Azərbaycanın ilk qadın pedaqoqu

 

Mədinə xanım Qiyasbəyli də represiyanın qurbanı olub

1937-1938-ci illərdə Azərbaycan Zaqafqaziyada ən çox dərin zəkaların, düşünən beyinlərin məhvinə yönələn repressiya və deportasiya qurbanlarının ön sırasında oldu. Terrora hamı məruz qalmışdı; kişilər də, qadınlar da. Azərbaycanın ilk qadın pedaqoqu, jurnalist, tərcüməçi Mədinə xanım Qiyasbəyli bu qurbanlar siyahısının önündə gedən xanımlardandır. Görkəmli pedaqoq və ictimai xadim Mədinə Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. Atası Mehdi ağa Vəkilov bircə qızına yaxşı təhsil vermək istəyirdi. Odur ki, Tiflisə aparıb «Müqəddəs Nina» qızlar məktəbinə qoyur. Şəhərin Yermolov küçəsində yerləşən bu təhsil ocağına 8 yaşdan 12 yaşadək qızlar qəbul olunurdu və onlar dövlət hesabına oxuyurdular. Xalq Maarif Nazirliyinin proqramı əsasında tam kurs tədris olunurdu.

1904-cü ildə Tiflisdə Müqəddəs Nina təhsil müəssisəsini bitirdikdən sonra Mədinə xanım gimnaziyada birillik əlavə kursa daxil olmağı qət etdi, atası buna nəinki etiraz elədi, əksinə, qızının bu niyyətinə ürəkdən razı oldu. Pedaqoji şuranın sədri İvan Afanasyeviç Krupennikovun 1905-ci il mayın 21-də imzaladığı attestatda bildirilir ki, «Mədinə xanım Vəkilova rus dili və ilahiyyat fənlərini «əla» qiymətlə imtahan vermiş, rus dili, hesab və ilahiyyatın ibitidai tədrisi qaydaları ilə tanış olmuşdur. Bu attestatla ona «ev müəlliməsi» adı verilirdi.

Aldığı təhsil ona kənddə qızlar üçün ibtidai məktəb açmaq imkanı verirdi və bu fikrini atası da bəyənir. Ancaq onlarca mollası, sofusu və əfəndisi olan bir kənddə qızların məktəbə getməsi fikri yaxşı qarşılanmamışdı. Belə olduqda Mədinə xanım işə qohum ailələrdən başlamışdı. Bu yolla yavaş-yavaş uşaqların sayı artaraq 30 nəfərə çatmışdı. Beləliklə, 1906-cı ilin yanvarında Salahlıda kənd yerində ibtidai qız məktəbi fəaliyyətə başlamışdı. Məktəbdə türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı əmək və nəğmə dərsləri də keçirilirdi. Türk dilini Əhməd ağa Gülməmmədov, təbiətşünaslığı-təhsilli meşəbəyi olan atası Mehdi ağa, qalan fənləri isə özü keçirdi. Məktəb tez bir zamanda qəzada məşhurlaşıb özünü təsdiq etdirdi. 1906-cı il oktyabrın 15-də bu təhsil ocağı qəza maarif idarəsi tərəfindən rəsmiləşdirildi. Mədinə xanım Salahlı qız məktəbinin müdiri və müəlliməsi təyin edildi.

O zamanın adətinə görə, 13-14 yaşına çatan qızlar ərə verilərdi: «Mədinə xanımı da istəyənlər çox idi. Mədinə xanım ağır oturub, batman gəlirdi. Tanıyanlar danışır ki, onu rəqsə çıxarmaq o qədər də asan deyildi. Oynayanda da ayrı bir əda ilə oynayar, onun oyununa tamaşa edənlər hayıl-mayıl qalardılar. Mehdi ağa seçim məsələsində qızına sərbəstlik vermişdi. Odur ki, Mədinə xanım ailə quranda 20 yaşı vardı. Mədinə xanım dağkəsəmənli Şəhriyar bəyi özü sevib-seçmişdi. Şəhriyar bəy Əskər ağa oğlu Qiyasbəyov bu nəslin hörmətli oğullarından idi. Şəhriyar bəy atadan erkən yetim qalmışdı. Özü savadsız olsa da, oğlunun oxumasının, yaxşı təhsil almasının tərəfdarı idi və bundan ötrü çalışmışdı. Şəhriyar bəy Qori Seminariyasını 1890-cı ildə bitirmiş, bir ara müəllimlik eləmişdi. İndi isə Qazax qəzası rəisi ştabs-kapitan Reuttun dəftərxanasında dilmanc işləyirdi. Ziyalı və mədəni bir adam kimi bütün qəzada tanınırdı. Gözünün ağı-qarası bircə qızının taleyinə görə narahatlıq keçirən ata hər halda qızını Şəhriyar bəyin xəstəliyi, onun arabir həkimlərə düşdüyü barədə xəbərdarlıq eləməyi özünə borc sanmışdı. Ancaq bu oğlana qəlbən vurulan Mədinə inanmaq istəməmişdi. 1910-cu ildə Salahlının ən dəmdəsgahlı toylarından biri vuruldu. Gözəl Mədinə Dağ Kəsəmənə-Qiyasbəylilərə gəlin köçdü.

Mədinə xanım Dağ Kəsəməndə də qızlara məktəb açdı, burada eyni işlərini davam etdirdi. 1911-ci ildə ilki dünyaya göz açdı. Anasının adını qoydu-Gülzar. 1914-cü ildə ikinci qızı dünyaya gəldi, ona da Şəhriyar bəyin mərhum anası Güləndam xanımın adı qoyuldu. Ərinin Gədəbəydəki xidməti ilə əlaqədar olaraq bir müddət oralarda yaşadılar. Mədinə xanım burada da yeniyetmə qızları savadlandırmaq işləri ilə məşğul oldu.

1916-cı ilin iyulunda bəd xəbər gəldi, atası Mehdi ağa yaşayıb-işlədiyi Əksiparada qətlə yetirilmişdi. Bu, Mədinə xanımın həyatda yeniyetmə ikən ölən qardaşlarının, sevimli anasının ölümündən sonra aldığı növbəti ağır itki oldu.

Yenə övlad gözləyirdi. Bu dəfə oğlu oldu, 1916-cı il dekabrın 15-də, atasının ölümündən haradasa 6 ay sonra dünyaya gələn körpəsinin adını Mehdi qoydu. Sevinc və kədər bir-birinə qarışırdı. Vərəm öz işini görmüşdü, Şəhriyar bəy 1917-ci ilin iyununda, ömrünün çiçəklənən bir çağında 28 yaşlı gözəl Mədinəsini üç körpə uşaqla tək qoyub, bu dünyanı tərk etdi. Doktorun dediyi müddət düz çıxmışdı.

Mədinə xanım körpəsi ayaq tutan kimi, qolunu çırmayıb yeni bir qüvvə ilə maarif cəbhəsinə girməyi qərara alır və qüvvəsini Tiflisdə sınayır. Bir neçə ay Zaqafqaziya komissarlığında çalışır. Zaqafqaziya üç yerə parçalandıqdan sonra o da Qazağa qayıdır. Qazax qəzası xalq məktəbləri inspektoru təyin edilən Mədinə xanım qəzada maarif işinin genişləndirilməsi yolunda yerli ziyalılarla çiyin-çiyinə bir ilə yaxın var qüvvəsini əsirgəmədən çalışır. Mədinə xanımın siyasi məsələlərlə yaxından maraqlanması bu dövrə təsadüf edir. Bir əyalət ziyalısı kimi Qafqazda və Rusiyada gedən prosesləri bacardığı qədər izləyir. Siyasi görüşləri etibarı ilə milliyyətçi bir adam olan Mədinə xanım Azərbaycanın istiqlalının qızğın tərəfdarı idi. 1919-cu ildə Qafqazın türk ziyalı elitasının Bakıya cəmləşməkdə olduğu bir dövrdə uşaqlarını da götürüb bu şəhərə gəldi. Qohumu Gövhər xanım Usubova (general İbrahim bəy Usubovun xanımı) ilə əl-ələ verərək paytaxtın mədəni həyatına qoşulur. Gövhər xanım yaşadığı Nikolayevsk küçəsi-5 ünvanda türklər üçün savad kursu açmışdı. Bura 80 nəfərə yaxın qadın-qız cəlb olunmuşdu. Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə Əhmədova, Nəimə Qazıyeva bu kursda tədris işində idilər. Mədinə xanım bu təşəbbüsdən nümunə götürərək mənzilində 1920-ci ilin martında belə bir axşam kursu təşkil edir və martın 10-da onun rəsmiləşdirilməsinə nail olur. Mədinə xanım axşam kursunun müəlliməsi təyin edilir. Qısa bir müddət ərzində bura savadlanmaq arzusunada olan 20 nəfərə yaxın qadın cəlb edə bilir. Kursda Üzeyir Hacıbəyov, Xədicə xanım Ağayeva, Şəfiqə xanım Əfəndizadə dərs deyirdilər.

Onun həyatını araşdıran İsmayıl Umudlu yazır ki, Mədinə və Gövhər millət üçün bu faydalı təşəbbüslərində nə qədər maneələri dəf etməli olurdular. Qəfildən çevriliş baş verir, Milli Hökumət devrilir, Sovet hakimiyyəti elan edilir. İsmayıl Umudlu yazır: «1920-ci il dekabrın 20-də Mədinə xanım Qiyasbəyli Darülmüəllimatın müdirəsi və müəlliməsi, əri yeni hökumət tərəfindən Nargində güllələndikdən sonra dul qalmış Gövhər xanım Usubova isə onun müavini təyin edilirlər. Bu təhsil ocağında Azərbaycanın hər yerində açılmalı olan qız məktəbləri üçün müəllimələr hazırlanacaqdı. Zarafat deyildi, bütün Şərqdə ilk dəfə məhz Bakıda, Azərbaycanda qızların öz dilində ali təhsil almaq imkanlarının təməli qoyulurdu. Bu təməl daşlarını qoymaq Mədinə xanımın taleyinə yazılmışdı. Mədinə xanım buraya tanınmış qadın pedaqoqlardan Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Ağayeva, Sara xanım Talışinskaya, Badusəba xanım Köçərli, Fatma xanım Topçubaşovanı cəlb edir.

Darülmüəlliamatda eyni zamanda digər türk və müsəlman cümhuriyyətlərindən qızlar gəlib təhsil alırdılar. Məktəbin şöhrəti Azərbaycanın hüdudlarınadan uzaqlara yayılır. 1926-cı ilin sentyabrında Mədinə xanımı köhnə ziyalı nəslinə mənsub olduğuna görə müdirəlikdən götürürlər. Onun yerinə partiyaçı Mina xanım Mirzəyeva təyin edilir. Ancaq Mədinə xanım rus dili müəlliməsi kimi seminariyada qalır. Məktəbin adı dəyişdirilib «Pedaqoji Texnikum» qoyulur. 1928-ci ildə onu texnikumun binasındakı otaqlarınadan çıxarıb Proletar küçəsindəki ikiotaqlı mənzilə köçürürlər.

1932-ci il noyabrında Azneft meydanında tramvaydan düşərkən yıxılır, onurğa sütunundan ağır zədə alır: «Onu ölümün pəncəsindən cərrah M.Topçubaşov xilas edir. Tramavay qəzasından sonra məktəblərə gedib-gəlməyi çətinləşmişdi. Ağrılara dözə bilmək üçün korset taxmalı olmuşdu. Ömrünü sərf etdiyi müəllimlik peşəsindən demək olar, ayrılaraq tərcüməçiliklə məşğul idi. Səməd Vurğunun vasitəsi ilə o çağın tanınmış rus şairlərindən N.Aseyev, V.Luqovskoy ilə yaxından tanış olmuşdu. Azərbaycan yazıçılarının ən yaxşı əsərlərinin rus dilinə tərcümə olunmasında onlara böyük köməyi dəymişdi. Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Nigar Rəfibəylinin bir çox şeirləri, M.S.Ordubadinin «Dumanlı Təbriz», Əbülhəsənin «Yoxuşlar» romanları rus oxucusuna Mədinə xanımın qələmi ilə çatdırılır: «Yevgeni Onegin»in çevrilməsində rus dilinin incəliklərinə vararkən çətinliklərlə rastlaşan Səməd Vurğunun ən yaxın məsləhət yeri Mədinə xanım idi. Mədinə xanım barəsində MTN arxivində saxlanılan və 1933-cü ildə tərtiblənmiş 16548 saylı formulyardakı xüsusi materiallardan anlaşılır ki, o, hələ 1925-ci ildə Az.SSR DSİ və XDİK orqanları tərəfindən qeydiyyata alınmışdı və həbs edilənədək, yəni 1938-ci ilədək gücləndirilmiş agentura ilə əhatə edilmişdi. Bu dövrdə hər bir addımı ciddi müşahidə altında olmuşdu.

1936-cı ilin soyuq bir qış günü — dekabrın 8-də həbs edildi və 8 sentyabr 1937-ci ilədək 12 dəfə dindirildi. Heç bir əsas, dəlil-sübut olmadan. Sadəcə, cəfəng ittihamlar və böhtan xarakterli ifadələrlə. Azərbaycan SSR XDİK 1937-ci il 26 sentyabr tarixli, 45 yaşında olan Qiyasbəyli Mədinə xanım Mehdi qızının güllələnməsi haqda qərarı 1937-ci il sentyabrın 28-də gecə saat 01.25-də yerinə yetirilib. Mədinə Qiyasbəyli haqqında çıxarılmış hökm 1956-cı ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən ləğv edilərək ona bəraət verilir.

 

Ülviyyə Tahirqızı

 Xalq Cəbhəsi.- 2013.- 21 dekabr.- S.13.