Vətəndaşlığı olmayan
şəxslər
Əlövsət Əliyev:
«Onların əksəriyyəti sənədsizdir»
Nazir Quliyev: «Uşaq internat evlərini
tərk edənədək şəxsiyyət vəsiqəsi
ilə təmin edilməlidir»
Daxili
İşlər Nazirliyinin rəsmi məlumatına görə,
hazırda Azərbaycanda 1954 nəfər vətəndaşlığı
olmayan şəxs var. Bunu emiqrantlara hüquqi yardım təşkilatının
sədri Əlövsət Əliyev deyir. Əlövsət
Əliyevə görə, hətta internat məktəblərində
əcnəbilərdən doğulmuş və artıq 13
yaşa çatmış uşaqlar var ki, doğum haqqında
şəhadətnamə ilə də təmin olunmayıblar və
onlara sənəd almaq mümkün deyil. Əlövsət
Əliyev qeyd edir ki, Azərbaycanda vətəndaşlığı
olmayan şəxslər əsasən 1987-88-ci illərdə
Ermənistandan 3-cü ölkələrə gedən və
1998-ci ildən sonra Azərbaycana qayıdanlardır. Onlar başqa ölkənin vətəndaşlığını
qəbul etməyiblər, Azərbaycan da onları vətəndaş
kimi qəbul etmir. Həmçinin SSRİ pasportu ilə
Gürcüstandan gəlib Azərbaycanda məskunlaşanlar,
Orta Asiya və başqa ölkələrdən qayıdanlar
onların sırasındadır: «Əslində Azərbaycan
hökuməti Azərbaycanda vətəndaşlığı
olmayan şəxs vəziyyətinə düşmüş
bütün şəxsləri vətəndaşlığı
olmayan şəxs vəsiqəsi ilə təmin etməlidir.
Azərbaycan qaunvericliyili fiziki şəxslərin məhdud
növünü tanıyır: vətəndaşlar, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər.
Çox təəssüf ki, bu gün
onların əksəriyyəti sənədsizdir. Sənədsiz olmaq ölü olmaqdır. Əmək müqaviləsi bağlaya bilmir, hətta
metrodan istifadə edə bilmir, hüquq yardım
üçün vəkillə müqavilə bağlaya bilmir,
işə düzələ bilmir, təhsil, tibbi yardım ala
bilmir. Bütün hüquqlardan məhrumdur.
Yaşayış yeri olmasa «bomj»dur».
Azərbaycan qanunlarına görə, vətəndaşlığı
olmayan şəxslərin hüquqları «Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
hüquqi vəziyyəti haqqında» qanuna əsasən tənzimlənir. Dövlət
Miqrasiya Xidməti miqrasiya şöbəsinin müdir
müavini Vahid Qəhrəmanov problemlə bağlı
açıqlamasında bildirir ki, onların əcnəbi və
ya vətəndaşlığı olmayan şəxslər
barəsində qəbul etdikləri hər bir qərar
qanunvericilik aktlarına əsaslanır. Bu
qərarı şəxs müsbət və ya mənfi kimi qəbul
edə bilər. Əsas odur ki, Dövlət
Miqrasiya Xidməti mövcud əsasnamə və səlahiyyətləri
çərçivəsində fəaliyyət göstərir.
Və quruma müraciət edənlərin
heç də hamısı onlardan məhkəmə, QHT və
sair yerlərə şikayət etmirlər. Barəsində
müsbət qərar çıxarılanlar da,
rastlaşdıqları mənfi qərarın qanuniliyini
anlayıb narazı qalmayanlar da olur: «Aydın məsələdir
ki, bütün şəxslər onların barəsində qəbul
edilmiş qərarlardan razı ola bilməzlər.
Bununla bağlı da qanunvericilik aktlarında nəzərdə
tutulub, eləcə də bizim qəbul etdiyimiz qərarlarda da
göstərilir ki, hüququnun pozulduğunu duşünən
şəxslər məhkəmələrə müraciət
edə bilərlər. Ancaq bu o demək
deyil ki, hər müraciət edən şəxsin hüququ həqiqətən
də pozulub».
Vahid Qahrəmanovun
sözlərinə görə, qəbul edilmiş qərardan
narazı şəxslər arasında sözsüz ki, məhkəmələrə
müraciət edənlər də var. Ancaq indiyədək
instansiyasından asılı olmayaraq keçirilən məhkəmə
proseslərində qəbul edilmiş qətnamələr hər
bir halda Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
barəsində verilmiş qərarın düzgün
olduğunu təsdiqləyib. Dövlət
Miqrasiya Xidmətinin nümayəndəsi deyir ki, QHT-lərə
müraciət edən əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər isə bir sıra hallarda özləri
barədə həqiqi məlumatlar təqdim etmirlər. Bunu onların apardığı araşdırmalar təsdiqləyir.
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri
Əlövsət Əliyevin fikrincə isə, məhkəmə
qətnamələrinin Dövlət Miqrasiya Xidmətinin qərarları
ilə üst-üstə düşməsi heç də
müqrantların işinə obyektiv baxlması anlamına gəlməməlidir. Çünki ölkədə
məhkəmələr müstəqil deyil və onlar Dövlət
Miqrasiya Xidmətinin qərarlarının əleyhinə gedə
bilməzlər: «Yüzlərlə faktlar var ki, Azərbaycanda
doğulub Bakıda daşınmaz əmlaka sahib olan, lakin vətəndaşlıq
haqqında qanun qüvvəyə mindiyi gün Azərbaycanda
faktiki qeydiyyatda olmayan şəxslərə arayışlar
verilir ki, siz Azərbaycan Respublikasının vətəndaşları
deyilsiniz». Əlövsət Əliyev hesab edir
ki, respublikada miqrasiya sahəsində kifayət qədər
problemlər mövcuddur. O, deyir ki, 2009-cu il
ərzində mövcud problemlərlə bağlı Azərbaycan
Miqrasiya Mərkəzi İctimai Birliyinə müraciət edənlərin
sayı əvvəlki illərlə müqayisədə bir
neçə dəfə artıb. Keçən il onlara 5 minə yaxın müraciət daxil
olub. Bunun 60 faizə qədərini Azərbaycan, 40 faizini isə
Gürcüstandan Hindistana qədər müxtəlif ölkələrin
vətəndaşları təşkil edir: «İl ərzində
xaricə getmək üçün müraciət edənlərin
sayı 2195 nəfər olub. Onlardan 1912 nəfəri
Azərbaycan vətəndaşı, 283-ü isə
ayrı-ayrı ölkələrin Azərbaycanda daimi
yaşayan vətəndaşlarıdır. Gedənlərin
31 faizi Azərbaycanda iqtisadi fəaliyyət üçün
normal şəraitin olmadığını və
korrupsiyanın geniş yayılmasını, 13 faizi
uşaqlarına normal təhsil verilməsinə şərait
olmadığını, 23 faizi daha yaxşı yaşamaq istədiyini
bildirənlərdir və sairə».
Dövlət Miqrasiya Xidmətindən Vahid Qəhrəmanov bu cür hallara münasibət bildirərkən qanunvericilikdə müəyyən boşluqların olduğunu etiraf edir. Amma deyir ki, qanunvericilikdə təkmilləşdirmənin aparılması, qanunların beynəlxalq normalara uyğunlaşdırılması bu problemləri aradan qaldıracaq. Əlövsət Əliyevə görə isə dövlət vaxt itirmədən sənədsiz şəxsləri vətəndaşlığı olmayanlar üçün nzərdə tutulmuş şəxsi vəsiqə ilə təmin etməlidir. Çünki sənədsiz insanlar əmək müqaviləsi və notarial qaydada təsdiq olunmuş müqavilələr bağlaya bilmir, tibbi və hüquqi yardımdan, pensiya təminatı hüququndan istifadə edə bilmirlər. Onlar zorakılıq hallarına məruz qaldıqda hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinir və beləliklə də tədricən başqalarından asılı vəziyyətə düşərək sonda insan alveri kimi cinayətlərin qurbanına çevrilirlər. Əlövsət Əliyevin sözlərinə görə, rəsmi məlumata əsasən, 2009-cu ildə 600-ə yaxın əcnəbi ölkədən inzibati qaydada çıxarılıb. Ancaq həmin il, onun rəhbərlik etdiyi mərkəzə 1000-dən çox sənədsiz adam müraciət edib. BMT-nin qaçqınların işləri üzrə komissarlığı bildirir ki, hər il bir neçə milyon insan sənədi olmadığından acınacaqlı vəziyyətə düşür. Onların həm yerli, həm də beynəlxalq qanunlardan faydalanmaq imkanları məhdud olur. BMT hesab edir ki, heç bir ölkənin sahib çıxmadığı şəxslər hər zaman vətəndaşlığı olmayan şəxs kimi anlaşılmamalıdır. Hüquqi cəhətdən vətəndaşlığı olmayan insanın vətəndaşlıq almaq üçün də heç bir hüquqi zəmini olmur. Bu halda heç bir dövlət subyektə öz vətəndaşı kimi baxmır. Faktiki vətəndaşlığı olmayan insan isə hər hansı bir ölkənin vətəndaşıdır. Amma həmin ölkənin hökumətinin müdafiəsindən yararlana bilmir, və ya qorxudan, yaxud başqa səbəbdən öz ölkəsinə qayıtmaq istəmir. Məsələn, qaçqınlar. BMT-nin qaçqınların işləri üzrə komissarlığı Myanmadan tutmuş, Küveyt, Kenya, Suriya, Nepal, Tailand, Estoniya, Latviya, hətta Avropa da vətəndaşlığı olmayan insanların yaşadığını bildirir. Məsələn, Myanmanın qərbində «rohingya» etnik qrupu var ki, ölkə əhalisinin əksəriyyətindən fərqli olaraq onlar cənubi Asiya əsilli müsəlmanlardır. 1982-ci ildə Myanmada onların tam vətəndaşlıq ala bilməsinə imkan verməyən qanun qəbul edildi. Buna görə də çoxları Banqladeşə köç etməli olub. Bu gün «rohingya»ların təxminən 800 mini Myanmada, 300 minə qədəri Banqladeşdə, daha çoxu isə Cənubi Asiya, Səudiyyə Ərəbistanı və Pakistandadır. Bəziləri balıqçı gəmiləri və əkin sahələrində kölə kimi işləyirlər.
Uşaq Hüquqları üzrə QHT Alyansının icraçı direktoru Nazir Quliyevin sözlərinə görə, bu sahədə daha ciddi problem küçə həyatı yaşayan uşaqlarla bağlı yaşanır: «Küçədə yaşayan uşaqların bir qismi rayonlardan gəlib və heç bir sənədləri yoxdur. Həmçinin elə uşaqlar var ki, nikahdan kənar doğulub və valideynləri haqqında məlumat əldə etmək çətindir. İndiyədək təxminən 50 nəfər bu qism uşağın sənədlə təmin edilməsi məsələsinə kömək etmişik. Eyni zamanda internat evlərində böyüyən uşaqlara şəxsiyyət vəsiqəsi verilərkən orada şəxsin yaşadığı ünvan kimi internat evinin nömrəsi göstərilirdi. Uşağın hansı internat evində böyüməsinin onun şəxsiyyət vəsiqəsinə yazılması isə bəri başdan onun üçün ayrı-seçkilik yaradırdı. Rəsmi qurumlara edilən çoxsaylı müraciətlərdən sonra bu problemin həlli qismən mümkün oldu. Artıq şəxsiyyət vəsiqələrində internat evlərinin nömrəsi əvəzinə həmin müəssisənin yerləşdiyi hüquqi ünvan göstərilir. Bundan başqa, internat evlərində böyüyən 40 nəfərədək uşaq var idi ki, onların ya doğum haqqında şəhadətnamələri yox idi, ya da həmin sənəddə ata, yaxud ana adı göstərilməmişdi. Təbii ki, cəmiyyətimiz hazır olmadığından vətəndaşın sənədində ata, yaxud ana adı göstərilməyəndə ona münasibət birmənalı olmur. Həmin şəxs istər-istəməz normal qəbul olunmur».
Nazir Quliyevin fikrincə, elə tədbirlər görülməlildir ki, uşaq internat evlərini tərk edənədək onun şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkün olsun. Küçə uşaqları isə müəyyənləşdirilərək müxtəlif günərzi mərkəzlərinə yerləşdirilməli və onların qeydiyyatı aparılmalıdır. Belə olan halda ölkə qanunvericiliyinə əsaslanılaraq onların da sənədlə təminatını həyata keçirmək mümkün olar. Çünki Nazirlər Kabinetinin qərarına uyğun olaraq, əgər vətəndaşın daimi yaşadığı yer yoxdursa, o, ərazi üzrə polis şöbəsinin hüquqi ünvanında qeydiyyata alınır. Bu qayda cəzaçəkmə müəssisələrini tərk edən və daimi yaşayış yeri olmayan vətəndaşlara aiddir. Onlar ərazi üzrə polis bölmələrində qeydiyyata alınmalıdır». N.Quliyevin sözlərinə görə, həmin şəxslərə bəzən polis bölmələrində əngəllər yaradılır: «Polis bölmələri, xüsusən həbsdən çıxan şəxslərin şəxsiyyət vəsiqəsində polis bölməsinin hüquqi ünvanının yazılmasında maraqlı deyillər. Onlar bildirirlər ki, həmin şəxslər cinayətə meyilli olur və belə hallarda məsuliyyət polis bölməsinin üzərinə düşür. Amma ailədə böyüyən şəxs də cinayət törədə bilər və bu işdə məsuliyyət validyenlərin üzərinə düşmür».
Təhsil Nazirliyinin nəzdində yaradılan De-institusionalizasiya və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva isə uşaqların doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin alınması məsələsinə xüsusi diqqət ayrıldığını vurğulayır. Təhsil Nazirliyi bu istiqamətdə əlaqədar qurumlarla iş aparır. Bunun nəticəsində Ədliyyə Nazirliyinin müvafiq dəstəyi ilə 2009-cu ildə 33 uşağa, 2010-cu ildə isə 31 uşağa doğum haqqında şəhadətnamə alınıb.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 26 dekabr.-
S.11.