Xəzər ölü dənizə çevrilə bilər

 

Neft hasilatı və daşınması üzündən Xəzərin çirklənməsi normadan 8-12 dəfə çoxdur

 

Azərbaycan dünyanın ən qədim neft ölkəsi sayılır və burada neftin sənaye üsulu ilə çıxarılmasının 150 ilə yaxın tarixi var. XIX əsrin axırları və XX əsrin əvvəlləri neftin çıxarılmasında, anbarlara yığılmasında, daşınmasında və emalında istifadə olunan primitiv texnologiyalar, keçmiş SSRİ dövründə isə neft istehsalının ətraf mühitin qorunmasından üstün tutulması torpaqların neft və eləcə də neftli sularla çirklənməsinə səbəb olub. Torpaqlarla yanaşı bir çox təbii göllər və gölməçələr neft quyularının tullantı suları ilə çirkləndirilərək ölü vəziyyətinə salınıb. Həmçinin keçmişdə quyuların ətrafında torpaq bəndlərdən yaradılmış neft anbarları kimi istifadə olunan ərazilər bu günə qədər neftlay suları ilə doldurulur. Neftin Xəzər dənizində açıq fontan üsulu ilə çıxarılması, dənizə 60 ilə yaxın dövrdə həm sahildən, həm də açıq dənizdə fəaliyyət göstərən neft quyularından atılan çirkab suları, qazma şlamları, boru kəmərlərindən sızmalar, qəza hallarında dənizə atılan külli miqdarda neft onun ekoloji mühitinə mənfi təsir göstərir. Köhnəlmiş və korroziyaya uğramış metal konstruksiyalar həmçinin dənizin dibinə çökmüş ağır neft tullantıları təkrar çirklənmə mənbəyinə çevrilib.

Neftin çıxarılması tarixi ilə yığılıb qalmış ekoloji problemlərin yaşı eynidir. Öz həcminə və kəskinliyinə görə bu problemlər dünyanın heç bir ölkəsi ilə müqayisə oluna bilməz.

Dənizdə və quruda lay sularının bir hissəsi neftdən ayrıldıqdan sonra təzyiqi saxlamaq üçün təkrarən yeraltı laylara vurulur, qalan hissəsi isə texniki məqsədlər üçün istifadə olunur. Köhnə yataqlarda bu sular açıq torpaq kanallarla axıdıldığından torpağa hopmalar mövcuddur. Abşeron yarımadasında quyu ətrafında neft anbarları və çirkli lay suları gölməçələri hələ də qalmaqdadır. Həmçinin Abşeron yarımadasının bir çox təbii gölləri uzun illər ərzində kanalizasiya suları ilə yanaşı neftli lay sularla da çirklənməyə məruz qalıb. Qeyd edək ki, ARDNŞ-in neft yataqlarının çoxunda mədən infrastrukturuhidrotexniki qurğuların əksəriyyəti fiziki və mənəvi cəhətdən çox köhnəlib. Odur ki, çirkli suların ətrafa yayılması riskləri qalmaqdadır. Ümumiyyətlə, neft çıxarma və nəql etmə əməliyyatları zamanı həm dənizdə, həm də quruda neft sızmaları və dağılmaları olur. Bunun əsas səbəbi mədənlərdə istismarda olan qurğu və avadanlıqların köhnə olması və gözlənilməz qəza hallarıdır. Neft mədənlərində iri miqyaslı neft dağılmaları 1978-ci ildə Bahar, 1986-cı ildə Günəşli yatağında müşahidə olunub.

Dənizdə aparılan qazma işləri zamanı təmizləyici qurğulardan qazma məhsulları və çirkab suları çox vaxt dənizə axıdılır. Neft quyularının yaxınlığında suyun üzərində neft ləkələrinin olması adi haldır. Dalğalar isə onları sahilə gətirirərək buradakı torpaq qatının çirklənməsinə səbəb olur. Bundan başqa, neft-qaz yataqlarının kəşfi, həmçinin yataqların istifadəsi nəticəsində dənizdə neft quyularının, estakadalarının tikintisiboru kəmərlərinin çəkilməsi uzun illər öncə həyata keçirilib. Artıq bu qurğuların çox hissəsinin istifadə müddəti başa çatib. Köhnəlmiş texniki qurğular korroziyaya uğrayaraq dənizi çirkləndirir. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasında atılaraq qalmaqdadır. Xəzər dənizinin çirklənməsində neft emalı müəssisələrində neftlə çirklənmiş suların tam təmizlənmədən dənizə axıdılması da rol oynayır. Su mühitinin Xəzərsahili ölkələrin neft hasilatını artırması nəticəsində ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyunqruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir.

Məlumat üçün deyək ki, neftneft məhsullarının su hövzələrindən çıxarılması və daşınması zamanı yaranan qəzalarda okeana ildə 1 mln. tondan çox qara qızıl tökülür. Suyun üzərini pərdə kimi örtən neft məhsulları ilk növbədə okeanda ən qiymətli qidanın zooplankton və fitoplanktonların məhvinə səbəb olur. Bundan əlavə neftlə çirklənmə dəniz heyvanları, o cümlədən quşlar üçün böyük təhlükə yaradır. Quşların neftə bulaşmış lələkləri uçmaq üçün yaramır, özlərinitəmizləməyə çalışdıqda isə mədələrinə neft daxil olduğu üçün məhv olurlar.

Okean və dəniz sularının karbohidrogenlərlə çirklənməsi antropogen çirklənmənin əsas növlərindən biridir. Bu çirklənmə əsasən neftçıxarma, neftin dənizlə daşınması və neft məhsullarının istifadəsi ilə bağlıdır. Hazırda dənizlə hər il 1 milyard tondan artıq neft daşınır. Onun 0,1-0,5 faizi okeana tullanır. Neft boşaldıqdan sonra neft tankerləri dəniz suyu ilə yuyulursonra gəmiyə dayanıqlıq verməsi üçün həmin su ilə ballast kimi doldurulur. Neftlə çirklənmiş su beynəlxalq müqavilələrə görə açıq dəniz zonalarına buraxıla bilər. Lakin çox vaxt bu əməliyyatlar sahilə yaxın məsafələrdə aparılır. Məsələn, hər gün 300-dən çox gəmi Pa-De-Kala boğazından keçərək Fransa sahillərində ballast sularını tullayırlar. Alimlərin tədqiqatları göstərir ki, hər il dünya okeanına 5 mln. ton neft axıdılır. Lakin bəzi ekspertlər bunu 10 mln ton qiymətləndirir. Belə ki, 1 ton neft okeanın 12 kv. km səthində yayılır.

Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi Tariyel Hüseynovun bildirdiyinə görə, Xəzər dənizində texnogen təhlükə və gərginlik hər an gözlənilir. Adıçəkilən idarə neft dağılmaları ilə bağlı texnogen təhlükələri 3 qrupa bölür: Birincisi, neft platformalarında olan təhlükələr. İkincisi, hasil olunan nefti sahilə aparan boru kəmərlərində baş verə biləcək qəzalar, üçüncü isə boru kəmərlərinin köhnə olmasıdır. Hesab edirəm ki, Neft Daşlarında boru kəmərlərinin təzələnməsinə ehtiyac var. Çünki keçmiş SSRİ dövründən üzübəri həmin borular təzələnməyib. Bu səbəbdən də ən çox neft sızma təhlükəsi də sözügedən boru kəmərlərində baş verir. Bundan əlavə, Xəzəryanı ölkələr tərəfindən Xəzər dənizində tranzit tankerlərlə neftneft məhsulları daşınır. Bizdə olan məlumatlara görə, son zamanlarda hər il 10 milyon tondan artıq neftneft məhsulu Xəzər üzərindən tranzit olunur. Bu cür daşınma da təhlükə mənbəyi sayılır. Çünki həmin tankerlərdə təhlükələrin baş verməsi istisna edilmir.

Azərbaycan sahillərində neft çıxarılması və daşınması üzündən Xəzərin çirklənməsi normadan 8-12 dəfə çoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Mirsalam Qəmbərov mətbuata müsahibəsində belə deyir. Ekoloq Telman Zeynalov isə bildirir ki, neftlə çirklənmə və çirkab suların dənizə axıdılmasının qarşısı alınmasa, Xəzər yaxın illərdə ölü dənizə çevriləcək. Ekoloq xatırladır ki, bir müddət öncə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizi çirkləndirdiyinə görə, bp şirkətinin iki milyon dollar cərimə edilməsinə nail olmuşdu. Hökumət yalnız cərimə ilə kifayətlənməməli, həm də təmizləmə işlərinə nail olmalıdır: Neftlə çirklənmə üzündən kürünün və nərə balığının nəsli kəsilməkdədir. Neft toksiki elementlərlə zəngindir. Həm ətraf mühiti, həm də suyun tərkibini dəyişdirir, canlı aləmə təsir göstərir. Toksiki elementlər yüz illər boyu parçalanmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mirsalam Qəmbərov əmin edir ki, son iki-üç il əvvəllə müqayisədə Xəzərin neftlə çirklənməsi azalıb. Amma cənab Qəmbərov dərhal da əlavə edir ki, neftçıxarma və daşıma zamanı baş verən qəzaları çıxmaq şərtilə. İdarə rəisi onu da deyir ki, Xəzər dənizində karbohidrogen ehtiyatların hasilatı ilə məşğul olan Dövlət Neft Şirkəti və bp qəzalar haqda onlara dərhal məlumat verirlər. Hələ ki, iri miqyaslı qəzalar və ümumiyyətlə, neftlə çirklənmə müşahidə olunmur.

Sənaye və Energetika Hazirliyindən verilən məlumata görə, indi Abşeronda 33 min hektardan çox ərazi neftlə çirklənib. Bunu ekologiya naziri Hüseyn Bağırov da təsdiqləyir. Onun sözlərinə görə, Abşeron yarımadasında antropogen təsirlər nəticəsində çirklənmiş ərazilərin ümumi sahəsi 33,3 min hektardır ki, bunun da 10,6 min hektarı neftneft məhsulları ilə çirklənməyə məruz qalıb. Bundan başqa, yarımadada 3325 hektar ərazini əhatə edən tullantı və lay suları ilə çirklənmiş 200-ə qədər göl və gölməçələr mövcuddur. Ən kəskin vəziyyət Balaxanı, Bibiheybət, Suraxanı və Binəqədi qəsəbələrindədir. İndi isə neftlə çiriklənmiş ərazilərin təmizlənməsi üçün böyük məbləğə ehtiyac var. Xəzərə yalnız bir ölkənin yox, 5 sahilyanı ölkənin qayğı göstərməsi vacibdir. Beləliklə, neft sənayesinin inkişafı Xəzərin ekoloji tarazılığını pozmaqla yanaşı minlərlə hektar torpaq sahəsini yararsız hala salıb.

Heft quyuların qazılması və tikilişində də Xəzər dənizinin çirklənməsi baş verir. Qazma proseslərində müxtəlif dərəcədə toksikliyə malik olan xüsusi materiallardan, sudan istifadə olunur, texnoloji tullantılar əmələ gəlir, bütün bunlar Xəzərin flora və faunası üçün təhlükə yaradır. Qazma tullantılarında təbii mühitin, xüsusən hidrobiontların stabilliyinə mənfi təsir göstərən müxtəlif toksik birləşmələr mövcuddur. Ümumiyyətlə, neft, qaz kimi təbii sərvətlər kəşf olunduğu gündən Xəzər dənizi üçün bəlaya çevrilib. Dənizə tökülən çaylar dəniz üçün daim çirklənmə mənbəyi olub. Xəzərin ən çox şimal hissəsi çirkli sayılır. Çünki dənizin 80 faiz su balansını ödəyən Volqa çayı ona həm də sənaye və məişət tullantıları gətirir. 1965-ci ildə isə Volqa çayı sahilində yerləşən kimyəvi zavodlardan birinin axıtdığı tullantılar hesabına Xəzər dənizində kürü tökmək üçün dənizdən Volqa çayı istiqamətində üzən yüz minlərlə nərə balığı məhv olmuşdu.

Müxtəlif səbəblər nəticəsində Xəzərə tökülən neft məhsulları su səthini örtüroksigenin suya daxil olmasının qarşısını alır. Oksigen çatışmazlığına məruz qalan balıqlar tələf olur. Suya daxil olan həll olmayan liflər, hissəciklər onu zibilləyərək fiziki-kimyəvi proseslərin getməsinə mane olur. Ağac hissəcikləri oksidləşən zaman çoxlu miqdarda oksigen istifadə edir ki, bu da balıqlara və digər canlılara mənfi təsir edir. Radioaktiv maddələr balıqlara, sonra isə digər heyvanların orqanizminə daxil olur.

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 18 aprel.- S.13.