Milli rəqslərimizin öyrətməni

 

Maarif Teymur: «Bir sıra rəqs melodiyaları Qorxmaz Qurbanovun ifasında artıq tarixiləşib»

Rəqqas Qorxmaz Qurbanov onillərlə Azərbaycanın milli rəqslərini sevə-sevə təbliğ edib. Bu gün milli rəqslərimizi

gənclərə sevə-sevə öyrədir. Bizimlə söhbətində rəqsin onun

üçün həyat, nəfəs olduğunu bildirdi. Ədəbiyyat və İncəsənət arxivinin direktoru Maarif Teymur 40 ildən çoxdur ki, tanıdığı Qorxmaz Qurbanovun sənətə bağlılığını belə ifadə edir: «Uzaqdan-yaxından «Qarabağ şikəstəsi»nin şən melodiyaları insanı həyəcana gətirir: xəyal və reallıq yoğrularaq ulu yurdumuzun keçmiş tarixini bizə çatdırır. İncə, kövrək səmimiyyət doğuran bu musiqinin dərin lirizminin təsirində səhnədə iki gənc görünür: bu gənclər xəyal dolu, sələf-xələf fəlsəfəsinin musiqi ladlarında, rəqslərin dili ilə seyrçini heyran edirlər. Birdən gənclərin ayağı yerdən üzülür, səma quşu kimi sevinc dənizində — buludlar qucağında sanki səmaviləşirlər: «Qarabağ şikəstəsi», «Vağzalı» ilə qucaqlaşır. Sevinc sədaları artır. Səhnə işıqlanır: üzündə heç vaxt təbəssüm, sevgi əskik olmayan, həmişə cavan, 1971-ci ildən tanıdığım Qorxmaz Qurbanov dayandığı, rəqs etdiyi səhnədə sanki heykələ dönür…»

Yenə də heç kəsə bənzəməyən üzündəki təbəssümlə deyir: «Böyük zamandır, 1971-ci ildə «Bəzi sənədlərinizi verin, yenicə yaranmış Ədəbiyyat və İncəsənət Dövlət arxivinə aparacağam, orada sizə şəxsi fond açacağıq»; Qorxmaz mənəvi xəzinəmizin qonağı olarkən çılğın halda ötənləri xatırlamış, sonra mənə xitabən demişdi: «Yaxşı ki, o illərdə bizim sənədlərimizin bir hissəsini bura qəbul etmisiniz, yoxsa»…

M.Teymur onun adına arxivdə fond açıldığını bildirir, o çağları belə xatırlayır: «Qorxmaz müəllimin səsi kövrəldi, sanki 35 il əvvələ boylandı. Elə bu an əməkdaşımız 417 saylı şəxsi fondun siyahısını Qorxmaz müəllimə verdi. Onun sevinci kədərini üstələdi. Qonaqlarımızdan biriunudulmaz rəqqas Əlibala Abdullayevin qızı Elmira xanım da bu sevinci duydu. Digər rəqs ustamız Xanlar Bəşirov da bu hadisədən təsirləndi. Söhbət uzandı: çansız sənədlər təzədən canlandı. Parisin məşhur konsert solonunda Qorxmazın yüksək müvəfəqiyyət qazanmasından da danışdıq».

Rəqqas Qorxmaz Qurbanov 1953-cü ildən müəllimi, dostu olmuş Əlibala Abdulayevi belə xatırlayır: «7 yaşında ilk dəfə həvəskar kimi, 13 yaşımda isə rəqs etməyə qəti olaraq başladım. Harada bir rəqs havasını eşidirdimsə, yerimdə dura bilmirdim, bütün bədənim sanki hərəkətə gəlirdi».

Rəqs qrupuna yazıldıqdan az sonra Qorxmaz yoldaşlarından fərqlənir və o, məşqə həvəslə başlayır. O, sanki Ana Kürün-Akuşa çayının sahilində, dünyaya göz açdığı Neftçala rayonunu, gəzib-dolandığı Salyan ərazisindəki çal-çağırı eşitmiş, rəqslərimizin ifaçısı olmağa can atmışdı. Can atmaq az idi, o, özünəməxsus yeni ritmlər, taktlar yaradaraq melodiyanı ifa edirdi, rəqsini daha da yaddaqalan edirdi: Çox keçmədən Ə.Abdullayevin quruluşunda olan «Rəqs müəlliminin rəqsi» Qorxmazın ifasında hamını həyəcanlandırdı. Çevik, cəld, plastik hərəkətləri hamının diqqətini cəlb etdi: o, elə bu illərdə «Çobanlar», «Gənclik» «Şəki» rəqslərini heç kəsə bənzəmən ifa edir, yavaş-yavaş professional xoreoqrafiyanın sirlərinə yiyələnirdi.

1956-cı ildə Qorxmazı Macarastana beynəlxalq düşərgəyə istirahətə göndərirlər. Gözəl rəqs ifaçısı kimi mükafat alan Qorxmaz bu inamdan daha da ruhlanır və Macarastandan qayıdıqdan sonra bütün varlığı ilə milli rəqslərimizin ifasına qəlbən bağlanır. 1956-cı ildə M.F.Axundov adına Dövlət Akademik OperaBalet teatrında verilmiş böyük konsert zamanı Q.Qurbanov tamaşaçıların daha çox rəğbətini qazanır.

M.Teymur bildirir: «O, illərdə Qorxmaz Pionerlər sarayında fəaliyyət gəstərən ehtiyat əmək qüvvələri sarayında məşq etməyə göndərildi. Burada o, əməkdar artist Böyükağa Məmmədovla birlikdə yeni Azərbaycan rəqslərini məşq etməyə səylə çalışır. Get-gedə rəqslərimizin vurğununa çevrilən bu gənc istedad müəlliminin təklifi ilə Dövlət Mahnı və Rəqs ansablına keçir. 20 ildən çox bu ansablda çalışır, rəqs onun varlığına çevrilir. İncəsənətin ən çətin, mürəkkəb sahəsi olan rəqs sənətinin özəyinə daxil olmaq, onu xalqa sevdirmək hər rəqqasa nəsib olmur. Bunun üçün qandan gələn və Allahdan verilən istedad birinci rol oynayırsa da, ən əsası gərgin zəhmət, ardıcıl, sistemli məşqdir.

Xalqımızın qədim və zəngin rəqslərinin yorulmaz ifaçısı olan Q.Qurbanov həmişə milli rəqslərə müraciət edirözünün zəhməti sayəsində çox vaxt bu rəqslərin ifasında yeni melodiyalarla yoğrularaq özünün parlaq istedadını nümayiş etdirir. Belə ki, o, öz ifasında xalqımızın rəqs ünsürlərini oynaq, ritmi professionallıqla məşq edərək, tamaşaçının qəlbini fəth edir. İstər xalq rəqsləri, istərsə də bəstəkarlarımızın bir sıra rəqs melodiyaları onun ifasında artıq tarixləşib və əbədiləşib. Bu əbədilik onun mənəvi xəzinəmizdə mühafizə olunan şəxsi fondundakı həmişə canlı sənədlərində öz əksini tapıb. Qorxmaz Qurbanovun ömrünün ixtiyar çağında, yenidən mənəvi xəzinəmizin qonağı olarkən birlikdə onun keçdiyi, qastrollarda olduğu dünya şəhərləri ilə bağlı fotoları gözdən keçirdik: Moskava, Kiyev, Riqa, Tbilisi, Tunis, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Polşa, Fransa, Hindistan, Birma, Banqladeş…»

«Canlı» sənədlərdə Ə.Abdullayev yazırdı: «Ansamblın solisti Qorxmaz Qurbanov istedadlı oyunu ilə ürəkləri fəth edib. Azərbaycan incəsənəti qarşısındakı xidmətlərinə və Moskvada müvəffəqiyyətli çıxışlarına görə Qorxmaz Qurbanov «Respublikanın əməkdar artisti» fəxri adına layiq görülüb.

Vaxtilə Ümumdünya Sülh Şurasının üzvü, alman yazıçısı Anna Zegers yazmışdı; «Mən Sovet Şərq xalqlarından Vətənə qayıdarkən bütün almanlara danışacağam. Mən füsunkar Azərbaycan rəqsləri və mahnıları haqqında, gözəl müğənniləri haqqında yazacağam».

1959-cu ildə deyilmiş bu sözlərdən Qorxmaz Qurbanova da pay düşür: «Mahnı və Rəqs ansamblının yaradıcı kollektivi arasında 1960-cı illərdə bütün dünyanı dolaşan istedadlı solistləri və üzvlərindən bu gün az qala unudulanlarımızı həmişə xatırlamalıyıq».

Qorxmaz müəllimin xatırladığı 1950-1960-cı illərin rəqqas və rəqqasələrindən Əhmədağa Məmmədov, Ramiz Məmmədov, Böyükağa Məmmədov, Roza Cəlilova, Nailə Mahmudova, Şərqiyə İsgəndərova, Əlikram Aslanov, Xoşbəxt Məmmədov, Roza Mahmudova, Ramiz Eynullayev və başqalarının keçdiyi yaradıcılıq yolundan həmişə bəhrələnməliyik. M.Teymur bu qənaətdədir: «1958-ci ildə bu kollektiv «Azərbaycan Respublikasının əməkdar kollektivi» kimi yüksək fəxri ada layiq görülüb. Qorxmaz Qurbanov da həmin kollektivin üzvü olmaqla və illərdir burada bədii rəhbərliyi ilə fəxr edir. Vaxtilə bəstəkarlardan C.Cahangirov, R.Mustafayev, H.Xanməmmədov, V.Adıgözəlovun əsərlərində Qorxmaz Qurbanov solist kimi rəqs etmiş, tamaşaçıların yaddaşlarında həkk olunub. «Çobanlar rəqsi», «Lənkəran», «Azərbaycan», «Bayram şənliyi» və s. rəqslərdə Q.Qurbanov yüksək ifaçılıq məharəti göstərib».

M.Teymur yenə də qayıdır sənədlərlə «danışmağa»: «417 saylı şəxsi fond Qorxmaz Qurbanov və Nailə Mahmudovanın adına açılıb. 1971-ci ildə hər ikisi yazmışdı: «İdeologiyamızın qoruyucularına hədiyyə: Nailə xanım və Qorxmaz Qurbanov Az.SSR əməkdar artistləri. İmzalar». Artıq o illərdən xeyli vaxt keçib. Bu gün Nailə xanım dünyasını dəyişib, Qorxmaz Qurbanov isə həmişəki kimi rəqslərimizin mahir ifaçısı olaraq yaşayır, öz təcrübəsini gənc rəqqaslara həvəslə öyrədir».

Qorxmaz Qurbanov həyat yolu, bu sənətə necə gəlməsi barədə də yazmışdı: «Mənim bütün həyatım mahnı və rəqs ansamblı ilə bağlıdır. 1958-ci ildə məni ansambla qəbul etdilər. «Qələbə rəqsi», «Ceyran» rəqslərində əsasən aparıcı rolda çıxış edirdim. Tamaşaçıların göstərdiyi səmimiyyət məni yaradıcılıq zirvələrinə qaldırdı. Mən bir çox xarici ölkələrdə olmuşam. Son illərdə Hindistana səfər etmişdim. Hind xalqının Azərbaycan musiqisi və rəqsinə nə qədər dərin bağlı olduğunu gözlərimlə gördüm. Mən xalqın sevincini, əzəmətini, qururunu, qəhrəmanlığını özündə əks etdirən xalq rəqslərini ifa etmişəm. Sevinirəm ki, Azərbaycan rəqsləri nəinki ölkəmizdə, bütün dünyada məftunluqla qarşılanıb, indi də qarşılanır. Türkiyə və Fransa səfərimi heç vaxt unutmaram. Biz həmin səfərlər zamanı musiqimizin, mahnımızın, rəqslərimizin xalqları bir-birini tanımasındakı rolunun bir daha şahidi olduq. «Qarabağın maralı», «Neftçilər süitası», «Naz eləmə» rəqslərimi ifa edərkən tamaşaçı alqışlarının səsi indi də qulaqlarımdan getmir. Xüsusilə məni 5 dəfə səhnəyə sürəkli alqışlarla qaytarmalarını unutmuram». Bu kövrək xatirələrdən ayrılıb yenə də vaxtilə mənəvi xəzinəmizə verdiyi sənədləri nəzərdən keçirdi. Öz gələcək arzularını da deməkdən çəkinmədi: «Bizim sənətdə izi, sözü olanları unutmamalıyıq. O cümlədən böyük Üzeyir bəy tərəfindən yaradılmış ansamblımızın sənətkarları ilə bu gün də təmasda olmalıyıq. Rəqqas və rəqqasələrin əməyi həmişə diqqət mərkəzində olmalıdır».

M.Teymur sonda bildirir: «1940-cı il: 18 iyulda Neftçala rayonun Xolqarabucaq kəndində dünya göz açan Qorxmaz «Bala KürünAkuşa çayının» şıltaqlarına dözərək adı kimi də sənətin zirvələrinə qorxmadan irəlilədi. Mərd, cəsur, gümrah Qorxmaz müəllim bu gün də dünənki kimi rəqslərimizin keşiyində müsəlləh əsgər kimi durur, bacarığını yeri gəldikcə gələcək nəsillərə həvəslə öyrədir. Ənənə də, sənət də könül kimidir, sındımı, onu yamamaq çətin olur. Əsil xalq sənətkarı, milli rəqslərimizin əzabkeşi olan Qorxmaz Qurbanovu bugünkü ifa olunan rəqslərin əksəriyyətinin bayalığı narahat edir. Tez də özünə gəlir. Fikirləşir ki, bayağılıq hər zaman olub, əsas odur ki, rəqslərimiz heç vaxt solmur, solmayacaq. Buna görə də varisliyi, ənənəviliyi tədqiq edən, araşdıran insanlar rəqslərimizin də ifaçılarını, həm də onların yaradıcılığını reallıqla təsvir etməlidir. Bu baxımdan Qorxmaz Qurbanovun rəqs yaradıcılığı, şəxsiyyəti, əlaqədə olan şəxsiyyətlər, gəzdiyi ölkələrdə Azərbaycan rəqsinin işığındakı fəaliyyəti də geniş öyrənilməli və təbliğ olunmalıdır».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 29 avqust.- S.14.