Elmira Şahtaxtinskayanın yaradıcılığı

 

 Onun əsərləri doğma vətəni ilə yanaşı xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır

 

Azərbaycan təsviri sənətinin formalaşmasında və inkişafında qadın rəssamlarımızın xüsusi xidmətləri olub. Mənəvi yaradıcılıq potensialı tələb olunmaqla yanaşı, ondan da artıq fiziki əmək sərf edilən təsviri sənətin görkəmli qadın rəssamlarından biri xalq rəssamı Elmira Şahtaxtinskayadır.

Tanışlıq üçün qeyd edək ki, Elmira Həbibulla qızı Şahtaxtinskaya 1930-cu ildə görkəmli kimyaçı alim, akademik Həbibulla Şahtaxtinskinin ailsində dünyaya göz açıb. Şahtaxtinskilər ziyalılar nəsli idi və Azərbaycanda maarifçilik hərəkatının inkişafında xüsusi xidmətlər göstərmişdilər. Onların ailəsi əsasən təbiət elmlərinə maraq göstərirdi. Lakin ailə üzvlərindən fərqli olaraq E.Şahtaxtinskaya kiçik yaşlarından incəsənətə, lap dəqiqi rəssamlığa meyl göstərib. O, ilk ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1947-50), daha sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1950-56) alıb. Sonralar «Yaxşı müəllim tələbənin xoşbəxtliyidir» deyə xatırlayacağı müəllimləri — professorlar M.M.Çeremnıx və N.A.Ponomaryovdan professional sənətin incəliklərini əxs edib. Beləliklə, E.Şahtaxtinskaya Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsinin M.M.Çeremnıxın siyasi plakat emalatxanasında təhsilini başa vuraraq doğma Bakı şəhərinə qayıdır və müstəqil bədii yaradıcılıq fəaliyyətinə başlayır.

E.Şahtaxtinskaya əsasən təsviri sənətin qrafika sahəsində fəaliyyət göstərib. Təbii ki, əsl rəssamın təsviri sənətin hansısa sahəsi və ya janrı ilə kifayətlənməsi mümkünsüzdür. Yəni, rəssamın yaradıcılıq dünyasının, onun rəssam təxəyyülünün təzahürü üçün vasitə olan hansısa janrın və ya texniki üsulların konkretliyi qəbul edilməzdir. E.Şahtaxtinskaya maraqlı plakat və dəzgah rəsmlərinin, həmçinin akvarelquaş texnikasında işlənmiş silsilə bədii rəsm əsərlərinin müəllifidir. Onun əsərləri doğma vətəni ilə yanaşı, xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

E.Şahtaxtinskayanın uğurlu bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. Belə ki, o, 1963-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1977-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam bir çox ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Onun Moskva (1967, 1988), Kaunas (1967), Bakı (1967, 1989) və Naxçıvan (1979) şəhərlərində fərdi sərgiləri açılıb.

E.Şahtaxtinskaya yaradıcılığa plakat janrında əsərlər yaratmaqla başlayıb. Onun o zamankı ilk plakatlarının qayəsini sosialist realizmi təşkil etsə də rəssamın plakatları mövzunun özünəməxsus səlis ifadə həlli və güclü bədii təsir qüvvəsi ilə diqqəti cəlb edir. Təbii ki, gənc rəssamın yaradıcılığının ilkin dövrlərində ondan milli mənəvi köklərə bağlı, ənənəvi mövzulu əsərlər gözləmək çox tez idi. Bunu bir tərəfdən onun təcrübəsinin azlığı, qürbətdə rus mütəxəssislərindən dərs alması, digər tərəfdən isə dövrün məlum ideoloji qaydaları ilə bağlamaq düzgün olardı. Bununla bərabər rəssamın plakatlarının rəng həllində, obrazların təsvirində, onların geyimində və sairədə ənənələrə müraciət özünü büruzə verirdi. Yuxarıda qeyd etdiklərimizi E.Şahtaxtinskayanın həyat yoldaşı, xalq rəssamı Oqtay Sadıqzadənin rəssamın yaradıcılığı barədə söylədiyi fikirlər bir daha təsdiq edir: «Elmiranın da dövrün tələbləri ilə çəkdiyi plakatları var. İlk vaxtlar o, daha çox belə əsərlər çəkirdi. Həmin plakatlar Elmiranın yaradıcılığında, bir növ, keçid rolunu oynadı. Təcrübəsi artdıqca belə əsərlər onu qane etmədi. Əsərlərini Azərbaycan tarixinə həsr etdi. Onun çəkdikləri artıq bədii işlər idi. Onlar klassik əsərlər kimi həmişə qalacaq. Mən bunu Elmiranın həyat yoldaşı kimi yox, bir rəssam kimi deyirəm.

Artıq 70-ci illərdən E.Şahtaxtinskaya siyasi plakat janrıyla yanaşı, daha çox Azərbaycanın orta əsrlərdə yaşamış görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin, incəsənət abidələrinin yaddaqalan, cəlbedici və həmçinin hamının başa düşüb, qəbul edəcəyi «dil»də təsvirlərini yaratmağa başladı. Onun yaradıcılığında xüsusi çəkiyə malik «Azərbaycan — qədim mədəniyyət diyarıdır» (1971) silsiləsinə daxil olan otuza qədər plakatı Azərbaycan təsviri sənətində yeni bir bədii yaradıcılıq istiqaməti idi. Bu seriyadan olan əsərlər təsviri sənət tariximizdə dəyərli sənət nümunələridir. Rəssam qeyd olunan silsilə üzərində ömrünün sonunadək ciddi axtarışlar apararaq daim milli ənənələrə həssas yanaşmaqla yüksək bədii estetik zövqə malik, dəyərli əsərlər ərsəyə gətirmişdir. Bu fikirlərimi rəssamın qeyd dəftərçəsində yazdıqları bir daha təsdiq edir. E.Şahtaxtinskaya yazırdı: «Şərq miniatür rəngkarlığının dahiyanə nümunələrinə malikdir. Bunlar öz xarakterinə, bədii formasına, səthi-dekorativ şərtiliyinə, ümumiliyinə və eyni zamanda son dərəcə konkretliyinə görə Şərq plakatının öyrənilməsi və yaradılması üçün bir baza, əsas ola bilər.»

E.Şahtaxtinskaya bu silsilədən olan əsərlərini yaratmaqla həm ölkəsinin milli mənəvi dəyərlərinə sayğısını, öz qədim mədəniyyətinə sahib çıxdığını, özünün vətəndaşlıq mövqeyini bir daha göstərmişdir. Digər tərəfdən isə bu əsərlər — Azərbaycanın qədim mədəniyyət abidələrinin, elm, ədəbiyyat və incəsənət xadimlərinin təsvirləri ölkəmizin minilliklərlə formalaşmış zəngin mədəniyyətinin dünyaya tanıdılmasında misilsiz qaynaqlardır. Rəssamın bu seriyadan olan əsərlərindən «Azərbaycan qədim mədəniyyət ölkəsidir» (1972), «Şahtaxtı və Kül-Təpə küplərinin 4 və 6 min yaşı var» (1973), «Azərbaycan plastikasının 3000 illik yaşı var» (1974), «Azərbaycan poeziyasının klassikləri dünya ədəbiyyatının korifeyləridir» (1972) və habelə şair Qətran Təbrizi (1988), Xaqani Şirvani (1986), Nizami Gəncəvi (1982), İmadəddin Nəsimi (1969), Məhəmməd Füzuli (1984, 1993), Şah İsmayıl Xətai (1986), Hüseyn Cavid (1982), Səməd Vur?un (1976), astranom, coğrafiyaşünas Nəsrəddin Tusi (1973, 1980), Rəşid Bakuvi (1984), mütəfəkkir və filosof Bəhmənyar (1978), musiqiçi və bəstəkar Səfiəddin Urməvi (1973), Əbdül Qadir Marağayi (1985), Üzeyir Hacıbəyli (1975), Müslüm Maqomayev (1985), Fikrət Əmirov (1982), Qara Qarayev (1983), Arif Məlikov (1983), memar, rəssam və xəttat Memar Əcəmi (1976), Soltan Məhəmməd (1976), Mirəli Təbrizi (1988), Səttar Bəhlulzadə (1974), akademik Mirəsədulla Mirqasımov (1983) və digərlərini qeyd etmək olar.

Rəssamın bu silsiləyə daxil olan plakat əsərləri bir-birini tamamlayır və eyni zamanda hər biri ayrı-ayrılıqda müstəqil əsərlərdir. Bu əsərlərə nəzər saldıqda onuncu əsrdən ta iyirminci əsrin sonlarınadək yaşayıb-yaratmış, Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin cəlbedici, yüksək bədii-estetik məziyyətə malik, son dərəcə inandırıcı və təkraredilməz sənət üslubuyla yaradılmış obrazlarla tanış olursan. E.Şahtaxtinskaya yaradacağı şəxsin obrazı üzərində işləyərkən ilk növbədə həmin şəxsiyyətin yaşadığı dövrü, onun həyat və yaradıcılığı barədə araşdırmalar aparır, onu hərtərəfli öyrənir və sonra obrazını yaradırdı. Bir sözlə, rəssam işinə çox ciddi yanaşaraq, apardığı gərgin yaradıcılıq müşahidələrini uğurlu əsərlər yaratmaqla sona yetirirdi. Məhz bunun nəticəsidir ki, rəssamın əsərləri tamaşaçının duyğularını riqqətə gətirir, onu düşündürür.

Götürək Əcəmi Naxçıvaninin 850 illiyinə həsr edilmiş portretini. Rəssam qara fonlu kompozisiyanın mərkəzində məşhur memar Ə.Naxçıvaninin bədənini fas, başını isə profildən qurşağadək portretini yaradıb. Şərq qiyafəli memar sağ əlində üzərində düşündüyü memarlıq layihəsini tutmuş vəziyyətdə və işıqlı çöhrəsi ətrafa yönəlmiş halda təsvir edilib. Əsərin fonunda müəllif uğurlu yaradıcılıq üslubdan faydalanaraq memarın artıq müəllifi olduğu, dünyanın nadir memarlıq incilərindən sayılan, Mömünə Xatun, Yusif ibn Küseyir türbələrini və Naxçıvan memarlıq məktəbinin digər abidələrini elə uğurlu bədii ifadə vasitələri ilə tamaşaçı diqqətinə çatdırıb ki, yaradıcının məharətinə heyran qalırsan. Sadalanan xüsusiyyətləri rəssamın bu silsilədən olan digər əsərlərinə də şamil etmək olar».

E.Şahtaxtinskaya qrafik rəsmlərin, akvarelquaş texnikasında işlənmiş çoxsaylı silsilə əsərlərin də müəllifidir. Rəssam demək olar ki, Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzmişdir. Onun Naxçıvan, Gəncə, Quba, Gədəbəy, Zaqatala, Şuşa və digər rayonların füsunkar təbiətinə həsr etdiyi tablolarında, təbiətdə baş verən ani dəyişiklikləri, bənzərsiz təbiət gözəlliklərini və dolğun həyat lövhələrini ən incə detallarınadək təsvir etməyə çalışmışdır. Buna misal olaraq, «Gecə mənzərəsi» (1958), «Liman» (1960), «Göy-göl» (1960), «Quba yaxınlığında mənzərə» (1963), «Qış mənzərəsi» (1963), «Qarlı dağlar» (1964), «Şuşa dağları» (1968), «Əsgəranda qala» (1970), «Dağ mənzərəsi» (1971), «Şəki yaxınlığında mənzərə» (1973) və digərlərini göstərmək olar.

E.Şahtaxtinskayanın yaradıcılığında «Qutablar» (1966), «Novruz bayramı» (1970) adlı iki əsəri var ki, rəssam bu əsərləri yaradarkən Azərbaycan xalqının ən qədim adət-ənənələrinə, Novruz bayramına hazırlıq mərhələsində, qadınların paxlava, şəkərbura və milli şirniyyat hazırladığı mənzərəni dolğun bədii lövhələrlə və zəngin etnoqrafik çalarlarla təsvir edib. Rəssamın yaradıcılığında xarici ölkələrə həsr etdiyi əsərləri xüsusi əhəmiyyət daşıyır. O, xarici ölkələrə yaradıcılıq ezamiyyətlərində bədii axtarışlarını daha da təkmilləşdirmiş və kolorit həllinin mükəmməlliyi, dəqiq qrafik işlənmə xüsusiyyətləri ilə seçilən əsərlər yaratmışdır. «Nesebr» (1963), «Sozopol» (1963), «Stokholm» (1965) adlı əsərləri sadalananlara misal ola bilər. Rəssam Sozopol şəhərinin panoramını elə ustalıqla təsvir edib ki, tamaşaçı sanki özünü bu şəhərdə hiss edir. Əsərin kolorit həlli müasir qrafikanın bədii texniki imkanlarından ustalıqla yararlanmaqla gerçəkləşdirilib.

Biz rəssamın yaradıcılıq aləminə ümumi nəzər yetirdikdən sonra bu qənaətə gəlirik ki, E.Şahtaxtinskaya daim yaradıcılıq axtarışlarında olmuş, mürəkkəb eksperimentlər nəticəsində fəaliyyətini təkmilləşdirməyə çalışmış və özündən sonra zəngin bədii yaradıcılıq irsi qoyub getmişdir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 31 oktyabr.- S.13.