AXC parlamentinin yaradılmasından 95 il
ötdü
Məhəmməd Əmin Rəsulzadə:
«… Bizə fəlakət və səfalətdən başqa bir
şey verməyən ədavət və ixtilafı bir tərəfə
qoyaq»
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq
Respublikasının (AXC) parlamenti yaradıldı. Həmin
tarixdən 95 il ötür. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski
kabinetinin təşkilindən 3 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti Bakıya köçdü. Bakı
paytaxt elan olundu. Azərbaycan Xalq
Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.
Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin
dövlət bayrağı üzərində aypara və səkkizguşəli
ulduz təsviri olan üçrəngli bayraqla əvəz
olundu. İctimai-siyasi, iqtisadi və mədəni
həyatın müxtəlif sahələrində quruculuq
işləri daha da genişləndirildi. Parlamentli
respublika idarəçiliyinin hüquqi norma
və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti,
eyni zamanda Müəssislər Məclisinin çağırılması
üçün hazırlıq görməyə
başladı. Bu məqsədlə xüsusi
komissiya yaradıldı. Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay
keçməməsinə baxmayaraq hökumətin təkbaşına
hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda
F.Xoyskinin təşəbbüsü və müraciətinə
əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli
Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan
Milli Şurası Müəssislər Məclisi
çağırmaq işini öz üzərinə
götürdü.
Azərbaycan
Milli Şurasının 1918-ci il
noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə
keçirilən iclasında Azərbaycan Parlamenti tarixinin
mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan
Xalq Cümhuriyyəti fövqəladə dərəcədə
çətin və mürəkkəb şəraitdə fəaliyyət
göstərirdi. 19 noyabr tarixli iclasda qeyd olundu
ki, Azərbaycanın əhalisi yalnız türklərdən
ibarət olmadığı üçün Azərbaycan Milli
Şurasında başqa millətlər də təmsil
olunmalıdır, Azərbaycan ərazisində yaşayan
bütün xalqlar parlamentdə təmsil olunmalıdır.
Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 mln.
750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər
nümayəndə hesabı ilə 120 nəfərdən ibarət
olmalı idi. Onlardan 80 nəfər Azərbaycan türklərini,
21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər
almanları və 1 nəfər yəhudiləri təmsil etməli
idi. Sayları çox az olduğu
üçün parlament seçkilərində iştirak etmək
hüquqları olmadığı halda, gürcülər və
polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil
olunmalı idilər.
Azərbaycan
Milli Şurasının 19 noyabr 1918-ci il
tarixli iclasının qərarına əsasən hələ
1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə
seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə
birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil
edilirdi. Qalan 36 deputat və başqa millətlərin
nümayəndələri yenidən seçilməli idi.
Araşdırmaçılar hesab edir ki, o zamankı
tarixi şəraitdə atılan bu addım Azərbaycan
xalqının insan haqlarına hörmətlə
yanaşmasına parlaq sübutdur.
Məhəmməd
Əmin Rəsulzadənin yeni parlamentin
çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə
də əks olunmuşdu: «… bizə fəlakət və səfalətdən
başqa bir şey verməyən ədavət və
ixtilafı bir tərəfə qoyaq.
Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində
qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini
asanlıqla çəkmək üçün
yaşayışımızı aqil və insani əsaslar
üzərində quraq, bir-birimizi sevək, ehtiram edək.
Milli və məzhəb fərqlərinə
baxmayaraq, bütün Azərbaycan vətəndaşları
bir vətənin övladlarıdır. Ümumi
vətəndə müştərək həyatlarını
qurmaq və öz səadətlərinə birlikdə
yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı
və yardım etməlidirlər».
Ancaq sonrakı hadisələr bir daha göstərdi ki,
ermənilər xalqımızın ləyaqətli
davranışına layiq olmadılar. M.Ə.Rəsulzadə
Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki,
azlıqda qalan millətlərin və məmləkətin
vilayətlərinin də nümayəndələri təmsil
olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddəratını
həll, hökumətini təşkil və mənafeyini
müdafiə edəcək.
1918-ci il dekabrın 7-də saat 13-də Hacı
Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında
(indi o binada Füzuli adına Əlyazmalar İnstitutunun yerləşir)
Azərbaycan Parlamentinin təntənəli
açılışı oldu. Bu, Şərqdə
o dövrün demokratik prinsipləri əsasında
formalaşdırılmış ilk parlament idi. Parlamentin
açılışında Azərbaycan Milli
Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə
geniş təbrik nitqi söylədi: «Möhtərəm məbuslar
(deputatlar, millət vəkilləri)!
Azərbaycan Cümhuriyyətinin ilk məclisi-məbusanını
açmaq səadəti, siz möhtərəm məbusları
təbrik etmək şərəfinin öhdəmə
düşməsi ilə fəxr edirəm, əfəndilər. Rusiyada
zühur edən inqilabi-kəbir digər həqiqətlər
arasında bir həqiqəti bahirəni dəxi elan etmişdi.
Bu həqiqət millətlərin həqqi-hürriyyət
və istiqlalları idi. Rusiya inqilabı təbiətində
mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi,
millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən
mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl təsis edəcəkdi. O vaxt təbii
idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiləri,
digər məhkum millətlərlə bərabər, başqa
bir yolda cərəyan edəcəkdi. Millətlər
öz müqəddəratlarının təyinini cəm bir
surətdə Rusiya məclisi- müəssisanından gizlədilər.
Fəqət Rusiyada inqilab və demokratizm
namına zühur edən mürtəce bir istibdad nə kimi
xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab namına hökmfərma olan millətlərin
hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik
Zaqafqaziya millətlərini kəndi başlarının
çarəsinə baxmağa sövq etdi. Zaqafqaziyadan Rusiya məclisi-müəssisanına
intixab olunan məbuslar kəndilərini vəkil edən
camaatın hüququnu Zaqafqaziya «seymini» təşkil və onu
istiqlalını etməkdə gördülər. Eyni məntiq nəhayət, Azərbaycan əhalisi tərəfindən
seçilən vəkillərin şurayi-milli təşkilinə
sövq, bu şurayi-milli Azərbaycanın istiqlalını
ela etmək zəruriyyəti qarşısında qaldı.
Azərbaycan İstiqlalı elan olundu. Bu gün azlıq təşkil edən millətlərin
nümayəndələri ilə qəzaların yeni nümayəndələri
dəvət olunmaq üzrə iştə bu məclis təşəkkül
edilmişdir. Bu, məclis seçki
üsulu ilə toplanacaq. Azərbaycan məclisi-müəssisanı
toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.
Burada Azərbaycanda bulunan bütün millətlərin,
təbəqələrin və müxtəlif cərəyanların
nümayəndələri olduğundan bu məclis Vətənimizi
tamamilə təmsil edə bilər».
Bu yerdə
Rəsulzadə Rusiyanın əhalisinə qarşı
heç bir kin, nifrət bəsləmədiklərini bildirir:
«Bizim Rusiya camaatına qarşı heç bir ədavət və
nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya,
çarizim Rusiyası istibdadır. Rusiyaya
nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya
camaatına nifrət demək deyildir. Bizcə,
mənfur olan Rusiya, millətləri əzən və
hüquqlarını verməyən rəsmi Rusiyadır.
Hər millət hürr və müstəqil
olmalıdır, hürr olduqdan sonra millətlərlə
ürək istədiyi kimi ittifaqa girməlidir. Bütün dünya millətlərinin bir millətlər
cəmiyyəti vücudə gətirməsi bizim ən əziz
fikirlərimizdəndir. Bu federasyon cəbrlə
deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır.
Biz Rusiya camaatının da düçar
olduğu fəlakətdən qurtulmasını ürəkdən
istəyirik. Biz Rusiya hökumətinin həqiqi
rus demokratiyası əlinə keçməsi tərəfdarıyıq.
Çünki Qafqas dağlarının
şimalında təşəkkül edən müstəbid və
təcavüzkar bir hökumətə biz laqeyd qala bilmərik.
Biz Rusiyanın səadətini istəyirik, Rusiya
səadətini sevərik. Fəqət kəndi
istiqlalımızı da əziz tutarıq. Cəbrlə
qəbul edilən bir şeydə qətiyyən səadət
olmaz, çünki səadət hürriyyət və istiqlaldadır…
Mənim bu imanımı millətlərin qəlbində
doğmuş olan əməl günəşi
işıqlandırır. Bu günəş
bir daha sönməyəcək, mən bəşəriyyətin
vicdanına inanıram. Milyonlarla insan bahasına vicdani-bəşər
qazandığı həqiqətləri asanlıqla əlindən
verməz.»Cəmiyyəti-əğvam» fikri bu
gün hər kəscə qəbul edilmiş bir fikirdir. İnanıram ki, artıq öldürməklə
millətin hüququnu paymali-zəval etmək qətiyyən
mümkün deyil. Qaliblər də, məğlublar
da «millətlərin hüququ təslim edilməlidir» deyirlər.
Yaxında açılacaq ümumi konqresdə
bu fikir qətiyyən hakim olacaq. Bu gün
vəziyyətə hakim olanlar müttəfiqlərdir. İngilis, Amerika, Fransa dövlətlərində
bayraqlarında millətlər təmin hüququ və «cəmiyyəti-əğvam»
şüarı yazılıb. Dövlətlərin
Bakıdakı nümayəndələri naminə general Tomson
Qafqasya məsələlərinin ümumi sülh konqresində
həll olunacağını rəsmən elan etmişdir.
Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə
kəndi müqəddaratımızı, kəndi
istiqlalımızı müdafiə və mühafizədə
israr edər, səbat və mətanət göstərirsək,
heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti
var olur. Fəqət bunun üçün
səbat, mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq
olduğumuzu isbat edək. Bu oldumu, sizi əmin
edirəm ki, kimsə haqqımızı təslim etməmək
cəsarətində buluna bilməz. Hansı
vicdandır ki, istiqlalı istəyən və ona ləyaqətini
isbat edən bir milləti qəhr etsin? Qafqasya
əğvamı ruhunda hər zaman hürriyyət fikrinin təmsilçisi
olan Prometey Qafqaz dağlarında zəncirbənd edilmişdi.
O daim zəncirlərini qırmaq təşəbbüsündə
idi. Prometeyin ruhu bütün Qafqazın millətlərində
var. Qafqaz millətlərinin istiqlalı və bərabərlikdə
müstəqil olaraq yaşamaları bir uzaq xəyal deyil».
Milli Arxiv
İdarəsinin rəisi, tanınmış
araşdırmaçı Ataxan Paşayevin fikrincə, bu
materiallar şanlı dövlətçilik tariximizdən bir
soraq olan cümhuriyyətimizin yaşam tərzi haqqında demək
olar ki, tamamilə dolğun təsəvvür yaradır: «Azərbaycan
Xalq Cümhuriyyəti dövrünə aid nisbətən tam
şəkildə qorunub saxlanılan arxiv Cümhuriyyət
parlamentinin fondudur. Bu fondda minə yaxın iş qorunur.
Parlamentin 1918-ci il dekabrın 7-də
açılan ilk iclasından tutmuş 1920-ci il aprelin 19-da
keçirilmiş 142-ci iclasına qədər bütün
iclasların protokolları və onların böyük əksəriyyətinin
stenoqrafik hesabatları saxlanılır. Bundan başqa parlament
tərəfindən qəbul olunmuş qanunlar, digər normativ
aktlar və s. bu qəbildəndir. Həmçinin burada
parlament üzvlərinin siyahıları, bəzilərinin
şəxsi işləri də saxlanılır.»
(ardı var)
Uğur
Xalq Cəbhəsi.-
2013.- 10 dekabr.- S.10.