Oğuzlarla bağlı yer adları

 

Türklərdə qədimdə yer adları igid oğullarının adıyla adlandırılıb

 

Hər bir xalqın yaşaması, var olması bir neçə cəhətlə (dil birliyi, tarix birliyi, etnos birliyi) ilə bağlıdır.

Azərbaycan Türklərinin bu bölgədə yaşamasını, köklü-köməcli xalq olmasını təsdiq edən amillərdən biri olan dil birliyi amilinin təsdiqi özünü toponimlərdə göstərir. Araşdırmaçı Gülxani Pənah Oğuz rayonundakı türkmənşəli toponimləri ardıcıl olaraq araşdırır. O, bildirir ki, Oğuz Türkləri Türk Dünyasının çox böyük hissəsini təşkil edir. Onların tarixi çox qədimdir: Oğuz tayfaları, onların adlarıyla bağlı yer adları, toponimlər üstündən minillər keçsə də, bu gün yaşamaqdadır. Qədim tarixə, böyük mədəniyyətə malik olan III-IV əsrlərdə Albaniyanın ən böyük vilayətləri olan Şəki-Qəbələ arasındakı ərazidə yerləşən Oğuz rayonu tarixin kəşməkeşli dövrlərini yaşayıb. Tarixçi İsrafil İsmayılov yazır ki, 17 kitabdan ibarət Coğrafiya əsərinin müəllifi, qədim yunan tarixçisi Strabon Qafqaz Albaniyası haqqında konkret məlumatlar veribindiki Şəki-Zaqatala zonasının (Oğuz da bu bölgəyə daxildir-G.P.) 20-25 əsr ondan əvvəl abad və əhalisi sıx olan yaşayış yerləri olduğunu göstərib.

Qədim tayfa və birliklərin adları bu yerlərdə indi də qalmaqdadır: Hələ XI əsrdə Mahmud Kaşğarlı yazdığı Divani-lüğəti-t-türk əsərində Oğuz türklərinin gücündən, qüdrətindən bəhs edir və onların daha güclü boy olduğunu bildirirdi. Bu boyların hər birinin öz adı varbu da göstərir ki, oğuz türkləri uzun əsrlər boyu tayfa adlarını qoruyub saxlayıblar. İç ok (İç Oğuz) və Boz ok (Taş Oğuz) deyilən iki qola ayrılaraq onların bir hissəsi dağətəyi, dağlıq ərazilərdə məskunlaşıblar. Türklərin ən çox məskunlaşdığı Böyük Qafqaz dağlarının ətəklərində bir çox yer adları, yaşayış məskənləri bu yerlərdə ilk öncədən məskunlaşmış tayfa və birliklərin adlarını özündə yaşadır. Belə ki, Oğuz rayonunun ərazisində Daş üz adıyla tanınan yerdə 1953-1956-cı illərdə arxeoloji qazıntılar aparılıb, bir zamanlar buraların böyük bir yaşayış məskəni olduğu müəyyənləşdirilib. Əraziyə yaxın yerlərdəki Qazan xan qalası, Vardan türbəsi və digər qala və qəsrlərin adları bir çox tarixi həqiqətlərin yenidən araşdırılması üçün gərəkli, dəyərli, elmi axtarışların, araşdırmaların dərindən aparılmasınının vaxtının çatdığından xəbər verir. Təsadüfi deyil ki, əslən elə Oğuzda dünyaya göz açmış, bu yerlərin tarixinə dərindən bələd olan arxeoloq-tarixçi alim Saleh Qazıyev Daşüzona yaxın ərazidə apardığı tədqiqat işləri ilə, əldə etdiyi nəticələrə görə alimlərə-dilçilərə, tarixçilərə, etnoloqlara dəyərli, elmi yeniliklər bəxş edib. Tədqiqatlar zamanı əldə edilmiş maraqlı, zəngin məlumatlar yer altından çıxan müxtəlif bəzək əşyaları, qab-qacaqlar, əmək alətləri, xüsusilə Kərimli (keçmiş adı Vardanlı) və Qarabaldır kəndləri arasındakı qəbirstanlıqda aparılan tədqiqat işləri bir çox qaranlıq qalmış məsələlərin aşkarlanmasına, aydınlaşdırılmasına imkan yaradır. Minillərdən öncə burada məskən salmış saklar, skiflər, udilər, utilər və digər tayfaların soykökündə türkdilli tayfaların durduğu, burada lap qədimdən məskən saldığı sirr deyil. Türk dillərinin, türk xalqlarının tarixinin, mədəniyyətinin araşdırıcısı, professor Elməddin Əlibəyzadənin Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr) kitabında təxminən 8-10 minillik bir dövr tədqiq olunur, burada mənəviyyat tariximizin ilkin qaynaqları öyrənilir. Tədqiqatçının adlarını çəkdiyi bu tayfalar, bu yerlərdə məskunlaşmış, qaynayıb-qarışmış, çarpazlaşmış Azərbaycan-Türk xalqının, millətinin formalaşmasında həlledici rol oynayıb. Sonralar bu yerlərə axışıb gəlmiş digər türk tayfaları yerli tayfalarla qaynayıb-qarışıblar. Azərbaycan xalqının soykökündə duran bu tayfaların adlarıyla bağlı yer adları bu günOğuz rayonunun ərazisində qalmaqdadır.

Mahmud Kaşğarlının əsərində adlarını çəkdiyi Qınıqlar, Qanığlar, Bayandurlar, İvfalarya Yelfalar, Salğurlar, Əfşarlar, Bəğtilər, Bəkdüzlər, Bayatılar, Eymürlər, Qarabölüklər, Alqabölüklər, İkdirlər, Ürəgirlər, Tuturcalar, Tükərlər, Beçeneklər, Çuvaldarlar, Çəpkilər, Çarluqlar Oğuz tayfalarıdır, boylarıdır. Oğuz rayonunun ərazisində məskunlaşmış Bayat, Alpout, Quqarlar, Xələc və digər tayfaların oğuz tayfaları olduğunu bildirən tarixçimiz fikirlərində haqlıdır. Bu boylarla bağlı buradakı yer adları türk cəngavərlərinin, qəhrəmanlarının adlarını daşıyır. Məsələn, Vardanlı kəndinin adı tarixdə adı məşhur olan, soykökümüzün əsasında duran tayfa və qəbilələrin ilk dövləti olan Albaniya dövlətinin tarixi şəxsiyyətlərindən birinin adı ilə adlandığı şübhə doğurmur. Musa Kalankatuklunun Albaniya tarixi əsərinə əl gəzdirib özününküləşdirmək siyasəti yeridən ermənilərin fırıldaqçı tarixçilərinin, din xadimlərinin yalançı yazılarına baxmayaraq bu kitabda bir çox tarixi həqiqətlər yaşayıb və bugünümüzə gəlib çatıb. Erməni sərkərdəsi kimi qələmə verilən Vardan Cəsur Vardan olub, bir zaman Alban dövlətinin möhkəmlənməsində mühüm rol oynayan, əski türk tayfalarına yaxın olan hunlarla əlaqələr yaradan, onların alban dövlətinin ərazisinə gəlməsində, buradakı yerli türk tayfalarıyla qaynayıb-qarışmasında mühüm rol oynayan əski soykökümüzə mənsub tarixi bir şəxsiyyət kimi qiymətləndirilməsi həqiqətdir. Kəndin ərazisində indiqalmaqda olan Vardan türbəsi adlanan abidələrdən biri bu adla bağlı bəzi məsələlərə aydınlıq gətirmək baxımından qiymətlidir. Döyüşkənlik, cəsurluq, yenilməzlik Cəsur Vardana bir türk oğluna məxsus keyfiyyətlərdir.

Albaniya tarixi kitabında öz döyüşkənliyi, cəsarəti ilə tanınan Vardanı hunlar ölkəsinə səfir göndərirdilər və ona hunlarla danışıqlar aparmaq və sarsılmaz ittifaq bağlamaq haqda tapşırıq verildi. Bütün baş verən hadisələr barəsində xəbərləri eşidən hunlar hər şeyi öz gözləri ilə görmək üçün oraya nümayəndə göndərirdilər və görəndən sonra səmalardan endirilmiş qanunlara əsasən and içdilər, xaçpərəstlərin möhkəm ittifaqı haqda anlayışlarını qəbul etdilər. Beləliklə, bütün arzularına nail oldular (Ziya Bünyadov).

Yalnız öz soydaşlarına yaxşılıq edib hunlar sülh şəraitində Qafqaza gəlmişdilər. Böyük Hun imperiyası yaradıb, tarixdə ad alıb, həmişə gözəl təbiəti, iqlimi sevən türklər hunlar bu yerlərdə məskən salmış yerli türk tayfalarının razılığı ilə bu yerlərə səfər edibsonralar burada da məskunlaşıblar. Vardan da onların layiqli elçisidir.

Moisey Kalankatuklunun Albaniya tarixi əsərində Varaz Qriqorun babası Cavanşirin ulu babası Cəsur Vardan Mehranilər sülaləsindən olub, ilk dəfə olaraq xristianlığı qəbul edib. İgid Vardanın nəvəsi Varaz Qriqorun (628-636) hökmranlığında Mehranilər xristianlığı qəbul edib. Birinci dəfə imperator İrakli, ikinci dəfə isə Katalikos Viro tərəfindən xaç suyuna salınmışdı. Mehranilər sülaləsinin görkəmli nümayəndəsi Varaz Qriqorun ikinci oğlu knyaz Cavanşir idi (637-680). Onun hökmranlığı dövründə ərəblər Arranı istila etməyə başladılar. Söhbət heç də xristianlığın və ya islam dininin qəbul edildiyi tarixin deyil, Vardan kəndinin adı, etimologiyası ilə bağlı aparılan işdən gedir. Türk tayfalarında yer adlarının türk xalqlarının igid, cəsur oğullarının adıyla adlandırılması bizə məlumdur. Çünki bu xalqlar öz qəhrəmanlarını, onların sücaətini, adını əbədiləşdirmək ənənəsinə lap qədimdən malikdirlər və Vardan kəndinin adı da bu qəbildəndir.

Oğuz-türk tayfalarından birinin adı Bayandurlardır. Mahmud Kaşğarlı Divanında Bayandurlar haqqında məlumat verilir. Oğuz rayonunun Bayan kəndinin adı bu tayfa, boyun adıyla ilişgilidir. Kitabi-Dədə Qorqud dastanında Oğuz elinin xaqanı xanlar xanı Bayandır xandır: Oğuz rayonunda Oğuz qalası, Qazan xan qalası digər qədim qala abidələrin adları nəyi sübut etmir? Bayan kəndinin adı da Bayandurlar qəbiləsinə, oğuz-türk tayfasına aiddir. Bu adla bağlı yer adları respublikamızın digər ərazilərində var. Şəmkirdə, Şamaxıda Bayan dağı, Türkiyədə Bayandur şəhəri, Bərdədə Bayandurlu kəndi, Laçında Bayandurlar çayı, Oğuzun Qumlaq-Bayan şosse yolunun kənarındakı Bayandır talası (bura Baydar talası da deyirlər) adlanan yer adları oğuzların Bayandurlar adlanan böyük tayfasının adıyla bağlı yer adları olduğuna şübhə edilmir. Oğuz rayonunun ən qədim yaşayış məskənlərindən olan Daşağıl kəndinin adı da türkdillidir. Daş (dış) Oğuz kimi, eləcə dışarı (kənar) kimi izah edənlərin fikriylə yanaşı bunu da nəzərə çatdırırıq ki, bu kənddə böyük ağıllar-qoyunçuluq üçün yararlı yerlər çoxdur. Hətta xalq arasında belə rəvayət var ki, ölkənin hökmdarı təssərrüfatı, mal-qaranı yadellilərin işğalından qorumaq üçün Xalxalda, Daşağılda böyük ağıllar tikdirmişdilər. Bu ağılların qalıqları indi qalmaqdadır. Daşağılda Qazanın ağlı deyilən ərazidə daşdan-çay daşlarından tikilmiş tikililərin qalıqları özünün tarixi araşdırmasını gözləyir. Daşağıl sözü həm çoxlu daş yığınının mövcud olduğu ərazi, həm qoyunlar saxlanan ağılın (daş hasara alınmış ərazi) daşdan hörüldüyünə işarədir. Bu kənd coşğun dağ sellərinin yığıb gətirdiyi daşlarla zəngindir. bu kənddə evlərin əksəriyyəti çaylaq daşlarından tikilib. Ərazidə mal-qara örüşü üçün əlverişli şərait var. Oğuzun Qarabulaq, Qarabaldır kənd adları bir zaman yüksəklik, ucalıq rəmzi kimi götürülən dual təsəvvürlərdən əvvəl yaranmış Qarabölükdür. Bu kəndlərin adları da tayfa adlarıyla bağlı ola bilər. Kitabi-Dədə Qorqud dastanlarının qəhrəmanları Qarabudaq, Qaragünə kimi Qarabaldır, Qarabulaq kənd adları da türk mənşəli olub, qədimdir. Orta əsrlərdə Qafqaz Albaniyasında Xalxal adlı şəhərin mövcud olduğu söylənilir.

Oğuzun Xalxal kəndi çox qədimdir. Bu kəndin dağılmış, sökük olsa, bu günə qədər mövcud olan qala divarları, bir sıra məhv olmuş qəsrlərin qalıqları onu deməyə əsas verir ki, bu yerlər Böyük Qafqazın ətəklərində yerləşmiş ən səfalı yerlərdən olub buradan tapılan tarixi əşyalar onun qədim mədəniyyətə malik olduğunu göstərir. Əgər tarixçilərimiz, arxeoloqlarımız bu yerlərin zəngin qədim tarixini öyrənmək üçün tədqiqat işlərini genişləndirsələr, hələ çox açılmamış, elm aləminə qaranlıq qalmış mətləblərin açılmasına, öyrənilməsinə imkan yaranar. Xalxal tayfa adı da var. Bu yerlərdə irili-xırdalı iyirmiyə qədər azsaylı kiçik xalqların nümayəndələri bu gün yaşamaqdadır onlar dillərini, mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayırlar. Çox qəribədir ki, bu yerlərdəki iyirmi iki kəndin hər birinin özünəməxsus adət-ənənəsi var bunlar bir-birindən öyrənməklə, qaynayıb-qarışmaqla Vahid Azərbaycan dövlətinin yaranmasında inkişafında iştirak etməklə yanaşı, öz əsillərinə, soyadlarına da sədaqətli qalıblar.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 7 sentyabr.- S.14.