Dilqəm Əhmədin «Bozqırdan uçuruma»

 

Yanvarın 28-də «Əli və Nino» kitab mağazasında Dilqəm Əhmədin «Bozqırdan uçuruma» adlı ilk kitabının təqdimatı olub. Tədbiri giriş sözüylə müəllif özü açıb, gələnlərə sayğısını bildirib. O, kitabında toplanan əsərləri haqqında danışıb: «Kitabda cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu əks olunub. Bu uğursuzluq əsla yenilgi deyil. Bu gün əsas olan uçurumun kənarında olsaq belə, mətinliyi qorumaqdır. Uçurumdan bozqıra doğru geri dönüləcək yol isə çox da uzaqda deyil». İşıqlı Atalı, Taleh Şahsuvarlı, Səbuhi Rəhimli, Vüqar Zifəroğlu, Cəlil Cavanşir, Lalə Mehralı

Gənc yazar yenicə çapdan çıxmış kitabından şeirlər oxuyub, kitabını oxucular üçün imzalayıb.

Dilqəm Əhmədin şeirlərində, ümumən yazılarında həyatla, adamlıqla döyüş var, ancaq bu döyüş hərdən kövrəkləşir, az qala yarıda qırılır. Bəli, qaranlıq qatıdır, yol uzundur. Dünyanın dəyişməsi üçün isə ilk növbədə insanın içəridən dəyişməsi gərəkdir. Dilqəmin şeirlərində bu ümid görünür, inadla artır. Həyatın uzun, dolanbac yolları var: insanı yormağa, sarsıtmağa, mümkün qədər yox etməyə çalışır.

Dilqəm yaradıcı şəxsində gedişata qarşı durmağa içində güc tapa bilir. Ancaq onu hələ qarşıda həyatla, daxili aləmi ilə döyüşdə çox çətinliklər gözləyir. Qaranlıqda işıq görmək, zamanın ölçüyə çevirdiyini, insana diktə etdiyini yenmək, gedişata başdan-başa insanilik havası gətirmək hünərdir. Bunu bacaran var olur. Dilqəm Əhmədin şeirlərini «İçsəslər» adı altında təqdim edir. İçsəs janrını Safruh yaradıb, bu yöndə çoxsaylı əsərləri var. Belə bir yöndə, ruhda əsərlər yaratmaq istəyi Dilqəmin dünyasının gözəlliyindən, həyata dov gəlmək eşqindən xəbər verir. Fikrimcə, Dilqəm yazılarına fəlsəfəni həyatdan gətirməməli, həyati təsvirlərə, gerçəkliyə daha dərin, fəlsəfi yanaşmalıdır. Çünki çağdaş ədəbiyyatda «həyat fəlsəfəsi»nin təsviri və təbliği başlıca yön sayılır. Halbuki yazıçının, ümumən sənətkarın işi hər hansı bir həyat faktını fəlsəfə kimi təqdim etmək yox, həmin həyat faktına fəlsəfi yanaşmaq olmalıdır. Bunun üçün yazıçı gerçəklikdən artıq olmalı, gerçəkliyin görünməyən tərəflərini oxucuya çatdırmağı bacarmalıdır. Dilqəmin şeirlərində bu imkan görünür. Dilqəmə həyatı, insanı, təbiəti daha dərindən öyrənməyi, daha dərindən sevməyi, müşahidələrində daha da dərinləşməsini, əslində ucalmasını diləyirəm. Onda bu fitri imkan var. Həyat insana heç zaman yaxşı nəsə vəd etməyib. İnsan nə yaradıbsa, hünəriylə yaradıb, araya-ərsəyə gətirib. Gerçəklikdən üstün olan insan gerçəklikdən üstün olan sənət yaradır. Kitabının girişində Dilqəm «uçurumdan bozqıra doğru geri dönüləcək yolun çox da uzaqda olmadığını» bildirir. Məncə, bu gözəl istək yalnız yuxarıda dediyimiz əsasda gerçəkləşə bilər. O zaman ömürlərin insaniliyin məntiqi üstə yaşandığı çağdır, elə bir azadlıq ifadəsi ki, məsuliyyətimiz ömrümüzün təməli olacaq. Yaşamaqvar olmaqdır. Bir an da olsun, inamımızda qırılmayaq. Hər birimiz var olanda dünya, həyat, təbiət, insanlar da var olacaq, bənzərsiz ənənə yaranacaq, təsdiq olunacaq, sənətin də üzü ağaracaq. Ədəbiyyat bu gözəl, ülvi, müqəddəs istəyə xidmət etməlidir.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 31 yanvar.- S.14.