Qlobal iqlim dəyişiklikləri

 

Rza Mahmudov: «Azərbaycanın yüksək dağlıq ərazilərində temperatur 1,1-1,3 dərəcə artıb»

 

Namiq Cəlilov: «60-cı illərə qədər hazırda müşahidə olunan qlobal istiləşmə davam eləyəcək»

 

Son illərdə dünyada təbii fəlakətlərin artım tendensiyası, minlərlə insanın ölümünə səbəb olan zəlzələlər, sunamilər və daşqınlar, Avropanı, eləcə də Azərbaycanı təlaşa salan anomal soyuqlar insanları müxtəlif suallar ətrafında düşünməyə vadar edir. Dünyadabaş verir? Yer kürəsində qlobal istiləşmə, yoxsa soyuqlaşma gedir? Qlobal iqlim dəyişiklikləri daha hansı fəsadlara səbəb ola bilər?

Günəşin və Yerin hərəkətindəki tsikllərə uyğun olaraq Yerin iqlimində təbii iqlim dəyişmələri baş verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudov mətbuata açıqlamasında bildirir ki, vulkan püskürmələri də Yerdə orta illik temperaturu artıra və ya azalda bilər. Bütün bunların nəticəsində qlobal istiləşmə və qlobal soyuqlaşma vaxtaşırı bir-birini əvəz edir. Tarixi müşahidələr göstərir ki, hər bir istiləşmədən sonra buzlaşma dövrü əmələ gəlir: «Əgər çoxillik dövrdə bu soyuqlar anomal xarakter alırsa, son 50-100 ildə müşahidə olunan meteoroloji parametrlər yeni rekord rəqəmlərlə təzələnirsə, deməli, bunu dünyada baş verən iqlim dəyişikliyinin fəsadları kimi qəbul etmək lazımdır. Son dövrlərdə isə bu təbii amillərin üzərinə antropogen təsirlər də əlavə olunub. Elmi-texniki tərəqqi, sənayenin inkişafı, insanların artımı, atmosferdə parnik effekti yaradan qazların ilbəil artması iqlimə təsir edir. Bu iki amilin üst-üstə düşməsi Yer atmosferində qlobal dəyişmələrə səbəb olur. Nəticədə yayda anomal və davamlı istilər, qışda davamlı soyuqlar müşahidə edirik. Bu, Yerin atmosferində mövcud olan iqlim yaradan amillərin təbii qanunauyğunluqlarının pozulmasına səbəb olur. Atmosferdə rütubət dövranı, enerji balansı pozulur, okeanlarda axınların istiqaməti dəyişir. Məlumdur ki, okeanlar iqlim yaradan əsas mətbəx hesab olunur. Okeanlarda istisoyuq axın cərəyanları Yerin quru ərazilərində iqlimi yaradan əsas amillərdən sayılır. İstər şimalda Qrenlandiya, Arktika buzlaqları, istər cənubda Antarktika buzlaqları isə Yerin ekvatorial zonasında iqlimin, temperaturun mülayimləşməsinə səbəb olur. Bu proseslər olmasa, Yerdə bu günkü optimal iqlim olmazdı. Hazırkı soyuqlaşma da məhz o qlobal istiləşmənin nəticəsidir».

Rza Mahmudov hazırda dünyada qlobal istiləşmə prosesi nəticəsində buzlaqların okean sularının sıxlığını dəyişdirdiyini bildirdi: «Avropada belə anomal soyuqların olması da onun nəticəsidir ki, Avropanın iqlimini mülayimləşdirən Qolfstrim isti cərəyanı öz gücünü, təsirini Avropaya azaldıb. Bu, yenə də qlobal istiləşmənin nəticəsidir.

Qlobal iqlim dəyişikliklərinin təsiri olaraq Azərbaycanın yüksək dağlıq ərazilərində temperatur 1,1-1,3 dərəcə artıb. İqlimdə baş verən dəyişikliklər Azərbaycanda da müşahidə olunur. 2010-cu ildə ölkədə kifayət qədər subasma hadisəsi baş verdi. Lakin Azərbaycanın ümumi fiziki-coğrafi şəraiti, iqlim sistemi əsas verir ki, digər dünya ölkələri ilə müqayisədə iqlim dəyişmələrinə adaptasiya prinsiplərinin işlənməsində, respublikanın təbii şəraitindən optimal istifadə etməklə gələcəkdə təbii fəlakətlərdən dəyən zərəri minimuma endirməkdə, əhalinin ərzaq təminatının təmin olunmasında daha uğurlu mövqe əldə edə bilək. Təsadüfi deyil ki, Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində 132 ölkə arasında dünyada 2-ci yeri tutub».

Rza Mahmudov deyir ki, dünya üzrə orta illik temperatur ümumilikdə 14,4-14,5 dərəcə hesab edilir. Hazırda isə bu temperatur 1 dərəcə ətrafında artıb. Ancaq Arktika, Qrenlandiya, hətta Amerikanın cənubunda temperaturların orta illik normadan 2-3 dərəcə artması müşahidə edilir: «Bunun necə fəsadlara səbəb olması artıq hamı tərəfindən qəbul edilir. Azərbaycanda isə bu rəqəm 0,8 dərəcə ətrafındadır. Ancaq son 8 ildə yüksək dağlıq ərazilərdə temperaturun artması daha çox müşahidə edilir. Tədqiqatlar göstərir ki, yüksək dağlıq ərazilərdə temperatur 1,1-1,3 dərəcəyə qədər artıb. Bu problemi təkcə ekoloqların boynuna atmaq olmaz, dünya iqlimşünasları və iri dövlətlərin rəhbərləri bu prosesdən kənarda qalmamalıdır. Biz təbii amillərdən baş verən dəyişmələri elmi əsaslarla proqnozlaşdıra bilərik. Bununla da dəyən zərəri minimuma endirmək və antropogen faktorların iqlimə təsirini azaltmaq olar».

Qeyd edək ki, mütəxəssislər son 50 ildəki istilik artımının insan həyatına gözəçarpacaq dərəcədə təsir etdiyi fikirindədir. Üstəlik artıq geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşırıq. Heç bir tədbir görülməyəcəyi təqdirdə əsrin sonunda qlobal istiliyin ortalama 2 dərəcə artacağı təxmin edilir. Mütəxəssislərin hesablamalarına görə, son 150 illik dövr içində 2007-ci il ən isti il idi. Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir. Qütblərdəki buzlaqlar əriyir, dəniz suyunun səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkinləri artır. Məsələn, 1960-cı illərin sonlarından bu yana Şimali Yarımkürədə qar örtüyündə yüzdə 10 azalma olub. XX əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyənləşib. Qlobal istiləşməylə əlaqədar dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir.

Qışda temperatur yüksək olur, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. Yəni iqlim dəyişir. Yeni iqlim şəraitinə dözə bilməyən bitkiheyvan növləri isə ya azalır, ya da tamamilə yox olur.

Qlobal İstiləşmə insan sağlamlığına da ciddi təsir göstərir. Alimlər iqlim dəyişiklikləri ürək, tənəffüs yolu, yoluxucu, allergik və bəzi digər xəstəliklərə təsirn göstərəcəyi fikirindədirlər.

Hava şəraitinin uzun bir zaman içində ortalama vəziyyəti iqlim olaraq təyin olunar. Dünya son bir milyard il içində təxminən 250 milyon il davam edən isti dövrlər və bunların ardından gələn dörd böyük soyuq dövr keçirib. Hazırda bu isti dövrlərdən biri yaşanmaqdadır. Dörd min il əvvəl başlayan istilik enişləri nəticəsində dünyanın soyuma meylinin artmasını gözləyirdilər. Lakin bu artım son 150 ildə reallaşmayıb.

Günəş kimi təbii faktorlarla böyüyən bu artımın səbəbi, xüsusilə son vaxtlarda antropogen təsirlərin nəticəsində daha da dərinləşib. İqlim üzrə mütəxəssis Paal Brekkenin bildirdiyinə görə, iqlim alimləri uzun müddətdir ki, Günəş xallarının 11 illik dövr hərəkətini və Günəşin əsrlik müddətlər içində parlaqlıq dəyişməsinin araşdırdıqlarını ifadə ediblər. Bunun nəticəsində Günəşin maqnetik sahəsi və protonlar ilə elektronlar formasında ortaya çıxan günəş küləyi, Günəş sistemində kosmik şüalanmalara qarşı bir qalxan vəzifəsində olduğu açıqlanıb. Günəşin dəyişən fəaliyyətiylə zəifləyə bilən bu qalxan, kosmik şüaları keçirir. Kosmik şüalanmaların çox olması buludlanmanı artırır, Günəşdən gələn radiasiya nisbətini dəyişdirərək qlobal istilik artımına səbəb olur. Günəşdən gələn ultrabənövşəyi şüa eyni zamanda kimyəvi reaksiyaların meydana gəldiyi ozon təbəqəsi üzərində dəyişikliyə səbəb olacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov bildirib ki, kainat 14 milyard il əvvəl əmələ gələndən, Günəş sistemi yaranandan indiyə qədər Yerin ümumi iqlimində ümumi inkişaf istiqaməti aşağı gedir. Bu o deməkdir ki, Yer kürəsi getdikcə soyuyur. Amma soyuma ümumi prosesdir. Yerin iqlimi bütövlükdə milyonlarla il davam edən buzlaşma dövrlərindən və bu dövrlər arası qısa müddətli istiləşmə periodlarından ibarətdir. Keçmişdə Yer iqliminin necə dəyişdiyini bilmək üçün informasiyalar təbiət arxivlərindən əldə edilir: «Yeronun atmosferi arasıkəsilmədən kosmik şüalar tərəfindən bombardman edilir. Həmin şüalar yüksək enerjili ağır ionlardan ibarətdir. Yer atmosferini bombardman edəndə atmosferdə ionlaşma gedir. Bu, Yerin bulud qatının əmələ gəlmə prosesinə təsir eləyir. Beləliklə də, bombardman nəticəsində atmosferdə ağır izotoplar əmələ gəlir. Atmosferokean sirkulyasiyaları nəticəsində bu izotoplar okeana və yerə çökür. Söhbət o izotoplardan gedir ki, onların dayanıqlığı kifayət qədərdir və parçalanma periodu min, hətta milyon illərlə ölçülür. Bu izotopları oxuyub öyrənməklə Yerin iqliminin keçmişdə necə olduğunu bilmək mümkündür».

Namiq Cəlilovun sözlərinə görə, BE10 və C14 izotopları yerin iqlimi ilə bağlı daha artıq informasiya verir: «İqlimdə bir neçə min illikdaha böyük dövri dəyişikliklər baş verir. Hazırda iqlimdə qlobal istiləşmə periodu gedir. Biz hazırda Yerdə son buzlaşma dövründən sonrakı Holosen adlandırılan istiləşmə dövründə yaşayırıq. İqlimdə hər 3-4 min ildən bir 1500-2000 ildən ibarət qəfil istiləşmə olur. Bunların səbəbi indiyədək məlum deyil. Yer iqlimi ilə məşğul olan mütəxəssislər belə fikrə gəliblər ki, bunun kökünü Günəşdə axtarmaq lazımdır. Günəş olmasaydı, Yerə gələn kosmik şüalanmanın sıxlığı təqribən eyni olardı. İqlimdə də həmişə müəyyən səviyyə müşahidə edilərdi. Amma Yerə çatan kosmik şüaların və Günəşdən gələn hissəciklərin hesabına Yerdə iqlim dəyişir. Günəşdə baş verən proseslər dövrü olduğundan bu, Yerdə iqlimin dövriliyinə də gətirib çıxarır. Günəş Yerin yeganə işıq və istilik mənbəyidir. Günəşin mərkəzində nüvə reaksiyaları gedir, nəticədə maqnit rezonansının fırlanma qravitasiya dalğaları əmələ gəlir. Bu o deməkdir ki, günəşin mərkəzində gedən nüvə reaksiyasının sürətinə yaranmış maqnit qravitasiya dalğaları təsir eləyir. Yəni, bu reaksiya gah yavaşıyır, gah da sürətlənir. Günəşin şüalandırdığı inteqral enerjibir neçə min il periodla azalaarta bilər. Bu, Yerdəki qlobal iqlim dəyişkənliklərinin birbaşa izahı deməkdir».

Alimin sözlərinə görə, hazırda iqlimdə qlobal istiləşmə müşahidə edilir: «İqlimdə təqribən 150 il əvvəl son dövri dəyişiklik baş verib, bu əsrin 50-ci illərinin ortalarına qədər bu istiləşmə maksimum pikinə çatacaq. Bu elə bir prosesdir ki, başlanğıcı təqribən 200 il ərzində öz maksimumuna qalxır. Sonra isə təxminən min ilə yaxın tədricən sönür. Yəni təqribən 50-ci illərin sonu — 60-cı illərə qədər hazırda müşahidə olunan qlobal istiləşmə davam eləyəcək, Yer kürəsində orta illik temperatur daha 6-7 dərəcə yüksələcək, sonra proses tədricən sönməyə doğru gedəcək».

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 17 aprel.- S.13.