«Məqsədimiz girovluqdan azad olmuş
şəxslərin hüquqi və mənəvi problemlərinə
yardım etməkdir…»
Esmira
Orucova: «Onların başlarına gətirilən işgəncə
faktlarını dünya ictimaiyyətinə
çatdırmağa çalışırıq»
Bu gün Azərbaycanın ən böyük problemi
Dağlıq Qarabağla bağlıdır. Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində minlərlə
soydaşımız qətlə yetirilib, əsir
götürülüb və itkin düşüb. Bu istiqamətdə fəaliyyət göstərən
təşkilatların sayı çox azdır. Onlardan biri də «Həsrət Yolu» Əsir və
Girovlara Kömək İctimai Birliyidir. Təşkilatın
sədri Esmira Orucova qəzetimizə müsahibəsində bu
imtiqmətdə gördüyü işlərdən
danışdı.
- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsidə əsir və itkin düşmüş,
girov götürülmüş minlərlə vətəndaşımızın
taleyi bu gün də naməlum qalır. 4033 nəfər
azərbaycanlı itkin düşmüş şəxs kimi
qeydiyyatdadır. Onlardan 3260 nəfər hərbçi,
772 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki şəxs
olduğu məlum deyil. İtkin düşənlərin
46-sı uşaq, 255-i qadın, 353-ü isə qocalardır.
Mülki şəxslərdən 46 nəfəri
itkin düşərkən yetkinlik yaşına
çatmamış uşaq (16 nəfər azyaşlı
qız), 255 nəfər qadın, 353 nəfər yaşlı
şəxsdir (154 nəfər qadın). 553
nəfərin girovluqda qətlə yetirildiyi və ya müxtəlif
səbəblrdən vəfat etdiyi müəyyən edilib.
Onlardan 104 nəfəri qadın, 448 nəfəri
kişidir. 137 nəfərin yalnız
adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Ümumilikdə münaqişənin
başlandığı vaxtdan bu günə kimi 1402 nəfər
əsir girovluqdan azad edilib. Amma bu barədə
rəsmi məlumatlar dəqiq deyil. Ona
görə dəqiq deyil ki, ərazilərimiz işğal
olunan zaman mülki əhali arasında girov
götürülüb, sonradan azad edilmiş azyaşlı
qızlar və cavan qadınlar da olub. Onların
sonradan cəmiyyət tərəfindən düzgün qəbul
olunmayacağı səbəbindən (bu həmin ailələrin
öz fikirləridir) ailə üzvləri həmin qız və
qadınların girovluqdan azad edilmiş şəxs kimi
qeydiyyat olunması üçün Dövlət
Komissiyasına müraciət etməyiblər.
- Hə
vaxtdan bu işlə məşğulsunuz?
- 2005-ci
ildən isə əsir, girov, itkin problemi üzrə tədqiqat
işi ilə məşğul oluram. 2005-cı ildə ilk dəfə
əsr-girovlarımızın Vətənə
qaytarılması üçün dünya ictimaiyyətini məlumatlandırmaq
üçün Azərbaycan və ingilis dillərində nəşr
olunmuş 700 səhifəlik «Bizi əsirlikdən qurtarın»
adlı sənədlər toplusunu tərtib etmişəm. Topluda şahid ifadələrinə əsasən əsirlikdə
olanların harada doğulduqları, ixtisasları, hansı
şəraitdə əsir götürüldükləri və
harada saxlanıldıqları yerlər barədə məlumatlar
yer alıb. Həmin topluda əsir və
girovluqda şahidlik edənlərin də ünvanları yerləşdirilib
ki, gələcəkdə ermənilər bizi saxtakarlıqda
ittiham edə bilməsinlər. Elə həmin
vaxt «Həsrət Yolu» Əsir və Girovlara Kömək
İctimai Birliyini təsis etməyi qərara aldım.
- Təşkilatınızın
nə qədər üzvü var? Bu istiqamətdə
səmərəli fəaliyyət göstərmək
üçün bazanız varmı?
- 2005-ci
ildə təsis edilən və həmin il Ədliyyə
Nazirliyi tərəfindən qeydiyyatdan keçən ictimai
birliyin hazırda 2360 nəfər üzvü var. Birliyin
üzvlərinin əksəriyyəti əsir-girovluqdan azad
edilmiş şəxslər və əsir-itkinlərin ailə
üzvləridir. Eyni zamanda tanınmış
tarixçilər, jurnalist və ziyalılar da ictimai birliyə
üzv qəbul olunublar. Birliyin Türkiyə
və Qazaxıstanda nümayəndəliyi, Ahıska türkləri
üzrə şöbəsi və 36 rayon şöbəsi fəaliyyət
göstərir. Bizim əsas məqsədimiz Ermənistanın
Azərbaycanın ərazi bütövlüyünə
qarşı hərbi təcavüzü nəticəsində əsir
və girov götürülmüş, itkin
düşmüş soydaşlarımız haqqında məlumatlar
toplamaq, beynəlxalq təşkilatlarla əlaqə yaratmaq,
itkin düşmüş şəxslərin ailə üzvlərini
əzizlərinin axtarışı istiqamətində
aparılan son işlərlə bağlı məlumatlandırmaq,
onlara mənəvi dayaq olmaqdır. Bundan
başqa, girovluqdan azad olmuş şəxslərin sosial,
hüququ və mənəvi problemlərinə yardım etmək,
qarşı tərəfdə saxlanılan zaman beynəlxalq
humanitar hüquqa və qəbul olunmuş konvensiyalara zidd
olaraq onların başlarına gətirilən işgəncə,
təhqir və alçaldıcı hərəkətləri
dünya ictimaiyyətinə çatdırmaq və sairədir.
- Əsir və girovları qaytarmaq
üçün hansı addımlar atılmalıdır?
- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsidə əsir və girov
götürülmüş minlərlə vətəndaşımızın
qaytarılması işi çox çətindir. Münaqişənin
həlli istiqamətində bütün sahələrdə
olduğu kimi bu sahədə də nəinki ikili, hətta
çoxşaxəli standartların mövcudluğu və ədalətsiz
yanaşma problemin həllinə mane olub. Ermənistanda
işğal olunmuş ərazilərdən girov
götürülmüş bütöv ailələr var.
Onlardan kənd təsərrüfatı işlərində qul
əməyi kimi istifadə edirlər. Elə
ailələr var ki, yarısı qaytarılıb, ailənin
digər üzvləri isə bu günə kimi girovluqda
saxlanılır. İtkinlərin bəziləri
ağır döyüşlər gedən bölgələrdə
şəhid olublar, sonradan həmin ərazilər işğal
olunduğu üçün bizim tərəfdən heç kim meyitləri götürə bilməyib. Lakin itkinlərin çox hissəsi sağ olub, əsir
götürülüblər. Lakin
şahidləri olmadığı üçün onların əsirlikdə
olduqlarını təsdiq edə bilmirik. I
Qarabağ müharibəsində əsir və itkin
düşmüş şəxslərin arasında azərbaycanlılarla
yanaşı Azərbaycan vətəndaşları olan ləzgi,
kürd, tat, tatar, avar, rus, hətta ukraynalı da var.
Ermənistan tərəfi qəbul olunmuş beynəlxalq
konvensiyalara və humanitar hüquqa zidd olaraq ruhi xəstələri
və yataq xəstələrini belə girov
götürüb. Ümumiyyətlə, beynəlxalq normalara və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının
I bölməsinin 3-cü maddəsinə görə, girov
götürülməsi qadağandır. Eyni
zamanda, işğalçı əraziyə daxil olub mülki əhalini
təsadüfən girov götürürsə, onun ləyaqətinə
toxunmaq, onunla təhqiramiz və alçaldıcı tərzdə
rəftar etmək qəti qadağandır. Həmin şəxs haqqında 24 saat ərzində
Beynəlxalq Qızıl Xaç Komitəsinə bu barədə
məlumat verib, öz ölkəsinə
qaytarılmalıdır. 1996-cı ilin
mayından indiyə qədər bir nəfər də olsun erməni
əsir və girovluğundan qaytarılmayıb. Düzdür, son illər hərbi xidmətə
çağrılmış, Ermənistan tərəfindən
əsir götürülmüş əsgərlərimizdən
sonradan qaytarılanlar var. Mən I Qarabağ müharibəsi
zamanı əsir və girov götürülənləri nəzərdə
tuturam, yəni sonuncu əsir və girovlarımız
1996-cı ilin mayında qaytarılıb. Qarşı
tərəfdə saxlanılan zaman dəhşətli fiziki və
mənəvi işgəncələrə məruz
qaqlmış əsir və girovluqdan qayıdanların müəyyən
hissəsi sonradan dünyasını dəyişib.
Məsələ ondadır ki, Ermənistanda saxlanılan
azərbaycanlı əsir və girovlardan qul kimi istifadə
ediblər. Girovluqdan qayıdanlar ifadələrinə görə,
ermənilər əsir və girov götürülmüş
şəxsləri seçib, yaşlı, zəif, fiziki
işə yaramayanları qaytarıb, fiziki cəhətdən
güclü və sağlamları isə bir yerə
toplayıb, naməlum istiqamətlərə aparıblar.
Azərbaycanlı əsirləri ağır
fiziki işlərə cəlb edib, tikinti işlərində,
atom enerjisi və kimya sahəsində işlədiblər.
Yəni öz vətəndaşlarına
qıymadıqları sahələrdə azərbaycanlılardan
istifadə ediblər.
- Bu
istiqamətdə hansı layihələri
reallaşdırmısınız?
- «Həsrət Yolu» Əsir və Girovlara Kömək
İctimai Birliyi tərəfindən girovluqdan azad olunmuş gənclər
üçün kompüter kursları təşkil olunub. 2007-ci ildə
girov götürülüb, sonradan azad edilmiş və ya ailə
üzvlərindən əsir və girovluqda olan, itkin
düşmüş hesab edilən qadınlar
üçün hüquq məsləhətxanası var.
2008-ci ildə əsir, itkin övladları və girovluqdan azad
edilmiş gənclər tərəfindən ictimai birliyin gənclər
təşkilatı yaradılıb. İctimai birlik tərəfindən
8 il ərzində 102 tədbir keçirilib, bura mətbuat
konfransları, dəyirmi masalar, müxtəlif kitab təqdimatları
və rəsm sərgiləri daxildir. Azərbaycanda
fəaliyyət göstərən xarici ölkə səfirliklərinin
və beynəlxalq təşkilatların əməkdaşları
ilə əsir-girov probleminin təbliği məqsədi ilə
47 görüş keçirmişik.
İctimai Birlik Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Dövlət Məşğulluq Xidməti, səfirliklər, işğal olunmuş ərazilərin icra hakimiyyətləri, Binəqədi rayon İcra Hakimiyyəti, «Dağlıq Qarabağın Azərbaycanlı İcması» İctimai Birliyi, beynəlxalq humanitar təşkilatlarla və s. əməkdaşlıq edir. Sözügedən təşkilatlarla birgə mütəmadi olaraq tədbirlər keçirilir. Biz il ərzində 30-a yaxın tədbir keçiririk. «Həsrət Yolu» İctimai Birliyi işğal olunmuş ərazilərin anım günləri, Beynəlxalq İtkinlər Günü, Beynəlxalq Qaçqınlar Günündə hər zaman əsir-itkin ailələri və əsir-girovluqdan azad edilmiş şəxslərə mənəvi dəstək olmaq məqsədi ilə onları bir araya toplayır.
Girovluqdan azad olunmuşların və girovluqda qalanların hamısı, eyni zamanda əsir-itkinlərin və əsirlikdən azad olunmuşların çox hissəsi işğal olunmuş ərazilərin sakinləri — məcburi köçkünlərdir. Hazırda onlar ölkəmizin 60 yaşayış məntəqəsində məskunlaşıblar. İmkan tapan kimi bölgələrə gedib, orada məskunlaşmış və yaşayan əsir-girovluqdan azad edilmiş soydaşlarımızın problemini öyrənir, həll olunması üçün müvafiq yerli hökumət və qeyri-hökumət təşkilatları ilə görüşlər keçiririk. Elə bu il iyun ayının 20-də Beynəlxalq Qaçqınlar Günündə Bakı və Abşeronda məskunlaşmış 200 əsir, itkin və girovların aztəminatlı ailəsinə holdinqin əməkdaşları ilə birlikdə ərzaq yardımları payladıq. Görəsən, bizim imkanlı şəxslərin, sahibkarların niyə belə insanlar yadlarına düşmür? Nəyə görə imkanlı şirkətlərin və holdinqlərin nəzdində qardaş Türkiyədə və Avropa ölkələrində olduğu kimi xeyriyyə fondları yoxdur? Bizdə isə iş adamları yalnız müğənniləri və incəsənət adamlarını maliyyələşdirməklə məşğuldurlar.
Müharibə davam edir. Arxasında
dünyanın güclü dövlətləri duran
işğalçı Ermənistan dövləti
torpaqlarımızı sülh danışıqları ilə
çətin ki, qaytarsın. Məncə, müharibəsiz
biz Qarabağı azad edə bilməyəcəyik. Müharibənin
isə yazılmamış qanunları var. Hər bir ailə bu humanitar
bəlanı — əsir, girov, itkin problemini yaşaya bilər.
Əli
Xalq Cəbhəsi.- 2013.- 25 dekabr.-
S.11.