Solmuş güllər…

 

Bir neçə gün bundan öncə yolum təsadüfən Novxanı kəndindən düşdü. Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğulduğu kənddən. Avtobus Rəsulzadənin heykəli ucalan kiçik parkdan keçəndə gözlərim heykəlin önünə səpələnmiş solmuş və qurumuş güllərə sataşdı. Bu güllər bəlkə də may ayından buranı «bəzəyirdi». Təəssüflə seyr etdiyim bu mənzərə yanımda əyləşən yol yoldaşımın da diqqətindən qaçmamışdı. Dərindən köksünü ötürüb dilləndi:»Atalarımızın bir deyimi var» Millət üçün ağlayanın gözləri kor olar». Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları hər bir xalqın arzuladığı istəyi gerçəkləşdirdilər. Özlərini, ailələrini fəda etdilər. Sonları da belə». Heç nə deyə bilmədim. Sadəcə başımla onun söylədiyi həqiqətləri təsdiqlədim…

 

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi ərəfəsində güman olunurdu ki, nəhayət, Cümhuriyyət qurucusunun doğum günü dövlət səviyyəsində qeyd olunacaq, Bakı Dövlət Universitetində heykəli ucaldılacaq və s. Ancaq bir çox gümanlar kimi bu güman da reallaşmadı. Bəzi hakimiyyət strukturları sıradan bir tədbir keçirdilər, parçalanmış müxalifət də Novxanıya gedib heykəli önünə gül qoymaq və bu tarixi şəxsiyyəti yad etməklə işlərini bitmiş hesab etdilər.

Xatırlayırsınızsa, həmin ərəfələrdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Məhəmməd Əmin Rəsulzadənin qəbrini Bakıya, Fəxri Xiyabana köçürülməsini təklif etmişdi. Bildirmişdi ki, bu, istənilən hökumətə başucalığı gətirər və Məhəmməd Əmin Rəsulzadə Pişəvəriylə, Elçibəylə, Heydər Əliyevlə bir yerdə dəfn oluna bilər. Eyni zamanda, Qüdrət Həsənquliyev Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsini, Bakıda heykəlinin qoyulmasını, mərkəzi küçə və parklardan birinə onun adının verilməsi məsələlərinin həllini tapmasını da istəmişdi.

O zaman bir çoxları bu təklifləri dəstəkləmişdilər. Ancaq onu da vurğulamışdılar ki, bundan əvvəl Xalq Cümhuriyyətinin banisinə hakimiyyətin münasibəti köklü surətdə dəyişməlidir. Yəni, illərdir ki, Eldar Ömərovun emalatxanasında Məhəmməd Əmin Rəsulzadənin hazır heykəli varo, bir kənara atılıb. Əvvəlcə həmin heykəl Bakının gözəl yerlərindən birinə qoyulmalı, adına park, küçə verilməlidir. Söhbət heçparkdan, küçədən getmir. Bu hakimiyyətin Xalq Cümhuriyyətinin qurucularına olan laqeyd, saymazyana münasibəti aradan qalxmalıdır. Sonrakı məhələdə Məhəmməd Əmin Rəsulzadənin qəbri də Bakıya köçürülməlidir. Çünki Rəsulzadə bundan artığına layiqdir.

Məhəmməd Əmin Rəsulzadənin ömür yoluna, fəaliyyətinə diqqət yetirəndə görürsən ki, 17 yaşından başlayaraq-1917-ci ildən 1955-ci ilə qədər-onun bir dəqiqə boş vaxtı olmayıb.

Ədəbiyyat, dövlətçilik və inqilabi sahədə həmişə mübarizə aparıb və bu mübarizənin önündə gedib. Azərbaycan dövlətçiliyi və müstəqilliyi onun yazılarının əsas qayəsini təşkil edib. Hətta nəinki Şimali Azərbaycanda, Cənubi Azərbaycanda mübarizlərin ön sırasında yer alıb. 1908-ci ildə Məhəmməd Əmin Rəsulzadə Cənubi Azərbaycana gedərək Səttarxan hərəkatında yaxından iştirak edib, mətbuatda hərəkata dəstək verib. «Yeni İran» qəzetində onun məqalələri işıq üzü görüb. 1911-ci ildə Cənubi Azərbaycandan Türkiyəyə, İstanbula gedib. Məhəmməd Əmin Rəsulzadə həbs təhlükəsinə görə Bakıya gələ bilməyib. 1911-1913-cü illərdə Türkiyədə siyasi və ədəbi fəaliyyət göstərib. Nəhayət, 1913-cü ildə Romonovlar sülaləsinin 300 illiyi ilə bağlı amnistiya verilib. Bu amnistiya nəticəsində Məhəmməd Əmin Rəsulzadə vətənə, Bakıya qayıdıb. Qayıdan kimiaktiv siyasi mübarizəyə qoşulub. Elə 1913-cü ildən Müsavat Partiyasına rəhbərlik etməyə başlayıb. Bu siyasi mübarizədə də Əli bəy Hüseynzadənin türkləşmək, müasirləşmək, islamlaşmaq ideoloji xətlərini əsas götürüb. 1915-ci ildən isə Müsavat Partiyasının mətbu orqanına- «Açıq söz» qəzetinə rəhbərlik etməyə başlayıb. Azərbaycanın demokratik, federativ Rusiya çərçivəsində Azərbaycanın muxtariyyatı, 1918-ci il mart qırğınlarından sonra müstəqillik məsələsinin önə gətirilməsi məhz onun xidmətidir. Təsadüfi deyil ki, 1917-ci il iyunun 2-də Türk Ədəmi Mərkəziyyət Federalistlər Partiyasıyla Müsavat Partiyası birləşəndən sonra oktyabrda qurultay çağrılıb və qurultayda məhz Məhəmməd Əmin Rəsulzadəni sədr seçiblər. Baxmayaraq ki, arada geniş siyasi, hüquqi biliyə malik Həsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev kimi nəhəng şəxsiyyətlər olub. Ancaq onlar Məhəmməd Əmin Rəsulzadəni öndə görərək sədrliyə layiq biliblər.

1918-ci il mayın 27-də isə Tiflisdə Milli Şura yaradılıb və Türkiyədə danışıqlar aparıldığı halda məhz onu Milli Şuraya sədr seçiblər. Nüfuzu, bacarığı, siyasi dünyagörüşü, çəkisi həmişə onun mübarizənin öndə getməsini şərtləndirib.

Məhəmməd Əmin Rəsulzadənin siyasi mübarizəsini bir neçə mərhələyə bölmək olar. Rəsulzadə 1904-cü ildə sosial-demokrat «Hümmət» təşkilatını yaradıb və 1908-ci ilə qədər onun işində aktiv iştirak edib. 1908-ci ildə həmin təşkilatın rəhbərliyini bolşeviklər ələ keçirdiyi üçün oradan uzaqlaşıb. Başqa sözlə, o, 1904-cü ildən siyasi təşkilat qurub, 1908-ci ildə Cənubi Azərbaycanda Səttarxan hərəkatına xidmət göstərib, dəstək verib, 1913-cü ildən Xalq Cümhuriyyəti qurulana qədər Bakıda siyasi mübarizəni aktivləşdirib. Vətən, millət, torpaq üçün yanan, dövlətçiliyi və siyasəti çox gözəl anlayan, başa düşən nəhəng şəxsiyyət kimi önə çıxıb. Xüsusən Məhəmməd Əmin Rəsulzadənin Qafqaz Seymində çıxışlarında onun necə yetkin siyasətçi Azərbaycanın müstəqilliyi, xalqımızın müdafiəsi baxımından necə mübarizə apardığı görünür.

Azərbaycanın Məhəmməd Əmin Rəsulzadə kimi ziyalıları, söz sahibləri olmasaydı, Xalq Cümhuriyyəti yaranmasaydı, nələrin baş verəcəyini təsəvvür etmək çətin deyil. Torpaqlarımız ermənilər, gürcülər, ruslar və digərləri arasında bölüşdürülərdi. Ona görə də Məhəmməd Əmin Rəsulzadə başda olmaqla digər Azərbaycan ziyalılarının fəaliyyəti, rolu yüksək qiymətləndirilməlidir.

Bu nəhəng şəxsiyyətin siyasi fəaliyyətinin geniş tədqiqinə ehtiyac var. Professor Şirməmməd HüseynovNəsiman Yaqublunun tədqiqatlarında bunun qismən də olsa şahidi oluruq. Ancaq bu yetərli deyil.

Rəsulzadənin 1918-ci ilin mayından 1918-ci ilin avqustuna, həbs edilənə qədər fəaliyyəti də xüsusi diqqət çəkir. Azərbaycan milli hökuməti Türkiyəyə müraciət edir. Müraciət edən də şəxsən Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyətin xarici işlər naziri Məhəmmədhəsən Hacınski olur. Nuru Paşanın başçılığıyla Gəncəyə hərbi heyət gəlir. Gələrkən dərin siyasi böhran yaranır. Məsələ qoyulur ki, Milli Şura buraxılsın, hökumət yenidən təşkil olunsun. Milli Şuranın sədri olan Məhəmməd Əmin Rəsulzadə deyir ki, mübarizə kreslo ilə bağlı deyil, Azərbaycan uğrundadır, türk qardaşlarımız köməyə gəlibsə, razılığa gəlinməlidir. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranı çağırır, 6 ay ərzində Müəssisələr Məclisinin çağrılması qərarıyla Milli Şura özünü buraxır.

1918-ci il iyunun 17-dən 1918-ci il noyabrın 16-na qədər Milli Şura fəaliyyətsiz qalır. Noyabrın 16-da yenidən Milli Şura fəaliyyətə başlayır. Azərbaycan parlamentinin çağrılmasına, 1918-ci il dekabrın 7-nə qədər Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə olur. Milli Şura da qərarverici orqan funksiyasını yerinə yetirib, Nazirlər Kabineti onun qarşısında hesabat verib. Dekabrın 7-də parlament çağrılarkən birinci çıxışı Məhəmməd Əmin Rəsulzadə edib. 1920-ci il aprelin 27-də axşam saat 11-də də parlamentin sonuncu iclasını Məhəmməd Əmin Rəsulzadə aparıb. Sovet ordusunun Azərbaycana gəlməsinin, hakimiyyətin kommunistlərə verilməsinə qarşı çıxan ilk şəxs Məhəmməd Əmin Rəsulzadə və başqa müsavatçılar olub. Rəsulzadə sonradan Şamaxıda gizlənərkən 1920-ci ilin avqustunda həbs edilərək Bakıya gətirilib. Noyabrda Stalin Bakıya gələrkən bunu eşidibonu həbsdən çıxararaq Moskvaya aparıb. İki il Moskvada fəaliyyət göstərib və 1922-ci ildə isə Finlandiyaya mühacirətə gedib. Oradan da Türkiyəyə gəlib. 1922-ci ildən 1955-ci ilə qədər Türkiyədə, Polşada siyasi mübarizə aparıb. İkinci Dünya Müharibəsi dönəmində azərbaycanlı əsirlərin ölüm düşərgələrindən azad edilməsində böyük rol oynayıb. Bir sözlə, onun həyatı və fəaliyyəti böyük bir tarixdir, bu tarix isə öyrənilməli və öyrədilməlidir.

Məhəmməd Əmin Rəsulzadənin həyatı hər bir azərbaycanlı üçün örnək olmalıdır. Amma çox təəssüf ki, indiyə qədər onun seçilmiş əsərləri dövlət səviyyəsində çap olunmayıb. Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gün əslində xalqımız üçün böyük bir bayram olmalıdır. Çünki bu böyük şəxsiyyət Azərbaycanı canından qat-qat artıq istəyib, onun müstəqilliyi, dövlətçiliyi, torpağı uğrunda mübarizə aparıb. Amma indiyə qədər o, lazımınca qiymətləndirilməyib. Dövlət səviyyəsində onun qiymətləndirilməsi istiqamətində demək olar ki, heç bir görülməyib. Yalnız Novxanıda bir heykəli var

 

 

 Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2012.- 27 yanvar.- S.7.