Dilimizin ruhu

 

İsmayıl Məmmədov: «Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib»

Erməni ədəbiyyatşünasının etirafı: «Bizə tanış olan türk dilinə müraciət edirik»

Dilin xalq ruhunda yaşaması, xalq ruhunun özülü olması ölməzlik siqlətindən irəli gəlir. Dilin problemlərinin öyrənilməsi bu sarıdan olduqca ciddi hadisədir. Professor İsmayıl Məmmədovun fikrincə, dilin keşiyində durmaq son dərəcə vacib, gərəkli hadisədir: «Dil mənəvi sərvətimizdir, milləti tanıdan başlıca keyfiyyətdir, minillərdən bəridir millətə xidmət edir. Dilin keşiyində durmaq üçün onu sevmək gərəkdir. Gərək hər şeydən qabaq insanın buna mənəvi haqqı ola. Dil güvənc yerimizdir. Dilə sevgidən başqa heç nə ummaq olmaz. Bu, ana dilimizdir, bizim tanınma nişanımızdır. Dili göz-bəbəyi kimi qorumaq gərəkdir. Dili qorumaq üçün gərək onun incəliklərinə bələd olasan. Hərdən bəziləri fikirləşirlər ki, dilimizdir də, danışırıq. Bizə misal gətirirlər ki, dünyada daha çox yayılmış dillər var. Ancaq bunu deyənlər ana dilimizin doğmalığını, zənginliyini dərk etmirlər. Dili sevmək vətənpərvərlik, yurdsevərlik tələb edir. Belə düşünən yalnız Vətənə sevgisi olmayanlara xas ola bilər. Elə xalqlar var ki, onun özünüifadəsi o qədər də zəngin olmur. Hər şeydən əvvəl bu, həmin xalqın dilinin qüdrətindən çox asılıdır. Dilimizin qüdrəti çox böyükdür. Bu, xüsusən şifahi xalq ədəbiyyatında zəngin ifadəsini tapıb. Zəngin xalqların həm təfəkkürü, həm də ki, şifahi ədəbiyyatı zəngin olur. Xalqımızın folkloru hədsiz zəngindir. Hələ bundan sonra çap ediləsi cild-cild dastanlarımız, nağıllarımız, bayatılarımız var. Şifahi ədəbiyyatımızın səviyyəsi dilimizin zənginliyinə ən gözəl sübutdur. Dilimiz hədsiz zərifdir. Geniş imkanlara malikdir, asan anlaşılır, tələffüz zamanı problemlər yaranmır. Dil təfəkkürlə bağlı olan məsələdir. Əgər bir xalqın təfəkkürü zəngindirsə, deməli, onun dili də zəngindir. Feillər ümumən türk dillərində çox zəngindir. Bu da bir növ hərəkətlə bağlıdır. Türk xalqları həmişə hərəkətdə olublar. Türklər həmişə böyük əraziləri fəth ediblər. Dilimizin zənginliyi hər şeydən əvvəl türklərin dünyagörüşünün zənginliyi ilə bağlıdır. Dilin zənginliyi xalqın müşahidə qabiliyyətinin zənginliyi deməkdir. Ən yaxşı yazıçının əsəri ona görə oxucular tərəfindən qəbul edilir ki, onun müşahidə qabiliyyəti hədsiz zəngin olur. Dilimizin ruhunda qətiyyətlilik var. Tarixin müəyyən dövrlərində ərəb, fars dilləri burada hökmran dillər olublar. Adətən imkanlı adamlar, hakimiyyətdə olan təbəqələr başqa dilləri öyrənməyə daha çox meyl ediblər. Quranın ərəb dilində olması tədrisin də ərəbcə olmasına rəvac verib. Azərbaycanın tanınmış şairləri, alimləri, eləcə də türk dünyasının tanınmış şəxsləri əsrlərlə ərəb-fars dillərində yazmağa məcbur olublar. Əslində onların başqa çarələri də yox idi. Azərbaycanda ərəb xilafətinin hakimiyyətinə son qoyulandan sonra ana dilində yazmaq ənənəsi genişlənməyə başladı».

Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Həmçinin aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində yazıb-yaratmağa üstünlük veriblər. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın «Heydər babaya salam» poeması ana dilimizin bizə soraqlarını çatdıran ən gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə Vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, o, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; «Heydər babaya salam» poeması onun milli ruhunun izharı oldu.

Güney Azərbaycanda ana dilimizin vəziyyəti ilə bağlı qayğılanan İsmayıl Məmmədov deyir: «Tarix boyunca təəssüf ki, xalqımız birgə inkişafdan ayrı düşüb. Dilimiz də bu prosesdə çox əzablar yaşayıb. Quzey Azərbaycana rus və Avropa sözləri, Güney Azərbaycana isə fars sözlərinin təsiri güclü oldu. Bəlkə də dünyada ayrılıq sarıdan xalqımız qədər bu mənada başı bəlalar çəkən yoxdur. Bu gün Güney Azərbaycanda ana dilində məktəblər yoxdur. Ancaq İranda yaşayan çox az sayda ermənilərin məktəbləri, qəzetləri var. Güneydə ana dilimiz hər cür təhdidlərə məruz qalır. Xalqımızın dili orada məişət dili səviyyəsinə endirilib. Dilə qarşı laqeydlik ola bilməz. Əgər ana dilimizin keşiyində durmasaq, o zaman buradakı xaricilərdən dilimizə istənilən səviyyədə hörmət ummağa özümüzdə haqq tapmayacağıq».

Təəssüf ki, balalarını ingilis dilini bilmək yönündə oxudanlara bu gün Azərbaycanın tanınmış ziyalılarının içərisində də rast gəlinir. Onlar dil öyrənməkdən söhbət düşəndə bunu balaları üçün «çörək ağacı» kimi xarakterizə edirlər. İ.Məmmədov deyir: «Belələrinə cavabımız o olmalıdır ki, ilk növbədə ana dilimizə daha çox sayğı göstərməliyik, balalarımıza dilimizi cani-dildən sevdirməliyik. Radio- televiziya kanalları ana dilimizdə daha çox millilikdən soraq verən verilişlər hazırlamalı, dilimizin hər mənada başqa dillərdən üstünlüyünü göstərməlidirlər».

Bu gün dilimizdəki bəzi sözlərin yerinə ehtiyac olmadan xüsusilə rus, fars və ərəb sözlərinin işlənilməsi adət şəklini alıb. Son vaxtlar yarı azərbaycanca-rusca, eləcə də ingiliscə danışmaq dəb şəklini alıb: «Vaxtilə — ötən əsrin əvvəllərində Azərbaycan ziyalıları dilimizi bu sayaq şikəst edənlərə qarşı mübarizə aparırdılar. Şəhriyar «Türkün dili» adlı məşhur şerini yazmışdı. Xəlil Rzanın «Mənim dilim» şeri hamının yadındadır. Ancaq təəssüf ki, son dövrlər şairlərimiz bu mövzuya kifayət qədər ardıcıl, ciddi yanaşmırlar».

Filologiya üzrə elmləri doktoru Ramil Əliyevin fikrincə, Azərbaycan dili (Türkcəsi) türk dilləri silsiləsinə mənsub olub, iltisaqi dillər qrupuna aiddir. Bu dil özünün zənginliyi, ahəngdarlığı, tarixiliyi baxımından regionda yayılan dillər arasında cazibədarlığı, işlənmə xüsusiyyətləri ilə seçilir. Bu dilin formalaşması təqribən VII-X əsrlərə düşüb, təqribən elə bu vaxtlardan «Xəzər dənizinin qərb və cənub dairəsində və Qara dənizin şərq və cənub dairəsində» istifadə olunmağa başlayıb. Azərbaycanda da müxtəlif türk tayfa və qəbilələrin dili əsasında formalaşan vahid Azərbaycan (Türk) xalqının ümumxalq dili, danışıq dili kimi dünya dilləri sırasına qoşulub. Azərbaycan dili özünün tarixi keçmişi ilə qibtə olunacaq dərəcədə başqa dillərdən fərqlənir. Bu dildə olan sinonimlik, omonimlik, antonimlik xüsusiyyətləri, frazeoloji birləşmələrin qədimlik ənənələri, dilin lakonikliyi, az sözlə çox fikri ifadə etmək qabiliyyəti imkan verib ki, ətraf ərazilərdə yaşayanlar da onun lüğət fondundan istifadə etsinlər».

Şübhəsiz, dilimizin bu cəhəti, özünəməxsusluğu bir xalq olaraq zorakılığımıza, qəsbkarlığımıza əsaslanmayıb. Yəni Türk xalqı heç zaman istilaçı ruhlu olmayıb. Türk xalqı hər şeydən əvvəl getdiyi yerlərdə dilini, mədəniyyətini başqa xalqlara zorla qəbul etdirməyib, əslində bunun marağında olmayıb. Başqa xalqlar türk mədəniyyətini, dilini zorla qəbul etməyiblər, bu dilin qarşılıqlı ünsiyyətdə əvəzsizliyini anlayıblar, mədəniyyətimizin üstünlüyünü dərindən dərk ediblər. Bu faktorlar türk xalqımızın qədimliyinin, dilinin bənzərsizliyinin, mədəniyyətinin oturuşmuş olmasının, deməli, köçəri olmamasının gözəl sübutudur. Köçəri xalq da bu qədər zəngin mədəniyyətin, dilin yiyəsi ola bilərdimi, başqa xalqlara bu qədər dərindən təsir edə bilərdimi? R.Əliyev bildirir: «Azərbaycan (Türk) dilinin formalaşma dövrünü tarix kitablarında səhvən XI-XII əsrlərə aid edirlər. Bu fikri irəli sürənlər nəzərə almırlar ki, artıq bu əsrlərdə Azərbaycanda sırf ədəbi dildə yazan şairlər yetişmişdi. Xaqani, Nizami, Məhsəti kimi şairlərin dilinə çevrilən Azərbaycan (Türk) dilinin ədəbi normaları daha erkən əsrlərin şairlərinin əsərlərində formalaşmışdı.

Türk mənşəli Azərbaycan dilinin əsasında türk etnoslarının -hunların, suvarların, qaşqarların, xəzərlərin, bulqarların və s. tayfaların danışıq dili dururdu. Bu tayfa dillərinin əsasında oğuz-səlcuq əsaslı ümumxalq Azərbaycan (Türk) dili yaranırdı. Professor T.Hacıyev da türk tayfalarının Azərbaycanda yayılmasını, xüsusən Albaniyada türk mənşəli dilin işləndiyini əsas götürək qeyd edir ki, «həm tarixi-siyasi şərait, həm də etnik inteqrasiya V-VI əsrlərdə xalq birliyini yaradır və ona xidmət edən xalq dili müəyyənləşir». Dilimizin göstərilən xüsusiyyətləri və başqa keyfiyyətləri onun regionda işlək dil olmasını şərtləndirir. Azərbaycan (Türk) dilinin ünsiyyət dili kimi işlədilməsi, həm də tarixi amillərlə izah oluna bilər. Belə bir cəhətə diqqət yetirmək lazımdır ki, istər qədimdən, istərsə də müasir şəraitdə Azərbaycan xalqı Azərbaycan dilinin yayıldığı ərazilərdə aparıcı mövqeyə malik olmuş, xalqın sosial-iqtisadi və mədəni tərəqqisi isə bu dilin üstünlüyünə şərait yaradırdı».

Araşdırmaçının fikrincə, dilimizin geniş yayılmasının bir səbəbi də bu dildə işlənən qısa saitlərin olmasıdır: «Qısa saitlərin təşkil etdiyi hecalar da qısa tələffüz olunur. Azərbaycan dilindəki hecalarda tələffüzün bərabər olması heca vəzninin milli şeir forması kimi yaranmasına və inkişafına təkan verib. Dilimizin sadəliyini, musiqili, poeziya dili olduğunu bir çox şərqşünaslar da təsdiq ediblər. Azərbaycan (Türk) dili haqqında erməni ədəbiyyatşünası M.Abeğyanın etirafına baxaq: «Qarşımızda müxtəlif variantlı 1700-ə qədər bayatı var. Təəssüf ki, bizim dilimizdə çoxmənalı sözlər, eyni məna daşıyan ifadələr çox az miqdardadır. Buna görə də bizə tanış olan türk dilinə müraciət edirik». Söylədiyimiz bu və ya başqa amillər Azərbaycan (Türk) dilinin Qafqazda tarixən milli ünsiyyət vasitəsi kimi işlədilməsinin başlıca səbəbləridir. Azərbaycan dili ünsiyyət vasitəsi kimi Qafqaz regionunun bir sıra xalqları arasında işlədilir. Bu, hansı xalqlardır? Birinci növbədə Azərbaycan Respublikasının öz ərazisində yaşayan azsaylı xalqlar ünsiyyət vasitəsi kimi, həm də dövlət dili olmaq etibarı ilə bu dildən istifadə edirlər. Respublikamızda yaşayan kiçik xalqların və etnik qrupların dillərinin işlənmə dairəsi, terminologiyası məhdud olduğuna görə, onlar Azərbaycan dilini ikinci ana dili kimi qəbul edirlər. Azərbaycan dilindən istifadə olunması onlar üçün dünya elm və mədəniyyət nümunələri ilə tanış olmağa, daha geniş ictimai mühitə çıxmağa imkan verir».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 21 dekabr.- S.14.