Ağbaba-Çıldır
aşıq mühiti
«Ləhcəmizdə bu gün də
istifadə edilən çoxlu ümumişlək sözlər
var ki, hamısı hazırda Şərqi Anadolu ləhcəsində
yaşayır»
«Şərqi Anadolu saza-sözə həssaslığı
ilə digər aşıq mühitləri içərisində
özünəməxsus yer tutur»
İndi «Ermənistan» adlanan yerdə bir nəfər də olsun, soydaşımız yaşamır: o yerlər, o təbiət qətiyyən erməni ruhu üçün yaranmayıb. Erməni halında Koroğluluq xisləti yoxdur, bu ruha Həmzəçilik xasdır, çünki erməni həmişə arxadan zərbə vurmağı, xəyanət etməyi məqsəd sayıb. Araşdırmaçı Tacir Səmimi həm də tarix, etnoqrafiya məsələləri ilə məşğul olur. O, indi «Ermənistan»da Ağbaba adlı tarixi türk mahalında anadan olub, orada boya-başa çatıb. Onun Ağbaba folkloru ilə bağlı toplayıb nəşr etdirdiyi silsilə kitablarda daim itirilmiş yurd yerlərimizmin nisgili, həsrəti görünür, duyulur. Deyir, bütün hallarda ermənilərin qarşısına məntiqlə, faktla, idrakla çıxmalıyıq: «Ağlım kəsəndən gördüyüm, hiss etdiyim o olub ki, erməni fitnəkardır. Bizim rayon o vaxtlar Amasiya adlanırdı. Əslində həmin rayonun, bölgənin, bütövlükdə mahalın adı tarixən Ağbaba olub. Ağbaba iki yerə bölünmüşdü: Qızılqoç və Amasiya. Bunu sovet dövründə ermənilər etdilər. Gəlmə ermənilərə «qaxdağanlar» deyilirdi, Türkiyə ermənilərini isə «axbarlar» adlandırırdılar. Ermənilər haradansa köçərkən vaxtilə «yaşadıqları» yerin adını yeni məskunlaşdıqları yerə verirdilər. Ağbabanın bir hissəsinin sonradan Amasiya adlanması da bununla əlaqədardır. Ağbaba mahalı vaxtilə Qars vilayətinin tərkibində olub. Amasiya sovet dövründə Türkiyə ilə SSRİ arasında Ermənistanın rayonu kimi mövcud idi. Ta çarizm dövründən başlayaraq bu yerlərin türksüzləşdirilməsinə başlandı. Həmçinin ermənilər Arpa gölünün ərazisini genişləndirməklə türksüzləşdirmə yönündə daha bir mübarizə metodu tapdılar. 1940-cı illərdə edilən bu cür əməllər sayəsində Avropa gölünün ərazisi xeyli böyüdü, əkin yerləri suyun altında qaldı, əhalinin dolanışığı çətinləşdi. Məqsəd soydaşlarımızın o yerlərdən perikdirilməsi idi. Təsadüfi deyil ki, nə qədər soydaşımız dədə-baba torpaqlarını tərk edib Azərbaycana, eləcə də başqa ərazilərə üz tutdular».
Ağbabadakı toponimlər sübut edir ki, o yerlər qədim türk məskənləridir. 1988-ci ilə kimi bu rayonda 18 min soydaşımız yaşayırdı. Bu rayon sırf Azərbaycan türklərinin yaşadıqları ərazi hesab olunurdu. Ermənilər həmişə o yerlərdə azlıq təşkil edirdilər: «Sovet hökumətinin ilk dövrlərində soydaşlarımıza verilmiş pasportların bir neçəsini saxlamışdım, «milliyyət» bölümünün qarşısında «türk», bəzilərində isə «qarapapaq» yazılmışdı. Qarapapaqlar böyük bir tayfa olublar. Dəfələrlə şahidi olmuşam: biz özümüzə «azərbaycanlı» desək də, ermənilər həmişə bizi «türk» deyə çağırırdılar. Bu, o demək idi ki, düşmənlərimiz həmişə bizi bizdən yaxşı tanıyıblar. Deyirdilər ki, Azərbaycan coğrafi ərazi adıdır. Erməni üçün həmişə türk adlı düşmən olub. Ağbaba mahalı uzun müddət Osmanlı imperiyası tərkibində yaşayıb. Bizim ləhcəmizdə bu gün də istifadə edilən çoxlu ümumişlək sözlər var ki, hamısı hazırda Şərqi Anadolu ləhcəsində yaşayır, havalarımızda da oxşarlıq var. Səfəvilərlə Osmanlılar arasında uzunmüddətli, həm də fasiləli müharibələr Ağbaba ərazisində gedib. Təbiidir ki, ağbabalılar bundan çox əziyyət çəkiblər. Sonrakı dövrlərdə də bu ərazilərdə çoxlu müharibələr olub. 1877-78-ci illərdə rus-türk müharibəsində Osmanlı imperiyası məğlub olduğuna görə rus çarı ondan o qədər böyük təzminat tələb etdi ki, Osmanlı imperiyası onu vermək iqtidarında deyildi. Ona görə də Qars vilayətini güzəştə getdi. Həmin Qars vilayətinin tərkibində Ağbaba nahiyəsi də vardı. Nəticədə Ağbaba da çarizmin əsarəti altına düşdü, köçürmə və xristianlaşdırma siyasəti burada da davam etdi. Qars 1921-ci ilə kimi Rusiyanın əsarəti altında qaldı. Qars şəhərinin yaxınlığında, təpədən bir az aşağıda 1908-ci ildə tikilmiş kilsə var. Ruslar o yerlərdə xristianlığı yaymağa, möhkəmləndirməyə çalışırdılar. 1879-81-ci illərdə yerli əhalinin məcburən Qarsın içərilərinə köçürülməsi nəzərdə tutulmuşdu ki, onların yerinə xristianlar — ermənilər və yunanların köçürülürdü. İmperiya hər vəchlə qarslıların Türkiyə ilə bağlarının kəsilməsinə çalışırdı. 1921-ci il Qars müqaviləsindən sonra Qarsın bir hissəsi, həmçinin Ağbaba mahalının bir hissəsi, Qars şəhəri Türkiyəyə qaldı. Əslən Azərbaycan türkü olan Fəxrəddin Kırzıoğlu yazır ki, ermənilər Azərbaycan türklərinin yaşadıqları 30-dan çox kəndi zorla özlərinin ərazilərinə qatdılar».
T.Səmimi daha sonra deyir ki, indiyə kimi bu həsrət motivi aşıqların yaradıcılığında davam edir: «Qızılqoç 1918-20-ci illərdə erməni vəhşiliyi nəticəsində tamamilə məhv olub. Tamamilə müqavimətsizlik yaratdıqdan sonra o yerlərdə erməniləri yerləşdirməyə başladılar. Ermənilər həmin ərazidə türk ruhuna aid nə vardısa, vəhşicəsinə sildilər. Bu, bir soyqırım hadisəsi idi. Hər şeydən əvvəl o yerlərdəki toponimlərin heç biri ermənicə deyildi, xalis türkcə idi.
Ağbaba ərazisində Kalvayı Məhəmməd Hacabbas oğlu adında vali olub. Onun şücaəti sayəsində Ağbaba mahalı erməni vəhşliyindən qurtulmuşdu. Könüllülər alayı təşkil etmişdi, hətta 1918-20-ci illərdə Türkiyənin ağır zamanında ona köməyə getmişdi».
Ağbaba-Çıldır aşıq mühitini araşdıran Avtandil Ağbaba bu qənaətə gəlir: «Ağbaba-Çıldırda ustad-şagird münasibətləri mühit və zaman daxilində müəyyən keyfiyyət dəyişmələrilə inkişafını davam etdirib. Bu inkişafın təməli Xəstə Hasanın adı ilə bağlıdır. XVIII əsrin 60-cı, XIX əsrin 40-cı illərində yaşayıb yaratmış Xəstə Hasan ustad sənətkar kimi Şərqi Anadoluda böyük ad qazanıb. Sənətkarın saz-söz xəzinəsi Aşıq Şenliyin vasitəsilə üç xətt üzrə davam etdirilib. Bu xətlərdən birincisi Aşıq Şenlik-Aşıq Nəsib-Aşıq İsgəndər xəttidir. İkinci istiqaməti Aşıq Şenlik-Aşıq Qasım-Aşıq Şərəf Taşlova təmsil edirlər. Üçüncü xətt Aşıq Şenlik-Aşıq Gülüstan-Aşıq Murad Çobanoğlu xəttidir. Ağbaba-Çıldırda Gümrülü Tomar Hasan, Aşıq Məhərrəm, Üzeyir Fəqiri, Aşıq Qərib Hasan, Aşıq Tüccari, Aşıq Heydər, Aşıroğlu, Aşıq Qulu, Aşıq Abbasqulu və digər istedadlı saz-söz sənətkarları ustad-şagird münasibətlərinin inkişafında, mühitin sənət ənənələrinin qorunub yaşanmasında səmərəli fəaliyyət göstəriblər. Əldə edə bildiyimiz bilgilərə görə, Aşıq Qərib Hasanın, Aşıq Tüccarinin çoxsaylı sənət ardıcılları-şagirdləri olub. Ancaq bir çox sənətkar kimi, onların da haqqında dövrümüzə çox az məlumat gəlib çatıb. Çıldır, Qars, Ağbaba, Axıska, Ərzurum, bir sözlə, Şərqi Anadolu saza-sözə həssaslığı ilə digər aşıq mühitləri içərisində özünəməxsus yer tutur».
Araşdırmaçı bildirir ki, Ağbaba-Çıldırda, ümumiyyətlə, Şərqi Anadoluda XIX əsrdə ustad-şagird ənənəsini ustad aşıqlardan mənimsəyərək yaşadıb inkişaf etdirən və özündən sonrakı saz-söz sənətkarlarına ötürən iki qüdrətli sənətkar olub: «Aşıq Şenlik və Aşıq Summani. Hər iki ustad həm mühitin daxilində, həm də onun sərhədlərindən çox-çox uzaqlarda böyük nüfuz sahibi olublar. Ağbaba-Çıldır bölgəsində Aşıq Şenliyin aşıqlığa başlaması ilə bağlı bir sıra maraqlı rəvayətlər var. Bu rəvayətlərdə Aşıq Şenliyin buta alaraq tanrının və sevgilisinin camalını gördüyü, Şenlik təxəllüsü ilə qoşqular dediyi nağıl olunur: «Şenliyin bir sənətkar kimi yetişməsində Aşıq Nurunun böyük zəhməti olub. Aşıq Nuru Xəstə Hasanın şagirdi olub, sazın-sözün sirlərini ondan öyrənib. Deməli, Aşıq Şenlik Xəstə Hasan ocağının sənət şəcərəsini Aşıq Nurunun vasitəsilə davam etdirib. Dayısı ilə birlikdə Aşıq Nurunun yanına gələn Şenlik Aşıq Nuru tərəfindən Xəstə Hasanın «Sözdə bir» divanisi ilə sənət imtahanına çəkilmiş və onun bütün suallarına bədahətən cavablar vermişdi. Aşıq Nuru onun istedad və qabiliyyətini görüb «Bu oğlan məni tərlətdi, çox yaman bir şair olacaq»- demişdi. Aşıq Şenliyin sənət şəcərəsini araşdırılması göstərir ki, bir sənətkar kimi onun formalaşmasında mühitdaxili amillər mühüm rol oynamışdı. Ağbaba-Çıldır aşıq mühitinin başlıca saz-söz sənətkarlarının sənət yolunun tədqiqindən aydın olur ki, onların əksəriyyətinin yaradıcılığı təsəvvüf motivləri ilə olduqca zəngindir. İkinci bir tərəfdən, bu mühitin Aşıq Nöqsani, Aşıq Əmrah, el şairləri Rəcəb Hifzi, Camal Xoca və başqa nümayəndələrinin müəyyən təriqətlərə, ən çox da nəqşbəndilik və bəktaşilik təriqətlərinə qulluq etdikləri məlumdur. Aşıq Şenlikdən «Ədab-ərkan dərsi» alıb aşıq sənətinin sirlərini öyrənən çırakları (şagirdləri) onun sənət ənənəsini ləyaqətlə davam etdiriblər. Onlardan Aşıq Qasım (Şenliyin oğlu), Aşıq Gülüstan (Murad Çobanoğlunun atası), Aşıq Nəsib, Çorlu Məhəmməd (hər ikisi Ağbabalıdır), Aşıq Mövlud və başqaları Şərqi Anadoluda sayılıb seçilən aşıqlardan olublar.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 13 oktyabr.-
S.14.