«Niyaziyə görə hamı bizi
alqışladı»
Türkiyənin məşhur
yazarı: «Ata-anama dua edəndə, mütləq Niyaziyə və
Həcər xanıma da dua edirəm»
Türkiyəli
yazar və sənətşünas Həyati
Əsilyazıçının APA-nın Türkiyə
müxbirinə müsahibəsi
- Sovet
İttifaqı və daha sonra Azərbaycan ədəbiyyatı
və sənətiylə tanışlığınız nə
vaxt başladı?
- Mən
hələ litsey şagirdi olanda rus ədəbiyyatını
oxuyurdum. 1954-cü ildə İstanbula gələndə
cibimdəki 15 lirənin 10 lirəsini verib David Oystraxtın
konsertinə getdim. Həftəlik «Kim» dərgisində
yazmağa başlayandan sonra isə teatr və konsertlərə
pulsuz gedə bilirdim. O vaxtlar Moskvanın Böyük
teatrından gələn qastrol konsertlərinə mütləq
gedər, yazılar yazardım.
- İstanbula 1954-də gəldiyinizi dediniz, o vaxtlar Nazim
Hikmətin Moskvada olduğunu bilirdinizmi?
- Təbii…
Nazim Moskvaya 1950-də getmişdi, hər şeyi
bilirdim.
- Onunla əlaqə
üçün hansısa kanallarınız var idimi?
- Yox,
qadağan idi. Necə əlaqə yaratmaq
olardı? İlk əlaqəmiz 1963-də
yarandı. SSRİ Yazıçılar
İttifaqından Konstantin Simonov, başqırd yazar Mustay Kərim
və Radi Fiş Türkiyəyə gəldilər. Onları bizim rəsmi dairələr dəvət
etmişdi. 1965-də Kosıgin Ankaraya gəldi,
Türkiyə Böyük Millət Məclisində
çıxış etdi. O vaxt Moskva radiosunda azərbaycanlı
diktor qardaşımız Ehsan Mustafayev Kosıginə tərcüməçilik
edirdi. Mən də Ankaraya getdim. O vaxt
Türkiyədə mətbuatın hörməti böyük
idi, Ankaraya rahat gedib-gələ bilirdik. 1963-də
gələn ilk yazar heyəti Türkiyə Qəzetəçilər
Cəmiyyətində mətbuat konfransı keçirdi.
Əziz Nesin mənə dedi ki, «Sən fəal və
nizam-intizamlı adamsan, qonaqlarımızla
sən məşğul olacaqsan». O vaxt dövlət qonaqlara
otel, maşın, yemək-içmək verirdi. Qonaqlarla
mən məşğul olurdum, Əziz Nesin təzyiqlərə
görə onları evinə də dəvət edə bilmədi.
- Siz o
vaxt mədəniyyət nazirliyində işləyirdinizmi? Dövlət Sizə icazə vermişdimi?
- Yox,
jurnalist idim, mənə o işi Əziz Nesin
tapşırmışdı. Mənə
demişdi ki, bu işlərin öhdəsindən sadəcə
sən gələ bilərsən. Çünki
çalışqan olduğumu bilirdi. 1965-də
Kosıgin gələndə mən də Ankaraya getdim. Kosıginlə görüşə bilmədim, ancaq
«Qu gölü» baletinə baxdıq, onlar dövlət
protokolunda idi, necə görüşə bilərdim?
Kosıgin «Qu gölü»ndə oynayan qız Meriç
Sümenin ifasını bəyəndi və dedi ki, sizi
«Böyük teatr»a dəvət edəcəm. 1967-də
çağırdı. Mən də 1967-də
Moskvadakı Beynəlxalq Dostluq Evinin dəvəti ilə
SSRİ-yə getdim. Yazıçılar
İttifaqı isə Əziz Nesin, Yaşar Kamal, Melih Cevdeti
çağırdı. Onlar İstanbulun Qalata
limanından gəmi ilə Odessaya gedib, oradan təyyarə ilə
Moskvaya uçmuşdular, mən isə qatarla Bolqarıstandan
getmiş, 1 həftə də Sofiyada bolqar yazarlarının
qonağı olmuşdum. Moskvada Türk
yazarlarını heç görmədim, onların ayrı
proqramı vardı, mən isə opera teatrına gedib məşhur
sənətkarlardan müsahibələr alırdım, sovetlərin
sənət həyatını öyrənirdim. Mənə maşın, sürücü, fotoqraf və
Qalina Belova adlı gənc bir tərcüməçi
vermişdilər (Qalina Belovanın Türkiyənin bəzi
media orqanları ilə yaxın əlaqələri bu gün də
davam edir). Dostluq evinin müdir müavini Nona Faraç
bir gün Radi Fişə dedi ki, Həyati sarışın
rus qızlarını xoşlayır, ona bir rus türkoloq
göndərsənə. Mənə çox
kömək etdi. Qalina da mənimlə
türkcəsini inkişaf etdirdi, Belarus mənşəli
sarışın, gözəl qız idi. Sonra
bizim Məhmət Perinçekin Moskvada müəllimi oldu.
Qalina dissertasiya yazanda ona Türkiyədən çox
kitab göndərmişdim, müdafiə edəndə mənə
xüsusi təşəkkür etmişdi. Bunu hər kəs etməzdi.
- 1967-də
Moskvaya getməzdən əvvəl Türkiyəyə gələn
azərbaycanlı sənətkarlarla tanış
olub yaxın əlaqələr yaratdığınızı
demişdiniz…
- Niyazi
İstanbula 1963-də gəldi, Ankarada «Pikovaya dama»nı tamaşaya qoyurdu, dirijor Niyazi idi.
Vaxtı olan kimi İstanbula gəlib buranın şəhər
orkestri ilə konsert verdi. O vaxt Təpəbaşındakı
teatrda «Yevgeni Onegin»i nümayiş etdirirdilər, Niyazi konsertdən
əvvəl şənbə günü teatra gəldi. O vaxt
orkestrin baş dirijoru Camal Rəşid Rey idi, ancaq gələn
qonaqlarla mənim yaxın dostum Panayır Abacı məşğul
olurdu. Panayır mənə dedi ki, bu axşam Niyazi Təpəbaşındakı
opera teatrına gedəcək. Maestro Niyazi Həcər
ablayla gəlmişdi, mən onu görməyə getdim.
Özümü təqdim edib dedim ki, jurnalistəm, sizin
yaradıcılığınızı da yaxından təqib
edirəm. «Quzum», — dedi — «Yevgeni Onegin» tamaşasını sən
tənqid etmisənmi? «Bəli» — dedim — «Mən tənqid
etmişəm». «Sən Çaykovskini hardan
bilirsən» — deyə soruşdu. «Eyvah, dərmanı
udduq» — deyə həyəcanlandım. Niyazi səmimi adam idi. Dedim ki, Çaykovskinin evimizdə
plastinkaları vardı, ordan dinləmişəm. Maestro Niyazi Çaykovskini çox yaxşı
bilirdi. Dedi ki, afərin, yazını doğru
yazmısan, mən də indi tamaşaya baxacam, səndə
talant var, yazmalısan. Panayır «Orkestr» dərgisi
çıxarırdı, orda mən «Yevgeni Onegin»in
İstanbuldakı quruluşunu tənqid etmişdim. Çox bərbad idi, bunlar çətin işlərdir.
Maestro Niyazi dedi ki, sən Ankaraya gəl, mən
sənə Çaykovskini başa salım. Mən hər həftənin
axırında Ankaraya gedirdim, ona Kavaklıdərədə ev tutmuşdular, çünki oteldə rahat ola
bilmirdi, Həcər abla ona xüsusi yeməklər
bişirirdi, restoran yeməklərini yeyə bilmirdi. Hər həftənin axırında Ankaraya gedirdim,
gecə saat 3-ə qədər maestro Niyazi mənə evində
musiqi barədə danışırdı. Ondan hər şeyi soruşurdum, övladı yox idi,
məni oğlu kimi sevirdi. 1967-də Moskvaya gedəndə
Vera Fyodorovna mənə dedi ki, sənin dostun maestro Niyazi və
Azərbaycanın bütün orkestri buraya gəlir, onu burda
qarşılayacaqsan, yoxsa görüşmək
üçün Bakıya gedəcəksən? Mən
bu barədə Veraya heç nə deməmişdim, sovet kəşfiyyatı
mənim bütün əlaqələrimi öyrənibmiş.
Dedim ki, maestro buraya gəlirsə, onu görmək
üçün niyə Bakıya gedim? Maestronun
gəlişinə çox sevindim. Kreml
sarayında festivalın açılış konserti oldu.
Nona Faraçla yanaşı oturmuşduq.
Protokolda Kosıgin, Mikoyan, Həcər abla vardı. Nona dedi
ki, maestroyla fasilədə görüşəcəksən,
yoxsa konsert bitəndən sonra? Dedim,
konsertdən sonra. Maestro salonun qapısından
girən kimi alqış qopdu, dirijor kürsüsünə
çıxıb əvvəlcə orkestrin
çalğıçılarını, sonra
tamaşaçıları salamlayacaqdı. Dönəndə məni gördü, dövlət
protokolu bir tərəfdə qaldı. Dedi ki, a mənim canım Həyati, burdasanmı? Xoş gəlmisən. O boyda sarayda mənim
yanıma gəldi, qucaqlaşıb öpüşdük. İndi də xatırlayanda həyəcan məni
basır, qıpqırmızı olmuşdum, salonda
alqış qopdu. Heç kim məni
tanımırdı, ancaq maestro Niyazi bu qədər
yaxınlıq göstərdiyinə görə hamı
alqışladı. Onu dünyada heç bir
dirijor etməzdi.
-
Bakıya ilk dəfə 1968-də Kamal Tahirlə gəldinizmi?
Sizdən başqa Türkiyədən kim
vardı?
-
Türkiyədən heç kim yox idi,
ikimiz idik. Moskvadan Əkbər Babayev vardı.
- Nazim Hikmətin yaxın dostlarından biri və ən
yaxşı tədqiqatçısı hesab olunursunuz. O vaxt SSRİ-yə gedib-gələnləri
Türkiyədə təzyiq altında saxlayırdılar, elə
deyilmi?
- Məni
də illərlə polis təqib etdi, ancaq heç bir şey
tapmayıb əl çəkirdilər. 68-də
gedəndə maestro Niyazi Bakıda yox idi, Moskvada idi. Fikrət Əmirovun «Sevil» operası tamaşaya
hazırlanırdı, Niyazi dirijor idi. Mən
Moskvada onu hər gün görürdüm, qaldığı
otelə gedirdim. O vaxt Moskvada ev tutmaq
mümkün deyildi, ona görə oteldə qalırdı, Həcər
abla orda ona yeməklər bişirirdi. O vaxt balerina qız
vardı, mən onunla evlənmək istəyirdim, ancaq sovetlər
icazə vermədi. Qızla vidalaşıb otelə — maestro
Niyazini görməyə getdim, dedi ki, ürəyini sıxma,
gəl, Azərbaycanın ən gözəl qızını
sənə alım. Bilirsənmi, mən ata-anama
dua edəndə həmişə maestro Niyaziylə Həcər
ablaya da dua edirəm. Onları o qədər
çox sevirdim. Nur içində
yatsınlar.
-
Bakıya gəldiniz…
- Bizi aeroportda necə təntənəylə qarşıladılar… Azərbaycan yazarları aeroporta gəlmişdilər. Azərbaycanda 1 həftə qaldıq. Şuşada Molla Pənah Vaqifin yubileyində iştirak etdik. O vaxt bütün tədbirlərin və qəzetlərdə bizimlə bağlı çıxmış xəbərlərin fotolarını bir alboma yapışdırıb bizə hədiyyə verdilər. Kamal Tahirə də hər kəs hörmətlə yanaşırdı. Vaqifin Bakıdakı yubileyində Kamal Tahir və mən çıxış etdik, Kamal Tahir ağıllı adam idi, dedi ki, sən burdakı insanların damarını daha yaxşı tutursan, ona görə də Şuşada Vaqifin məzarı başında mənim danışmağımı istədi. Azərbaycan ədəbiyyatı və musiqisindən danışdım. Bir gecə Nigar xanım və Rəsul bəy bizi evə dəvət etdilər. Nazimin Sofiyada çap edilmiş kitabından şeirlər oxudular. Nigar xanım müdhiş bir qadın idi, Anar o vaxt gənc idi. O gecə başqa qonaqlar da vardı. Mən də Nazimin şeirlərini oxudum, bizim türkcəni dinləməkdən xoşlandılar. Onlara 2 saat şeir oxudum. 1965-də Azərbaycandan İstanbula yazarlar qrupu gəldi. Onda mən Nişantaşında yaşayırdım. Onlar Sırasəlvilərdə oteldə qalırdılar, hökumətimizin rəsmi qonaqları idilər. 3 taksi çağırıb onları evimə gətirdim, çay-şirni ziyafəti verdim. Diqqətli idilər, içki içmirdilər. Nigar xanım xatirələrində məndən də bəhs edib. O vaxt bunu hər kəs edə bilməzdi. Ancaq mən cəsur idim, Azərbaycandan gələnlərlə görüşməkdən qorxmurdum.
- Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovla da yaxınlığnızın olduğunu bilirik.
- Çox yaxınlığmız oldu. Nə vaxt getsəm, Arif mütləq məni bir axşam dəvət edərdi, musiqi barədə xeyli söhbət edərdik. Arifin «Məhəbbət əfsanəsi» baleti 1970-ci illərdə əvvəl Ankarada, sonra isə İstanbulda tamaşaya qoyuldu. Burdakı quruluş Qriqoroviçin idi. Menecer Sabah Duru İstanbuldakı tamaşa üçün pulun miqdarını artırınca «Məhəbbət əfsanəsi» baleti repertuardan çıxarıldı. Halbuki tamaşaçılar o əsəri çox sevmişdilər. Yazıq oldu. Ankaradakı tamaşanın afişasına Nazim Hikmətin adı yazılmamışdı, İstanbulda isə hər şey yaxşı gedirdi. Dövlət bu cür işlərə müəyyən qədər pul ödəyə bilir, ancaq Sabah Durunun tamahı o cür gözəl işin dayanmasına səbəb oldu. Bakıya gedib Arifin 80 illiyində iştirak etmək istəyərdim. Maestro Niyazi «Məhəbbət əfsanəsi»ni çox bəyənirdi. Arif Məlikovdan əvvəl Nazim Hikmət «Bir aşk masalı»na balet yazmağı Qara Qarayevə təklif edib, ancaq Qarayev bunu qəbul etməyərək deyib ki, mənim bir tələbəm var, o gözəl əsər yarada bilər. Bunu mənə maestro demişdi, mən Qarayevdən də soruşmuşdum, o da demişdi ki, mən yaza bilməzdim. Azərbaycan opera və balet teatrında ər-arvad xoreoqraflar Maqsud Məmmədov və Rəfiqə Axundova vardı, dünyada çox məşhur idilər, sovetlər dağılanda teatrdan uzaqlaşmışdılar, daha sonra mərhum Heydər Əliyev onları çağırıb xoreoqrafiya məktəbi qurdurdu…
Xalq Cəbhəsi.-
2013.- 10 dekabr.- S.15.