Aşıq musiqisi dünyasının memarı

 

Azərbaycan musiqi mədəniyyətinin və elminin inkişafında özünəməxsus yeri olan tanınmış şəxsiyyətlərdən biri Tariyel Məmmədov haqqında bu yazı üzərində işləyərkən, düşünürdüm ki, bu mənim üçün elə də çətin olmaz. Lakin Tariyel müəllimin yaradıcılıq həyatının səhifələrini vərəqlədikcə, gördüm ki, onun çoxcəhətli fəaliyyətini açmaqoxuculara çatdırmaq, daha doğrusu, oxucunun gözü qarşısında bir alimin, musiqişünasın, pedaqoqun, musiqi xadiminin və nəhayət, bir vətəndaşın, azərbaycanlının portretini canlandırmaq necə çətinmiş.

Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovu musiqi ictimaiyyəti arasında tanımayan yoxdur. Çünki hamı «Musiqi Dünyası» jurnalı haqqında söz düşəndə, mütləq, onun naşiribaş redaktoru Tariyel müəllimin adını çəkir. O, həm də musiqi mədəniyyətində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir çox layihələrin müəllifi kimi məşhurlaşmışdır. Bununla belə Tariyel Məmmədovu biz ilk növbədə görkəmli musiqişünas alim, aşıqşünas kimi tanımışıq. Buna görə də Tariyel Məmmədovun yaradıcılığını ətraflı səciyyələndirmək üçün onun hər bir fəaliyyət dairəsi haqqında ayrıca danışmaq istərdim.

Məlumdur ki, XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığının beşiyi başında duran Üzeyir Hacıbəyli, demək olar, musiqi mədəniyyətinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmiş, o cümlədən, elm sahələrinin irəliləyişinə təkan vermişdir. Üzeyir bəyin elmi yaradıcılığında biz Azərbaycan musiqi mədəniyyətinə, xüsusilə şifahi ənənəli musiqi irsinə dair ilkin məlumatları alırıqsa, onun elmi yaradıcılığını başlanğıc nöqtə hesab ediriksə, ondan sonra yetişən musiqişünaslıqda elm sahələrinin şaxələnməsini və hər bir sahənin əsaslı öyrənilməsini müşahidə edirik. Xüsusilə XX əsrin II yarısında Azərbaycan musiqi elminin bir qolu olan etnomusiqişünaslıqda ayrı-ayrı sahələrin tədqiqi və bir elm sahəsi kimi formalaşması önə çıxır: folklorşünaslıq, aşıqşünaslıq, muğamşünaslıq, alətşünaslıq kimi qollar ayrılır.

Bu baxımdan, əlbəttə ki, aşıqşünaslığın bünövrəsi Üzeyir Hacıbəylidən başlayaraq, onun tələbəsi olmuş Əminə Eldarovanın elmi yaradıcılığı ilə qoyulmuşdursa, Tariyel Məmmədovun fəaliyyətini aşıqşünaslığın yeni mərhələsi hesab etmək olar. Cəsarətlə demək olar ki, aşıqşünaslığın bir elm sahəsi kimi yeni inkişaf müstəvisinə çıxmasında Tariyel Məmmədovun mühüm rolu olmuşdur, elə «aşıqşünaslıq» termininimusiqi elminə o, gətirmişdir. Tariyel müəllimdən sonra isə onun yetirmələrinin — Azad Ozan Kərimli, Kamilə Dadaşzadə kimi musiqişünasların tədqiqatları ilə aşıqşünaslığın hüdudları daha da genişlənmişdir.

Tariyel Məmmədovun elmi fəaliyyəti əsasən 1980-ci illərdən başlanır. O, 1983-cü ildə Moskvada «Koroğlu dastanında epik havalar» mövzusunda namizədlik dissertasiyasını, 1989-cu ildə «Azərbaycan aşıqlarının ənənəvi havaları» mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Onun elmi yaradıcılığının əsas mövzusunu təşkil edən aşıq sənəti bu iki dissertasiyada müxtəlif tərəflərdən açılmışdır.

Qədim saz-söz sənətinin türkdilli xalqlar arasında ən geniş yayılmış nümunəsi olan «Koroğlu» dastanının timsalında tədqiqatçı şifahi ənənəli musiqidə dastan yaradıcılığının əsas cəhətlərini, kompozisiya xüsusiyyətlərini, sözmusiqinin əlaqəsi məsələlərini, Koroğlunun adı ilə bağlı olan silsilə epik havaların yaranmasını üzə çıxarmışdır. Bu tədqiqatın nəticəsində meydana gələn «Koroğlu havaları» (Bakı, 1984) monoqrafiyasının əhatəli və dərin məzmununda da bunlar öz əksini tapmışdır.

Sonrakı araşdırmalarında Tariyel Məmmədov tədqiqat obyektini daha da genişləndirərək, Azərbaycan şifahi ənənəli musiqi irsinin mühüm tərkib hissəsi olan ənənəvi aşıq havalarını toplamış, nota yazmış və onları təhlil edərək, mühüm elmi nəticələr əldə etmişdir. Bu tədqiqatlarının təcəssümünü isə onun «Azərbaycan aşıqlarının ənənəvi havaları» (Bakı, 1988) nəşrində görürük. Burada Tariyel Məmmədov tərəfindən nota yazılmış 60 ənənəvi aşıq havası yer almışdır ki, bu da Azərbaycan musiqişünaslığında aşıq havalarının əsaslı, böyük həcmli not nəşri hesab olunur.

Xatırladaq ki, aşıq havalarının ilk not yazılarının nəşri xalq artisti, bəstəkar Səid Rüstəmov tərəfindən 1938-ci ildə həyata keçirilmişdi və 4 dəftərdən ibarət olan bu nəşr özündə cəmi 14 havanı əhatə edirdi. Yeri gəlmişkən onu da qeyd edək ki, aşıq yaradıcılığının ilk dəfə olaraq xüsusi araşdırılması ilə məşğul olan sənətşünaslıq namizədi Əminə Eldarova öz tədqiqatlarında Səid Rüstəmovun not yazılarına və 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərmiş Elmi-Tədqiqat Musiqi Kabinetində toplanan materiallara əsaslanırdı. Bununla müqayisədə əlli illik bir müddətdən sonra Tariyel Məmmədov tərəfindən aşıq havalarına müraciət olunması, onların belə böyük miqdarda toplanaraq nota yazılması, çapı və tədqiqi musiqişünaslığa əhəmiyyətli töhfə idi.

Tariyel Məmmədovun not nəşrlərini fərqləndirən başlıca cəhət onların məhz müasir elmi tələblər səviyyəsində nota alınma xüsusiyyətləridir. Eyni zamanda, Tariyel Məmmədovun tədqiqatlarında aşıq yaradıcılığı nümunələrinin toplanması, yazıya alınması, qorunması, öyrənilməsi və təhlili metodikası işlənmiş və əsaslandırılmışdır. Əlamətdardır ki, Tariyel Məmmədov doktorluq dissertasiyasının müdafiəsindən sonra da, necə deyərlər, qələmi yerə qoymamışdır, o, bu günə kimi öz tədqiqatlarını davam etdirir və aşıqşünaslığın hüdudlarını genişləndirməyə çalışır. Onun «Azərbaycan professional xalq musiqisi: aşıq sənəti» dərs vəsaitinin çap olunması, «Musiqiçinin elektron kitabxanası» veb-saytında aşıq havalarının not yazılarının bir sıra yeni nümunələrinin yerləşdirilməsi bunu təsdiq edir.

Tariyel Məmmədovun sonuncu kitablarından biri olan «Azərbaycan klassik aşıq havaları» kitabı da xüsusi ilə diqqətəlayiqdir. Alimin yubileyi ərəfəsində işıq üzü görən «Azərbaycan klassik aşıq havaları» (Bakı, 2009) kitabında müxtəlif aşıq məktəblərinin təmsilçilərinin yaradıcılığını əks etdirən klassik örnəklərə müraciət olunması, not yazılarının saz alətinin köklərinə uyğun sistemləşdirilməsi yeni cəhətlərdəndir. Not yazıları ilə bərabər nəşrə əlavə olunmuş diskdə Azərbaycanın görkəmli aşıqlarının ifasında klassik havaların səsləndirilməsi də elmi, təcrübi və pedaqoci əhəmiyyətə malikdir.

Ümumiyyətlə isə Toğrul Məmmədovun elmi yaradıcılığı təkcə aşıq sənəti ilə məhdudlaşmır, şifahi ənənəli mədəniyyətin problemləri onu düşündürür. Bu baxımdan onun metodik tövsiyələrində və məqalələrində qaldırılan problemlər, tədqiqat aspektlərinin işlənilməsi alimin elmi baxışlarının genişliyini əks etdirir. O, dəfələrlə iştirak etdiyi ABŞ, Belarus, Litva, Özbəkistan, Tuniss. ölkələrdə keçirilən beynəlxalq konfranslardakı məruzələrində və xarici nəşrlərdə dərc olunan məqalələrində də şifahi ənənəli musiqinin aktual problemlərini elmi ictimaiyyətin diqqətinə çatdırır.

Tariyel Məmmədov bir alimpedaqoq kimi öz elmi axtarışlarını müəllimlik fəaliyyəti ilə uzlaşdırmağı bacarır. Belə ki, o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasının professoru kimi «Azərbaycan xalq musiqi yaradıcılığı», «Azərbaycan xalq musiqisinin əsasları», «Mənbəşünaslıq», «Xalq musiqisinin aktual problemləri», «Şərq xalqlarının şifahi ənənəli musiqisi» fənləri üzrə mühazirələrində tələbələrin diqqətini müasir elmi tələblərə yönəldir, mütəxəssislərin hazırlanmasına ciddi yanaşaraq, onların hərtərəfli bilik əldə etməsinə çalışır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 29 sentyabr.- S.13.