşıya məqsəd kimi qoymuş, demək olar ki, buna tamamilə müvəffəq olmuşdur.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 6 oktyabr.- S.13.