22 illik yolun ilk 42 günü

 

Qanlı Yanvar hadisələrindən artıq 22 il, yaxud 7671 gün keçir. XX əsrin sonu və XXI əsrin ilk onilliyini əhatə edən bu tarixi dövr ərzində dünya miqyasında həqiqətən ciddi siyasi-ictimai, iqtisadi-sosial, mədəni-mənəvi proseslər baş verib. Keçmiş Sovet İttifaqı və onun başçılıq etdiyi sosialist sistemi dağılıb, dünyada yeni müstəqil dövlətlər meydana çıxıb, hakimiyyətlər dəyişib, yeni elmi-texniki kəşflər edilib, müharibələr baş verib, beynəlxalq aləmdə siyasi-hərbi sahələrdə qüvvələr nisbəti real prinsiplər üzərində formalaşıb, təbii olaraq hər şeyin hakimi sayılan zaman-vaxt amili hökmü qarşısında nələrsə, kimlərsə unudulub, yaddan çıxıblar…

Ancaq xalqın azadlıq mübarizəsi Şəhidlərin adları, əməlləri, amalları millətimizin tarixinə, onun əbədi yaddaş kitabına ən uca and yeri kimi yazılıb, unudulmaz oğul-qızlarımızın müqəddəs qəbirlərinin yerləşdiyi «Şəhidlər Xiyabanı» hər birimizin ulu ziyarət yerinə çevrilib. Xalqımızın keçirdiyi uzun bir mübarizə, azadlıq və istiqlal yolunun qanlı-qadalı, əzab-əziyyətlı, acılı-şirinli tarixi mərhələləri sübut edib ki, azadlığa gedən yolum, məğrur «Şəhid körpüsü» var. Ona görə də milli vətəndaşlıq və insani borcunu yerinə yetirmək üçün:

 

«Şəhidlər Xiyabanı»na gedək,

Gedək Anam, gedək Bacım, gedək Qardaşım…

Gedək və təmizlənərək bu kədərin,

Bu dərdin odunda, atəşində

bir-birimizə nifrətdən,

təmizlənək, saflaşaq, ilahiləşək

Oğullarımızın Şəhid olduqları

Bu Yurd üçün, Torpaq üçün, Məmləkət üçün!

 

Özümüzdən asılı olmadan, bu müqəddəs məkanda bir anlıq «dəli bir ağlamaq keçir könlümdən» ovqatı yaransa da, heç vaxt unutmamalıyıq ki:

 

Bu ölüm, bu qırğın dərs olsun bizə,

Deməyək boş yerə candan keçdilər…

Onlar Şəhid olub Millətimizə

Qorxmazlıq dərsini təlim keçdilər.

 

Qanlı Yanvardan sonra fövqəladə vəziyyət və yerli hakimiyyət orqanlarının fəaliyyətinin iflic edildiyi bir şəraitdə, Şəhidlərin dəfninin təşkili, yanvar ayının 20-dən başlayaraq qəbirlərin qazılması işindən izdihamlı qırx gün mərasiminin keçirildiyi aprelin 2-nə qədər olan 42 gün müddətində, olduqca məsuliyyətli, hətta müxtəlif təhlükələrlə bağlı matəm mərasiminin bütün ağırlığı, xalqın məsləhəti və hökmü ilə yaradılaraq, yalnız onun iradəsini, hamılıqla razılaşdırılmış xəttini təmkinlə yerinə yetirən İctimai Dəfn Komissiyasının üzərinə düşmüşdü.

Tərkibində din xadiminin, fəhlənin, mühəndisin, elm işçisinin, inşaatçının, jurnalistin, müəllimin, alimin olması, cəmiyyətin müxtəlif ictimai təbəqələrinin təmsil edildiyi bu quruma öz gündəlik çətin işini səbirli ahəngdarlıq və ciddi nizam-intizam, habelə dəqiqliklə qurub, ardıcıllıqla həyata keçirməyə imkan vermişdi. Fövqəladə vəziyyətə qəzəb-nifrət, yerli hakimiyyət orqanlarına inamsızlıq, ümidsizlik şəraitində İctimai Dəfn Komissiyasının «Şəhidlər Xiyabanı» ərazisində təşkil etdiyi matəm mərasimi və ziyarət prosesi, əslində xalqın sərbəst surətdə toplaşıb, azad fikir mübadiləsi apardığı yeganə nisbətən «təhlükəsiz» bir məkan, yaxud «ictimai-siyasi» meydan idi.

A.Paşazadə, B.Vahabzadə, İ.Şıxlı, S.Rüstəmxanlı, A.Məlikov, Ş.Hüseynov, O.Süleymanov, C.Həsənli, Y.Qarayev, Z.Yaqub, S.Əhmədov, İ.Mustafayev, A.İbrahimov, T.Bağırov, başqa tanınmış din xadimi, şair, yazıçı, bəstəkar, alim, rəssam, aktyor, heykəltaraş, müğənnilərin vaxtaşırı «Şəhidlər Xiyabanı»na ziyarətləri, insanlarla görüşləri, ünsiyyətləri, məsləhətləri ümumxalq həmrəylik ab-havası yaradırdı. Səhər tezdən qaş qaralana qədər Şəhidlərin ruhuna oxunan dualar hər gün bir neçə dəfə təkrar olunan «bir anlıq sükut» çağırışının yaratdığı təkrarolunmaz lal mənzərə, müxtəlif çıxışlar, söylənən şeirlər, oxunan yanıqlı qəsidələr, «qərənfil dənizinin» bura gələnləri kövrəltməsi, köməkçilər dəstəsinin fədakar zəhməti, təcili yardım həkimlərinin qayğıkeş münasibətləri, taksi və avtobus sürücülərinin əhaliyə təmənnasız xidməti, tələbə və şagirdlərin ərazini təmizləyib, səliqə-səhman yaratmaları tədricən bu yerin xalqın şüurunda xüsusi bir məna kəsb etdiyini göstərirdi.

Və bu işlərin ən xırda cəhətlərinin dəqiqləşdirilməsi, həyata keçirilməsi məsuliyyəti İctimai Dəfn Komisiyası və onun çevik köməkçilər dəstəsinin üzərinə dişmüşdü. Etibar Səmədov və Rüstəm Xalıqovun son dərəcə bacarıq və tələbkarlıqla başçılıq etdiyi bu qrupun – Vaqif, Gündüz, Əbdül, İskəndər, Seyfulla, Adil, Təvəkkül, Fərhad, İlham, Xəlil, Mehman, Cavanşir, Yaşar, Eldar, Fuad, Möhsüm, Üzeyir, Mötəbər, Rahib, Vasif, İxtiyar, Məhəmməd, Tamerlan, Əli, Feyruz kimi üzvlərinin gərgin əməyi və əvəzsiz xidmətləri ən yüksək hörmət-qiymətə layiqdir.

Həmin şəraitdə İctimai Dəfn Komissiyasına, onun köməkçilər dəstəsinə elə doğma el münasibəti yaranmışdı ki, onların gecəli-gündüzlü fəaliyyətindən razılıqlarını öz işləri kimi dəyərləndirərək, bu qurumu nə qədər qəribə səslənsə də «bizim hökumət» adlandırır, xahiş və tapşırıqlarını can-başla yerinə yetirir, ən başlıcası isə bu işdən qurur duyaraq yeni tapşırıqlar üçün hazır olduqlarını, hətta başqalarını da cəlb edə biləcəklərini söyləyirdilər.

Bu mənada İctimai Dəfn Komissiyasının çoxcəhətli fəaliyyəti, həqiqətən xalq müdrikliyinin konkret ifadəsi olan tarixi bir hadisə kimi millətin sarsılmış inamını özünə qaytarmaq və onun daxili imkanlarını yeni mübarizə mərhələsinə səfərbər etmək istiqamətində, milli azadlıq hərəkatımızın unudulmaz səhifəsidir.

Tarixi yaddaş və ədalət naminə İctimai Dəfn Komissiyası üzvlərinin adlarını Millətimizə, eyni zamanda gələcək nəsillərə xatırlatmağı lazım bilirəm: Hacı Allahşükür Paşazadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Xalid Muxtarov, Nəriman Əliyev, Bağır Bağırov, Rəhim Qasımov, İsmayıl İncəli, Malik Mehdiyev, İbrahim Əliyev. Bu komissiya adından «Şəhidlər Xiyabanı»nda bütün maneə və çətinliklərə baxmayaraq fasiləsiz surətdə keçirilən gündəlik ziyarət, cümə axşamları və izdihamlı qirx gün matəm mərasimində xalqa olan müraciətlər həm təsəlli, həm də mübariz çağırış xarakteri daşımışdı:

– «Qanlı Yanvar 19-dan 20-nə keçən dəhşətli qırğın gecəsindən artıq bir həftə ötür… Lakin hələ çox həftələr, aylar, illər keçəcək, amma biz bu faciəli hadisəni unutmayacağıq və unutmağa da haqqımız yoxdur… Fədailər və Şəhidlər Xiyabanında dəfn olunan qurbanlarımız arasında 66 yaşlı azərbaycanlı ixtiyar kişi, 13-14 yaşlı məktəb şagirdi, 45 yaşlı yəhudi həkim və 16 yaşlı qız, 43 yaşlı rus kor əlil və 17 yaşlı gənc, 31 yaşlı tatar sürücü və 46 yaşlı ləzgi yanğınsöndürən var… Deməli, bu faciə təkcə azərbaycanlıların deyil, eyni zamanda respublikamızda yaşayan millətlərin ümumi faciəsidir. Lakin bu ağır günlərdə öz göz yaşlarımızı qəlbimizə axıdırıq… Biz Şəhidlərimizin matəm məclisini xalqımızın ucalığına və nəcibliyinə uyğun davam etdirməliyik».

- «Bu gün biz Şəhidlərimizin 40 gününü qeyd etmək üçün matəm mərasiminə toplaşmışıq! Azərbaycan xalqı oğul və qızlarının 40 gününü fövqəladə vəziyyətin hökm sürdüyü, hərbçilərin əhatəsində, vertalyotların uçuş-nəzarət gurultusu, snayperlərin hədəfində olduğu bir şəraitdə qeyd edir. Belə bir vəziyyət xalqımızdan səbirli və təmkinli olmağı tələb edir… Biz Şəhidlərimizin bütün respublikada keçirilən 40 gün mərasimini elə aparmalıyıq ki, Azərbaycan xalqının zəngin tarixi ənənələrinə, dini adətlərinə, Millətimizin ucalığına və Şəhidlərimizin məğrur ruhlarına layiq olaq».

- «Yada salmağı özümüzə borc bilirik ki, bu hadisələrdə verdiyimiz Şəhidlərin sayı, burada dəfn olunanlardan çoxdur… Gec-tez həqiqət tam aydınlaşacaq, haqq-ədalət öz yerini tutacaq, Qanlı Yanvar faciəsini törədənlər öz cəzasını alacaqlar… Xalqımız və ziyarətə gələnlərin adından zəhmətlərinə görə Abşeron kəndlərinin sakinlərinə, Bakı və Sumqayıt məktəblilərinə, tələbələrə, taksimotor və avtobus parklarının, metronun, fabrik, zavod və müxtəlif müəssisələrin, təşkilatların koolektivlərinə, xüsusilə də Gürcüstan, Dağıstan, Özbəkistan, Qazaxıstan, Tacikistandan gəlmiş nümayəndəliklərə, xarici və yerli jurnalistlərə işimizə kömək göstərmiş hər kəsə razılığımızı bildirir, onların qarşısında hörmətlə baş əyir, əllərini öpürük…»

Ötən 22 il ərzində xalqın tövsiyyəsi, məsləhəti və tələbi ilə müxtəlif vaxtlarda, xüsusilə son dövrlərdə «Şəhidlər Xiyabanı» ərazisində aparılmış abadlıq, yenidənqurma işlərini yüksək qiymətləndirməklə yanaşı, nəzərdə tutulanların hamısının başa çatdırıldığını demək olmaz.

Şəhidlərimizin dəfninin ilk günlərindən xalq tərəfindən irəli sürülmüş, bu geniş və özünəməxsus relyef xüsusiyyətlərə malik ərazidə, açıq səma altında, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixinin əsas mərhələlərini əks etdirən Vahid Xatirə Kompleksi yaradılmalı, «Şəhidlər Muzeyi» fəaliyyət göstərməli, sərgi zalları, yaradıcılıq studiyaları, kitabxana, oxucu zalı, kinolektoriya olmalı, «xalq tribunası» təşkil edilməli, hərbi vətənpərvərlik tədbirləri keçirilməli, səriştəli bələdçilər və bir neçə dil bilən təcrübəli mühazirəçilər qrupu müxtəlif ölkələrdən gələn turistləri, qonaqları məlumatlandırmalı, Şəhidlər Xiyabanı və onun ətraf ərazisi xüsusi status almalı, əvvəlki nəsillərin azadlıq mücahidlərinin qəbirləri buraya köçürülməli, Əbədi Məşəlin yaxınlığında fəxri əsgəri qarovul xidməti növbə çəkməli, Şəhidlərin şərəfinə əzəmətli heykəl-abidə ucaldılmalıdır.

Bir məsələ barəsində də fikrimi şəhid ailələri, əlaqədar təşkilatlar və ictimaiyyətlə bölüşmək istəyirəm. Şəhidlərin hüzn günü rəsmi şəkildə hər il yanvarın 20-də qeyd olunsa da, onların dəfni yanvarın 22-də təşkil edilib. Düşünürəm ki, həmin gün Şəhid ailələrinin, yaxınlarının, 20 Yanvar cəmiyyəti və fondu üzvlərinin, İctimai Dəfn Komissiyası nümayəndələrinin oraya ziyarəti savab bir iş olub, nakam oğul-qızlarımızın narahat ruhlarını şad edərdi. Çünki

 

Dünya yaranandan bəxt üzüyümsən,

Şəhid məzarıdır qaşın, ey Vətən!

 

Yanvar, 2012

 

Qüdrət Əbdülsəlimzadə,

professor, 20 Yanvar hadisələrində

İctimai Dəfn Komissiyasının sədri

 

Xalq Cəbhəsi.- 2012.- 20 yanvar.- S.13.