Əlillərin cəmiyyətə
inteqrasyası problemləri
Sevda Səfərəliyeva:
«Cəmiyyətin fəal üzvünə çevrilməyin
bir çox şərtləri var»
Azərbaycan cəmiyyətinin bir parçası olan əlillərin
özünəməxsus problemləri və qayğıya
ehtiyacları var. Müsahibim əlillərin təşəbbüs
qrupunun üzvü Sevda Səfərəliyevadır. Sevda
xanımın özünün də hərəkəti məhdudiyyətli
olduğundan bu sahədəki problemlərə daha
yaxındır.
-
Xüsusi qayğıya ehtiyacı olanların cəmiyyətə
inteqrasiyasını necə qiymətləndirirsiniz?
- Bunun
üçün xüsusi qayğıya ehtiyacı olan və
cəmiyyətə inteqrasiya ifadələrinin özünə
aydınlıq gətirmək lazımdır. Xüsusi
qayğıya ehtiyacı olan və əlilliyi olan uşaqlar və
ya sağlamlıq imkanları məhdud uşaqlar ifadələri
sinonim təşkil edir. Yəni bu məhdudiyyətlərə
görmək, eşitmək, hərəkət etmək və
ya danışmaq qabiliyyətini çətinləşdirən
və ya mümkünsüz edən şərtlər, anlamaq və
ya öyrənmək qabiliyyətini ağırlaşdıran
şərtlər və tutmalara səbəb olan vəziyyətlər
daxildir. İnteqrasiya isə əlilliyi olan
insanların həyat fəaliyyətinin əsas sahələrində
— təhsil, əmək, məişət və asudə vaxt
sahələrində iştirakını təmin edən
qırılmış bağlantıların bərpa edilməsi
prosesidir. Hazırda xüsusi qayğıya
ehtiyacı olan uşaqların cəmiyyətə
inteqrasyası səviyyəsi çox zəifdir, hətta deyərdim
ki, pisdir.
- Səbəb?
- İlk növbədə əlverişli ictimai nəqliyyatın
və əlverişli memarlıq mühitinin (infrastrukturun)
olmaması. Səkilərin həddən artıq hündür
olması, səkilərdə xüsusi mayili keçidlərin
olmaması problemdir. Məsələn,
yeraltı keçidlərdə quraşdırılan
keçidlərin maliliik bucağının həddən
artıq yüksək olması ordan əlil arabasında
keçməni nəinki mümkünsüz edir, hətta əlil
arabasını müşayiət edən və yardım etmək
istəyən şəxslərin sağlamlığına da əlavə
risk yaradır. Xüsusi qayğıya
ehtiyacı olan uşaqların cəmiyyətə
inteqrasiyası onların ilk növbədə xüsusi
reabilitasiya və təhsil müəssisələrinə cəlb
edilməsindən başlayır. Tibbi və
sosial reabilitasiyaya başlamaqla xüsusi qayğıya
ehtiyacı olan uşaqların səhhətinin daha da pisləşməsinin
qarşısını almaq olmaq olar. Eyni
zamanda bu uşaqları müstəqil yaşamaq
bacarıqlrına yiyələndirmək də çox
vacibdir. Bu bacarıqlara gündəlik həyati fəaliyyətlər:
müstəqil surətdə geyinib-soyunmaq, əl-üzünü
yumaq, yemək yemək sair sadə bacarıqlar aiddir. Bütün bunlarla bərabər bu uşaqların təhsilinə
xüsusi diqqət yetirmək lazımdır. Belə ki,
ölkəmizdə inklüziv təhsillə bağlı bir
sıra təşəbbüslər irəli sürülsə
də hələ də orta məktəblərin əksəriyyətində
belə uşaqlara çox az rast gəlirik.
Onlar ən yaxşı halda evdə təhsilə
cəlb edilirlər ki, bu da onların cəmiyyətlə təmasını
kəskin surətdə məhdudlaşdırır. İctimai nəqliyyatın və şəhər
infrastrukturunun əlverişsizliyi səbəbindən xüsusi
qayğıya ehtiyacı olan uşaqların valideynləri
onları reabilitasiya və təhsil müəssisələrinə
aparıb gətirməkdə çətinliklərlə
üzləşirlər. Bu da əsasən
belə uşaqları olan ailələrin əksər hallarda
ağır maddi vəziyyəti ilə izah edilir. İctimai nəqliyyat əlverişli
olmadığından onlar uşaqlarını həmin müəssisələrə
taksi ilə aparıb-gətirməli olurlar. Buna hər ailənin gücü yetmədiyindən
belə uşaqları olan valideynlər düzgün yönləndirilmir
və çox vaxt uşaqla ünsiyyət qura və onun tərbiyəsini
düzgün təşkil bilmir. Belə
uşağın sosiallaşmanın bütün dövrlərindən
keçmək imkanı olmur, onun böyüməsi ləngiyir,
bütün həyatı boyu infantil (uşaqlıq
dövründə olduğu kimi qalmaq, üzərinə yetkin
insanlar kimi məsuliyyət daşıya bilməmək),
başqalarından asılı, passiv, özünə inamsız
olaraq, özünü yalnız yaxınlarının əhatəsində
rahat hiss edən biri kimi qalır.
- Hər
hansı hüquq və ya güzəştlər varmı? Hansı problem sizi daha çox narahat edir?
- Ondan
başlayım ki, əlilliyi olan insanların vəziyyəti
inkişaf etməkdə olan ölkələrdə daha ağırdır.
Bu səbəbdən də 3 dekabr tarixi həmin
insanların problemlərinə və hüquqlarının
müdafiəsinə diqqət çəkmək
üçün qəbul edilmiş bir gündür. Yəni həmin günü «qeyd etmək» yox, diqqəti
problemlərin həlli yollarına yönəltmək
lazımdır. Bəli, bizim
hüquqlarımız üç əsas sənəddə,
Konstitusiyada (bərabərlik anlayışı,
ayrı-seçkiliyə yol verilməməsi), əlillər
haqqında qanunda və əlilliyi olan insanların
hüquqlarının qorunması üzrə qəbul
edilmiş konvensiya ilə qorunur. Amma diqqətlə
baxaq görək həmin qanunlar işləyirmi? İşləmirsə, niyə işləmir və
bunun məsuliyyəti kimin üzərindədir. Hazırda hərəkət məhdudiyyəti olan
insanlar ictimai nəqliyyatdan istifadə edə bilmir. Bu isə onların cəmiyyətə
çıxış imkanını sıfra endirir. Bu imkandan məhrum olan insan ailə üzvlərindən
başqa (ən yaxşı halda) başqa, əlilliyi olan və
ya olmayan insanlarla ünsiyyət saxlaya bilmir, onların təhsil
almaq imkanı məhdudlaşır. Onların təhsilə
cəlb edilməsi yalnız ev şəraitində
mümkün olur ki, bu da təhsilin səviyyəsini
aşağı endirir. Yəni əksər əlilliyi
olan insanların təhsili yoxdur. Təhsili
olmayan fiziki məhdudiyyətli insan isə bildiyiniz kimi gündəlik
dolanışıq əldə etmək imkanından da məhrum
olur. Təhsil müəssisələrinin əlverişliliyi
sıfır dəcəsindədir. Univeristetlərin
heç birində əlil arabasında rahat daxil olmaq
üçün şərait yoxdur. Uyğunlaşdırılmış
ictimai nəqliyyatın olmamamsı əlilliyi olan insanların
ehtiyacları olduğu tibbi və reabilitasiya xidmətlərindən
yararlana bilməsi imkanını da heçə enidirir. Çox vaxt maddi imkan olmadığından həmin
insanlar zəruri tibbi müayinələrdən keçə
bilmir və onların əlillikləri daha da
ağırlaşır. Asudə vaxtın
səmərəli keçirilməsi də yuxarıda göstərdiyim
səbəblərdən mümkün olmur. Bir çox
hallarda muzeylər, tarixi mədəniyyət abidələri, əyləncə
mərkəzləri, kafelər, restoranlar və s. əlil
arabası istifadəçiləri üçün
uyğunlaşdırılmadığından biz həmin məkanlara
getmək imkanından da məhrum oluruq. Gördüyünüz
kimi həyatmız ancaq məhdudiyyətlər və məhrumiyyətlərdən
ibarətdir və bu şahidi olduğum qədəri ilə
aidiyyatı məsul qurumları heç də narahat etmir.
Ən böyük problem müvafiq rayon icra
hakimiyyətləri orqanlarında qəbula düşməklə
bağlıdır. Belə ki, adını
çəkdiyim qurumların əksəriyyəti yeni
tikilmiş binalar olsa da onların heç birində əlil
arabasında daxil olmaq üçün müasir standartlara
cavab verən giriş nəzərdə tutulmayıb. Lakin vəziyyətdən çıxış yolu
da var. Yəni bu binalarda müasir kompakt qaldırıcı
qurğular quraşdırmaq və əlilliyi olan insanların
ora rahat girişini təmin etmək olar. Məhz
belə fiziki maneələr əlilliyi olan insanlarla dövlət
məmurları arasındakı birbaşa dialoqu əngəlləyir.
- Əlil insanların məşğulluğu vəziyyətini
necə qiymətləndirirsiniz?
—
Əlilliyi olan insanların, xüsusilə əlil arabası
istifadəçilərinin məşğulluğu sahəsində
də böyük problemlər var. Məşğulluq
haqqında qanunda bu insanların işləyə bilməsi
üçün kvota nəzərdə tutulsa da (Hər müəssisədə
25 nəfərdən biri əlilliyi olan insan olmaldıır),
ictimai nəqliyyatın və şəhər infrasturkturunun əlverişsiz
olması, ictimai müəssisələrə girişin məhdudluğu
və bu binalarda əlil arabası istifadəçilərinin
təbii ehtiyaclarının ödənilməsi
üçün şəraitin olmaması onların bu
kvotalardan istifadəsini mümkünsüz edir. Bir
çox hallarda bu kvotalardan yalnız müəyyən hərəkət
qabiliyyətinə malik 2-ci və 3-cü qrup əlillər
yararlana bilrilər. Bundan başqa dövlət
qulluğuna qəbulda əilliyi olan insanlar üçün
heç bir kvota nəzərdə tutulmayıb. Yəni bu insanlar dövlət qulluğuna digər vətəndaşlarla
bərabər səviyyədə müsabiqədən
keçmək yolu ilə qəbul edilə bilərlər.
Lakin təhsil sahəsində bərabər
imkanların olmaması və dövlət qulluğu müəssisələrinin
də əlil arabası istifadəçilərinin
ehtiyaclarına uyğunluşdırlmaması bu imkanı
kökündən baltalayır. Yəni
zehni əməklə məşğul olmaq imkanı olan əlil
arabası istifadəçilərinin sözün tam mənasında
təhsil və peşə seçimi onların fiziki
imkanları kimi məhdudlaşdırılır. Bu məhdudlaşdırma vəsait
çatışmazlığı və ya digər səbəbdən
deyil, məmurların etinasızlığı və vəzifələrini
yerinə yetirmədiklərinə görə məsuliyyət
daşımadıqları üçün baş verir.
- Əlillərin dərman preparatlarına
ehtiyacının ödənilməsi hansı səviyyədədir?
- Dərmanlar barədə qısaca olaraq onu deyə bilərəm ki, həmin güzəştli siyahıya çox ucuz və keyfiyyətsiz dərman preparataları daxil edilir. Həmin dərmanları almaq üçün qeydiyyatda olduğunuz poliklinikanın baş həkiminin möhürü tələb edilir ki, bu da bürokratik əngəl deməkdir. Məsələn, həmin səbəblərə görə mən şəxsən bu imtiyazdan istifadə etmirəm.
- Cəmiyyətin fəal üzvünə çevrilmək üçün nə vacibdir?
- Cəmiyyətin fəal üzvünə çevrilməyin bir çox şərtləri vardır. Ən əsas qarşılaşdığımız və öz həyatımızda yaşadığımız problemlərə qarşı etinasız və laqeyd münasibətdən əl çəkmək lazımdır. Amma sözsüz ki, bu həm də sizinlə həmfikir olan insanları təşkilatlandırmaq və problemlərin həllinə çalışmaq uğrunda davamlı fəaliyyət deməkdir. Bu əsasən əlilliyi olan insanların fərdi hərəkət müstəqilliyinin təmin edilməsini nəzərdə tutur. Bu isə mövcud şəraitdə demək olar ki, mümkünsüzdür.
- Əlilliyi olan qadınların üzləşdikləri problemlər…
- Mən şəxsən, qadın cinsinin bir nümayəndəsi kimi məhz qadın olaraq xüsusi bir problemlə qarşılaşmamışam. Şükür Allaha. Əlilliyi olan həm uşaqların, həm qadınların, həm də kişilərin problemi fiziki maneələr, ictimai nəqliyyatın və şəhər infrstrukturunun əlverişli olmamamsı, təhsil və tibb müəssisəlrəində fiziki maneələrin mövcud olmasıdır. Amma mən 1-ci qrup əlilliyi olan insanların ağır maddi vəziyyətini də xüsusilə qeyd edərdim. Baxın, ümumi səbəbdən uşaqlıqdan 1-ci qrup əlillərə və əmək stajı olmayan 1-ci qrup əlillərə ödənilən 67 manat məbləğində müavinət heç bir ehtiyac meayrına və minimum yaşayış məbləğinə uyğun gəlmir. Bu rəqəmin iqtisadi əsaslandırması belə yoxdur. Axı 1-ci qrup ən ağır qrupdur və onların adi gigiyena şərtlərinin təmin edilməsi üçün, xüsusi pamperslər, yataq yarası əleyhinə dərmanlar və s. alınması üçün qat-qat artıq vəsait tələb edilir. Bundan başqa bu kateqoriya insanların daimi qulluğa və başqa insanların köməyinə ehtiyacı var. Bu daimi qulluğu onlara onların yaxın qohumları göstərir. Bu mümkün olmadıqda isə həmin insanlar xüsusi dövlət müəssisələrinə yerləşdirilirlər. Həmin müəssisələrdə personalın maaşlarının çox aşağı olması bu insanlara göstərilən qayğının səviyyəsnə də təsir göstərir. Vəziyyətin yaxşılaşdırılması üçün 1-ci qrup əlilliyi olan insana daimi qullq göstərən şəxslərə də minimum yaşayış məbləği həddində müavinət təyin etmək lazımdır.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 28 dekabr.-
S.11.