«Zəngilanım,
sənsizəm mən»
Zəngilanın
işğalından 19 il ötdü…
Oktyabrın
29-da Zəngilanın işğalından 19 il ötdü. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən
Cəbrayıl, cənubdan
İran, qərbdən
Ermənistanla ilə həmsərhəddir. Ərazisi
707 kvadrat km, əhalisi
isə 35 mindən çox olub. İşğaldan əvvəl
bir şəhər, bir qəsəbə və
83 kənddən ibarət
olan Zəngilanda 9 məktəbəqədər müəssisə,
19 ibtidai məktəb,
15 orta məktəb, bir texniki peşə
və musiqi məktəbi, 35 kitabxana,
8 mədəniyyət evi,
23 klub müəssisəsi
var idi. Avropada ən böyük çinar meşəsi də bu rayonda
idi. Əslən
Cəbrayıldan olan şair-publisist Ayaz İmranoğlu doğulub-boya
başa çatdığı
yurdla bağlı nisgilini belə ifadə edir: «Vətənimizin od
tutub yanan xəritəsindən bir qədim türk yurdu, Oğuz elinin bir parçası
boylanır — Zəngilan!
İnsanlara, təbiətin neçə-neçə
möcüzəsinə, tarixi
memarlıq abidəsinə,
qədim qalalara, uca dağlara, sıx meşələrə,
dərələrə, çaylara,
bulaqlara məskəndir
Zəngilan. Burada səhərlər
çıxan günəşi
öncə Rəzdərə,
Qaraöyün, Qazanşı,
Zərnəli, Sobu zirvələri bağrına
basır, mamırlardan
süzülən buz bulaqların min-min damcısı
sübh şəfəqlərini
muncuq-muncuq doğrayır.
Qədimlik, ululuq hər
gün öz beşiyindən təkrar baş qaldırır.
Ancaq didərgin oğullardan, qızlardan xəbərsiz.
Bu qədim yurd
yeri əsl sahiblərinin dönəcəyi
günü səbirsizliklə
gözləyir. Kim deyir zaman dərdi
ovudur? Ovutsaydı, Vətən həsrətimiz
nəinki ildən-ilə,
aydan-aya, günbəgün
belə alovlanmazdı.
Bəlkə də ilk vaxtlar
yurd itkisinə deyil, daha çox
işğal zonasında
qalan dağılmış
evlərimizə, xalı-xalçalarımıza,
illərlə yığdığımız
var-dövlətə yanırdıqsa,
bu gün bizi yalnız Yurd itkisi, Vətən
həsrəti göynədir.
Və içimizdə püskürən
bu alov bizə
dinclik vermir. «Yurd dönməyincə
sənə rahatlıq
yoxdur»-deyir».
O, düşünür ki, sanki qərib quşlar Vətənə
dönmək həsrətilə
necə alışıb-yanırsa,
yurdundan-yuvasından perik
düşənlər də
bax beləcə o həsrət tonqalının
işığının odundan
qovrulurlar: «Sözləri,
söhbətləri, umduqları
bircə torpaq dərdidir. Qəribədir
ki, doğmalarının
yas mərasimlərində
də bir itirdikləri əzizlərinə
ağı deyirlərsə,
beş də
Vətən deyib sızıldayırlar. Zəngilan!
Qədim
Odlar yurdunun müqəddəs bir sorağı. Vətən düz
19 ildir ki, sənin ayrılığının
həsrəti ilə için-için qovrulur,
yanırıq. Düz 19 ildir
ki, sən tərəfə gedən yollarımız bağlanıb,
yatanda üzü sənə doğru yatırıq. Yuxularımızda yaşayırsan. Zəngilan
rayonu 1930-cu il
avqustun 8-də təşkil
edilib. Ərazisi 707 kvadrat kilometrdir.
Zəngilan rayonu 1 şəhər,
1 qəsəbə və
81 kəndi özündə
birləşdirir. Rayonun mərkəzi
Zəngilan şəhəridir.
Bura
1957-ci ilə qədər
Pirçivan kəndi olub, 1967-ci ildə qəsəbə statusu alıb, 1967-ci ilin sentyabrından isə şəhər adı verilib. Bakı-Naxçıvan dəmiryolunun Mincivan-Qafan
qolu üzərində
Bakıdan 377 kilometr aralıda yerləşir».
1988-ci ildə Qarabağ hadisələri başlayandan
Zəngilan ardıcıl
olaraq erməni yaraqlılarının hücumuna
məruz qalırdı:
«Rayonda yaradılmış
özünümüdafiə dəstələrinin fədakarlığı
ilə zəngilanlılar
düşmənin hücumlarını
dəf edirdi. Zəngilanın işğalının təməl daşları
10 dekabr 1992-ci ildə
11 kəndimizin işğalı
ilə qoyuldu. Böyük strateji əhəmiyyətə
malik olan yüksəkliklər ermənilərın
əlində cəmləşmişdi.
O vaxt baş verən bu hadisə
«Şayıflı faciəsi»
kimi tarixin qara səhifəsinə yazıldı. Həmişə Zəngilana yağlı
tikə kimi baxan ermənilərin arzusu gerçəkləşdi.
Hadisələr başlanandan saysız-hesabsız
hücumlara məruz qalmışdı. Ermənistandan qaçqın düşmüş
soydaşlarımızın bir qismi burada
məskunlaşmışdı. 1988-ci ildən başlayaraq
1993-cü ilin oktyabrına
kimi ön cəbhəyə çevrildi,
mətanətlə yaşadı
Zəngilan. Qubadlının, Cəbrayılın işğalı
Zəngilanı blokadaya
saldı. Bir neçə
ay blokada şəraitində
yaşadı. Ermənilər Zəngilanda ikinci bir Xocalı faciəsi törədəcəkdilər.
Zəngilanlılar güclü
erməni hücumlarına
tab gətirməyib, köməksiz
qaldıqlarından Araz
çayını keçib
qonşu İran dövlətinin ərazisinə
keçdilər. Bu zamanda Arazda boğulub ölən neçə-neçə soydaşımız
oldu. Torpaqlarımız uğrunda gedən
döyüşlərdə zəngilanlılar 235 nəfər
şəhid verdilər.
Onlardan Baloğlan Süleymanov, Adil Rüstəmov, Ramazan Quliyev kimi igidlərin
qəhrəmanlığı indi də dillər
əzbəridir. 200 nəfərdən
çox adam
ömürlük şikəst
oldu, yüzlərlə
ailə başsız qaldı. Əhalimiz öz doğma
el-obasından didərgin
düşdü. Qaçqınlıq, köçkünlük taleyi
qismətimiz oldu.
36 min əhalisi olan Zəngilan rayonunun əhalisi 46 rayonda məskunlaşıb.
Yurda qayıtmaq
eşqi onları həmişə inamlı
edir. Bizim hər birimiz
Zəngilanın bir zərrəsiyik. Dönəcəyik
Yurdumuza. Orada bu zərrələr
birləşəcək, yenilməz
bir gücə çevriləcək. Bu gün də o güc var. Yetər səbirli olmağımız.
İllərdir ATƏT-in Minsk qrupunun bizlərlə «stəkanda
fırtına» əməliyyatı
oynamağı yetər.
Dünyanın ikili standartı
bizlərin səbrini tükəndirib daha.
Zəngilanımız Azərbaycanımızın füsunkar guşələrindən
biri idi. Təmiz havası, suyu can dərmanı idi. Zəngəzur dağlarının şəlalə hörüklü
sularından Araz, Həkəri, Oxçu, Bəsit, Baharlı çayları yaranıb.
Bu gün bizə
qalan o mərcangözlü
bulaqların sularını
gözümüzə yığmışıq.
Xatirələr boylananda qəm-qüssədən
içimizi titrədən
o sulardı yanağımızda
cığır salan.
Bağ-bağatlı evləri, Beşkər,
Süsən, Top meşələri
vardı. Zəngilan özünün
Bəsitçay çinar
meşəsi ilə məşhurdur. Dünyada ikinci,
Avropada yeganə olan bu təbii
çinarlığın ümumi
sahəsi 117 hektara çatırdı, 1974-cü ildə
dövlət qoruğu
elan edilmişdi.
Məhz dünyəvi şöhrətinə
görədir ki, rayonun embleminin əsas elementi çinar yarpağıdır.
Zəngilanın çox qədim keçmişi var. Alimlərin apardığı arxeoloji qazıntılar nəticəsində məlum olub ki, eramızdan öncə də burada yaşayış məskənləri olub. Şahi-şərfan şəhəri, Məmmədbəyli türbəsi, Muğanlı günbəzi, Dəlikdaş və neçə-neçə tarixi abidələr bu yerlərin qədimliyindən xəbər verir. Zəngilan ərazisində bir sıra faydalı qazıntılar — tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardı. Zəngilan daha qədimdən Vətənimizə elm, mədəniyyət adamlarıda bəxş edib. Aşiq Məhəmməd bəy Cavanşir, Məhəmməd Bağbani kimi şairləri ilə tanınıb. Bu gün yüzdən çox alimi ilə Azərbaycanımızın elm-təhsil müəssisələrində xalqın xidmətindədir. Bəli, Zəngilan əsl cənnət idi. Dərdimizdən hali olan dağlar, meşələr, mərcan gözlü bulaqlar, qara keşiş işlərimizi elə düyünləyib ki, Əslinin düymələri tək açılmır ki, açılmır.
Üzümüz o vaxt gülər ki, o dağlardan gül balalarımız gül-çiçək bağlasın.
Qanım düşmən qaşığında,
Yandım dərdin işığında.
Dünya yar-yaraşığında,
Zəngilanım sənsizəm mən.
Naləsi var dağlar deşən,
Öz canı var didişən…
İblisin toruna düşən,
Zəngilanım, sənsizəm mən.
Xəyal harda, ruh ordadı,
Qəm yükümüz dağ boydadı.
Yurdsuz ölmək nə qaydadı,
Zəngilanım, sənsizəm mən.
İmranoğlu səni andı
Sənsizlikdən o da yandı.
Bu savaşda qana-qandı,
Zəngilanım, sənsizəm mən.
Qaçqın, köçkün həmyerlilərimiz bütün zülmlərə dözdü. Zəngilansız ölən Vətən övladlarının məzarları yurdlarından uzaqlarda qazıldı, ancaq inanıram ki, qərib məzarların ruhları başı üstündə dolanır. Zəngilanlılar ümidlidirlər. İnanırlar ki, əbədi-əzəli yurd yerlərinə dönəcəklər».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 30 oktyabr.- S.14.