Əzablı yolların yolçusu

 

Cəfər Bağır: «İnsanla, təbiətlə bağlı nə varsa, hamısını sevirəm»

 

Bu günün gəncləri, xüsusilə cavan yazarlar, ədəbiyyat aləminə yenicə qədəm basanlar Cəfər Bağır adlı bir yazıçını tanıyırmı? Bu sualı cavabsız qoyuram. Amma az-çox ədəbiyyatdan xəbəri olanlar tanıyar. 60-70-ci illərin qəzet və jurnal səhifələrində kiçik həcmli, özünün «miniatür hekayə» adlandırdığı yazıları oxuyub bu yazılarda həyatı, insanları, bu gözəl dünyanı sevən bir insanın hiss və həyəcanlarının, məhəbbət və gözəllik duyğularının izinə düşürdük. 1990-cı ildə «Azərbaycan» jurnalının 10-11-ci saylarında Cəfər Bağırın «Ümidim olmasaydı» sənədli povesti çap olunub. Qətiyyən ağlıma gəlməzdi ki, artıq 1983-cü ildə dünyasını dəyişmiş bu yazıçı on səkkiz il Sibirdə, sürgündə olub. Sibirə sürgün olunanda 25 yaşı varmış, o cəhənnəm vadisindən geri dönəndə isə yaşı qırxı keçmişdi. Təbii ki, çəkdiyi əzablar, Vətən həsrəti onun səhhətinə də, arzularına da təsirsiz qalmamışdı. Amma o, əzablı yollardan keçsə də, həyat eşqi, yazıb-yaratmaq həvəsi onu tərk etməmişdi.

Gəlin, yazıçı və tərcüməçi Cəfər Bağır haqqında söhbətə lap əvvəldən başlayaq.

Cəfər Bağır 1912-ci ildə Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində, yoxsul bir ailədə doğulmuşdu. Atasını on iki yaşında itirib. Maddi məhrumiyyətlərə baxmayaraq kənd orta məktəbini bitirib. Özüorta məktəbdə yaxşı oxuyurmuş, güclü yaddaşıynan seçilirmiş. Cavidin «Şeyx Sənan», «İblis» əsərlərindən şeir parçalarının çoxunu əzbər bilirmiş. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlir, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Tələbə ikən «Gənc işçi» qəzetində işləyir, hətta şöbə müdirliyinə qədər yüksəlir. Elə o illərdən (otuzuncu illərin əvvəllərində) ilk hekayələri ilə mətbuatda görünməyə başlayır. Yazıçılar İttifaqı Gəncə filialının məsul katibi seçilir. Bu, onun həbs olunana qədər keçdiyi 25 illik ömür yolu.

1937-ci ilAzərbaycanda repressiya tufanı. Cəfər Bağır da bu müdhiş tufana düşür. Yazılarındakı sərbəst düşüncə tərzi, milli hisslər, duyğular çox güman ki, Müşfiqlə dostluğu onu bu tufana sürükləyir. Cəfər Bağır 18 il sürgün həyatı keçirir. Sürgündən qayıtdıqdan sonra orada keçən müsibətli günlərinin xatirələrini yazır, amma heç bir qəzet jurnal, nəşriyyat onu çap eləmir. Ölümündən yeddi il sonra bu xatirələr sənədli povest kimi «Azərbaycan» jürnalında işıq üzü görür. «Ümidim olmasaydı» adlı bu sənədli povesti həyəcansız oxumaq olmur.

Amma müəllif sürgündə olduğu illərdə təkcə təbiətin amansızlığından şikayətlənmir. Sürgündə özü kimi günahsız insanlardan da söz açır. Partiya yolunda ömrünü fəda edən cəsur kommunistlərin inamının sarsıldığının şahidi olur. Canilər , baş kəsənlər burdadır, KQB-nin casusları da. Burada öz təmizliyini, insani keyfiyyətlərini qorumaq, hifz eləmək, bütün əzablara dözərək Vətənə qayıtmaq ümidi hər adama nəsib deyildi. Amma Cəfər Bağır buna dözdü Stalin hakimiyyəti süquta uğrayandan sonra o, da arzusuna çatdı.

Həbsdə onun məhbus nömrəsi 27777 idi. Bilmirik, sıralanmış yeddilərin onun həyatı, orada keçirdiyi əzablı günlərlə əlaqəsi, amma Vətənə qayıdanda 42-43 yaşlı Cəfər Bağır heç nəyi unutmadığı kimi, kürəyində gəzdirdiyi o nömrəni unutmadı.

Bu da Bakı. «Yenə haman sahil, yenə oynaq ləpələr, yenə xəfif meh. Ayrılığımızdan on səkkiz il keçmişdir. Bu illər ərzində hər şey dəyişmiş, küçələr , evlər , xiyabanlar da, sahil , hətta qara qıvrım saçlar da». O, işsizdir. Hara getməli? Repressiya xofu ürəklərdən təzə-təzə silinir. Amma çıxış yolu var. O zaman Mirzə İbrahimov şöhrətinin zirvəsindəydi. Həm görkəmli yazıçı, həm Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri. Budur, o, Mirzə İbrahimovun qəbulundadır. Qəbulda olanların hamısı bir-bir içəri keçir. Bircə o qalıb. Fikirləşir ki: «Axı, Mirzə məni tanıyırdı. Bəs niyə axıra saxlayıb.

Nəhayət, o da içəri girir. Mirzə İbrahimov onunla çox səmimi görüşür. Qucaqlaşırlar. «Səni özüm axıra saxladım ki, dərdləşək». Mirzə İbrahimov diqqətlə onu dinləyir. Sonra deyir ki, sən istedadlı adamsan, yaradıcılığını davam etdir.

Sonda Cəfər Bağır işsiz evsiz olduğunu söyləyir. Mirzə İbrahimov gülümsəyir.

O, Azərnəşrdə işə düzəlir: bədii ədəbiyyat şöbəsinin müdiri, redaktor, məsləhətçi redaktor, bədii tərcümə redaksiyasının müdiri. Düz on səkkiz il (yenə on səkkiz!) bu nəşriyyatda çalışır, 1973-cü ildən təqaüdə çıxır. (Bir məqamı unutdum: ona ev verirlər. Bundan sonra ailə həyatı da qurur).

Cəfər Bağır sürgündən qayıdandan sonra yazmadığı illərin hayıfını çıxır. Sağlığında onun «Səslər», «Xəzan», «Babamın ürəyi», «Bir ömür azdır», «Səni görəndə», «Mən yadına düşəndə», «Miniatürlər», «Bitməmiş gündəlikdən» kitabları işıq üzü görür. Bu kitablarda toplanan yazıların əksəriyyəti kiçik hekayələr, mənsur şeirlər miniatürlərdir. Bu yazını qələmə almamışdan öncə Cəfər Bağırın bizim jurnalda müxtəlif illərdə sap olunmuş yazıları ilə tanış oldum. Demək olar ki, bütün yazılarında bir səmimiyyət gördüm. O, nədən yazıbsa, hamısında qəlbinin istəklərini qələmə alıb. On səkkiz il sürgün əzabı yaşayan bu yazıçının əsərlərində bol-bol işıq gördüm, dəniz gördüm, insan məhəbbətinin gözəlliyini duydum.

«Meşələri sevirəm, ağacları sevirəm, yarpaqlardakı, otlardakı təravəti sevirəm. Sərinliyi-kölgəliyi sevirəm, intəhasız çölləri, ənginliyi sevirəm. Həmişəki kimi.

Sevirəm uşaqların cingiltili səsini, qızların təmiz-riyasız təbəssümünü.

Bağçalarda gülləri, yamaclardakı çiçəkləri, düzlərdəki mehi sevirəm. Hər şeyə sevinc gətirən günəşi, can verən suları sevirəm. Əvvəlki kimi. Sevirəm dəniz sahillərini, aylı gecələri, xəfif pıçıltıları, çiyinlərə tökülən saçları, şeh düşən dodaqları, məna dolu gözləri. Gənclik çağlarındakı kimi. İnsanla, təbiətlə bağlı varsa, hamısını sevirəm.

Sevirəm insandakı ülviyyəti, təbiətdəki şeiriyyəti. Mənə belə gəlir ki, yaşayıram, qocalmıram.

Lakin dünənMəzuniyyətdən qayıdan o qaynar gözlü qız işdə hamı ilə görüşdü, mənə gələndə əyilib üzümdən öpdü. Ürəyim qəflətən sancdı. Deməli, qocalmışam, eləmi, a dostlar

Cəfər Bağırın bir mənsur şeiridir bu. Onun bütün yazılarının dili belə şeiriyyətlə süslənib. Axıcı, rəvan, səlis, doğma Azərbaycan dili. O, həm mahir tərcüməçi idi. Əgər onun bədii yaradıcılığı olmasaydı, elə bu tərcümələri kifayət edərdi ki, ədəbiyyat tariximizdə peşəkar bir mütərcim kimi daim xatırlansın.

Görün kimləri tərcümə edib? Teoder DrayzeriDahi», «Kerri bacı», «Cenni Herhart»), Robindranat Taqoru, Əziz Nesini, A.Sent-Ekzüperini. Cəfər Bağır deyilənə görə çox mehriban, qılıqlı insan imiş. Ən yaxın bir dostu vardıbizim görkəmli yazıçımız Qılman İlkin. Qılman müəllim onun hekayələri haqqında bir məqalə çap etdirmiş, «Ədəbiyyat qəzeti»ndə vəfatı münasibətilə «Vida sözü» yazmışdı.. O «Vida sözü»ndə Qılman müəllim yazırdı: «Sən mərdanəliyi tərənnüm edirdin, özün mərdanə yaşadın. Çətinliyə , əziyyətlərə , xəstəliyə mərd-mərdanə dözdün. Xəstəliyin ağır, əziyyətli dəqiqələri içərisində yazdığın həyat nəfəsli sətirlər səni bizim nəzərimizdə daha da ucaldırdı. Sən həmişə həyat eşqi ilə yaşayırdın, son mənzilə bu eşqlə getdin».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 25 oktyabr.- S.13