Türk xalqlarının mifoloji təsəvvürləri
«Mifologiya — milli
varlığımız, milli kimliyimiz və milli
düşüncəmizin əsasıdır»
Milli etnokosmik varlığımızın əsasını
təşkil edən mifologiyanın öyrənilməsi təkcə
Azərbaycan humanitariyasının deyil, eləcə də
ümumtürk etnologiyası və dünya
türkologiyasının həlli vacib problemlərindəndir. Məsələnin
aktuallığı ilk növbədə mifin hər bir mədəniyyətdə
olduğu kimi, Azərbaycan mədəniyyətindəki yerinin,
rolunun və semantik mahiyyətinin öyrənilmə zərurəti
ilə bağlıdır.
Milli mədəniyyətimizin
istənilən məna vahidi mifologiya ilə arxetipləşir.
Milli mədəniyyətimiz bu nüvənin
diaxron böyüməsi kimi təşkil olunmaqla öz
çağdaş funksionallıq impluslarını ondan
alır. Milli mədəniyyətin ayrılmaz struktur səviyyələri
və milli ictimai şüurun formaları olan folklorun, incəsənətin,
dinin, fəlsəfənin, ədəbiyyatın və s.
mövcudluğunun əsasında onların
hamısının strukturunun genetikasını təşkil
edən mifoloji arxetiplərin canlılığı, onları
ardıcıl olaraq psixoidraki impulslarla zənginləşdirməsi
durur. Diaxron planda tarixin şərti dərinliklərində
qalmış mif sinxron planda çağdaş milli
özünüifadə kodlarının ruhunu, bütün
funksionallığının genetik əsasını təşkil
edir. Xüsusilə Azərbaycan folklorunun, ədəbiyyatının,
incəsənətinin, fəlsəfəsinin, mental
psixologiyanın bir bütöv — poetik orqanizm kimi öyrənilməsi
və öyrədilməsi bu orqanizmi onun genetikası səviyyəsində
qaynaqlandıran və idarə edən mifologiyanı öyrənmədən
mümkün deyil. Mifologiyanın struktur
arxetipləri Azərbaycan folkloru, ədəbiyyatı və
milli ictimai şüurun digər ənənəvi
formalarının strukturunu başdan-başa — bütün
struktur səviyyələri və elementlərini çevrələməklə
təşkil edir.
Mifologiya haqqında dünyada aparılmış tədqiqatlar
saysız-hesabsızdır. Eləcə də Azərbaycanda
dünya, ümumtürk, oğuz və Azərbaycan
mifologiyası ilə bağlı müxtəlif məzmun,
xarakter və formalı işlər görülməkdədir.
Azərbaycan folklorşünaslığından bir elm sahəsi
kimi prof. Mirəli Seyidovun araşdırmaları vasitəsilə
üzvlənərək müstəqilləşən Azərbaycan
mifologiya elmi bu gün Ağayar Şükürov, Kamil Vəli
Nərimanoğlu, Məhərrəm Cəfərli, Azad Nəbiyev,
Bəhlul Abdulla, Kamal Abdulla, Muxtar Kazımoğlu, Cəlal Bəydili,
Ramazan Qafarlı, Ramil Əliyev, Arif Acalov, Ağaverdi Xəlil,
Rüstəm Kamal, Məhəmməd Məmmədov, Fərəh
Cəlil, Emin Ağayev, Şakir Albalıyev, Atif İslamzadə,
Nail Qurbanov, Fərhad Qasımov, Ramin Allahverdi, Hikmət Quliyev,
Səfa Qarayev, Aynur Babək, Fidan Qasımova və
başqalarının yaradıcılığı ilə təmsil
olunur.
Bu tədqiqatlara nəzər saldığımızda
onların, əsasən, rusdilli ədəbiyyatlardan gələn
nəzəri-metodoloji baza əsasında
aparıldığını görürük. Həmin baza
öz əsas kütləsində materialsit-marksist fəlsəfəyə
əsaslanırdı. Dünya elmi ilə əyalətlərə
nisbətən daha artıq əlaqələrə malik olan
rus-sovet alimləri dünya mifoloji fikrini materialist-marksist təhlil-dəyərləndirmə
modelindən keçirmədən elmi fikir dövriyyəsinə
daxil edə bilmirdilər. Ancaq Azərbaycanın
son üç əsrdə qanı və canı bahasına
apardığı mübarizə ilə əldə etdiyi
müstəqilliyinin bəhrəsi olaraq indi elmdə heç
bir ideoloji buxov-model, yasaq-çərçivə yoxdur. Bu da özünü xüsusilə son dövr
araşdırmalarında mifoloji modelləşdirmənin milli
düşüncənin hüdudlarını daha geniş və
dərin miqyaslarda əhatə etməsində göstərir.
Bu istiqamətdə xüsusilə A.Şükürovun, A.Nəbiyevin,
C.Bəydilinin (Məmmədov), R.Qafarlının və
R.Əliyevin tədqiqatları əlamətdardır:
- Mərhum A.Şükürov Azərbaycan
folklorşünaslığında ilk dəfə olaraq
dünya xalqlarının mifologiyalarını ana dilimizdə
ümumiləşdirərək fundamental mifoloji fikir bazası
formalaşdırdı.
- Mərhum A.Nəbiyev
yaradıcılığının əsasən son onilliklərini
əhatə edən çalışmalarında elmi fikir
dövriyyəsinə «türk mif nüvəsi əsasında
formalaşan Azərbaycan mif modeli» konseptini daxil etdi.
- C.Bəydilinin
yaradıcılığında nəhəngliyi və zənginliyi
baxımından okeanı andıran türk mifoloji obrazları
struktur və funksiya baxımından sistemləşdirildi.
-
R.Qafarlı uzun illəri əhatə edən
çalışmalarında türk xalqlarının mifoloji təsəvvürlərini
nəzərdə tutan «türk mifologiyası» konsepti ilə
tarixi Azərbaycan xalqının mifoloji təsəvvürlərini
nəzərdə tutan «Azərbaycan mifologiyası» konseptini
vahid düşüncə sistemində birləşdirən
baxış müstəvisini — «Azərbaycan türklərin
mifologiyası» konseptini modelləşdirdi.
-
R.Əliyev Azərbaycan folklorşünaslığında
tamamilə yeni bir düşüncə sahəsinin — «riyazi
mifologiya»nın əsasını qoydu.
- Bizim
araşdırmalarımızda elmə «Oğuz mifologiyası»
konsepti daxil edildi, onun konseptual əsasları, nəzəri-metodoloji
bazası müəyyənləşdirildi, oğuz mifoloji
xaosunun struktur-semiotik metodla tədqiqinin yeni modifikasiyası
yaradıldı.
«Mifologiya» özünün ən sadə kütləvi-elmi
anlamında ibtidai icma dövründə yaşamış əcdadlarımızın
dünyagörüşü, şüuru, təsəvvürləridir. Təhsil bazası sovet
dövründə formalaşmış Azərbaycan
ziyalısı «mifologiya» adına daha çox ali məktəblərdə
tanış olduğu yunan mifologiyasını, onun tanrılar
panteonunu, baş tanrı Zevsi, əfsanəvi qəhrəman
Heraklı, göyü çiyinləri üstündə
saxlayan Anteyi, Homerin məşhur qəhrəmanı Odisseyi
tanıyır və bütün bunların hamısını
qədim dövrlərin əsası olmayan, uydurmaları —
nağılları, əfsanələri kimi qəbul edir. Və bu yanaşmasında o, həm də
haqlıdır. Mif-mifologiyanın tarixi,
kökü, yaşı bilinmir. Elə
bundan irəli gəlməklə insanlar «mif» dedikdə daha
çox yalanı, uydurmanı başa düşürlər.
Mifologiyaya münasibətdə bütün bu
ümumi ictimai-psixoloji yanaşma əslində mifin elmi mahiyyətinin
həqiqi təbiətini, gerçək «poetikasının»
özünəməxsusluğunu ifadə edir.
***
«Mifologiya» və onun struktur vahidi olan «mif» insanlığın
— bəşəriyyətin şüur tarixinin ilkin mərhələsidir. Bu, elmdə
mifoloji şüur mərhələsi adlanır. Öz növbəsində müasir insanların malik
olduğu şüur tarixi şüur adlanır. Bizim müasir şurumuzu mifoloji şüurdan tarixi
zaman, yəni düzxətli-diaxron zaman baxımından
minilliklər ayırır. Bugündən
keçmişə boylananda o, tarixin dərinliklərində
heç görünmür də. Ancaq insan
şüurunun fenomenallığı ondadır ki, bizlərdən
onminilliklərlə zaman məsafəsində olan mifologiya həm
də hər an və hər yerdə bizimlədir.
Onu öz zaman ritmi ilə yaşayan,
gündüzlər mürgü döyüb, yalnız gecələr
ova çıxan şirlərə bənzətmək olar.
Mifologiya tarixi zaman baxımından eraların,
epoxaların dərinliyində olduğu kimi, həm də bizim
şürumuzun dərinliklərində, alt
qatlarındadır. O, gecələr öz simvolik obrazlarını
yuxumuza yollayır: gah sevindirir, gah da qorxudaraq gündüzlərimizin
əhvalını öz psixoloji rənginə boyayır. Lakin bəzən həyatımıza qəfildən
çox müdhiş formalarda da daxil olur. Gecə ovundan
qayıdıb gündüz dincələn şirləri narahat
edəndə onlar necə qəzəblənirlərsə, miflər
də qəfil zərbələrdən — psixoloji travmalardan,
nevrotik şoklardan, affektiv qəzalardan oyanıb
şüurumuza hakim ola bilir.
Antropoetnoloji, psixiatrik, psixomifoloji, analitik-psixoloji, psixoanalitik və s. araşdırmaların nəticələrinə görə, insanların izaholunmaz yuxularının, ruhi xəstələrin söyləmələrinin və qədim dünyanın miflərinin əsas obraz və motivlər sistemi üst-üstə düşür. İnsanların gördükləri yuxuların bir hissəsi yuxu prosesindəki fiziki təsirlərlə (isti, soyuq, aclıq, toxluq və s.), başqa bir hissəsi insanın ayıq vaxtındakı psixoloji yaşantıları (qorxu, sevinc, narahatlıq, stress, əsəb, gözlənti və s.) ilə bağlı olur. Üçüncü qisim yuxular izaha gəlmir. Bura fərziyyələr meydanıdır.
***
Ənənəvi düşüncədə yuxular mesaj — ünsiyyət dünyasıdır: yuxuda görülən hər bir element simvolik obrazdır və xalq inanclarında hər bir obrazın öz mənası var. Yuxular bu obrazlarla yozulur. Başqa sözlə, insana yuxularla gələn ilahi-mistik mesaj «oxunur» və onlarda nə deyildiyi başa düşülür. Yuxuların əsas obraz və motivlər sisteminin qədim dünyanın mifik mətnlərinin obraz və motivləri ilə səsləşməsi bu «səsləşmə» sözünün elə həqiqi mənada «səsləşmə — xəbərləşmə», ünsiyyət — əlaqə olduğunu göstərir. İnsan öz yuxularında sanki epoxaların, eraların arxasında qalmış mifoloji mətnləri «oxuyur».
Demək, bizim qədim mədəniyyət hesab
etdiyimiz, bizə gil yazıların, papirus kağızların
üzərində gəlib çatmış əski miflər
eyni zamanda həm də bizim yaddaşımızdadır. Biz
onları torpağın dərinliklərində qalmış
mədəniyyət laylarında yox, həm də
yaddaşımızın dərinliklərində
axtarmalıyıq. Ruhi xəstələrin
söyləmələrindəki obraz və motivlərin
yuxularla, miflərlə səsləşməsi, əslində,
unudulmuş, yox olmuş, tarixin qaranlıqlarında
itib-batmış zənn etdiyimiz mif-mifologiyanın bizimlə
var olduğunu, bizi heç vaxt tərk etmədiyini göstərir.
İnsan da, heyvan da ana bətnində
olanda onun yoldaşı
olur. Heyvanın
yoldaşına «ətənə», insanın yoldaşına
«cift» deyilir. «Coft» farscada «cüt»,
«qoşa» mənasındadır. İnsan
doğulandan sonra da onun qoşası — yoldaşı olur.
İnsanın bu yoldaşı elmdə — aura,
folklorda — qaraçuxa, dini-mistik ənənədə — həmzad
adlanır. Bizim hazırda malik olduğumuz tarixi
şüurumuzun da belə bir qoşası — yoldaşı var:
mifoloji şüur. Aura — qaraçuxa — həmzad
daim insanla yoldaş olur. İnsanların əksəriyyəti
bu yoldaşlarının varlığından bütün
ömrü xəbər tutmur. Aura —
qaraçuxa — həmzad psixoloji travma, şok, sarsıntı,
affektlərlə özünü bilindirə bilir. Bu
zaman insanın şüuru ilə təhtəlşürunun
(başqa adlarla: şüuraltının — qeyri-şüurinin
— bilinçdışının) arasında əlaqə
pozulursa, o, ruhi xəstəyə çevrilir. Yaxud
başqa halda insanın yuxuları mistik simvol-obrazlarla
müşayiət olunan əzaba çevrilir. Bütün hallarda oyanan, şüura hakim kəsilən
psixoloji kompleks hər hansı məzmun və formada mifologiya
ilə bağlıdır. Şüurla təhtəlşüur
arasında keçid zonası var: bu, şüurun ən dərin
qatı, ucqarı, təhtəlşüura keçidin
astanasıdır. Mifologiya burada «dincəlir».
Qəfil «zərbə»lərlə «oyananda»
özü ilə həmin astanadan təhtəlşüurun
davranışlarını da gətirir. Müasir insan
mifologiyanı onun yuxusundan qəfildən oyadanda, onu narahat edəndə
mifologiya insana zərər verir: onunla əsrlərin, minillərin
sınağından çıxmış xoş-ənənəvi
üsullarla rəftar edəndə xeyir verir. Mifologiya
— milli varlığımız, milli kimliyimiz və milli
düşüncəmizin beşiyi, ocağıdır, əsasıdır.
Mifologiyanı bu statusda öyrənən xalqlar
və fərdlər varlıqlarını həmişə
ayaqda və diri saxlaya bilirlər.
Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.-
2013.- 19 dekabr.- S.14.