Qızılbaşlıq
ideologiyası islama qarşı idimi?
Yusif
Əli Afşar: «Səfəvilər dövləti türk
dünyasının bir hissəsi olub və Bütöv Azərbaycanın
ideal modelidir»
Müsahibimiz
Fəlsəfə doktoru, tədqiqatçı alim Yusif Əli
Afşardır
- Bu
gün bəzi şəxslər Şah İsmayıl Xətaiyə
qarşı anti-təbliğat aparırlar. Ümumiyyətlə,
nə üçün tarixi şəxsiyyətin üzərinə
bu cür gedirlər?
- Əvvəla qeyd edim ki, Şah İsmayıl Xətai və
ondan əvvəl və sonra mövcud olmuş ailə sülaləsi
Azərbaycan tarixində xüsusi iz buraxmış şəxsiyyətlər
olmuşlar. Birmənalı olaraq deyilməlidir ki,
İsmayılın ata və ana tərəfi təmiz qanlı
türk tayfalarından olub. Şah
İsmayılın ana babası Uzun Həsən Azərbaycan
tarixində xüsusi qüdrətə malik olmuş
Ağqoyunlu dövlətinin yaradıcısı və
başçısı olub. Şah
İsmayıl Xətai 15 yaşında hakimiyyətə gəlmiş
yeganə türk sərkərdəsidir. İsmayıl
15 yaşa kimi dövrünün tanınmış əmir və
alimlərindən dünyəvi, hərbi və dini biliklər
öyrənmişdir. 37 il
yaşamasına baxmayaraq, Şah İsmayıl qüdrətli
bir türk dövləti, daha doğrusu, imperiyası yarada
bilmişdi. Təəssüf hissi ilə qeyd etməliyəm
ki, həmin dönəmlərdə dünya üzərində
hökmranlıq edən Osmanlı imperiyası ilə müttəfiqlik
əlaqələri yaradıla biməmişdir. Bunun da obyektiv və subyektiv səbəbləri
vardı. Ən başlıca amil isə
sünni məzhəbini Osmanlının rəsmi məzhəbi
elan etmək istəyən Yavuz Səlimin Osmanlının təməlində
dayanan türkmən tayfalarının inancına rəğmən
qanlı siyasət yürüdərək xəlifə olmaq
istəyi idi. Türkiyənin ən
böyük tarixçisi, dünyaca məşhur Xəlil
İnalcık buyurur ki, Osmanlının təməlini qoyan
tayfalar abdalan və qaziyan adlı iki türkmən
tayfalarıdır. Abdalanlar Tanrı ərləri,
Qaziyanlar isə Tanrı savaşçıları anlamı
daşıyan adlardır. Bu Türkmən
tayfaları batini inanca sahib olaraq türk ruhunun coşqusunu
öz yaşam tərzlərinə də hopdurmuş və
Anadoluda türk dövlətinin böyüməsində əsas
rol oynamışlar. Fəqət, sonradan
Osmanlı sarayında türk kimliyindən uzaqlaşmalar
yaşandı. İstanbulun fəthi ilə
Bizans Qeysər idarəçiliyinə keçməsi ilə
kökə olan bağlılıq zəiflədi. Və artıq Şah Xətaiyə qədər
türkmənlər sarayın bu mövqeyinə etiraz edirdilər.
Məsələn, Simavna qazısı Şeyx Bədrəddinin
üsyanı bunun bir örnəyidir. Mühüm fakt
budur ki, Sultan Səlimin zəhərləyib
öldürdüyü atası II Bəyazid Xanla Şah Xətai
bir-birlərinə məktub yazarkən «sevgili atam» və
«sevgili oğlum» deyə xitab edəcək qədər dost
münasibətdə idilər. Hətta 1508-ci
ildə Zülqədəroğullarına qarşı
savaşa gedən Şah Xətai ordusunu Osmanlı
torpaqlarından keçirməyə belə izn
almışdı. Yəni, arada
qarşılıqlı güvən var idi. Fəqət, Sultan Səlimi iqtidara gətirən
Osmanlı ülaməsi onu daim Şah Xətai və
Qızılbaşlığa qarşı əsas güc olaraq
yönləndirdi. Çünki bilirdilər
ki, Şah Xətai Qızılbaşlığı
türkün mürtəce molla
özbaşınalığına qarşı
etirazıdır. Qəribədir ki, bəziləri
tərəfindən böyük türk hökmdarı kimi tərif
edilən Sultan Səlimin işi-gücü türk dövlətləri
ilə savaşmaq olub. Əgər
coğrafiyaya baxsanız, görərsiniz ki, Çaldıran
düzü İstanbuldan nə qədər uzaqdadır. Elə isə kimin daha çox savaş istədiyini
də anlamış olarsınız. Sultan Səlimin Məmlükləri
məğlub etdikdən sonra sünni ərəb
idrakını Osmanlının rəsmi ideologiyası,
özünü isə xəlifə elan etməsi ilə
sarayda türkə «etraki biidrak», yəni «gerizəkalı
türk» ayaması sırındı. Elə isə
Sultan Səlim nəyə əsasən böyük türk
adlandırılır? Təsadüfi deyil ki, Osmanlı
sarayında serb, xorvat əsilli sədrəzəmlərindən
savayı, 2 nəfər erməni sədrəzəm də
olmuşdu. Fəqət, 1514-cü ildən bəri
bir nəfər türk sədrəzəm varmı Osmanlı
sarayında? O zaman hansı əsasla Sultan Səlimi
türk hökmdarı kimi qələmə verib Şah Xətai
ilə müqayisə edə bilərik ki? 1513-cü
ildə Anadoluda 45 min türkü qızılbaş olduğu
üçün qılıncdan keçirtdirən Səlim
Yavuz Şah İsmayılın üzərinə hücuma
keçdi. Sultan Səlimin farsca yazdığı təhqiramiz
məktublarına türkcə cavab yazan Şah İsmayıl
məsələni sülh yolu ilə həll etmək
üçün çox cəhd göstərsə də,
buna nail ola bilmədi və iki qardaş
millətin tarixində bu gün də acı hisslərlə
xatırlanan Çaldıran döyüşü baş verdi.
Amma bütün bunlara dövrün rakursundan baxmaq gərəkdir. Şah
İsmayıl Xətainin hansı dini məzhəb sahibi
olmasından öndə onun türk olmasına diqqət yetirməliyik.
Çünki Səfəvilər dövləti
tarixə ilk türk dövləti kimi daxil oldu və Qaraman
oğlu Məmməd bəyin türk dilini rəsmi dil elan etməsindən
sonra ilk dəfə olaraq türk dili Səfəvilər
dövlətinin rəsmi dövlət dili elan olundu.
Bu gün çox təəssüf hissi ilə bildirmək
istəyirəm ki, onsuz da dərdli tarixmizin yaralı məqamlarını
milli qarşıdurmalar səviyyəsinə çıxaran
insanlara geniş meydan verilib. Daha doğrusu, bu
insanlar cəmiyyətdəki boşluqlardan istifadə edərək
xalqın yazılı tarixi ilə oyun oynayırlar. Şah İsmayıl haqqında bir-iki kitab oxuyub, onun
şeirlərini əzbərləmək Şah
İsmayılı dərindən tanımaq demək deyil.
Şah Xətai Tanrının insan qəlbində
olduğunu ən yaxşı bilənlərdən biri idi.
Bizim üçün onun sərkərdəlik,
hökmdarlıq qabiliyyətləri tarixdən məlumdur.
Amma Xətainin batini fəlsəfəsini duymaqda
acizliklər yaşayırıq. Bu gün islam
alimlərinin, araşdırmaçılarının təsəvvüf
düşüncələrini incələdikcə Xətainin
fəlsəfəsinin daha dərin çalarlarını
görmək olur. Ümumiyyətlə, bu insanı iki istiqamətdə
təhlil etmək gərəkdir: 1.Şah İsmayıl şəxsiyyəti;
2.Xətai düşüncəsi və fəlsəfəsi.
Buna görə də özünü hər şeyi bilən
zənn edən insanlara bir neçə sual verin: Xətainin
şeirlərindəki dərin batini fəlsəfi fikirlərdən
nə dərəcədə xəbərdarsan? Şah
Xətai nədən Səfəvi deyil, Qızılbaş
olaraq ortaya çıxdı? Dönəmin
ab-havasını, eyni zamanda islam
dünyasında 610-1500-ci illər arasında yaşananları
nə qədər incələdilər, din və təsəvvüf
məsələlərində nə qədər bilgilidirlər
ki, Şah Xətai kimi böyük sufi ilə ilgili iftira
söyləyə bilirlər? Əlbəttə
ki, sualların sırasını artırmaq da olar, amma əsas
məqsəd Şah Xətai dünyasını dərindən
bilmədən onun haqqında küfr söyləyənlərə
səslənməkdir. Onlar anlamırlar ki,
Şah Abbasın dövründə Nəcəfdən şiə
mollalarının İsfahana gətirilməsi ilə
Qızılbaşlıq Səfəvi sarayından
sıxışdırıldı və əslində Şah
Abbas da eynən Sultan Səlim kimi öz kökünə
qarşı çıxdı. Bugünkü
İran mollası da Şah Abbasın səhvlərinin
acısıdır. Yoxsa ənəlhəq ruhu ilə
bütünləşmiş
Qızılbaşlığın, cənnət-cəhənnəm
sevdası ilə milləti avam yerinə qoyan molla ilə nə
ortaq yönü ola bilər ki?
Azərbaycan tarixini öyrənmək üçün
vahid konsepsiya olmadığından, hələ bu
boşluqların əzabından tariximiz və tarixi şəxsiyyətlərimiz
haqqında çox problemlər yaşayacağıq. Bu gün
Şah İsmayıl Xətai haqqında anti-təbliğat
düşüncələr yayan insanlar haqqında iki əsas
fikir yürütmək olar. Ya onlar özlərini
ifrat dərəcədə ağıllı, bilikli insan hesab
edirlər, ya da onlar düşmən dəyirmanına su
tökən insanlardır.
- Bəlkə
bununla özlərini gündəmə gətirməyə
çalışırlar?
- Bayaq qeyd etdiyim kimi, bu gün cəmiyyətmizin bir cox sahələrində kifayət qədər boşluqlar var. Bu boşluqlardan isə böyük ustalıqla istifadə edən yad missioner qruplaşmalar son anda bizim özümüzü özümüzə qarşı qoyurlar. Çünki kifayət qədər özümüzü öyrənməyə meyl etməyən xalqıq. Bunu hər sahədə də müşahidə edə bilərik. Mədəniyyət sahəsində təsadüfi insanlar səhnələrə, televiziyalara çıxaraq, əxlaqa zidd, mentalitetə zidd şoular göstərirlər. Mən çox təəssüf edirəm ki, bu gün bir çox siyasət insanları, ictimai təşkilatların rəhbərləri də gündəmə gəlmək üçün çox ucuz və bayağı yollardan istifadə edirlər. Aydındır ki, orta statistik vətəndaşın düçüncə tərzi dərinə işləyə bilmir. Çünki sosial problemlər, maddi sıxıntılar onun öz fəlsəfi dünyasına enməyə mane olur. Onun yeganə informasiya almaq imkanı isə televiziya vasitələridir. Burada isə xalqın üzdə olan insanları düşüncələrə təsir edəcək formada təbliğat aparırlar. Beləliklə, sadə vətəndaşın düşüncəsində milli qürur mənbəyi hesab etdiyi tarixi şəxsiyyətlər bir andaca gözdən salınır. Böyük kütlənin isə həqiqəti araşdırıb ortaya çıxarmağa nə vaxtı, nə də imkanları olmadığından daim bu fikir haçalanması içərisində yaşayır. Bu fikir ayrılığını yaradanlar, tarixi həqiqətlərə öz dar düşüncəsindən baxanlar, tarixi şəxsiyyətlərə özünün cılız anlayış sektorundan yanaşanlar həqiqətən də gündəmi qapsımaq üçün ortaya düşürlər. Bayaq qeyd etdiyim kimi, ortada dövlətin vahid ideologiyası, tarixi konsepsiyası olmalıdır ki, bu cür insanlar danışdıqlarına daxilən bir senzura tətbiq etsinlər. Sənin düşündüyün hamı üçün həqiqət kimi qəbul edilə bilməz. Bir insan həyatda bir neçə işi paralel apara bilməz. İnsan bir sahənin yüksək səviyyəli mütəxəssisi ola bilər. Qalan formada insan ya ensiklopedik biliyə malik ola bilər, ya da ki, müəyyən sahələrin həvəskar araşdırıcısı ola bilər. Bu durumda isə həmin insanlardan əsl mütəxəssis kimi yararlanmaq yanlışlıqlar yaradar. Şah İsmayıl Xətai kimi dahi insanın fəlsəfəsini və liderlik qabiliyyətini dərindən öyrənmədən onu polemik söhbətə çıxaran insanlara sadəcə acıyıram.
- Bu gün Səfəvilər dövlətini türk dünyasının bir parçası hesab etmək olarmı? Deyirlər ki, bu dövlət türk dünyasının parçalanmasına səbəb oldu:
- Bu gün bizim düşüncələrmizin rəng çalarları müxtəlif cür ola bilər. Amma tarixi həqiqətlər bu düşüncələrə uyğun da gələ bilər, əks də. Səfəvilər dövləti haqqında şəxsi fikirlər deyil, tarixi həqiqətləri söyləmək gərəkdir. Amma bu haqda öz fikrimi söyləyə bilərəm ki, Səfəvilər dövləti türk dünyasının bir hissəsi olub və Bütöv Azərbaycanın ideal modelidir. Qızılbaşlığı dərindən öyrənmədən Şah Xətainin və onun qurduğu Səfəvilər dövləti haqqında ictimai fikri yanlış istiqamətə yönəltmək qətiyyən yolverilməzdir.
- Bəs Qızılbaşlıq ideologiyası mahiyyət etibarilə İslama qarşı idimi? Çünki Xətaini həzrəti Əlini ilahiləşdirməkdə ittiham edirlər…
- İslamın batini qatlarından bəhrələnən Qızılbaşlıq əslində İslamın öz mahiyyətindən xəbər verir. Fəqət, mən təsəvvüf və ənəlhaq fəlsəfəsindən yetərincə xəbərdar olmadığım üçün məsələnin izahını bilənlərə buraxıram. İnşallah, onlar anladar, biz də öyrənmiş olarıq. Bayaq söyləmiş olduğum kimi, hər sahənin öz bilicilərini dinləmək, onlardan öyrənmək daha anlaşılan olar.
Xalq Cəbhəsi.-
2013.- 17 dekabr.- S.13.