Cəbrayıl aşıqları

 

Aşıq Qurbani ədəbiyyatda «Dirili Qurbani» kimi tanınıb

Azərbaycan şifahi xalq ədəbiyyatının ən çox yayılmış qollarından biri olan aşıq yaradıcılığı özünəməxsus geniş inkişaf yolu keçib, xalqın ictimai-siyasi həyatında, təfəkküründə silinməz illər buraxıb, əsrlərin sınağından, süzgəcindən keçərək indiki, müasir mərhələyə çatıb. Əsrlər boyu zəhmətkeş xalq kütlələrinin istək və arzularını tərənnüm edən Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Valeh, Aşıq Alı, Aşıq Ələsgər kimi görkəmli sənətkarlar yetirən aşıq poeziyası qədim Qarabağ torpağının ayrılmaz bir hissəsi olanQarabağ aşıq mühitinin aparıcı bir qolu olan Cəbrayıl torpağında da geniş inkişaf mərhələsi keçib.

Hələ XVI əsrdə aşıq yaradıcılığının babası hesab edilən dirili Dədə Qurbani bu torpaqda boy atıb, XIX əsrin məşhur qadın aşıq şairi Maralyanlı Aşıq Pəri burada doğulub məşhurlaşıb. Sonralar da bu torpaqda onların layiqli varisləri yetişib, Aşıq Mahmud, Aşıq Surxay, Aşıq İbiş, Aşıq Humay kimi el sənətkarları yaşayıb. Ədəbiyyat tariximizdə Azərbaycan aşıq şeirinin ilk nümayəndəsi və yaradıcısı kimi Qurbaninin adı çəkilir. Doğrudan da Qurbanidən əvvəl yaşayıb-yaratmış başqa bir xalq aşığına hələlik təsadüf olunmur. Onun həyatı, nə vaxt anadan olması və ölməsi haqqında haqqında məlumatlar mübahisəli idi. Ancaq uzun müddətli araşdırmalardan sonra onun həyatı haqqında müəyyən məlumatlar əldə edilib. Belə ki, «Qurbani» dastanı aşığın ayrı-ayrı qoşmalarının yazıldığı tarixlər, Şah İsmayıl Xətayi ilə əlaqələrin tarixini ətraflı araşdırdıqdan sonra belə bir qənaətə gəlinib ki, Qurbani XV əsrin sonlarında — təxminən 1477-ci ildə Cəbrayıl rayonunun keçmiş Diri kəndində anadan olub, burada da məşhurlaşıb. Ədəbiyyatda o «Dirili Qurbani» kimi tanınıb. Lakin son vaxtlara qədər ədəbiyyat tarixçiləri, folklorşünaslar, bu kəndi Güney Azərbaycan kəndi, Qurbanini isə Güney Azərbaycanlı ehtimalı ilə təqdim edirdilər. Bu ehtimallar artıq dəqiqləşdirilib. Belə ki, bizim tanıdığımız Qurbaninin anadan olduğu keçmiş Diri kəndi Quzey Azərbaycanda — Arazın sol sahilində yerləşən Diri dağının ətəyindədir (Hazırda həmin kəndin xarabalıqları qalmaqdadır). Aydın məsələdir ki, həmin kəndin adı da dağın adına görə Diri adlandırılıb və belə bir kənd heç də güneydə deyil, elə Diri dağının ətəyində olmalı idi. Lakin qeyd etmək lazımdır ki, əvvəlki ehtimallar müəyyən bir əsasa söykənirdi. Belə ki, Güney Azərbaycanda da belə bir kənd olub. Lakin o kənd Diri yox, Dirili olubbu kənd təxminən XVI əsrin sonlarında — artıq Qurbani öləndən sonra salıns, (hazırda həmin kəndin də xarabalıqları qalmaqdadır). Güney Azərbaycanda yaranmış Dirili kəndinin əhalisi də şimaldan getmiş dirililər olub. Lakin onların nə üçün köçməsi də səbəbsiz olmayıb. Məlumdur ki, Diri dağı müxtəlif zəhərli ilanların yaşadığı bir yerdir. Bu ilanlar o vaxtlar yerli əhaliyə çox böyük ziyanlar verib, mal-qaranı, adamları vurub öldürüb. Ən dəhşətlisi isə sevgilisinin məhəbbəti yolunda min bir əzab-əziyyət çəkmiş nakam Qurbaniniilan çalandan sonra kənd camaatı bu yerlərdən tamam küskünləşib, Qurbani kimi haqq aşığının da bu cür faciəli ölümündən sonra buralarda yaşamağın qeyri-mümkünlüyü qənaətinə gəlib, baş götürüb Güney Azərbaycana gedib, orada məskən salıb və bu kəndin də adını Dirili qoyublar. Yerli əhali tərəfindən isə onlar «dirililər» adlanıblar.

Aşığın qəbrinin quzeydə — Diri dağında olması da yuxarıdakı fikri bir daha təsdiq edir. Beləliklə, təxminən 70 ilə yaxın ömür sürmüş Qurbani 1547-1548-ci illərdə faciəli surətdə vəfat edib. Bildiyimiz kimi, Qurbani Şah İsmayıl Xətainin hakimiyyəti illərində (1501-1524) yaşayıb, Xətayi sarayına yaxın olub, şeiri, ədəbiyyatı sevən, özü də gözəl şeirlər yazan bu şair-hökmdarla şəxsən tanış olub. Xətayi ana dilli ədəbiyyatın bir sıra görkəmli nümayəndələrinə hamilik göstərdiyi kimi, el şairləri və ozanlara da xüsusi diqqət yetirib onların qayğısına qalırdı.

O dövrün ədəbi-bədii və tarixi mənbələrində göstərildiyi kimi Şah İsmayılın ordusunda ozanların böyük bir dəstəsi olardı. «Ozanlar vuruş günlərində qalib yürüşlü ordunun müqabilində çukurlar (saz) çalmaq, türkü-varsağılar oxumaqla igidləri döyüş həvəsilə coşdururdular. Ozanların çalıb oxumasında onların vuruş əzmi güclənirdi. Onlar ruh yüksəkliyi ilə düşmən üzərinə yürüyüb özlərini hərb dəryasına vururdular» («Cahan arayi-Şah İsmayıl Səfəvi» vərəq-69).

Qurbaninin yaradıcılığına bələd olan Şah İsmayıl onu da hamiliyə götürüb, köməklik edib, bir müddət sarayında saxlayıb. Öz növbəsində Qurbaniborclu qalmayıb, Xətayiyə həsr etdiyi şeirlərdə onu «Mürşidi-kamil», «şahların şahı», «pir» adlandırıb. Ustad aşıqların deməsinə görə, Şah İsmayıla yeddi saz havası — «Şah Xətayi», Şahsevəni, «Şahsarayı», «Baş divani», «Heydəri», «İbrahimi», «Sultani» həsr edilib ki, bunların yeddisiniQurbani bəstələyib. Sarayda yaşayarkən Xətayi ilə Qurbani arasındakı yaradıcılıq əlaqəsi genişlənib, bu səmimiyyətin, məhəbbətin ifadəsi kimi Qurbani onun ölümünə iki mərsiyə-divani də yazıb.

Son dövrlərə qədərki tədqiqatlarda Qurbaninin adı haqqında da müəyyən fikirlər, mülahizələr mövcud idi. Məlumdur ki, Qurbani aşığın təxəllüsüdür. Bəs bu təxəllüs haradan və necə əmələ gəlmişdi? Aşığın əsl adı nə olub? «Qurbani» dastanında Qurbaninin aşığın adı olduğu qeyd edilironun nəzir-niyazla, qurban kəsməklə anadan olduğubuna görə də adının Qurbani qoyulduğu, başqa bir rəvayətdə isə onun qurban bayramında doğulduğuna görə adının Qurban olduğu göstərilir. Ola bilsin ki, bu rəvayətlərdə müəyyən həqiqətlər varbütün variantlarda Qurban adı özünü göstərir. Deməli, aşığın hələ təxəllüs kimi formalaşmamış ilkin adı elə Qurban olub.

Tarixin bütün dövrlərində olduğu kimi, Qurbaninin yaşadığı XVI əsrdə də hakimlərin, feodalların özbaşnalığı zəhmətkeş xalq kütlələrini əzirdi. Qurbanibu özbaşınalığa, təhqirlərə dözə bilməyərək zəmanədən, dövrdən şikayət motivli şeirlərini yazırdı. Şübhəsiz, vəzirlərdən, əyanlardan, dövr və mühitdən Qurbaninin etdiyi bu şikayətlər yalnız onun şəxsi kədəri, etirazı kimi deyil, zülm və əziyyət içərisində yaşayan ümumxalq əhval-ruhiyyəsi və kədəri kimi qiymətləndirilməlidir. Aşıq ictimai məzmunlu şeirləri içərisində feodal zülmünə qarşı çıxaraq zəhmətkeşlərin arzu və istəklərini tərənnüm edirdi. Onun bir sıra şeirlərində şikayət, kədər, narazılıq özünü göstərir.

 

Tariyel Abbaslı,

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2013.- 10 dekabr.- S.14.