21 Azər Hərəkatı: səbəbləri, gedişatı, çöküşü

 

Pişəvəriyə kömək etmədilər, onu meydanda tək qoydular

II yazı

Güney Azərbaycanda həyata keçirilən işlərdən ən mühümü milli universitetin təşkili idi. Universitet ilk mərhələdə 3 fakültədən ibarət idi, bunun da rektoru doktor Cahanşahlı olmuşdu. Pişəvəri universitetin yeni binasının təməlqoyma mərasimində iştirak etmişdi. Hazırkı Təbriz universitetinin təməli qazılsa, Pişəvərinin həmin tarixdə içinə kağız yazıb qoyduğu şüşə çıxar. Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafı ilə də bağlı o dövrdə mühüm işlər görülüb. Əli Tudə Təbrizdə açılmış ilk filarmoniyanın müdiri olmuşdu. Həmçinin Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı təşkil edildi. «Vətən», «Günəş», «Şəfəq», «Yumruq», «Azər», «Ədəbiyyat səhifəci», «Maarif», «Kənd təsərrüfatı» və s. qəzetlər çıxmağa başladı. Milli Hökumət qurulan zaman əhalinin 95 faizi savadsız idi. Gecə kursları təşkil edildi, əhalinin savadlandırılması üçün təbliğat aparıldı. Vətənpərvər ziyalılar ucqar kəndlərdə savadsızlıq kurslarından dərs deməyə yollandılar.

İşin gedişində birdən vəziyyət qəfil dəyişdi. Moskva göstəriş verdi ki, Azərbaycan Milli Hökuməti Tehranla dil tapsın və razılığa gəlsin. Bu dövrdə Pişəvəri iki məngənə arasında qalmışdı. Bir tərəfdən Tehran, bir tərəfdən də Moskva onu sıxırdı. Sovetlər uzun müddət özlərini Azərbaycan xalqının qayğıkeşi, qardaşı, milli azadlığının müdafiəçisi kimi göstərirdi. Tehran hökuməti rəhbərliyinə Qəvamüssəltənə keçən kimi vəziyyət tamamilə dəyişdi. O, dövrünün olduqca hiyləgər siyasətçisi idi. 1946-cı ilin martında Qəvamüssəltənə Moskvaya gəldi, Stalinlə, Molotovla görüşdü. Onlara dedi ki, siz İrandan nə istəyirsiniz, biz verək. Moskvanın da şərti belə oldu ki, Tehran Güney Azərbaycanda olan neft mədənlərinin istismarını Sovetlərə versin. Bu şərtin yerinə yetiriləcəyi təqdirdə Moskva sovet qoşunlarını İrandan çıxarır, İran da yenidən Güney Azərbaycana sahib olurdu…

Sovet qoşunları 1946-cı il may ayının 9-na qədər Güney Azərbaycanda idilər. Moskva, Bakı bütün fikirlərini sovet qoşunları sırasında İrana keçmiş Azərbaycan ziyalıları vasitəsilə Pişəvəriyə çatdırırdı. 1946-cı ilin aprelində Pişəvəri Tehrana getdi. Daha doğrusu, Pişəvəri Tehrana getmək istəmirdi. O, bilirdi ki, təzyiqlər olacaq. Artıq o zaman Pişəvəri ilə sovet hökuməti arasında ixtilaf başlamışdı. Sovetlər Pişəvəriyə artıq açıq-aşkar sezilən şübhələrlə yanaşırdı. Çünki Pişəvəri müəyyən məsələlərdə Moskvanın dediklərini yerinə yetirmirdi, dolayısı, ya açıq şəkildə müqavimət göstərirdi. Artıq Sovetlər Pişəvəriyə bütünlüklə inamsızlıq göstərirdi, ona qarşı sərtləşmişdilər. Danışıqların ilkin mərhələsi Tehranda olur. Bu danışıqlarda Pişəvəri olduqca sərt mövqe tutur. O, şərt qoyur ki, Azərbaycanın muxtariyyatı olmalıdır, Azərbaycanın gəlirinin 75 faizi özünə qalmalıdır, Azərbaycan türkcəsi Azərbaycan məktəblərində geniş, xüsusi şəkildə tədris olunmalıdır və s. Ümumiyyətlə, bütün milli tələblər yerinə yetirilməlidir. Tehran təbii olaraq şakərinə uyğun bu tələbləri qəbul etmir. Pişəvəri geri qayıdır, danışıqların nəticəsi haqqında radio ilə xalqa məlumat verir.

Az sonra iyun ayının 10-da Pişəvəri Moskvanın təzyiqilə Təbrizdə danışıqları davam etdirir. Təbriz danışıqlarında Pişəvəriyə zor gücünə barışıq qərardadını imzaladırlar. O qərardada görə, Tehran qoşunları 15-ci məclis seçkilərini keçirmək üçün Azərbaycana gələndə buna maneçilik törədilməməli idi. Həmçinin Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinə qadağa qoyulmaması, firqəçilərin təqib olunmaması qarşılıqlı şərtlərdə nəzərə alınmışdı.

İran tərəfdən bu müqavilədə tez-tez «gələcəkdə» sözü işlədilir. Məsələn, «Gələcəkdə orta məktəblərdə Azərbaycan dili tam tədris olunacaq», «Gələcəkdə Zəncan yenidən qaytarılıb Azərbaycana veriləcək» və s.

Əgər Pişəvəri bu müqaviləni imzalamasaydı, o zaman Pişəvəriyə qarşı ya terror edəcəkdilər, ya da zəhərləyəcəkdilər. Pişəvəri fikrimcə, o zaman sağ qalıb vəziyyətdən çıxmaq yollarını arayırdı. O, bütün proseslərdə ümidini itirmirdi, fikirləşirdi ki, yəqin nəsə bir yol tapılar. Müqaviləyə qədər Zəncan Azərbaycanın ərazisinə daxil idi. Qərardaddan sonra isə Zəncan Tehrana qaytarılmalı idi. Tehran qoşunları Zəncana daxil olan kimi milli qüvvələrə, firqə üzvlərinə, Pişəvəri hərəkatına rəğbət bəsləyənlərə qarşı qırğınlar başlandı. Bu hadisə 1946-cı ilin noyabrında olmuşdu. Məncə, bu zaman Pişəvəri hökuməti bir şansı itirdi. O, bu zaman müqavilədən çıxa bilərdi. Çünki İran tərəfi müqavilənin şərtlərini kobudcasına pozmuşdu. Ancaq Pişəvəri bunu eləmədi, çünki üstəgəl Moskvanın təzyiqləri ona imkan vermədi. Zəncan alınandan sonra Pişəvəri başa düşdü ki, əgər İran orduları beləcə irəliləsələr, növbəti Azərbaycan şəhərlərini, xüsusən də Təbrizi bu cür aqibət gözləyir. O, təcili sovet rəhbərliyinə müraciət etdi.

Pişəvəri Azərbaycan Milli Hökuməti rəhbərliyi adından Mircəfər Bağırova müraciət edir: «Əgər bizə adi silahlardan bir miqdar versəniz, nəinki Azərbaycanı düşməndən xilas edərik, hətta Qəzvini, Tehranı şah qoşunlarından xilas edərik. Əhalidə əhval-ruhiyyə çox güclüdür». Müqavilədən sonra sovet qoşunları İrandan çıxarılmış, habelə əhalidə olan silahlar da yığılmışdı. Camaat demək olar, əliyalın qalmışdı. Pişəvəri Bağırova yazdığı məktubda bir məqamı vurğulayırdı: silahları gizli vermək olar ki, biz özümüzü müdafiə edək. Həmin gün Pişəvəri «Azərbaycan» qəzetində «Öldü var, döndü yoxdur» adlı məqalə ilə çıxış edir. Bu yazı sentyabrın 5-də dərc olunmuşdu. Bağırov tərəfindən Pişəvərinin məktubuna cavab mənfi olur. Adıgözəl Məmmədovun tədqiqatlarından məlum olur ki, M.Bağırov Stalinə bu məqsədlə zəng edir. Stalinin cavabı isə belə olur: heç cür mümkün deyil.

Doğrudan da belə oldu. Pişəvəriyə kömək etmədilər, onu meydanda tək qoydular. Artıq bu zaman Azərbaycan Milli Hökuməti süquta uğramaq ərəfəsində idi. Pişəvərini Təbrizdəki sovet konsulu yanına çağırır. Konsulla Pişəvəri arasında ciddi danışıqlar gedir. Pişəvəri ondan soruşur ki, siz bizi niyə meydanda tək qoydunuz? Axı siz bizim azadlığımıza tərəfdar idiniz, indi nə oldu? Biz İranla qərardad imzaladıq, yolu açdıq. İndi də onlar qıra-qıra gəlirlər. Konsul pis vəziyyətdə qaldığı zaman telefon zəng çalır. (Həmin konsul əslən azərbaycanlı olan Huru Quliyev uzun zaman «İnturist»in direktoru işlədi. Pişəvəri qəzaya düşən zaman o da həmin maşında idi). Konsul Pişəvəriyə deyir ki, «Bakıdan zəng edirlər, sizi Culfada gözləyirlər. Hazırlaşın, polkovnik Gözəlov Təbrizin çıxacağında Acı körpüsündə — Culfaya tərəf gedən yolda sizi gözləyir. Orada məsələhətləşmə olacaq». Pişəvəri gəlir. Doğrudan da burada onu polkovnik Gözəlov avtomatlı əsgərlərlə gözləyir. Artıq bu, o demək idi ki, Pişəvəri tam nəzarətə götürülüb. Culfaya gələndən sonra deyirlər ki, məsləhətləşmə Haxçıvanda olacaq.

Məqsəd Pişəvərini bütünlüklə hərəkatdan təcrid etmək idi.

Pişəvərinin üçüncü səhvi onun Təbrizdən çıxması idi. Bu, mənəvi cəhətdən əhalinin əhval-ruhiyyəsinə təsir etdi. Hətta belə şaiyələr buraxdılar ki, guya Pişəvəri qaçıb. Hadisələrin bu məcrada cərəyan edəcəyi ilə bağlı şah sarayında sentyabrda xüsusi komitə yaranmışdı. Tehran fikirləşirdi ki, şah qoşunları Güney Azərbaycana daxil olmazdan qabaq elə vəziyyət yaradılmalıdır ki, əhali biri-birini qırsın, vətəndaş müharibəsi baş versin. Guya qoşun artıq bu vaxt vəziyyəti stabilləşdirmək üçün Güney Azərbaycana müdaxilə edəcəkdi. Azərbaycan Milli Hökuməti qurulan zaman Tehrana qaçmış varlı xainlər hər cür silah-sursatla təchiz olunmuşdular. Onlar Milli Hökumətin süqut etməsinə bir neçə ay qalmış gizli şəkildə Azərbaycana gəlirlər. Bu şəxslər anti-Azərbaycançı qüvvələri gizli şəkildə ələ aldılar. Onlara qoşun gələrkən qarşılamağı tapşırdılar. Həmin dövrdə firqəçilərə, demokratlara hücum etmək əvvəlcədən planlaşdırılmışdı. Şah təyyarələri Güney Azərbaycan ərazisinə müraciətnamələr səpələyən zaman xain qüvvələr hücuma keçdilər. Qırğın bu mərhələdən sonra xüsusi xarakter aldı, Azərbaycanın bütün bölgələrini, o cümlədən Təbrizi əhatə etdi.

Pişəvərini sərhəddən dekabrın 19-da keçirmişdilər. Şah qoşunları isə dekabrın 20-21-də Təbrizə girdi. Bütün dünyaya səs saldılar ki, Azərbaycanda qırğınlar baş alıb gedir. Ona görə də qoşun təkcə sekçilərin keçirilməsin təmin etməklə bağlı yox, ilk növbədə qırğının qarşısını almaq üçün gedir.

İyul ayında qərardad bağlanandan sonra Pişəvəri Azərbaycan

Milli Hökumətinin sədrliyindən istefa verir. Qoşun gələnə qədər doktor Salamulla Cavid Pişəvərinin və şahın razılığı ilə Azərbaycanın valisi təyin olunur. O, xatirələrində yazır: «Gördüm ki, şahın qoşunu gəlib çıxmır, şəhərdə də qırğın gedir; silahlı adamlar evlərə, mağazalara hücum edir, Təbrizdə qan su yerinə axır. Maşına mindim, Təbrizdən 80 km aralı Bostanabada getdim. Getdim ki, qoşun orda dayanıb.

General Haşimidən soruşdum ki, burda niyə dayanmısınız,

orda qırğın başlayıb, qarşısını ala bilmirik, zorla dayanmışıq. General saymazyana dedi ki, siz gedin, biz gələcəyik. Qoşun qəsdən bundan düz 48 saat sonra Təbrizə daxil oldu».

Qoşun gələndən sonra bir neçə ay ərzində rəsmi şəkildə 25 min nəfər soydaşımız İran qoşunları tərəfindən güllələndi, asıldı. Məsələn, Azərbaycan Milli Hökumətinin baş prokurorunu may ayında asdılar. Hələ ortada itkin düşənlər, təsadüfən ölənlər, öldürülənlər bu sırada deyil. Yüz minə kimi adam sürgün olundu. 10 mindən yuxarı adam xarici ölkələrə qaçdı. Beləliklə, bir il ərzində mövcud olan Azərbaycan Milli Hökuməti Sovetlərin xəyanəti, ABŞ-ın, İngiltərənin şah qüvvələrinə hərtərəfli yardımı nəticəsində süqut etdi. Azərbaycan Milli Hökumətinin rəhbərliyi uzun müddət Sovetlərin səmimiyyətinə inandı.

21 Azər Hərəkatı 20-ci yüzildə Güney Azərbaycanda baş vermiş hərəkatların zirvəsi hesab olunur. Bu hərəkat hər hansı bir xarici qüvvənin köməyilə yox, milli zəmində baş vermiş hərəkat idi. Sovetlərin hərəkata hərbi, maddi-mənəvi yardımı inkar edilmir, amma bu yardım həlledici yox, təsiredici ola bilərdi. 21 Azərdən uzaqlaşdıqca Hərəkatın əzəməti, böyüklüyü daha çox hiss olunmağa başlayır. Bu, xalq hərəkatı idi. Bu gün Güneydəki milli qüvvələr bütün təzyiqlərə baxmayaraq həmişə Pişəvəri dövrünü böyük əhvali-ruhiyyə və məhəbbətlə yad edirlər.

Pişəvəri qəzaya düşdü, ya öldürüldü? Cavab vermək çox çətindir. Səbəbi də odur ki, araşdırılmalı sənədlər Moskvadadır. Bu məsələdə çox ehtimallar var. Pişəvərini Buzovnada Hobel bağında səssiz-səmirsiz basdırıblar. 60-cı illərdə qəbri Fəxri Xiyabana köçürülüb. Pişəvəri aradan götürüləndən sonra fədailəri dağıtdılar ki, artıq məsələ qurtardı.

 

Əkrəm Rəhimli,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2013.- 13 dekabr.- S.14.