«Bu xalqın möhtəşəm
bir dövlət kimi yaşamağa haqqı var»
Fəttah Heydərov: «Heydər Əliyev
olmasaydı, Azərbaycan parçalanacaqdı»
Azərbaycan Ağsaqqallar
Şurasının sədri, millət vəkili Fəttah Heydərovun
APA-ya müsahibəsi
- Heydər Əliyevi necə
xatırlayırsınız?
-
Ümummilli lider mənim xatirəmdə, dünyanın ən
gözəl insanlarından biri kimi, işıqlı
dünyanın ilahi tərəfindən yaradılmış ən
gözəl, qədd-qamətli boy-buxunlu, fiziki cəhətdən
çox sağlam, həmişə yadda qalan və
yaradılmışların əksəriyyətindən fərqlənən,
seçilən gözəl insan kimi yadda qalıb. Heydər Əliyevin
rəhbərliyi altında uzun müddət işlədiyim
üçün onu şəxsi keyfiyyətlərini, onun iki mənada-rəhbərlik
sahəsindəki çox böyük yüksək keyfiyyətlərini
bu gün də xatirəmdə canlandırıram və hesab
edirəm ki, o nadir insanlardan biri idi ki, onda böyük
uzaqgörənlik, məxsus olduğu insanlara, xalqa, torpağa
böyük sədaqət hisslər var idi. Və o hisslər
tamamilə onun vücudunda idi, varlığında idi. Eyni
zamanda Allah-taala Heydər Əliyevi çox böyük
işıqlı şəxsiyyət kimi yaratmışdı.
O işıq ilk dəfə görəndən bu günə qədər
də gözümün qabağından getmir. Heydər Əliyev
yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət
idi. Ədaləti, düzlüyü, səmimiyyəti, insani
keyfiyyətləri xüsusilə qiymətləndirən, ona məna
verən bir böyük şəxsiyyət idi. Heydər Əliyevdə
müqəddəs ideyalar, əməllər ətrafında
insanları ətrafına yığmaq, öz arxasınca
aparmaq qabiliyyəti var idi. Ona məxsus olan ən böyük
keyfiyyətlərdən biri də səmimi olmaq idi. Ona görə
də Heydər Əliyev ilk baxışda onunla təmasda,
ünsiyyətdə olan insanları inandırır və
onları doğru yola, düz yola istiqamətləndirməyi
bacarırdı.
O,
çox böyük bir ağsaqqal idi. 1969-cu ilin iyununda Azərbaycanda
rəhbərliyə gələndə onun hələ 46
yaşı var idi. Ancaq o qədər müdrik idi, o qədər
təkmil zəkaya, biliyə, ağla sahib idi ki, o zaman Azərbaycanda
gedən prosesləri istiqamətləndirməyi bacardı.
Heydər Əliyev Azərbaycan kəndlisinə torpaqdan istifadə
etməyi, becərməyi, məhsul almağı öyrətdi.
Azərbaycan kəndlisinə özünə ev-eşik tikməyi,
ev-eşik sahibi olmağı, həyət-baca sahibi
olmağı Heydər Əliyev təlqin elədi. Azərbaycan
insanına öz övladlarını oxutmasına, təhsil
verməsinə, irəli çəkməsinə, orta məktəb
məzunlarının Azərbaycandan kənara
çıxmasına, o zaman ünlü olan təhsil müəssisələrində
təhsil almasına Heydər Əliyev şərait
yaratdı. Bunların hamısı bir yol idi, bir istiqamət
idi və həmin dövrdə, SSRİ dövründə, o,
Azərbaycanın müstəqilliyinin əsasını
qoyurdu. Onda bir müstəqil fəaliyyət keyfiyyəti var
idi. O vaxt biz ittifaqın respublikası idik və Moskvadan idarə
olunurduq. Belə bir kəskin vəziyyətdə Heydər Əliyev
Azərbaycanın müstəqilliyini təmin etdi. O Azərbaycan
xalqı, insanı üçün nə
düşündüsə, onu həyata keçirməyi
bacardı. Bunun nəticəsində Azərbaycan
torpağı varlı, bərəkətli torpağa
çevrildi. Susuz torpaqlara su çəkdi, susuz kəndlərə
içməli su verdi. Azərbaycanda o zaman mövcud olmayan
yollar inşa elədi. Həmin dövrdə Azərbaycanda
pambıqçılığı,
üzümçülüyü,
taxılçılığı inkişaf etdirməklə
respublikamızı bir xeyir-bərəkət respublikasına
çevirdi. Bunlar hamısı mənim gözümün
qabağında baş verib və ulu öndərə aid olan
xatirələrdir.
Heydər
Əliyev 1969-cu ildə hakimiyyətə gələndə
ayrı-ayrı qüvvələrin, xüsusilə bədnam
qonşuların Azərbaycandan olan ərazi iddialarının
qarşısını tamamilə aldı. Heç kəs cəsarət
edib bu mövzuda danışa bilmədi. Heydər Əliyev həmin
dövrdə Azərbaycan dilini Konstitusiyada daxil etməklə
dövlət dili elan etdi. Bu bizim bugünkü müstəqilliyimizin
fundamenti idi.
Mən
Ordubadda çalışmışam. Ordubad meyvəçilik
rayonudur. Onun hakimiyyəti dövründə Ordubad çox
böyük meyvəçilik rayonuna çevrildi. On min
tonlarla ərik, şaftalı, heyva və digər dadlı, ləzzətli
meyvələr istehsal olundu. Konserv zavodları tikildi, həmin
konserv məhsulları o zaman SSRİ ərazindəki ölkələrə
vaqonlarla göndərilirdi. Eyni zamanda, mədəniyyət evlərinin,
məktəblərin, səhiyyə müəssisələrinin
tikintisi başlandı. Bu gün həmin yol davam edir. Hörmətli
prezidentimiz cənab İlham Əliyev bu yolu davam etdirir.
Artıq Azərbaycanda daha böyük sürətlə, daha
müasir, daha gözəl, daha dünya miqyaslı məktəblər,
səhiyyə müəssisələri, yollar, idman kompleksləri
və insana xidmət edən nə varsa, hamısı tikilir.
Bunun başlanğıcını Heydər Əliyev hələ
o zaman qoymuşdu. Heydər Əliyev bir daşı bir
daşın üstünə qoyanda çox sevinirdi. Sevinirdi
ki, Azərbaycan xalqına xidmət edən bu işlər var.
Mənim yaxşı yadımdadır, ulu öndəri bizim
ağır günlərimizdə, Sovetlər
İttifaqının dağılması prosesində hakimiyyətdən
kənarlaşdırdılar. Hətta o Azərbaycanda da
özünə yer tapa bilmədi və Naxçıvana gəldi.
Belə bir vaxtda Naxçıvanı işğaldan
qurtardı. Həmin dövrdə mən ulu öndərin hər
zaman yanında olmuşam. O, hər gecə səhərə
kimi blokadada olan Naxçıvanı çörəklə təmin
etmək üçün qonşu ölkələrdən
şəxsi nüfuzundan, hörmətindən istifadə edərək
aldığı ərzaqların yolunu gözləyib. Yuxusuz gecələr
keçirirdi, soyuq kabinetlərdə cəmiyyətə zidd
olan qüvvələrin, parçalanmış, hissələrə
bölünmüş qüvvələrin bir yerə
yığılması, ayrı-ayrı silahlı qrupların
bir-birinə qarşı yox, düşmənə
qarşı yönəldilməsi üçün yuxusuz gecələr
keçirirdi. Onlara izah etmək, onları başa salmaq,
onları bir yerə yığmaq üçün öz
müdrik xüsusiyyətlərindən istifadə etdi və
Naxçıvanı bəladan qurtardı. Çox cəsarətli
bir kişi idi Heydər Əliyev. Heç nədən
qorxmurdu. Mənim yadımdadır, blokada dövrü idi, sərhədlərdə
döyüşlər gedirdi. Belə bir vaxtda Ermənistanda sərhəddə
olan Sədərək məntəqəsinə getdik. Mən
orada gördüm ki, Ermənistan tərəfdə qəbiristanlıqdakı
qəbir daşlarının arxasından avtomat lülələrə
bizə tərəf yönəlib. Mən müraciət etdim
ki, Heydər Əliyev, ora getmək olmaz, orada silahlı adamlar
var, hamısı da silahlarını bizə doğru tutublar. O
heç nədən qorxmadı. Dedi, qoy vursunlar məni. Mən
gedib görməliyəm ki, orada vəziyyət necədir.
Doğrudan da cəsarət edib getdi. Biz də ürəklənib
onunla getdik. Məndə belə xatirələri qalıb. O qorxmaz
insan idi, heç nədən qorxmurdu. İradəli idi, öz
taleyinin sahibi idi. Buna görə də istər siyasi
mübarizədə, istər o cür fəlakətli anlarda
heç nədən qorxmadan, yalnız və yalnız
xalqı blokadadan, işğaldan qurtarmaqdan ötrü
çox cəsarətli hərəkət etdi. Çox
mülayim və yumşaq ürəyə malik idi. İlk dəfə
Naxçıvanda hakimiyyətlə gələndə hər dəfə
sərhədlərdən şəhidlər gəlirdi. Heydər
Əliyev onların hər birinin yasına gedir, dəfnində
iştirak edir, onlara ürək-dirək verirdi. Deyirdi ki, belə
qalmayacaq, biz qalib gələcəyik. Biz bu məsələni
həll edəcəyik. Doğrudan da Naxçıvanı o bəlalardan
Heydər Əliyev qurtardı. Azərbaycan xalqı o zaman
müdriklik göstərdi, öz xilaskarını
gördü, ulu öndəri Azərbaycana dəvət etdi və
Heydər Əliyev Azərbaycanı da işğaldan
qurtardı. Heydər Əliyev Azərbaycana rəhbərliyə
gəlməsəydi, bugünkü müstəqil Azərbaycanımız
yox idi.
- Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra görülən işləri necə
qiymətləndirirsiniz?
- O
xalqın təkidi və tələbi ilə Azərbaycan gələndən
sonra aldanmış, guya Azərbaycanın müstəqilliyi
uğrunda mübarizə aparan o mənfur qüvvələr
yenə də öz ambisiyalarından əl çəkmirdilər.
Azərbaycanda ayrı-ayrı silahlı dəstələr əmələ
gəlmişdi. Azərbaycanda regionçuluq mübahisələri
yaranmışdı. Azərbaycanı didmək, parçalamaq
istəyirdilər. Bu həmin insanların öz proqramı
deyildi, onlar tələyə düşmüş adamlar idilər.
Onlar xaricdən, kənardan yazılmış ssenarinin
icraçıları idilər. Bu ağır, çətin vəziyyəti
yalnız Heydər Əliyev dühası dərk edə, anlaya
bilərdi. Çünki o hər şeyi bilirdi. Heydər Əliyevin
özünün içərisində bir ilahi vergi var idi. Ona
görə də həmin dövrdə silahlı dəstələrin
qarşısının alınması, onlarının öz
yerinə oturdulması, çevriliş cəhdlərinin
qarşısının alınması böyük
ağıl, cəsarət, təmkin tələb edirdi. Heydər
Əliyev xalqı ətrafına yığmaqla Azərbaycanı
onlardan xilas elədi, Azərbaycanın müstəqilliyi təmin
olundu. Elə bir zaman, dövr, saat gəlib çatdı ki,
artıq o qüvvələr öz ssenarilərini həyata
keçirmək, niyyətlərinə nail olmaq ərəfəsində
idilər. Belə bir vaxtda Heydər Əliyev sevdiyi, onun
arxasında olan, ürəyində olan və ona inanan xalqı
səslədi. O zaman prezident iqamətgahının ətrafına
bütün Azərbaycan yığışdı, xalq
yığışdı, millət yığışdı.
Onun səsinə səs verdilər və Azərbaycan bu fəlakətlərdən
qurtardı. Mənə elə gəlir ki Heydər Əliyev
müdrikliyi onun sağlığında bunların
qarşısını nə qədər almışdısa,
zaman-zaman İlham Əliyev dövründə bunların
qarşısı alındı. Çünki xalqa arxalanan,
xalqı hər zaman öz arxasında görən, qəlbində
Azərbaycan insanına məhəbbət olan rəhbər həmişə
qalib olur. Bir daha təkrar edirəm ki, sonuncu prezident
seçkiləri 10 il müddətində xalqın həmrəylik
səsi ilə Heydər Əliyev yolunu daha 5 il də davam
etdirmək imkanı yarandı. Hörmətli prezidentimiz Azərbaycan
üçün, onun beynəlxalq aləmdə yerini möhkəmlətmək
üçün imkan əldə etdi.
- Heydər Əliyevlə son
görüşünüzü necə
xatırlayırsınız?
- Ulu öndərin 70 illiyini Naxçıvanda qeyd etdik. Özünün çox da razılığı olmadan kiçik bir məclisdə, Azərbaycanın da bir çox yerlərindən gəlmiş qonaqlarla birlikdə Naxçıvanda qeyd etdik. Bu, mənim xatirəmdədir. Ulu öndər məhz həmin kiçik məclisdə də öz sözlərini demişdi, öz fikirlərini demişdi. Azərbaycanın bu gününün görərək dediyi sözlər mənim xatirəmdədir. O dedi ki, Azərbaycan xalqının yaxşı yaşamaq haqqı var. Azərbaycan dövlətinin dünyanın ən gözəl dövləti olması haqqı var. Bu haqqı da özü yaratdı. Bu görüşlərdən biri xüsusilə yadımdadır. Məmməd Arazla bağlı bir məsələ var idi. Bu barədə mən məruzə etdim və dərhal göstəriş verdi, Məmməd Arazın həyat şəraiti yaxşılaşdı, ev şəraiti yaxşılaşdı, nə arzusu vardısa, yerinə yetdi. O zaman mənə dedi ki, «bilirsiniz, adamlara qayğı göstərmək lazımdır. Bəzi adamlar bu cür şəxslərə laqeydlik göstərirlər, fikir vermirlər. Xahiş edirəm ki, həmişə belə məsələlər olanda mənim xəbərim olsun».
- Heydər Əliyev
olmasaydı, Azərbaycanın bu gün vəziyyəti necə
olardı?
- Ümummilli lider olmasaydı, müxtəlif
qruplaşmalar Azərbaycanı parçalayacaqdı. Azərbaycanın
bir hissəsi Şərqə, bir hissəsi Qərbə, bir
hissəsi Şimala, bir hissəsi də Cənuba
parçalanacaqdı. Müstəqil Azərbaycan,
bugünkü Azərbaycan olmayacaqdı. Allah böyük, Azərbaycan
xalqı müdrik xalqdır. Azərbaycan xalqının
münbit torpaqları, yaradıcı insanları, Füzulisi,
Nizamisi var. Azərbaycanda Vaqif, Vidadi nəsli yaşayır. Səməd
Vurğun nəsli yaşayır. Azərbaycan elə-belə Azərbaycan
deyil. Bu xalqın möhtəşəm bir dövlət kimi
yaşamağa haqqı var. Azərbaycan dünyada
tanınır, Avropada tanınır, okeanın o tayında
tanınır, Şərqdə tanınır, Afrikada
tanınır. Dünyanın bütün qitələrində
Azərbaycan insanı var, Azərbaycan sözü var. Azərbaycan
məfhumu var. Azərbaycan mədəniyyəti, Azərbaycan
incəsənəti bizim hörmətli prezidentimizin rəhbərliyi
sayəsində, onun hamı tərəfindən sevilən
xanımının fəaliyyəti, Heydər Əliyev Fondunun
fəaliyyəti sayəsində artıq daha geniş miqyasda tanınır.
Azərbaycan var, yaşayır, əbədi olaraq yaşayacaq.
Xalq cəbhəsi.
- 2013.- 17 dekabr.- S.7.