Xocalı soyqırımı-20 il

 

Xocalı soyqırımının baş verməsinin 20 illiyi ərəfəsində bu faciənin dünyada tanıdılmasına nail ola bilmişikmi?

 

Hər il müxtəlif dövlətlərdə müxtəlif tədbirlərlə Xocalı soyqırımının ildönümü anılır. Xüsusilə də xaricdə fəaliyyət göstərən diaspor qurumlarımız tərəfindən bu anım mərasimləri yüksək səviyyədə keçirilir, soyqırımla bağlı fotosərgilər, dəyirmi masalar təşkil olunur, Ermənistanın həmin dövlətlərdəki səfirlikləri qarşısında etiraz aksiyaları keçirilir və s. Bu tədbirlərdə türk və yəhudi diasporları da Azərbaycanla həmrəy olurlar. Necə ki, Azərbaycan Holokost və qondarma erməni soyqırımı məsələsində yəhudi və türk diasporları ilə eyni mövqedən çıxış edir. Bu dəfə də Xocalı soyqrımının 20-ci ildönümündə həmrəylik sərgilənəcək.

«Fransa Azərbaycan Evi»nin rəhbəri Mustafa Əlincə bildirib ki, Xocalı soyqırımı gerçəklikdir və biz bununla Fransada erməni diasporunu fakt qarşısında qoya bilərik: «Dünya ictimaiyyətinə göstərməliyik ki, Xocalıda soyqırım törədilib. Xocalı hadisəsi insanlığa qarşı olan bir cinayətdir. Biz beynəlxalq hüquqşünaslarımızin gücündən istifadə etməklə bu faktı Avropa İnsan Hüquqları Məhkəməsinə qədər çıxartmalıyıq. Xüsusilə, Türkiyə bu faktdan yararlanmalıdır və Xocalı faciəsinin tanıdılması Ankaranın xarici siyasətində əsas prioritet xətt olmalıdır. Bu yolla Ermənistanı fakt qarşısında qoya bilərik. Çünki, Xocalı faciəsi 1992-ci ilin fevral ayının 26-da baş verib, qondarma erməni soyqırımını isə 1915-ci ilə aid edirlər. Tarix baxımından Xocalı faciəsinin baş vermə səbəbi Avropanın diqqətini daha tez cəlb edəcək».

İsveçin Malmö şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan Təşkilatının sədri Ayə Coşğun isə bildirib ki, Xocalı soyqırımının 20 illiyini keçirmək üçün geniş hazırlıq kampaniyası aparılır: «Bu işdə bütün dərnəkləri dəvət edirik, çünki bu bizim ümumi acımızdır. Sevindiricidir ki, Danimarkadan bizə dəstək gəlib. Azərbaycan-Türk Qadınlar Cəmiyyətinin sədri Anaxanım Hüseynova və Danimarkadakı Azərbaycan-Danimarka Dostluq Cəmiyyətinin sədri Elxan Hüseynovdan da dəstək aldıq. İnşaallah, belə işgüzar diaspor nümayəndələrinin köməyi ilə böyük planlar həyata keçirəcəyik». Ayə Coşğun bildirib ki, İsveçdəki türk diaspor qurumları ilə ciddi əlaqələri var: «Bunlara «Balköc» və «Anadolu» dərnəklərini misal gətirə bilərəm. Bizim dərnəyin bütün tədbirlərində hər zaman dərnək sədrləri və onların üzvləri iştirak edirlər. Bundan əlavə «Türk qadınlar» dərnəyi ilə gözəl əlaqələrimiz var və bərabər layihələr hazırlayırıq».

Danimarka-Azərbaycan Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi də bildirib ki, Xocalı soyqırımının dünyada tanınması ilə bağlı türk diasporları ilə birlikdə iş aparılır: «Hər il bu soyqırımın anım mərasimlərini birgə keçiririk. Mənə elə gəlir ki, bu məsələdə türk diasporasının böyük dəstəyinə ehtiyacımız var. Birlikdə gücümüz daha da artar. Ötən il biz birlikdə müxtəlif tədbirlər keçirdik. Məqsədimiz gücümüzü göstərməklə yanaşı Xocalı kimi ağır bir faciəni Danimarka ictimaiyyətinə tanıtmaqdır. Artıq istəyimizə nail olmuşuq. Düzdür, ermənilər bizim belə tədbirlərimizdən narahat olsalar da, bizə mane ola bilmirlər. Yaxın günlərdə mən Danimarkanın təhsil və gənclər naziri ilə görüşəcəm və Xocalı soyqrımı məsələsini bir daha onun nəzərinə çatdıracam».

Politoloq Elnur Eltürk isə deyib ki, Xocalı soyqırımını tanıtmaqla dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzünə yönəldə bilərik: «Çünki 20 il bundan öncə öldürülən insanların foto şəkilləri və video görüntülər var. Türkiyə hakimiyyəti bundan bu faktordan geniş şəkildə istifadə etməlidir. Xüsusilə, Azərbaycan və türk diasporları bu məsələnin üzərində ciddi çalışmalı və dünyanın önəmli media orqanlarında, ictimai-siyasi kuluarlarında erməni vəhşiliklərini diqqətə gətirməlidirlər. Xocalı soyqırımı Meksika senatı tərəfindən tanındıqdan sonra əmin olduq ki, biz bu məsələni başqa ölkələrin parlamentlərində qaldıra bilərik. Mütləq səylərimizi birgə koordinasiya etməliyik».

Türk politoloqu Coşqun Topal bildirib ki, Xocalı soyqırımı ilə bağlı mövzunu dünya ictimaiyyətinin diqqətində saxlamaq olduqca vacibdir: «Bu yaxın keçmişimizdə baş vermiş çox dəhşətli bir faciədir. Düzdür, hər il bu soyqırımın ildönümü ilə bağlı dünyanın əksər dövlətlərində tədbirlər keçirilir. Amma bu yetərli deyil. Bunun üçün gərək başqa yollar aranmalı, dövlətlərin parlamentlərinə müraciətlər olunmalıdır. Xocalı soyqırımının tanıdılmasına yalnız Azərbaycan və türk diasporlarını cəlb edilməməlidir. Digər dövlətlərin də xaricdəki diasporlarını bu məsələnin ciddiliyinə, erməni vandalizminə yönəltməliyik».

Coşqun Topal onu da deyib ki, Xocalı soyqırımı təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün faciədir: «Türkiyə bu məsələdə daim Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Necə ki, qondarma erməni soyqırımı ilə bağlı azərbaycanlılar türklərə dəstək olurlar. Təkcə Türkiyənin xaricdəki diaspor təşkilatları deyil, hətta səfirliklərində də bu anım mərasimləri keçirilir. Türkiyədə isə hər il fevralın 26-da bütün türklər ayağa qalxıb Xocalı soyqırımını törədənləri lənətləyirlər və erməni vəhşiliklərinə etiraz nümayiş etdirirlər».

Türkiyənin Giresun Universitetinin tarix fakültəsinin dekanı, professor Aygün Əttar Xocalı soyqırımının dünya tərəfindən tanıdılmasıyllə bağlı aparılan kampaniyanın gedişindən narazı qaldığını deyib: «Sadəcə Azərbaycanla bağlı deyil, Türkiyədə universitetdə təhsil alan tələbələrin özləri də heç Türk dünyasının həqiqətlərini, hətta Türkiyənin özünün həqiqətlərini belə bilmirlər. Türkiyənin tarixinə dair qeyri-obyektiv faktlarla qarşılaşırlar və buna inanırlar, yalan mənbələrə etibar edirlər. Əgər Türkiyədə həqiqətlər doğru şəkildə bilinsəydi, qondarma erməni soyqırısı ilə bağlı Türkiyənin içində ziddiyyətli düşüncə olmazdı ki? Ona görə heç şübhəsiz ki, onlar Azərbaycan həqiqətləri, erməni məsələsi, Zəngəzur, İrəvan xanlığı ilə bağlı yetərli məlumata malik deyillər. Belə məsələləri ildə bir dəfə toplanmaqla, dəyərli günləri qeyd etməklə nəticə əldə etmək olmaz. Diaspora bir hərəkatdır, bir missiyanı həyata keçirmək böyük əmək tələb edir. Odur ki, gecə-gündüz, yorulmadan-dincəlmədən ilin 12 ayını problemlərin aydınlığa qovuşması, həqiqətlərin çatdırılması üçün çox çalışmaq lazımdır. Biz Xocalı soyqırımı deyirik, çünki hüquqi əsaslarla, elmi əsaslarla baxdığımız zaman soyqırımının tanınmasına uyğun gələn genosid baş verib. Xocalıda törədilənlərə yalnız biz özümüz soyqırım deyirik. Bizdən başqa heç bir ölkə, bizə ən yaxın olan ölkələr belə, Xocalı dəhşətlərini rəsmən soyqırım adlandırmır. Çünki hər ölkə nədənsə çəkinir. Düşünürlər ki, bu faciəyə soyqırım desələr, digər dövlətlər də buna bənzər başqa hadisələri soyqırım adlandıra bilərlər.

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2012.- 28 yanvar.- S.8.