«Azadlıq əslində hər yerdə var»

 

Fikrət Qoca: «Azadlıq hissi məndə varsa, zindanda da azad olacağam»

Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca Modern.az saytına müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Bəşəriyyətin inkişaf tarixində söz həmişə at oynadıb

- Bilirsən kainat necə yaranıb? Allah deyib «Ol yəni kainat sözlə yaranıb. Ol dedi və partlayışdan sonra kainat yarandı.

- XXI əsr isə elm texnika və sırf məntiqi düşüncəyə yönəlmiş bir əsrdi. Sizcə, Söz bu yüzillikdə öz yüyənini əldən verəcək yoxsa saxlayacaq?

- Daha da möhkəmlədəcək. Əvvəla bütün əsrlərdə məntiqsiz heç nə olmayıb. Məntiqsiz bir şey varsa, onun özübaşqa bir məntiq üstündə qurulub. Məntiqin ümumi iqrari, nəticə iqrari «teoriyası» var. Bu çox ciddi məsələdir. Məntiqsiz adam şüuru işləməyən adamdı. Ancaq o məntiqsiz sözlər deyə bilər. Qırıq-qırıq əlaqəsiz dəxli olmayan sözlər deyə bilər. Hətta yaşayışın özündə məntiq var. Gecənin səhəri gətirməyi məntiqdir.

- Amma yeni sivilizasiya «robotların dövranıdır». Robot hegemonluğunda söz möhkəmlənə biləcəkmi?

- Onlar boş şeylərdi. Söz yaradıcıdır. Söz elə belə şey deyil ki.

- Amma Qərb filosof-kibernetikləri fərziyyə irəli sürür ki, bu yüzillikdən etibarən robotlar insanları «yeyəcək». Amma siz deyəsən onlarla razı deyilsiz?

- O qərb alimidir deyə mütləq ağıllı deyil ki. Orda da ağıllısı da var. Ağıllı olmayanı da var. İngiltərədə bir vaxt deyirdilər ki, qoyunlar insanları yeyəcək. Niyə görə, çünki qoyun artırdı, həddindən artıq çoxalırdı. Buna əsasən deyirdilər ki, qoyunlar insanları yeyəcək. Qoyun min dəfələrlə artıb, amma hələ ki, insanlar qoyunları yeyir.

- Yenə qayıdaq bu yemək məsələsinə… XXI əsrdə qələmlər qılıncları yeyə biləcəkmi?

- Hegelin bir sözü var. Deyir, müharibələr sakit göl üzərindən əsən küləkdir. Onlar olmasa cəmiyyət çürüyər. Müharibənin də məntiqi var. Uzun müddət sakitlikdən sonra mütləq bir külək əsir, fırtına qopur. Dərmanlar o saat sağaltmır ki. Əvvəl yandırır, bakteriyaları mikrobları məhv edir sonra başlayır sağaltmağa. Həyatda da belə şeylər var. Qarabağ hələ də iş?al altındadır. Gəlin görək, bu bizim hansı səhvlərin məntiqi nəticəsidir. Çünki ölkədə dartışma başladı. Özümüz özümüzlə başladıq vuruşmağa. Şərait bunu yaratdı. Biri çıxırdı, guya hərbi nazirdir, deyirdi ki, Şuşa gedən kimi mən başıma güllə vuracağam. Şuşa da getdi, başı da yerindədir. Yəqin gülləsi qurtarıbmış. Bilirsiniz, bunların hamısı bu əxlaqdan formalaşdı. Müəllim gəlib deyirdi ki, mən müdafiə naziri olacağam. Yığırdı uşaqları onlar da istefa-istefa qışqırırdı. Bunun nəticəsində Qarabağ getdi. Vuruşmaq üçün taktika lazımdı, hərbi təcrübə lazımdı. Bir Sovet İttifaqı Qəhrəmanı var idi, Məlik Məhərrəmov. O mənim qohumum idi. Ona dedim ki, ay Məlik müəllim, niyə gedib özünün təqdim etmirsən. Bir dəfə iki dəfə axırda hirsləndi dedi getmişdim, mənə dedilər, bu müharibə sən görən müharibələrdən deyil. Bu adam Akademiya qurtarıb, müharibəyə getmişdi. Bunun kimi hərbi savada təcrübəyə malik adama deyirlər ki bu sən görən müharibə deyil. Bu məntiqin nəticəsi Qarabağın getməyidir. Biz şüurən Qarabağın işğalına doğru gedirdik. Amma indi başqa bir şey var. Çürüməyə gedən əqidələr, düşüncələr müharibə ilə başa çatdı. Bir para Azərbaycanın gözəl guşəsi getdi. Amma həm də təmizləmə də apardı. Bayaq dediyim çürüməni də özü ilə apardı. İnsanların əxlaqı bərkidi, müharibə olmasaydı bəlkə biz 20 yanvara çıxmazdıq. Müharibə şüuru təmizlədi, insanlar birləşdi. 20 yanvar olmasaydı, sonradan onların dəfni üçün bir milyon adam bulvara çıxmazdı. Tankların gözü qabağında o adamlar çıxdı. Yuxarıdan helikopter izləyirdi. Gördü ki, artıq ölümə gedirik. Əli silahsız hər şeyə gedirik. Deməli təmizlənmə getdi. Bu təmizlənmənin də məntiqi nəticəsi o olacaq ki biz Qarabağı alacayıq. Çünki o yeri biz sağaltdıq. Şüur sağaldı.

- Siz azadlıq hərəkatları baş verən bir çox yerlərdə olmusuz. Çe Gevera və digər azadlıq mübarizlərinə həsr olunmuş şeir, poemalarınız da var. Deyə bilərikmi, XXI əsr sivilizasiyası və burdakı nisbi demokratik inkişaf məhz o hərəkatlardan doğub?

- Bunu dəqiqi demək olmur. Azadlığın da ağac kimi iki başı var. Çünki azadlığı insanlar başa düşmür. Azadlıq əslində hər yerdə və hər kəsdə var. Ən mədəni, azad ölkədə də məhkum var. Azadlıq hissi məndə varsa və məni aparıb zindana salsalar mən orda da azad olacağam. Burda düşündüyümü orda düşünəcəyəm. Məni orda məhkum edə bilməzlər. Çünki düşünürəm, daşınıram. Bir az çörək verəcəklər. Azadlıqda qaymaqla yeyirdimsə burda su ilə yeyəcəyəm. Yemək orda ikinci plana düşür. Ancaq o azadlıq səninlə yaşayır. Lakin bir daş otağın içində yaşayır. Azad deyiləmsə məni qızıl tacın içində gətirib otuzdur, qul təbiəti yenə də məndə olacaq. İnqilab edirlər, özlərini tankın altına atırlar. Heç kimdüşünmür ki onlar niyə belə edir. Azad olmaq üçün! Ölümdən böyük azadlıq yoxdur. Ölünü heç kəs qorxuda bilmir. Ölünü türməyə də salmırlar. Ölü ruhən azaddır. Amma o azadlığın hesabına yaşayan adamlar çörək davası edir. Deyir, filankəsin pulu çoxdur, mənimki az. Öz ağlından şikayət eləmir. Mənim bir şeirim var, təxminən məzmunu belədir: görünür, Allah hər şeyi elə bölüb ki, hamı şikayət edir. Bircə ağlı bərabər bölüb. Çünki heç kəs ağlından şikayət etmir. Azadlıq da həmin şeydi. Hamı elə bilir ki, ona az düşüb. Allah sənə ürək verib, beyin verib, göz verib görürsən. Biz əllərimizə bir dəfə sağ ol demirik. Sənə səhərdən axşama qədər sənə qulluq edir. Bir dəfə yada düşübmü deyəsən əlim çox sağ ol, nə yaxşı varsan. Ayağım çox sağ ol, məni gəzdirirsən. Deyirik, yox! Bunu özün özünə demirsənsə hansı azadlıqdan danışırsan?!

- Bu əsrin sonunda yaşayan insanlar indinin hansı şairlərini oxuyacaq?

- Bunu bilmək olmaz. İndi IX əsrə aid olan bir şairin şeirini tapsaq onu qiymətli bir tapıntı kimi saxlayarıq. Şeirdə bilmək olmur kimin bəxti gətirəcək. Zaman bir yerdə dayanmır. bilirsən ki on əsr sonra nələr baş verəcək. İndi saymadığımız hansısa bədbəxt bir şairin şeiri ələ düşəcək onu nadir tapıntı kimi göydən asacaqlar. Şeir bu dövrün mədəniyyət səviyyəsini göstərir. İstəyirəm ki o dövrə gedib çıxan şairin ilhamı ağlı yüksək səviyyədə olsun ki bizim barəmizdə yaxşı danışsınlar.

 

Xalq Cəbhəsi.- 2013.- 25 dekabr.- S.15.