Rəbbin üçün namaz qıl və qurban kəs!

  

Elşad Miri: «Qurban cəmiyyətdə qardaşlıq, köməkləşmə və bir-birinə dayaq durma ruhunu canlandırır, sosial ədalətin ortaya çıxmasına vasitəçi olur»

 

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində geniş şəkildə qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra — 1992-ci il 27 oktyabr tarixində Milli Məclisdə qəbul olunmuş «Azərbaycan Respublikasının bayramları haqqında» Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Qurbanlıq səmavi dinlərin hər üçündə — yəhudilikdə, xristianlıqda və İslamda müxtəlif formada mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İlahiyyatçı, ekspert Elşad Miri ilə söhbətimizi məhz bu bayramın mahiyyəti və tələbləri üzərində qurduq.

 

Peyğəmbərin dövründəki qurban ibadəti

 

Elşad Miri qeyd edib ki, İslam dinində qurbanın dini hökmü ilə əlaqəli olaraq Quranda və Peyğəmbərin sünnəsində mühüm açıqlamalar var. Bu çərçivədə təfərrüatlı hökmlər də fiqh kitablarında öz yerini tutub: «Tarixdə fərqli icraatlarına şahid olduğumuz qurbanın bəzən ən qiymətli varlıqlara qədər gedib çıxdığını, hətta bunun üçün uşaqların da düşünüldüyünü görürük. Məsələn, İbrahim peyğəmbərin (ə) gördüyü yuxunun yozmasından sonra oğlu İsmaili (ə) qurban kəsmək istəməsi, Peyğəmbərimizin babası Əbdulmüttəlibin oğlanlarından birini qurban verəcəyini nəzir deməsi ağla ilk gələnlərdir.

Qurani-Kərim İbrahim peyğəmbərin İsmail əleyhissalamı qurban etmək istəyini belə ifadə edir: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör, bu barədə nə fikirləşirsən?»

O dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən («Saffat» surəsi, 37/102).

Məsələ ilə bağlı mənbələrdə İbrahim peyğəmbərin övladını qurban etməyə hazırlaşdığı və kəsəcəyi ərəfədə Hz.Cəbrail tərəfindən bir qoçun gətirildiyi və oğlunun yerinə Tanrının bir mərhəməti olaraq göndərilən qoçun qurban kəsildiyi qeyd olunur. Hər nə qədər tarixdə insanın qurban edilməsi ilə bağlı hazırlıqlar olduğu bildirilsə də, bunun baş verməsi ilə bağlı heç bir hadisəyə rast gəlinmir.

Peyğəmbərimizin yaşadığı səadət əsrində isə «Rəbbin üçün namaz qıl və qurban kəs («Kəvsər» surəsi, 108/2) ayəsi ümmətə bildirilib və tarix boyunca davam edən bir tətbiqat Quranın və hədisin təsdiqi ilə icraata keçirilib.

Yuxarıdakı ayə ilə yanaşı Allahın Rəsulunun da tətbiqatları ilə daha da aydınlanan qurban ibadəti ümmətin sədaqətini Allaha təqdim etmək adına gözəl bir fürsət kimi bu gün də davam edir. Məhəmməd peyğəmbər (s) Ərəfat dağından düşüb gecəni Muzdəlifədə keçirəndən sonra bayram günü Minada qurban kəsib. «Bu qurban nədirdeyə soruşanlara da «Atanız İbrahimin sünnəsidir» cavabını verib.

 

Müxtəlif dinlərdə qurban

 

Lüğətdə, «yaxınlaşmaq» mənasına gələn qurban, dində «ibadət məqsədilə müəyyən bir vaxtda, müəyyən şərtləri daşıyan heyvanı üsuluna uyğun kəsmək» deməkdir. Ərəb dilində bu formada kəsilən heyvana «uhdiyyə» deyilir. Qeyd edək ki, bəşər tarixi boyunca bütün dinlərdə qurban ibadəti olub. Lakin şəkil və məqsəd etibarı ilə fərqli formalarda… Qurani-Kərimin «Maidə» surəsinin 27-ci ayəsində Hz.Adəmin (ə) iki oğlunun Allaha qurban təqdim edilməsindən bəhs olunur. «Həcc» surəsinin 34-cü ayəsində də ilahi dinlərin hər birində qurbanla bağlı hökmlərin olduğu bildirilir. Ancaq yəhudilik və xristianlıqda digər ibadət və hökmlərdə olduğu kimi, qurban ibadəti də ifrat dərəcədə təhrif olunub. Xristianlıqda İsanın çarmıxa çəkilməsi (xatırladaq ki, İslamda İsa peyğəmbərin çarmıxa çəkilmədiyi açıq şəkildə bildirilir) və bununla da Adəm peyğəmbərdən (ə) gəldiyi iddia edilən bəşəriyyətin günahları guya Atanın oğlu İsanı qurban etməsiylə bağışlandığı ifadə edilir. Yəni, bir dəfə İsa peyğəmbər qurban edilib vəssalam. İslamda qurban tamam başqa məzmun və mahiyyət daşıyır».

 

Qurban ətindən necə istifadə etməli?

 

«Məhəmməd peyğəmbərin (s) davranışlarını önə çəkən İslam alimlərinin verdiyi hökmə görə, qurban sahibi kəsdiyi qurbanın ətini yeyə, öhdəsində olan insanlara (valideynlərinə, nənə və babalarına, övladlarına, nəvələrinə və həyat yoldaşına) verə, ətin bir qismini də paylaya bilər.

İslam alimlərinin əksəriyyəti qurban ətini 3 eyni hissəyə bölüb, bir hissəsini qurban sahibi və öhdəsində olan insanlara, ikinci hissəsini zəngin də olsalar dosta-qohuma, qonşuya, üçüncü hissəni isə qurban kəsməyən və kəsə bilməyən kasıblara paylanmalarını tövsiyə edirlər.

Qurban kəsənin öhdəsində olanlar çox olarsa, qurban ətini heç kimə paylamadan özləri də yeyə bilərlər. Bunda heç bir məhdudiyyət yoxdur. Qurban sahibinin qurban ətindən həm yeməsi, həm hədiyyə verməsi, həm də kasıblara paylaması əsasdır. Hər qurban kəsən, yaxud kəsdirən öz imkanını və başqalarının vəziyyətini əsas götürməli və bu mövzuda ibadət məqsədi ilə hərəkət etməlidir. Nəzir olaraq kəsilən qurbanın ətindən nəzir deyən şəxs və baxmağa məcbur olan insanlar yeyə bilərlər. Qurban ancaq Allah üçün, Allah rizasını qazanmaq məqsədilə kəsildiyinə görə, qurbanlıq ətinin və başqa hissələrinin satılması, yaxud bundan qazanc məqsədi güdülməsi qadağandır. Qurbanın dərisi, yunu, bağırsaqları, sümükləri, piyi kimi ətinin xaricində qalan hissələrinin mənfəət əldəetmə məqsədilə satılması da yasaqdır. Qurban kəsən və yaxud kəsdirən bunları evdə işlədə bilər və işlətmək şərti ilə başqasına hədiyyə də verə bilər. Əgər satırsa, pulunu kasıblara paylamalıdır. Qurbanın bu hissələrini, yaxud satılsa pulunu xeyir işlərə sərf edilməsinə, onun həqiqi kasıblara (dul qadınlara, yolda qalanlara, tələbələrə və s.) verməyə, yaxud başqasının verməsinə diqqət etməlidir. Bu hissələr də qurban ibadətinin ardı olaraq qəbul edilməli, eyni düşüncə və məqsədlə, yəni Allah rizasına uyğun şəkildə və bildirilən yerlərə sərf edilməlidir. Əgər qurbanı qəssab kəsibsə, qəssabın zəhmət haqqısı qurbanın əti ilə, dərisi ilə və ya bunların pulu ilə verilə bilməz. Qurbanlıq heyvan kəsilməmişdən əvvəl südündən və yunundan istifadə etmək məqsədəuyğun hesab edilmir. Əgər istifadə edilibsə, o miqdarda da kasıblara paylanmalıdır. Qurbanlıq qoyun və keçinin yunu kəsiləndən sonra qırxılıb evdə ehtiyac üçün istifadə edilə bilər, ancaq satıla bilməz.

Kəsmə işi qurtarandan sonra ətraf tamamilə təmizlənməli, heyvanın bəzi artıq qalan hissələri dərin quyu qazılıb basdırılmalı, imkan daxilində çöldə heç bir hissəsi qalmamalıdır. Bu qurban ibadətinə qarşı göstərilən hörmət olduğu kimi, xüsusilə də şəhərlərdə və əhalinin çox yerləşdiyi yerlərdə sanitariya qaydaları və mühitin çirklənməməsi üçün də çox vacib məsələdir. Qurban kəsənlər qurbanlarını özləri paylasa, daha çox savab olar. Və bu insanlar unutmamalıdırlar ki, kasıbların onlara olduğu kimi, onların da kasıblara ehtiyacları var. Belə ki, şükr ibadəti olan qurbanı verib bu borclarından çıxa bilmək üçün».

 

Maddiyyatdan mənəviyyata…

 

Qurban cəmiyyətdə qardaşlıq, köməkləşmə və bir-birinə dayaq durma ruhunu canlandırır, sosial ədalətin ortaya çıxmasına vasitəçi olur. Xüsusilə də, ət almağa imkanı olmayanların, yaxud qeyri-müəyyən vaxt ərzində ət ala bilənlərin olduğu zaman və məkanlarda onun bu əvəzsiz rolu daha açıq şəkildə görsənir. Qurban həm də varlılara malını Allah rizası, köməkləşmə və başqalarıyla paylaşa bilmə zövqünü verir. Və bunun adət halına gəlməsinə səbəb olur, varlını xəsislik xəstəliyindən, mala düşkünlükdən azad edir. Kasıbın varlılar vasitəsilə Allaha şükr etməsinə, özündən zəngin olanlara düşmənçilik hissiylə kin bəsləməməsinə, onun da cəmiyyətin üzvü olduğunu hiss etməsinə, sosial partlayışın qarşısının alınmasına vasitəçi olur».

 

Qurbanın əvəzinə pul vermək olar?

 

«Qurban kəsməyin yerinə qurbanlıq heyvanın pulunu imkansız şəxslərə vermək məsələsi ilə bağlı nə Quranda, nə də Peyğəmbərimizin həyatında bir icraat olub. Bu cür fikirlər dinin simvolu dərəcəsindəki bir hökmü aradan qaldırmaq kimi səhv bir düşüncədir. Qətiyyən buna yol vermək olmaz. İmkanı yerində olan insanların qurban kəsməsi möhtaclara sədəqə verməsinə, hansısa xəstənin müalicə xərclərini öz üzərinə götürməsinə mane deyil.

Bu əvəz məsələsini ancaq belə bir vəziyyətdə fikirləşmək olar. Düşünün ki, bir nəfərin zəruri bütün ehtiyaclarını yerinə yetirəndən, bütün borclarını qaytarandan sonra ancaq qurban almağa pulu qalıb. Bu adam qurban almağa gedərkən çarəsiz bir xəstənin əməliyyat xərclərini ödəmək və ya çörək pulu tapa bilməyən işsiz bir ailənin ehtiyaclarını təmin etmək kimi ciddi bir vəziyyətlə qarşılaşdı. Belə bir vəziyyətdə həmin pulu onlara verməklə çox fəzilətli bir vəzifəni yerinə yetirmiş ola bilər. Həm qurban kəsməyə, həm də çarəsizlərin dərdinə dərman olmağa gücü çatan insanlara: «Qurban kəsməyin, kəsəcəyiniz qurbanların pulunu möhtaclara verin», demək düz olmadığı kimi Quran və sünnəyə də etinasız yanaşmaq deməkdir. Həzrəti Peyğəmbər belə buyurub: «Sünnələr Nuhun gəmisidir, kim ona minərsə, xilas olar».

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2012.- 25 oktyabr.- S.7.