Çağdaş Güney Azərbaycan ədəbiyyatı

 

Məlihə Əzizpur: «Hazırda Güney Azərbaycanda «dirəniş ədəbiyyatı» inkişafdadır»

VI yazı

(Əvvəli ötən saylarımızda)

Əlbəttə, insanın qəlbində, ruhunda əbədi yeri olan, onun fikir və düşüncələrinə hakim kəsilən Ana torpaq, Vətən, yurd sevgisi, eşq-məhəbbət, haqq-ədalət, həsrət, özləm, etiraz, üsyan, azadlıq mövzusu və bağımsızlıq motivləri digər şair və yazıçılarda olduğu kimi, «Avanqard şeir» tərəfdarlarının əsərlərində də aparıcı mövzudur. Bunlar mütləq mənada onların əsərlərində parlaq əksini tapır. Seyid Heydər Bayat da ənənəvi 11-lik heca qəlibində qələmə aldığı şeirlərinin birində onu hər an düşündürən, hər gün ruhunda dolaşan müqəddəs bir arzuya-azadlığa yetməyin, Vətənin ağ günlərinə

çatmağın yolunu axtarır və bu yolun izinə, sorağına düşsə də, mənzil başına çatmamış azıb qaldığını yazır. Şeirin alt qatında gizlənən mənanı (xalqın azad Vətən, bağımsız

dövlət qurmaq amacıyla XX əsrdə dörd dəfə həyata keçirdiyi, lakin hansısa səbəblərdən əldə saxlaya bilmədiyi və sonda məğlubiyyətlə nəticələnən inqilablar — məhz bu üzdən o,

yeni yol axtarır və şairin «Tapdanmış yollardan acığım gəlir» etirafı son dərəcə haqlı səslənir) isə o, orijinal deyim tərzi ilə heç kəsi təkrarlamadan oxucuya çatdıra bilir:

Tapdanmış yollardan acığım gəlir,

Onların axırı sənə yetişmir.

Nə qədər döyürəm mən bu yolları

Gün gələ uzanır, bir yerə bitmir.

Bir yol axtarıram sənə yetişsin,

Dərə olur-olsun, dağ olur-olsun,

Axı çox azmışam harayıma çat,

Bir yol göstər mənə, sənə yetişsin.

Bir həqiqət var ki, haqqın nuruna, işığına bələnməyən düşüncə bir tərəfdən tərəqqini gücləndirərək inkişafı sürətləndirirsə, digər tərəfdən insanların mənəviyyatını,

əxlaqını korlayır, onları əksər hallarda düz yoldan sapdırır, böyük haqsızlıqlar etməyə, təbiətin düzənini, dünyanın xəritəsini pozmağa istiqamətləndirir. Düşüncənin, ağılın məhz birtərəfli inkişaf etdiyi sivil ölkələrin, yəni super dövlətlərin hakim təbəqələri soyqırğınlarının miqyasını genişləndirir, əzilənlərlə əzənlər, zalımlarla məzlumlar arasındakı ənənəvi nifaqı gücləndirir,

müftəxorlar alın təri tökərək qazandıqları cüzi vəsaitlə yaşayışını təmin edən zəhmət adamlarını, əzabkeş xalqı getdikcə daha çox istismar edir. Bütün bunların da nəticəsində zorakılıq, xudbinlik, xəbislik, milli zülm artıb dözülməz həddə çatır, sərhədləri aşır. Belə çətin, xaotik bir dövrdə, super dövlətlərin elmin, real təfəkkürün və tərəqqinin nailiyyətlərindən yararlanaraq bəşəriyyəti məhv

etməyə doğru yönəldiyi bir zamanda təbii ki, Güneyli şairlər iki dünyanın — mənəviyyatla maddiyyatın, gücün savaşına seyrçi qalmır, bu prosesləri böyük ürək ağrısı və həyəcanla

qarşılayır və bütün bunları əsərlərində kəskin şəkildə tənqid və ifşa hədəfinə çevirirlər.

Eyni zamanda şeir və nəsr nümunələrində hər cür xudbinlikdən, pislik və rəzalətlərdən uzaq müqəddəs bir mənəvi dünya qurur, bəşər övladının xoşbəxtliyinə, şəxsiyyətin təmizliyinə inam aşılayır, insanın mənəvi aləmini daima təbii, saf və gözəl görmək istəyirlər. Düşüncələri fəlsəfi məqamlara daha çox söykənən Hadi Qaraçayın «Qəribə bir dünyadayıq» lakonik şeiri sanki yaşadığı dövrün, zəmanənin simasıdır. Şair ağalar və

qullar dünyasındakı təzadlara, insanların maddi durumundakı, yaşayışındakı kəskin uyğunsuzluqlara, «evində uşaqlarının sayı qədər çörəyi olmayan fəqirlərin və uşaqlarının sayı qədər saraylara və maşınlara» sahiblənən harın varlıların vəziyyətinə — bu paradoksallığa nifrətini hayqırır. «Quran»a, Allaha, imamlara yalan andlar içən, ürəklərində saxta andlar, ciblərində minlərlə yalan-palan, çiyinlərində isə bu yalanların günahlarını gəzdirən saxta

dindarlara istehza edir. Axı Hadi yaxşı bilir ki, Tanrının təkcə lal yaratdığı bəndələrin yalanı eşitmədiyi və yalan danışmadığı üçün yeri cənnətdir. Yalan təkcə eşitməyən, danışmayan bəndələr üçün yox, şüurlu hər bir insan üçün böyük günahdır. Yalan heç bir dünyəvi din, heç bir qanun tərəfindən qəbul edilməyən qeyri-insani keyfiyyətlərdən biridir:

Qəribə bir dünyadayıq

Ağalar var: Uşaqları sayısında sarayları,

Uşaqları sayısında maşınları

Ciblərində-İmam haqqı, Allah haqqı

Sözlərinin şablonları.

Ciblərində-minlər yalan, minlər palan,

Qəribə bir dünyadayıq.

Qullar da var.

Evlərində uşaqların sayı qədər çörəyi yox.

Ciblərində min arzunun,

Sürgünlərdə puçurlamış sümükləri…

«Qəribə bir dünyadayıq» şeirində «şair rəndəli və ölçülü bədii üsullardan istifadə edir, canlı, zəngin mənzərə yaradır, eyni zamanda sərbəst vəznin incəliklərini şeirə elə bir ustalıqla gətirir ki, poetik ahəng qətiyyən pozulmur, ritm, ahəng isə əruz və ya heca vəznində olduğu kimi, münasibətini qətiyyən itirmir…»

Maraqlıdır, şeirlərində bir-birindən gözəl, mükəmməl bədii tablolar, çoxqatlı metaforik ifadələrlə süslü peyzajlar yaratmaq, bədii ifadə və təsvir vasitələrindən yüksək

sənətkarlıqla isifadə etmək qüdrəti yansıyan istedadlı tədqiqatçı yazar Hümmət Şahbazinin «Haraya gedir bu həyat?» şeiri həyatın paradoksallığı, təzadları, dildə Tanrının bərabər yaratdığı, lakin cəmiyyətdə tutduqları mövqeyə, sosial vəziyyətinə görə tamamilə fərqlənən, qeyri-bərabər olan insanların yaşam tərzini müşahidə edərək «Qəribə bir

dünyadayıq» şeirini yazan qələm və əqidə dostu Hadi Qaraçayın fikrinin təsdiqi, açıq cavabı kimi səslənir. Xüsusilə də «Nə dənizdə bir sevinc, nə damlada bir arzu, Səssiz-səmirsiz hıçqırtıdır bu həyat… Haraya gedir görəsən, bu durumda bu həyat?..» misraları ki, təkcə onun deyil, bütöv bir xalqın boğulmuş həyatının hıçqırıqlarını, dişində boğulan harayları hayqırır:

Haraya gedir görəsən, bu durumda bu həyat?

Qorumaqla da olmur sevdanı yaşamaq.

Uzanır yalaqlıq ilğımlı nərdivanla

Dimdikləyir quşlar dalğaların izini.

Günəş bir sıldırım qaya

Arxasında sıra duran göyərtilər

Ölümlü-dirimli yuxularda bəlkə də.

Hər addımda sanki əllərin qoxumuş izi var.

Bu izlərdə qoxumuş əllər, çürümüş dillər

Bu dillərdə boğulmuş həyat!

Bu durumda bu həyatın: «Sağ olsun sədası gəlsin

Bu bir sevinc, bu, bir nisgil.

Haraya gedir görəsən bu durumda bu həyat?

Nə dənizdə bir sevinc, nə damlada bir arzu

Səssiz-səmirsiz hıçqırtıdır bu həyat.

Bəbəklərində iz qoyan bu baxışların tozunda

haraya gedir görəsən, bu həyat, bu durumda?

Dərdi oturub dizinə-başına döyə-döyə, ağlayıb-sıtqamaqla çatdırmaq üsulundan qat-qat güclüdür bu deyim… İnsanı, oxucunu durduğu yerə mıxlayacaq gücdədir bu misralar… Düşündükcə düşünməyə sövq edir öz oxucusunu və «Boğulmuş həyat»a nəfəs verməyə, onu ölümün dəhşətli pəncəsindən xilas etməyə səfərbər edir… Poeziyanın məqsədi, şairin amacı da elə budur: Düşündürmək, səfərbər etmək, birlik yaratmaq və… nəfəs kəsən amillərə, güclərə qarşı mübarizəyə, savaşa qalxmaq!.. Çünki onlar dərindən dərk edirlər ki, «Əgər bir millətin fəlsəfi və ədəbiyyat kitabları həssas, xəyalpərvər,

laübali qələmlərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil o yolda hərəkət edər və mümkün deyil, axıntıya qarşı bir dürlü kürək çəkməz. Məsələn, bir gənc bir şeir, bir hekayə, bir roman, bir tarix, bir faciə oxuyacaq olursa, dərhal özünə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənər və o ruhda yaşamağa yeltənər və o məsləkdə yaşamaq istər və bu yazılan əsərlər isə adətən aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar». «Hazırda Güney Azərbaycanda «dirəniş ədəbiyyatı» inkişafdadır» — deyən Məlihə xanım hesab edir ki, Güney Azərbaycanın şair və yazarlarının mövzuları məfhum və anlayış baxımından daha geniş və dərindir. Xanım yazar sanki həyatın tam mərkəz nöqtəsində bardaş quraraq əyləşmiş və gerçəklikləri, baş verənləri səbrlə, ayıq nəzərlərlə müşahidə edir.

Vətəndaş qeyrətli şairimiz Hadi Qaraçayın «Kult.az» saytında Rafət Pirisoy adlı ədəbiyyat və ədəbi dartışma «həvəslisi»nə doğru (həm də konkret və sərt) cavabını olduğu kimi verməyi «Hazırda Güney Azərbaycanda «dirəniş ədəbiyyatı» inkişafdadır» fikrinin ən uyğun açıqlaması hesab edirəm: «Güney Azərbaycanda azərbaycanlılar (daha doğrusu, güneyli-quzeyli-E.F.) bir çoxlarının görmədiyi, ya görmək istəmədiyi bir döyüş içindədilər və bu döyüşün ön sıralarında gedənlərin bir çoxu elə günü bu gün İran İslam Respublikası-nın zindanlarında yatır. Biz onsuz da meydandayıq Onlar həqiqətən bu gün həm döyüş, həm də sənət meydanında

ardıcıl surətdə, fəal mübarizə aparırlar…

Belinski yazırdı ki, «Lirikada şairin şəxsiyyəti birinci planda durur, biz ancaq onun vasitəsilə hər şeyi qəbul edib anlayırıq. Lirik poeziya (epik poeziyanın ziddinə olaraq)

əsasən subyektiv daxili poeziyadır, şairin öz-özünü ifadə etməsidir.» Hadi Qaraçay da şeirlərində özünü, mənsub olduğu xalqın iç dünyasını-düşüncələrini ifadə edir:

Muğan buğdasına yerikləyən torpağın yazı

Ərdəbil xalçasına yenmiş ormanın güzü

Savalanın südəmər döşü mən!

Çala çalımlı, Beli qılınclı

Süd qoxulu doğunun

Yopu yumru qoçuyam mən

Anam şaman olub, Atam ozan

Çay dənizdən, Ağac bağdan

Daş daşdan danışıb, Mən səndən

Göyçə gölünün çiçəyi gözün

İsıq gölünün ördəyinə çəkər boynun…

«Mən, biz, bütün dünya bir adamın sinəsində çarpazlaşır və bəşəriyyətin səadəti naminə qüvvətli, coşğun, ehtiraslı bir ürək kimi vurur» — deyən Məmməd Arif sanki bütün dünyanın

«Anam şaman olub, Atam ozan» yanıtını verən Hadi Qaraçayın bu şeirinə daşındığını müşahidə edə bilib və bir ürək kimi döyüntülərini duyubmuş… Yazda Muğan çöllərinin dizə

qalxan buğda zəmisi, meşələrin, ormanların payızının qızılı-sarı rənglərini özündə yansıdan Ərdəbil xalçası, Savalan öz «Yopu-yumru qoçuna» — Hadiyə — «Həqqə, imana münadi» balasına süd verən ana, anası şaman, atası ozan olan bu yopu-yumru qoç balanın sevdiyinin gözləri Göyçə gölünün çiçəyinə, boynu İsıq gölünün ördəyinin boynuna çəkir. Çay dənizdən ağac bağdan, daş daşdan, o isə çiçək gözlü, ördək boyunlu sevgilisindən danışır. Sevgi dolu bir dünyanın uğurlu tablosu belə yaranır modernist şeir dediyimiz poeziya nümunəsində və bu, əsl poeziyadır!..

Əli Məhəmməd Bəyani isə «Ana» şeirində ənənəvi mövzuya müraciət edir. Şairlərimizin əksəriyyətinin əski çağlardan bəri şərəfinə maraqlı əsərlər həsr etdikləri müqəddəs

varlığa-Anaya ali hisslərini yansıdan şair tamamilə yeni bir təşbeh işlədir və bütün ailələrin dayağı, ev-eşiyinin qoruyucusu, övladlarının yolunda ömrünü şam tək əridən, odda yandıran pərvanə kimi təqdim olunan Ananı Ata ocağının oduna, ev-eşiyin istilik, sıcaqlıq qaynağına bənzədir:

Gecələr, gündüzlər, yanmaqdır işi.

Görməyib heç kimsə Ana tek odun,

Ne gurcanaq edər, ne tütün salar.

Əsərlərini yeni formada-sərbəst, yəni azad-modern şeir şəklində yazan Ərgininin poetik düşüncələrinə də müasirliyin-çağdaşlığın sirayət etdiyi apaydın yansıyır… Eynilə «Suçsuz» şeirində olduğu kimi:

Ağ vicdanları qarala,

Arı ürəkləri ləkələ,

Sağlam düşüncələri zədələ.

Səndə suç yox.

İnsanlar malik olmadıqlarına

düşmən olarlar…

Fikrin ifadəsi konkret və birbaşa… Mətləb məlum, məqsəd aydın… Yeni şeirin qısa, lakonik şəkli, fikrin bədiiliyin ecazkar tülünə bürünməyən sadə sözlərlə lakonik ifadəsi…

Ənənəvi məzmunun yeni şeir formasında təqdimi: Oxucu ani olaraq, yəni heç bir çətinlik çəkmədən müdrik bir atalar sözünü xatırlayır: «Pişiyin ağzı ətə çatmayanda deyər ki, iy

verir».

Poeziyanın əsas obyekti insandır, onun fikri, düşüncəsi, hiss və duyğuları, bir sözlə, əhatə olunduğu mühit və daxili dünyasıdır…

 

(davamı var)

Esmira Fuad

Xalq Cəbhəsi.- 2013.- 24 avqust.- S.14.