Azərbaycanın atalar sözləri və məsəllər

Hənəfi Zeynallının Azərbaycan folklorunun toplanması, tərtibi və nəşrində müstəsna xidmətləri olub

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da folklorşünaslıq elmi son dövrlərdə yaranmışdır. Bu da təbii bir hal idi. Çünki xalq ədəbiyyatının kütləvi surətdə toplanıb nəşr olunması XIX əsrin ilk dövrlərinə təsadüf etdiyindən, onu öyrənən və tədqiq edən folklorşünaslıq elmi də elə bu illərdə yaranmışdır. Xalq ədəbiyyatının-folklorun öyrənilməsinə ilk təşəbbüslər əvvəlcə Avropada göstərilsə də, sonralar bütün ölkələrdə, o cümlədən Azərbaycanda da buna cəhdlər edilmişdir. Zaman keçdikcə folklorun toplanması və tədqiqi ilə məşğul olan ziyalılar, alimlər, folklorşünaslar meydana gəlməyə başladı. Belə folklorşünaslardan biri də Hənəfi Zeynallı olmuşdur.

Hənəfi Baba oğlu Zeynallı 1896-cı ildə Bakı şəhərində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, o cümlədən, Mərdəkan kəndində mahir sənətkar kimi tanınmışdır. Hənəfi altı yaşında ikən atası vəfat etmişdir. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır. Ailənin bütün ağırlığı hələ uşaq ikən onun üzərinə düşmüşdür. Hənəfi yeddinci rus-tatar məktəbinə girmiş, on iki yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq, bir parça çörək qazanmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olmuşdur. Uşaqlıqdan çox dözümlü və inadkar olan Hənəfi rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirir. 1916-cı ildə oranı uğurla bitirən H.Zeynallı Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləməklə yanaşı, imtahan verib müsaqibə yolu ilə ali-texniki məktəbə daxil olur. Bu illərdə o, tələbələrin coşğun həyatı, gizli inqilabi fəaliyyətləri ilə yaxından tanış olur və fəal tələbə-inqilabçılardan birinə çevrilir. Buna görə də onu institutun ikinci kursundan xaric edirlər.

H.Zeynallı 1920-ci ilin yanvarında İstanbul universitetinin hüquq fakültəsində təhsil almağa başlayır. Lakin Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə əlaqədar olaraq partiya və sovet idarələrində işləmək üçün həmin ilin iyul ayında Türkiyədən geri çağırılır. 1920-22-ci illərdə respublikanın ictimai həyatında yaxından iştirak edən H.Zeynallı işgüzarlığı və gözəl təşkilatçılıq bacarığı ilə Göyçay, Salyan, Muğan və Şamaxı qəzalarında partiya və sovet orqanların yaranmasında iştirak etmiş, məktəbdənkənar və kənddə iş şöbələrində müdir işləmiş, keçmiş Xalq Maarif Komisarlığı kollegiyasının üzvü olmuş və burada məktəbdənkənar şöbəyə rəhbərlik etmişdir. O, 1921-22-ci illərdə keçmiş Kommunist qəzetinin redaksiya heyətinin üzvü, keçmiş Şuşa qəza partiya komitəsinin katibi olmuş, sonra isə Azərbaycan Həmkarlar İttifaqı Şurasının orqanı olan Zəhmət qəzetinin redaktoru vəzifəsində çalışmışdır.

H.Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub, 1927-ci ildə oranı birinci dərəcəli diplomla qutararaq hərbi xəstəxana həkimi adı almışdır. 1927-ci tədris ilində ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasına (keçmiş Şərq fakültəsinə), daha sonra Ali Pedoqoji İnstituta elmi işçi təyin edilmişdir. O, ilk vaxtlar professorlardan B.Çobanzadənin, S.Vasilyevin, T.Berinin, A.Baqrinin və b. rəhbərliyi tələbələrə Azərbaycan ədəbiyyatı tarixi, dünya ədəbiyyatı tarixi fənlərindən mühazirələr oxumuşdur. O, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, elmi-ədəbi yaradıcılıqla da məşğul olur. 1922-ci ildən dövrü mətbuatda elmi-tənqidi məqalələrini dərc etdirir. H.Zeynallı 1924-29-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru olmuşdur. 1930-1935-ci illərdə o, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat bölməsində folklor şöbəsinin rəhbəri olmuşdur. H.Zeynallı keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat şöbəsinin müdiri, bu şöbə akademiyanın nəzdində instituta çevrildikdən sonra isə müxtəlif vaxtlarda folklor şöbəsinin müdiri, elmi katib, direktor müavini, Azərbaycan tədqiq və tətəbbö cəmiyyətində folklor komissiyasının sədri, 1936-cı ilin sentyabrında AZFAN-ın yanında Baş Mətbuat Müvəkkili vəzifəsində işləmişdir.

1926-cı ildə H.Zeynallının Azərbaycan atalar sözü və məsəlləri kitabı nəşr edilmişdir. Bu kitab həmin dövrə qədər çap edilən bütün folklor kitablarından öz elmi prinsipləri ilə seçilir. H.Zeynallı Azərbaycanda nəşr edilən bütün atalar sözlərini nəzərdən keçirmiş və mənbələrini göstərməklə, onları öz kitabına daxil etmişdir. Atalar sözü və məsəllər kitabı böyük bir müqəddimə ilə başlayır. Bu müqəddimə H.Zeynallının xalq ədəbiyyatının bir çox nəzəri məsələlərini dərindən bildiyini sübut edir. Burada o, yalnız atalar sözlərindən deyil, ümumiyyətlə, xalq ədəbiyyatından, onun mənşəyindən, janrlarından söhbət açır. H.Zeynallı xalq ədəbiyyatını mənzum və mənsur qisimlərə bölür. Bayatı, mahnı, ağı, bağlama, beşikbaşı, meyxana, tərifnamə mənzum qismə; nağıllar, dastanlar, qaravəllilər, təmsillər, ofsunlar, tapmacalar, atalar sözləri isə mənsur qismə aid edilir. H.Zeynallı göstərir ki, bu bölgünü apararkən o, rus şifahi xalq ədəbiyyatı tədqiqatının təcrübəsindən istifadə etmişdir.

H.Zeynallı isə Azərbaycan atalar sözü kitabında bu janra iki mövqedən yanaşmışdır. Birincisi, o, bu janrı Şəkili xüsusiyyətlərinə görə iki yerə ayırır: 1) Zərbül-məsəl və ya sadəcə olaraq məsəl; 2) Adi sözlər və ya savlar ikincisi;

H.Zeynallı atalar sözü və məsəlləri məna fərqinə görə bir-birindən ayırır. Müəllifə görə onların bir çoxunda bitmiş bir fikir, hökm olur, bəzilərində isə fikir dolayı yolla verilir. Buna görə də belə nümunələrdə əsl məna çıxarmağa və fikri tamamlamağa ehtiyac duyulur.

1935-ci ildə Azərbaycan nağıllarını tərtib edərək H.Zeynallı rus dilində nəşr etdirir. Kitabı görkəmli rus folklorşünası, professor M.Y.Sokolov redaktə edir. H.Zeynallının rus oxucuları üçün tərtib etdiyi bu nağıllar kitabının müqəddiməsində Azərbaycan nağıllarında ölüm-dirim mübarizəsi aparan xeyir və Şər qüvvələr haqqında verdiyi məlumatlar olduqca maraqlıdır. Göründüyü kimi, H. Zeynallının folklorun toplanması haqqında mülahizələri, eləcə də folklorun janrları haqqındakı nəzəri fikirləri bu gün də öz əhəmiyyətini və aktuallığını qoruyub saxlamışdır. Buna görə də H.Zeynallının folklorünaslıq fəaliyyəti gələcəkdə də diqqətlə araşdırılmalı, onun folklorla, eləcə də klassik ədəbiyyatla bağlı əsərləri geniş tədqiqata cəlb edilməlidir.

Hənəfinin hər fikri onun dərin düşüncə və biliyindən xəbər verirdi. Məsələn, o deyirdi: Həyatdan alınmış təcrübədən sənət doğur və ona su verir, sənət özü də həyatdan aldığı qüvvətlə yaranır və həyata nüfuz yetirməyə başlayır. Ona görə də, sənətlə həyat bir-birindən ayrılmaz iki parça kimi meydana çıxır.

Hənəfi Zeynallının əsərləri içərisində 1926-cı ildə yazdığı Azərbaycanın atalar sözləri və məsəllər kitabının xüsusi dəyəri var. Burada dörd minədək atalar sözü və məsəl toplanıb. Əgər amansız rüzgar Stalin rejiminin qara yeli əsməsəydi, Hənəfinin ömrünə hələ neçə belə uğurlu səhifələr yazılacaq, kitablarının üstünə yeni kitabları əlavə olunacaqdı. O hələ nə qədər xalq incisi folklor nümunəsi toplayacaq, neçə tədqiqat əsərinin altında Hənəfi Zeynallı imzası qoyulacaqdı. Amma Hənəfinin elə özünün topladığı həmin folklorun içərisində belə bir məsəl də vardı: sən saydığını say, gör fələk nə sayır

30-cu illərin sonunun terror dalğası ilə Azərbaycan elminin üstünə də qara küləklər əsdi. Respublikanın düşünən beyinləri, elmin müxtəlif sahələrində çalışan və bir alim kimi hələ çox söz deyəcək istedadlar aradan götürüldü. Bunların sırasında Azərbaycan SSR Elmlər Akademiyasının elmi işçiləri, mütəxəssisləri də var idi. H.Zeynallının adı akademiyanın repressiyaya məruz qalan əməkdaşlarının uzun siyahısındakı adlardan yalnız biri idi.

Nədə günahlandırılırdı Hənəfi Zeynallı? Uydurmuşdular ki, 1917-ci ildə o, eserlər partiyasının üzvü olub. Guya 1928-ci ildə Bakıda Türkiyə konsulu Fərid bəylə əlaqə saxlayıb və onun vasitəsilə tanınmış türk millətçi xadimi İsmayıl Hikmətlə məktublaşıb. H.Zeynallı 1929-cu ildə və sonrakı dövrdə müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, habelə B.Çobanzadə ilə sıx əlaqə saxlamaqda da günahlandırılırdı. İttihamlardan biri də alimin öz əsərlərində guya əksinqilabi millətçi ideologiyadan yazması idi.

Həqiqət kimi qələmə verilən bütün bu günahlara görə məhkəmə qaydasında cəzalandırılmazdan əvvəl Hənəfi akademiyada tutduğu bütün vəzifələrdən çıxarılır. Həmin hadisənin ertəsi günü isə onun istintaqı başlanır və üç gün davam edir. Hənəfini bir çox əksinqilabçı və millətçi, o cümlədən Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxladığına görə ittiham edirlər. Bu adamlarla əlaqəsi olmadığından Hənəfi təbii ki, ittihamları rədd edir. Həmin hal fevralın 23-də də baş verir. Hənəfi hər hansı antisovet təşkilata məxsusluğunun ağ yalan olduğunu deyir. Müstəntiq ona düzgün ifadə verməyi, müqavimət göstərməməyi təkid edir. Hənəfi isə yenə də yalan danışmaqdan boyun qaçırır.

Lakin bir gün sonra, fevralın 24-dəki istintaqda müttəhim birdən-birə tamamilə dəyişərək başqa sözlər deyir: Bəli, mən əksinqilabi kitablar alırdım. Bəli, mən əksinqilabi təşkilatın üzvü idim. Cavad Bağırzadəni, Həbib Səmədzadəni, İmran Babayevi də həmin təşkilata cəlb etmişəm. Bəli, mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm. Bəli, mən Türkiyəyə meyl etmək baxımından Azərbaycanın SSRİ-dən ayrılmasına tərəfdar idim və s..

Bu rejim heç bir günahı olmayan H.Zeynallıya növbəti günlərdə fevralın 9-u, 10-u və 11-də əksinqilabi təşkilata R.Axundov tərəfindən cəlb olunduğunu etiraf etdirir. Hənəfi sanki hansısa şər qüvvənin təsiri ilə ona deyilən ittihamların hamısını təsdiqləyir: guya 1936-cı ilin sonunda onun kabinetində Bakıda və respublikanın rayonlarında gəncləri təşkilata cəlb etmək kimi göstərişlər alıb, türk ziyalıları arasında işi genişləndirərək onları terrora, təxribatçılığa, ziyankarlığa, casusluğa və müharibə vaxtı təslimçiliyə istiqamətləndirib. Bütün bunları H.Zeynallıya işgəncələrin gücü ilə etiraf etdirirlər. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası səyyar sessiyasının Matuleviçin, Zaryanovun və Jiqurun iştirakı ilə məhkəmə iclası olur. Hənəfi Zeynallının da məhkəməsi cəmi 15 dəqiqə çəkir. Hərbi kollegiya Hənəfi Baba oğlu Zeynallını ən yüksək cəzaya güllələnməyə məhkum edir

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 27 aprel.- S.13.