Bütöv Azərbaycançılıq
ideyası
1941-46-cı illər
milli-azadlıq hərəkatının güneyli-quzeyli
bütöv xalqımız üçün əhəmiyyəti
II yazı
Danışıqların sonrakı mərhələsində Moskvanın Azərbaycan məsələsinə münasibəti əsaslı şəkildə dəyişmiş oldu. Belə ki, danışıqların sonunda İran nümayəndələrinin şərəfinə keçirdiyi ziyafət məclisində Stalinin Əhməd Qəvamla (Qəvamüssəltənə) ayrılıqda ayaqüstü apardığı söhbətdə Qəvamüssəltənənin İranın şimal neftilə bağlı bəzi ümidverici işarələri nəticəsində neft məsələsinə önəm verilməsilə Sovet rəhbərlərinin, dəqiq desək, şəxsən Stalinin mövqeyində və belə görünür ki, gələcək planlarında müəyyən yerdəyişmələr oldu. Yəni ilk növbədə quzey İranın nefti məsələsini həll etmək, o sıradan bağlanılacaq sazişin qarşıda seçkiləri gözlənilən XV İran Məclisində təsdiqinə nail olmaq.
Moskvada aparılan danışıqlarda İranın şimal neft yataqlarının Sovetlərə konsessiyaya veriləcəyi barəsində razılığa gəlinmiş və bu, Tehranda imzalanan Sovet-İran sazişində (04.04.1946) şərikli neft şirkəti yaradılması haqqındakı bənddə öz əksini tapmışdı. Bunun ardınca 1943-cü il Tehran konfransının qərarına uyğun olaraq Sovet qoşunlarının İrandan çıxarılması may ayında başa (08.05.1946) çatdırılmışdı. Güney Azərbaycan rəhbərlərinə isə təzyiq göstərilmiş, onlar mərkəzi dövlətə güzəştə gedərək hərəkatın bir sıra mühüm nailiyyətlərindən əl çəkməyə, İran qoşunlarının seçkilərə nəzarət adı altında Azərbaycan şəhər və kəndlərinə daxil olmasına müqavimət göstərməməyə və nəhayət, 1946-cı il dekabrın əvvəllərində, Güney Azərbaycanın öz tarixi zəminində baş vermiş bu hərəkatdan müvəqqəti olaraq, yəni seçkilərdən sonra qayıtmaq şərtilə uzaqlaşaraq Sovet İttifaqına mühacirətə vadar edilmişdilər. Dekabrın 14-də (23 Azərdə) İran qoşunlarının Təbrizə daxil olması və hərəkat iştirakçılarına qanlı divan tutması isə məlum həqiqətdir. Beləliklə, İran qoşunları tərəfindən qan içərisində boğulan bu hərəkat Stalinin Əhməd Qəvamın hiyləsinə uyaraq onun «səmimiliyi»nə inanması nəticəsində əslində Sovetlər tərəfindən İranın şimal neftinə qurban verilmiş oldu. Nəticə etibarilə hərəkat iştirakçıları və rəhbərləri öz iradələri əleyhinə iki imperiyanın siyasi səhnədəki şahmat oyununda piyada kimi istifadə edilmiş oldular. Bir cəhət də nəzərdə saxlanılmalıdır ki, həmin siyasi oyunun ibrətli bir sonluğu var: Azərbaycandakı hərəkat yatırıldıqdan sonra İranın XV Məclisi neft haqqında Tehranda hər iki tərəfin imzaladığı müqaviləni təsdiq etmədi. Halbuki danışıqların Tehranda davam etdirilən mərhələsində hərəkat rəhbərləri, ilk növbədə Qəvamüssəltənəni yaxşı tanıyan Pişəvəri bu nəticəni əvvəlcədən görürdü, lakin onun etdiyi haqlı iradlar Moskvanın rəsmi nümayəndələri tərəfindən mənfi reaksiya ilə qarşılanırdı. Bir daha qeyd edilməlidir ki, Sovet müdaxiləsinə və bununla bağlı bir sıra neqativ hallara baxmayaraq, Güney Azərbaycanın öz sosial-siyasi zəminində yetişmiş 1941-46-cı illər milli-azadlıq və demokratik hərəkatının güneyli-quzeyli bütöv xalqımız üçün əhəmiyyəti ölçüyəgəlməz dərəcədə nəhəng idi. Bunu isə nə xalqlar həbsxanası olan İran dövləti, nə də onu qan tökməyə təhrik edən ABŞ və İngiltərə həzm edə bilirdi. Odur ki, Güneydəki bu möhtəşəm hərəkatın Sovet dövlətinin, şəxsən onun başçısı Stalinin məsuliyyətsizliyi nəticəsində, dünya imperialist sisteminin nəhəng dövlətləri olan ABŞ və Böyük Britaniyanın yardımı ilə İran irtica qüvvələri tərəfindən qəddarcasına yatırılması tək Güneyin deyil, eyni zamanda Quzeyin də, deməli, bütöv Azərbaycanın yeni imperialist dünya düzəni tərəfindən aldığı ilk güclü zərbə idi.
Sovet dövlətinin başçısı Stalinin məsuliyyətsizliyi ilə bağlı yuxarıdakı ötəri qeydə qayıdaraq aşağıdakıları əlavə etmək, zənnimcə, yersiz olmazdı. Belə ki, Güney Azərbaycanın öz tarixi və milli zəminində yaranmış bu hərəkatın geniş planda inkişafına yaşıl işıq yandırmış, demək olar ki, əslində bunun məsuliyyətini öz üzərinə götürmüş Stalin Sovet dövlətinin başçısı kimi bütün siyasi-diplomatik kanal və imkanlardan istifadə edərək hərəkatı sonadək qorumağa borclu idi. O, isə İranın şimal nefti ilə bağlı saziş əldə edildikdən sonra İran dövləti ilə rəsmi münasibətlərin normal hala gətirilməsinə üstünlük verirdi ki, bu da Güneydəki milli qüvvələrin vəziyyətinə və inkişafına kölgə salırdı. Bu cəhətdən Qırmızı Ordunun Güney Azərbaycandan çıxarılması ərəfəsində Moskvada SSRİ Ali Sovetinin toplantısında olmuş Mirzə İbrahimovun Bakıda Həsən Həsənova danışdıqları əsasında İbrahim Novruzovun xatırladığı aşağıdakı dialoq xüsusi maraq kəsb edir: «Bağırov (Stalinə): «İran Azərbaycanı məsələsinin partiyanın Mərkəzi Komitəsi və ya Siyasi Bürosunda müzakirə olunması və lazımi qərar qəbul edilməsi daha yaxşı olardı». Bu təklifdən acığı tutan Stalin ona məxsus amiranəliklə Bağırova demişdi: «Yoxsa yoldaş Bağırov Azərbaycanda müstəqil siyasət yürütmək fikrindədir? Mərkəzi Komitə nəçidir? Siyasi Büro nədir? Bunların hamısı mən özüməm. Dediklərim icra olunmalıdır!» İbrahim Novruzovun xatırlamasında bizim üçün heç də az əhəmiyyəti olmayan daha bir cəhət də var. Belə ki, Həsən Həsənovun dediyinə görə, Təbrizə gəlmiş Mirzə İbrahimov Kremldəki həmin söhbətlə əlaqədar Pişəvəri ilə danışdıqda, o, (Pişəvəri) qəti surətdə təəccüblənmədən demişdi: «Mən ki, demişdim ruslara inamım yoxdur».
Sonda araşdırmaçı Hərəkat məğlubiyyətə uğradıldıqdan sonrakı dönəmi təhlil edir: «Hərəkat məğlubiyyətə uğradıldıqdan sonra demək olar ki, zor gücünə Sovet İttifaqına (Azərbaycan SSR-ə) gətirilən və burada yaşadığı yeddi ay ərzində yeganə «günahı» daima İrana qayıtmaq və mübarizəni davam etdirmək olan S.C.Pişəvəri 1947-ci il iyul ayının 11-də Yevlax yaxınlığında avtomobil qəzasına düşüb, həmin ayın 12-də vəfat edib. Bu müəmmalı ölümün təşkili də bütöv Azərbaycan xalqına qarşı yönəlmiş son dərəcə ağır xəyanət və əvəzi ödənilməyən bir itki idi. Lakin Pişəvərinin ölümü (və ya öldürülməsi) faktı hələ də ara-sıra tam sübuta yetirilməmiş «müəmmalı» bir yol-qəza hadisəsi kimi xatırlanmaqda davam edir. Halbuki məsələnin heç də az diqqət çəkməyən, təkidlə öz cavabını gözləyən bir sualı açıq qalmaqdadır: əgər bəhs edilən ölüm hadisəsi qəsd idisə və sifarişlə həyata keçirilmişdisə, bəs onun sifarişçisi, bilavasitə təşkilatçısı və icraçısı kim, daha doğrusu, kimlər idi?! Bir şey aydındır ki, Sovet təhlükəsizlik orqanları belə «günahları» (Vətənə dönmək arzusunu) öz vətəndaşları kimi, xarici siyasi xadimlərə də bir qayda olaraq, bağışlamırdılar və buna görə İran müəllifi Vəkilinin bu ölümlə bağlı gəldiyi nəticə heç də əsassız görünmür. O yazır: «Pişəvərinin dikbaşlığından incik və narazı olan ruslar onu öldürməyi qərara aldılar. Qəzadan sonra xəstəxanada ona iynə vurub öldürdülər».
Bu yazı məsələyə az da olsa aydınlıq gətirsə də, bütün bu illər ərzində bəhs edilən ölüm hadisəsi açılmamış qalmaqda və bir çox suallar öz cavabını gözləməkdədir. Xarici ölkələrin bir çox hallarda gizli şəkildə Sovet İttifaqına gətirilən, sovet xarici siyasəti ilə bağlı sirləri bildiklərinə görə İ.Stalin üçün arzuolunmaz canlı şahid olan siyasi xadimlərindən bəzilərinin israrla öz vətənlərinə dönmək arzu və təşəbbüslərinin həmin şəxslər üçün son dərəcə acınacaqlı sonluqla bitdiyini nəzərə alsaq, çox təkid və qətiyyətlə gizli də olsa, İrana qayıtmağa hazırlaşan Pişəvərinin ölümünün sifarişçisinin şəxsən İ.Stalinin göstərişi ilə DTK olduğunu zənn edə bilərik. Pişəvərinin ölümündən sonra Moskvadan SSRİ DTK-sının əməkdaşlarından ibarət xüsusi komissiya heyətinin gəlməsi faktı da diqqəti çəkir. Lakin təəssüf ki, komissiyanın fəaliyyəti və gəldiyi nəticə haqqında hər hansı bir yazılı məlumat əldə edə bilmədik.
Məlumat sorağı ilə Bağırovun 1956-cı ildə keçirilmiş məhkəməsinin çap olunmuş materiallarına müraciət etdik. Təəssüf ki, bunlar içərisində bizi maraqlandıran yeganə sənəd qəza baş verdiyi zaman Dövlət Təhlükəsizlik Komitəsinin Yevlax rayon şöbəsinin müdiri Salayev Lətif Səməd oğlunun bu hadisə ilə bağlı şahid sifəti ilə təqdim etdiyi materialdır. Bu yazı yeganə sənəd kimi bizim üçün son dərəcə qiymətlidir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, bu məlumatın istintaq materiallarına daxil edilməsinin özü həmin qəza hadisəsinin Bağırovun məhkəməsi gedişində xüsusi müzakirə və sorğu obyektinə çevrilməsini göstərir. Lakin Bağırovun məhkəməsinin protokolları ilə tanışlıq mümkün olmadığından Lətif Salayevin məlumatında verilən aşağıdakı bir sıra dəyərli faktlar həqiqəti üzə çıxarmağa müəyyən dərəcədə yardım etdiyindən bunlardan maksimum faydalanmağa çalışdıq. L.Salayev qəza haqqında xəbəri alan kimi Pişəvərinin, onunla birlikdə qəzaya uğramış general Qulam Yəhyanın və Azərbaycan DTK-sının əməkdaşı Nuri Quliyevin yerləşdirildiyi rayon xəstəxanasına gəlmişdi. Pişəvəri ona vəziyyəti danışdıqdan sonra bir neçə dəfə «xəyanət» sözünü təkrar edərək özünün qəza ilə bağlı şübhələrini danışmış və bildirmişdi: «Mən 11 il İranda təkadamlıq kamerada qaldım, Rza şah və Qəvamüssəltənə məni məhv edə bilmədi. İndisə nəhayət, onlar öz niyyətlərinə çatdılar».
L.Salayev S.C.Pişəvərinin şübhələrini və bir neçə digər faktı — mindikləri maşının hansı səbəbdənsə Pişəvərinin öz maşını deyil, general Q.Yəhyanın maşını olmasını, adətinin əksinə olaraq, bu dəfə onun qabaqda — sürücünün yanında oturdulmasını, heç bir zərurət yox ikən gecə vaxtı yola çıxmalarını, maşının ehtiyac olmadan yüksək sürətlə idarə edilməsini, ən başlıcası, erməni sürücünün — qəza hadisəsindən xeyli əvvəl Bakıya gəlmiş və ya gətirilmiş Melixyanın İrandakı daşnakların liderinin oğlu və xarici kəşfiyyatla bağlılığının müəyyən edilmiş olmasını, bir sutka hələ həyatda ikən, Bakıda olan cərrah qardaşının və Gəncədəki oğlunun gətirilməsi haqqında iki xahişinə əməl edilməməsini (Pişəvəri onlara öz şübhələrini danışa bilərdi!) və s. nəzərə alaraq hadisənin adi avtomobil qəzası deyil, əvəlcədən hazırlanmış qəsd olduğu nəticəsinə gəlirik.
Şövkət
Tağıyeva,
professor
Xalq Cəbhəsi.-
2013.- 26 dekabr.- S.14.