«Gəncəyə yalnız mən öləndən sonra girə bilərsən»

 

 Cavad xanın ölümündən 209 il ötdü…

 

Gəncə xanlığının süqutundan və Cavad xanın ölümündən 209 il ötdü. Məhz bu hadisədən sonra Azərbaycanın digər xanlıqlarını Rusiya imperiyası mərhələ-mərhələ ram edə bildi. Tarixi faciələrimizin başvermə səbəblərindən əsası bir daha təsdiqini tapdı: birliyimiz olmayanda itirdik.

Birliyimizin olmaması vahid dövlətimizin olmaması ilə sonuclandı. 19-cu yüzilin əvvəllərində Rusiya imperiyası isə daim güclənirdi. Bu, imperiyanın xislətidir: ardıcıl olaraq artmalıdır. Təbii olaraq, imperiya artmayanda azalma başlayır, süqut təsdiq olunur. Gəncə xanlığının süqutu tarixdən dərs götürməyimiz üçün ciddi bir məqamdır.

Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748-ci ildə anadan olub. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığıyla Rusiya imperiyasının işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birgə qəhrəmancasına həlak olub. Cavad xan XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk 9 Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Cavad xan yaxınlaşan Rusiya təhlükəsini duymuş və Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin bu təhlükəyə qarşı birgə çıxış etməsi üçün çabalar göstərmişdi. Hətta Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları, gürcü şahzadəsi birgə mübarizə aparacaqları ilə bağlı and da içmişdilər. Ancaq rus qoşunlarının hücumu zamanı Gəncə xanı tək qaldı.

1799-cu ildə rus qoşunları Gürcüstana girdi. 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verildi. Qafqazda rus qoşunlarının komandanı rus generalı Pavel Sisianov Tiflisdən Cavad xana yazdığı məktubunda dostluq və sədaqət əlaməti olaraq Uğurlu xanı yanına göndərməsini tələb edir. Cavad xan tələbləri yerinə yetirməkdən imtina edir. 1803-cü il noyabrın 22-də ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edir. Sisianov yenidən Cavad xana məktub yazır, şəhəri təslim etmək barədə ultimatum verir.

Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy yazır ki, Cavad xan qoşununu və yaxın adamlarını başına yığaraq düşmənin üzərinə yeriyir. Döyüş Nizami Gəncəvinin məqbərəsi yaxınlığında, Quru qobu adlanan yerdə baş verir. Gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilir. Onları təqib edən ruslar şəhərə girir, qalanı hər tərəfdən mühasirəyə alırlar. Sisianovun hədələrinə Cavad xan eyni cavabı verir: «Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu, olan deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür

1804-cü il yanvarın 3-də ruslar qalanı hücumla almaq qərarına gəlirlər. Gəncəlilər böyük qəhrəmanlıq göstərirlər, ancaq ruslar qalanı ələ keçirməyə müvəffəq olurlar. Bu döyüşdən sonra Gəncə Rusiyanın himayəsinə keçir, xanlıq ləğv olunur. 1826-cı il iyulun 26-da Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ alır, qısa müddətdə də olsa xanlığı bərpa edə bilir. 1805-ci ilin mayında, eləcə də ondan əvvəl Azərbaycanın tarixi taleyində baş verən hadisələr faciəvi «Gülüstan» müqaviləsinə gətirib çıxartdı. Həticədə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqları Rusiyaİran arasında bölüşdürüldü. Bu tarix Azərbaycan türklərinin taleyində ən kədərli günlərdən biridir. Fəlakətli tarixə gəlib çıxıncaya qədər çoxlu itkilərimiz oldu. Tarixçi-alim Vaqif Abışov bildirir ki, həmişə olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsiz gərgin idi. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətinin olmaması idi: «O dövrdə Azərbaycanda mövcud olan xanlıqlar 3 qismə bölünmüşdü. Bunların bir qismi İrana meyl edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli sayırdı, qalanları isə Osmanlı imperiyasının himayəsini qəbul edirdi. Bu xanlıqların içərisində elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə birləşdirə bilsin. XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalına başlanıldı. Gəncə xanlığı işğal olundu, orada xanlıq sistemi ləğv edildi. Bundan sonra bir çox xanlıqlar Rusiyaya meyl etməyə başladılar, çünki artıq qorxu prinsipi yaranmışdı. Qorxu həm də Qacarlar sarıdan idi. Gəncə xanlığı işğal olunandan sonra Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyanın himayəsinə keçmək haqqında razılığa gəlirlər. Azərbaycanın şimal xanlıqları birləşə bilmədilər. Rusiya bu vəziyyətdən məharətlə istifadə etdi. Azərbaycan xanlıqları öz daxili idarəetmələrini qoruyub saxlamaq istəyirdilər, xaricdən isə Rusiyanın himayəsini qəbul edirdilər. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlilxan Rusiya ilə Qarabağ xanlığı arasında bağlanan «Kürəkçay» müqaviləsinə əsasən xarici siyasətdən məhrum oldu, daxildə isə xanlığın idarəetməsini qoruyub saxladı. Habelə ərazisində rus qoşunlarını saxlamağı öhdəsinə götürdü. Səlim xan İbrahimxəlil xanın qohumu idi. Mayın 21-də Şəki xanlığı da Rusiyanın təəbəliyini qəbul etdi. Şirvan xanı Mustafa xan ruslara qarşı bir az müqavimət göstərdi, ancaq o da Rusiya imperiyasından bərk ehtiyatlandığından 1805-ci il dekabrın 27-də Rusiyanın himayəsini qəbul etdi, «Kürəkçay» müqaviləsinə qoşulduğunu bəyan etdi, öz ərazisində rus qoşunlarını saxlamağa razı oldu. Bu xanlıqlar habelə hər il Rusiya xəzinəsinə rus manatıyla 8 min çervo xərac verməli idilər. Xanların hər birinə çar general-rütbəsi verilir, onlara dövlət büdcəsindən əməkhaqqı kəsilirdi».

Azərbaycan yuxarıda adları sadalanan ölkələrin faktiki döyüş, siyasi mübarizə, hərbi münaqişə meydanına çevrilmişdi. Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətli vəziyyətdən artıq qaçmaq mümkün deyildi: «Təbiidir ki, heç bir dövlət o birinə qətiyyən güzəştə getmək istəmirdi. Bu məqamlarda Azərbaycan xanlıqları artıq vəziyyətdən salamat çıxmaq haqqında da düşünməyə başladılar. Ancaq bəziləri üçün bu, fəlakətlə nəticələndi. Qarabağ xanı İbrahimxəlil xan ruslar tərəfindən qətlə yetirildi. Bu mənada Türkmənçay fəlakətinə qədər olan mərhələdə Azərbaycan xanlıqlarının daxili vəziyyəti son dərəcə gərgin idi. İqtisadiyyat dağılmışdı, xanlıqların həyat tərzi, daxili qaydaları da istər-istəməz dağınıq bir vəziyyətdə idi. Məhz həmin dövrün siyasi ab-havası, başlıcası isə xalqın müqavimət ruhuna yetkin səviyyədə kökləndirilməməsi böyük mənada mübarizəni mümkünsüz etdi. Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün xeyli cəhd etmişdilər. Ancaq təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədini reallaşdırmaqda Güney Azərbaycanda Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı mane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxilixarici səbəblərdən reallaşmadı. Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı yüzillərdə, xüsusən Səfəvilər dövründə azərbaycanlıların biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür.

V.Abışov bildirir ki, həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimi güclü bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul olur, rus hərbi hissələrində xidmət edir, bir sözlə, Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr qazanması üçün əllərindən gələni edirdilər. Mahiyyətcə belə bir tarixi fəlakət «Gülüstan» müqaviləsi zamanı reallaşdı. Birinci mərhələdə Azərbaycanın Haxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalmaq şərtilə, qalan ərazilər Rusiyanın tabeliyinə keçdi. 1813-cü ildən sonra bu tarixi fəlakətə qarşı demək olar, müqavimət olmadı. Əslində müqavimət bu dövrədək olmuşdu. Məsələn, Bakı xanlığı Rusiyaya tabe olmadı. Qafqazda rus qoşunlarının baş komandanı Sisianovun başı Bakı xanı Hüseynqulu xanın qohumu İbrahim xan tərəfindən kəsildi. Qarabağ xanı İbrahimxəlil xan ailəsi ilə birlikdə məhv edildi. 1813-cü ilin 12 oktyabrında imzalanmış Gülüstan müqaviləsindən sonra burada ciddi narazılıq müşahidə edilməməsinin səbəbi o idi ki, artıq əhalinin inadı qırılmışdı. Xanlıqlara verilən imtiyazlar 1805-ci ildən 1826-cı ilə kimi davam etdi. Bu dönəmən sonra yuxarıda sadalanan güzəştlər də ləğv edildi. Şəkidə 1819-cu ildə, Şamaxıda 1820-ci ildə, Qarabağda 1822-ci ildə, Lənkəranda 1826-cı ildə xanlıq sistemi ləğv edildi, komendant idarəetmə sistemi yaradıldı.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 6 yanvar.- S.14.