“Yeni dövrün ədəbiyyatçıları yetişir”

 

Yeganə xanım, yeni nələr var həyatınızda? Yaradıcılığınız necə gedir?

-Neçə illərdir üzəriundə işlədiyim bir kitab var.  eyni zamanda da romanla paralel olaraq filmlər üzərində çalışıram. Artıq iki romanım hazırdır. Uzun müddət səssizliyini qoruyan, susan birisi necə oldusa sürətlə yazmağa başladım. Bu dövrdə bir neçə hekayələr qələmə aldım ki, bu hekayələr uşaqlığımdan bəhs edir. Və bu da mənə ən azı romanlarım qədər əzizdir.

-Yeganə xanım, siz Fərman Kərimzadənin qızısınız. Bunu bilənlər bilir, bilməyənlərə də biz sizi təqdim edək. Bir az istərdim ki, Fərman Kərimzadə haqqında danışaq… Yeganə xanımın yaddaşındakı Fərman Kərimzadə ilə kitablarını oxuduğumuz Fərman Kərimzadə arasında nə kimi fərqlər var idi?

- Bu yaxınlarda bir hekayə yazmağa başladım uşaqlığımla bağlı. Həmin hekayə belə başlayırdı: “Genetik yaddaşımı araşdırmağa başlayanda ilk növbədə atamı düşünməyə başlayıram”. Mən həmişə onu yadıma salanda elə bilirəm ki. onun saçları günəş idi. Gələndə elə bilirdim ki, bir dağ yeriyir. Qeyri – adi bir yerişi var idi, o, addımlayanda mənə elə gəlirdi ki, o, addımları ilə torpağı qucaqlayır.

Yerişi ilə, duruşu ilə, hərəkətləri ilə o, qeyri – adi idi. Uşaqla uşaq idi, böyüklə böyük. Ən adi şeylərdən belə kövrələ bilirdi. Deyək ki, mən xəstə olanda əgər mənə iynə vururdularsa o, həmin otaqda dayanmazdı. Keçirdi yan otağa.  Həmin otağa keçib ağlaya bilərdi. O, ailədə hamı ilə dost idi. Qayınlarına o, atalıq edirdi. Böyük qardaşlıq da yox. atalıq edirdi. Məhz atalıq. Bütün nəsil – kök, bütün ailə, bütün dostları mənə elə gəlir ki, hamı onun işığına yığışırdı. Və o, olmayandan sonra hamının bir kənara çəkilməsi mənə bir daha sübut elədi ki, bəli, elə doğurdan da hamı onun işığına yığışırdı.

Yazıçı kimi isə gərək onu xalq qiymətləndirsin. Çünki, mən nə qədər desəm ki, Fərman Kərimzadə böyük yazıçıdır, nəticə etibarı ilə o, mənim atamdır. Amma mənim üçün böyük yazıçı idi, mənim üçün tarix yazan bir insan idi. Salnaməçi idi hər şeydən əvvəl mənim üçün. Hər zaman onun ilk əsərlərinin oxucuları bizlər olmuşuq. Nəinki, ilk oxucusu, ilk dinləyicisi biz olmuşuq. Onun çox gözəl bir xüsusiyyəti var idi, yazdıqca yığırdı bizi otağına və oxuyurdu yazdıqlarını. Fərman Kərimzadənin ilk oxucuları da biz idik, ilk oxucuları da biz idik. Tanınmış yazıçılar, şairlər yığışırdı bizə, atam öz əsərlərini hissə – hissə onlara oxuyurdu.

-Fərman Kərimzadə yazı prosesində necə idi?

- O, yemək yeyərkən qəfil durub yazı masasının arxasına keçə bilərdi. Yəni, onun üçün günün müəyyən saatlarında oturub yazacaq deyə bir qayda yox idi. ya da görürdün, heç nə yazmırdı uzun müddət, artıq onun üçün yazmaq maraqlı olanda tənhalığa çəkilirdi. Anam bilirdi ki, artıq atam hansısa bir yaradıcılıq evinə gedirdi. Iyirmi günə, uzağı bir aya böyük bir romanla o, geri qayıda bilərdi dala. Bir dəfə bir əhvalat danışacağam sizə: üç gün idi ki, o, öz otağndan çıxmırdı. Durmadan yazırdı. Mən səhərdən tezdən işə gedirdim. Çay dəmləmişdim. Bilirdim ki, atam təzə çayı çox sevirdi. Bir armudu stəkanı var idi, o stəkanda çay süzdüm gətirdim, baxdım ki, o biri stəkandakı çayını hələ içməyib. Mənə ona səslənəndə ki, çay gətirmişəm bu çayı iç, o, mənə döndü və hiss elədim ki, o, məni eşitməyib. Sadəcə səsə çevrilib. Çevrilib baxanda gördüm ki, gözləri qıpqırmızı qan çanağıdır. Heç vaxt o gözlər mənim gözümün qabağından getməz. Sonradan o, bizə yazdıqlarını oxuyanda məlum oldu ki, həmin vaxt atam Çaldıran döyüşünün müharibə səhnələrini yazırmış.

-Yəni, o qədər prosesin tam içərisində idi?

- Bəli, o, yazdıqlarını tam yaşayırdı. Hər dəfə mən atamın əsərlərini oxuyanda mənə elə gəlirdi ki, o dövrü atam yaşayıb. Sadəcə təzədən dünyaya gəlib ki, o dövrü təzədən yazsın. Maraqlıdır ki, hər bir romanın içində onun özünün obrazları var.

 -Hər bir yazıçı özünü yazır əslində…

-Təbii ki…

-Bəs yazı prosesindən sonra necə olurdu? Çünki, adətən yazıçılar yazı prosesindən sonra bir rahatlığa qovuşurlar…

- Yox, atamda o rahatlığa qovuşmaq yox idi. Amma yazı prosesindən sonra onun üçün ən gözəl dincəlmək Azərbaycanı qarış – qarış gəzmək idi. O, rayonları qarış – qarış gəzirdi.

-Və növbəti materialla qayıdırdı…

- Təbii ki. Yeni ideyalarla qayıdırdı hər dəfə. O, əlli bir – əlli iki yaşında dünyasını dəyişdi. Mənə elə gəlir ki, az iş görmədi.

-Bir az da milli Azadlıq hərəkatı dövrünə qayıdaq. Fərman Kərimzadə milli Azadlıq hərəkatının fəallarından biri kimi tarixdə qaldı. Siz necə xatırlayırsınız o günləri?

-Həmin günlərdən bircə onu bilirəm ki, həmin günlər atam evdə tapılmırdı. Bir yardım komitəsi yaradılmışdı. Qərbi Azərbaycandan olan ziyalılarla birgə. Həmin ziyalılarla birgə Moskvaya – M. S. Qorbaçovun qəbuluna da getmişdilər. Qəbul olunmamışdılar orda, Rıjkov qəbul eləmişdi onları. Bilirsiniz, həmin vaxtlarda atam bir dəqiqə belə olsun dayanmırdı. Həmin vaxt mənim artıq öz ailəm var idi, amma əlaqələrimiz kəsilmirdi. Bircə onu bilirdim ki, evdə nə vardısa, qaçqınlara daşıyırdı. Bu yolda xərcləyirdi. Bir gün də xəbər gəlir ki – axır çərşənbə idi – atam ağırdır. Sən demə, atam dünyasını dəyişibmiş. Tərtər rayonunda camaatın içində beyninə qan sızıbmış. Mən elə düşünürəm ki, həmin dövrdə artıq atam bizim atamız deyildi. Atam bütövlükdə millətin atasına çevrilmişdi. Bəlkə də millətin oğlu.

- Fərman Kərimzadə bilirdi ki, qızı yazır?

-Bilirdi.

- Bəs, maraqlıdır, heç qarşı çıxmırdı? Adətən, yazarlar öz övladlarının yazar olmasına bir az qarşı çıxırlar axı…

- Yox, atam əksinə çox sevinirdi. Fəxr eləyirdi və məni ədəbiyyatçı olmağım üçün də həvəsləndirirdi. Mən artıq iyirmi iki ildir ki, atamın adını yaşatmağa çalışıram. Gücüm çatandan.

 - Fərman Kərimzadənin ətrafında ədəbiyyatın qaymaqlarından kimlər var idi? Kimlərlə dostluq edirdi?

- Fərman Kərimzadə bütlərlə dostluq etməyi sevmirdi. Sadəliyi daha çox sevirdi. Onun dostları Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, İsa İsmayılzadə, Xudu Məmmədov idi. o dövrün tanınıb – bilinən kişiləri hətta şəxsən tanış olmasalar belə küçədə görəndə bir – birilərinə salam verirdilər. Bu artıq ritual idi.

-Bəs, çox maraqlıdır ki, Fərman Kərimzadə dünyasını dəyişəndən sonra siz onu dostlarından hansı biri ilə daimi əlaqə saxladınız?

-Heç biri ilə… Onları da qınamıram, bilirsiniz ki, onlar ruh insanlarıdır.

- Fərman Kərimzadə neçənci illərdə gəlib ədəbiyyata?

- Altmışıncı illərdə.

-Onunla eyni ədəbi nəsildən olanların borcu deyildimi Fərman Kərimzadənin xatirəsini əziz tutsunlar? Amma fikir verirsinizsə onlar bunu eləmədilər. Bu nədir sizcə: nəsildaşın öz nəslindən olan yazara qısqanclığıdır, yoxsa…

- AYB – yə nə vaxt gedirəmsə, elə bil bir doğma ata evinə gedirəm. Çox yaxşı qarşılayırlar. Çox yaxşı da yola salırlar.

-Yola verirlər?

-Yox, yola vermirlər. Adamın başının üstündə Allah var. Bir az danışanda məndən inciyənlər də olur. Bəli, mən danmıram ki, demişəm. bir dəfə də olsun Fərman Kərimzadənin dövlət səviyyəsində tədbiri keçirilmir. Mən istəmirəm ki, o, yalnız doğum və anım günlərində yadda olsun, mən istəyirəm ki, Fərman Kərimzadə hər zaman yadda olsun. Bunu bir evlad kimi yox, bunu bir ədəbiyyatçı kimi istəyirəm. Amma AYB “Natəvan klubu”ndan o tərəfə keçmək istəmir. Bütün tədbirlər orda olmalıdır, vəssalam! Mənə isə o, lazım deyil. Nəinki, mənə, ümumilikdə Azərbaycan xalqına o cür tədbirlər lazım deyil.

 -Bu günkü çağdaş Azərbaycan ədəbiyyatını necə dəyərləndirirsiniz?

- Bu gün çox gözəl bir dövrdür. Niyə, onu da deyim… Bu gün güclü ədəbi qüvvələr var. Yeni dövrün ədəbiyyatçıları yetişir. Sadəcə olaraq onu yönləndirənlər də bir az güclü olsa əla olar. Bir hekayəsi ola –ola ədəbiyyatın başında dayananlar var. Və bunlar arxasınca yüzlərcə gənci aparmaq iddiasına düşürlər.

-Söz düşmüşkən, AYB – nin üzvüsünüz?

- İstəmirəm də heç…

- Sizcə, Azərbaycanda 2500 yazıçı var?

- Azərbaycanda 2,5% yazıçı yoxdur. Əksər yaşlı nəsildən olan yazarlar ki, var, onların ümumiyyətlə ədəbiyyata dəxilləri yoxdur. Mən yazıçı Anardan, Elçindən, Əkrəm Əylislidən danışa bilmərəm. Onlar haqqında danışmaq üçün ən azı onlar qədər, onlar səviyyəsində yazmalıyam ki, onlar haqqında nəsə deyim. Amma yazıçılar var ki, xaricdə əsərləri çap olunur, burda kitabları çap olunur və bu kitabları onlar sadəcə dost – tanışa hədiyyə etməklə məşğuldurlar. Vəssalam. Dövlətin pulu da belə – belə mənasız maklaturalar gedir. Onu versinlər gənc ədəbi nəslə.

 

 

 Hacımusalı Oktay

 

 Xalq Cəbhəsi.- 2012.- 13 yanvar.- S.15.